Cəlil Cavanşir: "İstərdim ki, Yazıçılar Birliyi ləğv olunsun..." - MÜSAHİBƏ
30.11.99

Digər yazarlardan fərqli olaraq daha çox sosial şəbəkələrdəki fəallığı ilə seçilir. Qeyri-adi görünüşü, fikirləri ilə hamını təəccübləndirməyi bacarır. Müsahibə alacağımı öyrəndikdə görüş üçün məkan olaraq ofis və qapalı yerdə olmasın dedi. Əslində bu mənim də ürəyimcə oldu. Belə qərara gəldik ki, elə şəhəri gəzə-gəzə söhbətləşək. Bu dəfə “Yazarlar” rubrikasının qonağı Cəlil Cavanşirdir.

- Hər gün yazırsız?

- Demək olar ki, hər gün yazıram. Nadir hallarda yazmadığım gün olar.

- Bəs mövzu?

- Mövzu bitib-tükənmir ki! Həftədə 2 dəfə köşə yazıram, müsahibələr, reportajlar da yerində. Çox vaxt mən yazıçıların, bəstəkarların – tanınmış adamların həyat və yaradıcılığından yazıram. Rastlaşdığım hadisələr mənə köşə yazısı üçün mövzu verir, reportajlar üçünsə getdiyim maraqlı məkanlarda müşahidə aparıb yazıram, nə qədər müsahib varsa müsahibə də olacaq. 

- Hansında özünüzü daha çox təsdiq etdiyiniz düşünürsüz?

- Hamısında yaxşı alındığını söyləyirlər. Ancaq maddi imkanım olsa mən daha çox köşə yazaram və ədəbiyyatla məşğul olaram – hekayələr yazaram, romanımı tamamlayaram, tərcümə edərəm. 

- Hər gün köşə yazmaqla ədəbiyyatdan uzaq düşmürsüz ki?

- Yox, əksinə. Hər gün yazmaqla yazı vərdişlərini daha çox inkişaf etdirirsən. Məsələn, köşə yazarının romana keçməsi o qədər böyük problem yaratmır. Bu romanlarda dil problemi və fikir problemi olmur. Gündəlik yazmaq böyük yazı təcrübəsi qazandırır. 

- Ədəbiyyatımızın müasir durumundan razısız?

- O qədər də pis deyil. Məni qane edir. Əvvəlki illərlə müqayisədə vəziyyət yaxşıdır. Kitablar çıxır, yeni imzalar, yeni fikirlər, düşüncələr var... Olduqca rəngarəng mühit yaranıb ki, bu mühitdə bizim gələcəyə hesabladığımız ideyalar var ki, onlar gerçəkləşəcək. O qədər dolu gənclər var ki, onların perspektivləri Azərbaycan ədəbiyyatını böyük mənada yarada biləcək. 10 il əvvəl qəzet səhifələrində və jurnallarda imzasını gördüyümüz müəlliflərin böyük əksəriyyəti kitablaşma dövrünə qədəm qoyub. Yeni-yeni kitabların yazılması ədəbiyyatı canlandırır. Vaxtilə qəzetlərdə tanınan imzaların indi 1000-2000 tirajla kitabları çıxır. Deməli böyük ədəbiyyata gedən yol artıq açılıb. Bu da ədəbiyyat üçün bir stimuldur. Ədəbiyyatdakı fikir müxtəlifliyi də qənatbəxşdir. Yəni xor oxuyanlar azalıb. 
- 9 milyon əhalisi olan ölkədə 2 min tirajla çıxan kitabın çox hesab edilməsi nə dərəcədə düzgündür?
- Əlbəttə dediyiniz nisbətdə yanaşsaq bu rəqəm çox azdır. Burdakı əmsalı başa düşməkdə mən çox əziyyət çəkirəm. Tərcümə etdiyim və müəllifi olduğum kitablar min tirjdan artıq çıxmayıb. Bildiyimə görə, kitablar daha çox Bakı şəhərində satılır. 9 milyonluq əhalinin 3 milyonu çörək qazanmaq üçün xaricə gedir, 2 və hətta 3 milyonu ümumiyyətlə ictimai və mədəni həyatdan tamamilə kənardır. Onları nə siyasi, nə də ədəbi proseslər maraqlandırmır, yalnız çörək dərdindədirlər. Yerdə qalan əhali üçünsə min tiraj yenə cüzi rəqəmdir. Ancaq nəzərə alsaq ki, ölkənin paytaxtı Bakı şəhərində heç 20 dənə kitab mağazası yoxdur, onda günahı insanlarda axtarmarıq. Kitab alıcılarının sayı çox məhduddur və dövlətin bu sahədəki siyasəti ürəkaçan deyil. Kitaba qoyulan ƏDV ləğv olunmalı, kitaba dövlət səviyyəsində dəstək verilməlidir. Biz hətta oxucularımızın çoxusunu ya üzdən, ya da sosial şəbəkələrdən tanıyırıq. Hər halda 10 il əvvələ nəzər salıb sevinməliyik. 

- Kitabların təbliğatında tənqidçilərin rolu danılmazdır. Siz özünüz də bu səhədə qələminizi sınayırsınız. Bu gün tənqıdçilər yeni kitabları yetərincə təbliğ edə bilirlər?

-Kitabın təbliğində tənqidçilərin və ədəbiyyatşünasların ciddi rolu var. Təəssüf ki, bizdə tənqidçilər çox vaxt tanışlıq və tapşırıqla yazdıqlarına görə, gənc nəsildən ciddi bir tənqidçi çıxmayıb. Yaşlılar da müəyyən maraqlara uyğun yazır. Bir neçə adam istisnadır ki, onlar kitabı tənqid edəndə, onun haqqında yazanda müəllifin kimin qohumu olduğunu, hansı cəbhədən olduğunu nəzərə almır. Mən özümü də azlıqda olan bu tənqidçi siyahısında hesab edirəm. Kitablar haqqında çoxlu yazılarım var, onların da böyük əksəriyyəti gənc qələm adamlarının kitaları haqqındadır. Bu kitablar haqqında yazarkən müəllifin məşhurluğu, kimin qohumu olması məni heç vaxt maraqlandırmayıb. Amma tənqidçilərimiz təəssüf ki, belə şeyləri nəzərə alırlar. Mən oxuduğum kitablar haqqında həmişə sevgiylə yazıram. Mənə kitabını verib haqqında yazmağımı xahiş edənlər olanda etiraz etmirəm. Çünki, bunu qələmimə qarşı etimad hesab edirəm. Amma bəzi dostlarımız var ki, qəsdən tanıtım xarakterli yazılar yazmırlar. Mən özümü tənqidçi kimi görmürəm. Çünki, ədəbiyyatşünas deyiləm. Yazdığım yazılar daha çox kitab tanıtımına xidmət edir.

- Tənqid olunmaq qorxunuz yoxdur ki?

- Qətiyyən. “İtirilmiş əlyazma” romanı haqqında 10-dan artıq tənqidi yazı yazılıb. Çoxusu da gənc bloggerlərdir. Romanımı peşəkar şəkildə tənqid və təhlil edən Mətanət Vahidin yazısı mənim çox xoşuma gəlib. Baxmayaraq ki, kifayət qədər ağır yazıdır. Mən bu təqiddən çox böyük stimul aldım və gələcək romanımı necə işləyəcəyim barədə beynimdə fikir formalaşdı. Hərdən tanımadan, əsərin mahiyyətini bilmədən tənqid yazılır. Mənim romanım haqqında blogger Əli Novruzov belə bir tənqid yazmışdı. Mən də bu yazıya cavab verdim. Əlinin yanaşması düzgün deyildi. Bir az da saytlar bunu böyüdüb qalmaqal yaratdılar. Amma mən Əli Novruzovun intellektinə hörmət edirəm. Bilirəm ki, ciddi mütaliəsi olan adamdır. Ancaq bu yazıda tənqiddən daha çox müəllifi aşağılamaq var idi. Hər halda ondan belə yazı gözləmirdim. Daha səmimi, daha arqumentli yazı yazacağına ümid edirdim. Görünür mənim iddialı görünüşüm onu qıcıqlandırıb. Hər halda tənqid, qərəzsiz və arqumentli olanda inkişafa xidmət edir.

- İddialı görünüşə malik olduğunuzu dediniz. Səmimi olaraq deyə bilərsiniz hansı iddialarınız var?

- Əlbəttə. Son iki ildə ədəbiyyata aid iddialarımı gerçəkləşdirmişəm. Bir şeir kitabım, bir romanım və 2 tərcümə etdiyim kitab çap olunub. Oxunan və sevilən yazar olmağa iddialıyam. Bəzi iddialarım isə artıq reallaşıb. Yəni, yaşıma görə arzuladığım yerdəyəm.

-Bəs bu iddiaların həyata keçməsi üçün Cəlil Cavanşir hansı qurbanları verdi?

- Bəlkə də bunlar iddiaların qurbanı deyil. Amma ən azı bu hadisələrdən sonra məndə daha çox inadkarlıq yarandı. Ailəmdən ayrılmağım, şəxsi problemlərim, sıxıntılarım və s. Əslində bu ayrılıq məni bir az da gücləndirdi. İnadkar olmağa, mübarizə aparmağa başladım. Bu, mənim bu yolda verdiyim ilk qurban idi. Burda ən böyük itkim oğlumdan ayrı qalmağımdır. Onu ayda bir, bəzən də iki aydan bir görürəm. Çünki ayın bütün günləri işləməyə məcburam. İddialı adam həm də zəhmətkeş olmalıdır. Heç nəyi asan qazanmaq mümkün deyil. Asan qazanılan şeylərin də dadı-duzu olmur. Eyni zamanda şəxsi həyatımı heç düşünmürəm. Yenidən ailə qurmaq, ev almaq, maşın almaq haqqında heç vaxt düşünmürəm. Bunları düşünməməyim anormaldır, bəlkə də yanlış addımdır. Amma hələ ki, belədir.

- Ayrılığın ildönümünü yenə qeyd edirsiz?

- O qədər ayrılıq yaşamışam ki... Ayrılıqlar çox ağrıdır adamı. Mən isə əzabdan manyakcasına zövq alıram. Ayrılığın ildönümünü qeyd edirəm. İçə-içə o günü yenidən yaşayıram. Məncə hər ayrılığın, hər itkinin insana gətirdiyi bir müdriklik, böyüklük var. Hər ayrılığın özünəməxsus xatirəsi, hər qadının sənin həyatında buraxdığı iz var və o izləri xatırlamaq lazımdır. 

- Bunlar ədəbiyyata necə, yansıyır?

- Əlbəttə. 3 yarımçıq romanım və üzə çıxarmadığım şeirlər var ki, bunlar ayrılıq, sevgi notları ilə yüklənib. Ayrılıq haqqında yaman çox yazıram. Ayrılığı yaşadıqdan sonra çox qəddarlaşmışam. Bundan sonrakı həyatımda sevgi yaşayıb, ayrılanda ağlayacaq qədər məsumluğum qalmayıb. Daha qadın sevgiləri sıradan, adi və bir az da həyəcansız olacaq. Bəlkə də elə bir adama rast gələcəyəm ki, daha çox təsir edəcək mənə. Ancaq mən müqəddəsliyi, saflığı, məsumluğu yaşayıb bitirmişəm. Ruh həmin ruhdur, ovqat həmin ovqat, insan həmin insandır – sadəcə yaş, təcrübə artır və artıq fikirləşirsən ki, məsumluq və müqəddəslik sənə yad, səndən uzaq olmalıdır ki, yaşaya biləsən. 

- Bir qadının gülüşü yenə sizi sevindirir?

-Qadın gülüşündə bir az ruhani, bir az da şeytani nə isə var. İnsanın ovqatını, düşüncələrini dəyişə bilir. Hələ də bir qadının gülüşünə aldanacaq qədər, bir qadının gülüşü ilə təsəlli tapacaq qədər avam kənd uşağıyam. Dünya yaranışdan belədir. Qadın kişi münasibətlərində qadının bir gülüşü, işvəsi nazı hər şeyi həll edə bilir, adamı dəyişə bilir.

- Qadın sizin üçün şeirdir?

- Qadın bəzi hallarda şeirdən daha böyükdür. 

- Bəs bu şeir sizin üçün bitməyib?

- Niyə bitsin ki? Bəzən sevmədiyimiz şeirlər də ovqatımızdan asılı olaraq bizi kövrəldir. 

-Sizin haqqınızda danışanda nədənsə ilk olaraq “Underground sevgilər” yada düşür.

- “Underground sevgilər” mənim ikinci şeir kitabımdır. İlk şeir kitabım 2004-cü ildə çap olunub. “Underground sevgilər” kitabında son dövrlər, yəni 2011-ci ilə qədər yazdığım şeirlər toplanıb. Hələlik ən uğurlu kitabım budur. Məncə özünü doğruldan kitab oldu. Tanınmış aktrisa və aktyorlar bu kitabdakı şeirləri səsləndirdi. Dostum İslam Şirvani bu ifalar üçün xüsusi musiqilər yazdı. Bir sözlə, bu kitabı çox sevirəm.

- Paytaxta əyalətdən gəlmisiz. Bəs bölgələrdə necə, tanıdığınız, oxuduğunuz yazarlar var? 

- Naxçıvandan Elxan Yurdoğlunun yaradıcılığı ilə tanışam. Şeirlərini oxumuşam. Onun ədəbiyyatla bağlı fikirləri mənim üçün maraqlıdır. Onu paytaxt mühitindən uzaqda hesab etmirəm. Gəncədə Lətif Zərgər, Aydın Murovdağlı, Vüsal Hicran, Qazaxda Bəxtiyar Hidayətin, Kürdəmirdə Anar Gülümsoyun, Qobustanda Bahadur Qobustanın yaradıcılığı mənim üçün maraqlıdır. Amma heyif ki, adını çəkdiklərimin çoxunsunu paytaxt ədəbi mühitində tanımırlar. 

- Ədəbi müsabiqələrə münasibətiniz necədir?

I və II Milli Kitab Müsabiqələrini baykot etmişdim. Ancaq II müsabiqənin nəticəsi məni çox sevindirdi. Pərvizin qalib olması ədalətli seçim idi. Amma Mirmehdi Ağaoğlunun da ən azı üçüncü olacağını gözləyirdim. Ən çox Nəsimi Ədəbiyyat Müsabiqəsinin təşkili xoşuma gəlir. Mən də bu müsabiqənin qaliblərindən olmuşam. Zahir Əzəmət obyektiv və qərəzsiz müsabiqə keçirir. Azadlıq radiosunun “Oxu zalı”nın keçirdiyi müsabiqəni də uğurlu hesab edirəm. Nəticənin dəxli yoxdur. Əsas odur ki, ədəbiyyata faydalıdır. Yazarlara stimul verir. Məsələn “Qızıl kəlmə” mükafatını heç bəyənmirəm. Bu mükafatın nəyə, kimə xidmət etməsi mənə aydın deyil. Ümumiyyətlə AYB-nin təşəbbüsü ilə görülən bütün işlər çox primitiv və yarımçıqdır.

- Bu kimi məsələlərdə Rəşad Məcidlə “atışmalar”ınız da olub.

- Rəşad Məcidlə bizim “atışmalar”ımız çox olub. Məsələn, Anar haqqında, Yazıçılar Birliyində prezident təqaüdünün verilməsi haqqında və s. Cəsarətlə deyirəm ki, Yazıçılar Birliyi Cəlil Cavanşirdən belə qorxur, çəkinir. Məni zərərsizləşdirmək və susdurmaq üçün istənilən vasitələrə əl atırlar. Anar və onun ətrafı işlədiyim insanları bezdiriblər ki, mən onlardan yazmayım. Ancaq mənim yazılarımda sadəcə bir istəyim var ki, Prezident təqaüdü verilən adamların adları açıqlansın, görək orda hansı qohumbazlıq, dostbazlıq prinsipləri gözlənilib. Artıq Prezident təqaüdü verilib və heç bir ad açıqlanmır. İkinci istərdim ki, Yazıçılar Birliyi ləğv olunsun və yaradıcı təşkilatlar yaransın. Hər şeyi monopoliyaya alıb üstündə oturmaqla heç nəyə nail olmaq olmaz. Gənclərə qrantlar ayrılsın ki, gənclər də yaradıcılıqla məşğul olsunlar. Çünki bir neçə ildə 2 minlik Yazıçılar Birliyi 5 nəfər ortaya çıxarıbsa, nativ və azad nəsil onlarla imza tanıdıb və yazar yetişdirib. Rəşad Məcid bəzən məni təhqir də edib. Yaradıcı adamın bu cür münasibətinin bir adı var, qoçuluq. Məncə Rəşad Məcid təzadlı adamdır. Bəzən elə yaxşı işləri olur ki, qiymətləndirməmək imkansızdır.

- Hansısa PEN - klubun üzvüsüz? 

- Heç bir təşkilat üzvü olmasam da Yazıçılar Birliyinə antipatiyam, Azad Yazarlar Ocağına, müstəqil qələm adamlarına isə simpatiyam var. Amma AYB-də çoxlu dostlarım var və onları yüksək qiymətləndirirəm.

- Bir az da yaradıcılıq planlarınızdan danışın.

- Daniel Kehlmannın “Dünyanın ölçülməsi” romanını sentyabradək tərcümə edib təhvil verməyi düşünürəm. Uzun müddət səhhətimdə problemlər oldu və gündəlik yazılar başımı qatdı. Tərcümə yarımçıq qalmışdı. İndi yenidən tərcümə işinə girişmişəm. Sentyabr ayında kitablar, filmlər və məşhur yazıçılar haqqında yazdığım yazıları kitab halında çap etdirəcəm. Sonra hekayələr kitabımı nəşr etdirməyi düşünürəm. Bundan sonra şərti adı “Qeyri-ənənəvi sevgi” olan romanımı çap etdirməyi düşünürəm. 5 ildir bu romanı yazıram. Hal-hazırda kitabın üzərində düzəlişlər edirəm. Yaxın vaxtlarda yarımçıq yazıları davam etdirəcəm. /simsar.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.