Elçin Hüseynbəyli - "Nənəm, babam və kommunizm"
08.11.12

Hekayə

Babamı kommunizmə çəpəki baxdığına görə tutublar.

Düz baxsıydı, indi sağ-müsəlləm öz kəndində, doğma ev-eşiyində yaşayardı, camahatın kişiləri kimi uşaxların yekəldərdi, tay nənəmin ümüdünə qoymazdı...

Babamı nənəmin qardaşı oğlunun xətrinə güllələmiyiblər, eləcə Sibirə sürgün eliyiblər.

Daha dəqiqi babamı nənəmin əri olduğuna görə güllələmiyiblər. «Vallah kişi hələ yaxşı qurtardı.

Yoxsa ki, ağzın nəydi sovet hökümətinə çəpəki nədi e, belə bir təhər baxasan. Adamı sorğusuz- filansız gülləliyirdilər.»

Nənəmin həmən o qardaşı gədəsi- torpağı sanı yaşıyım mənim bir suyum ona çəkib-müharibiyə gedib qayıtmıyıb.

«Allah Hitlerin nənəsinin də sinəsinə bala dağı çəksin, necə ki, çəkdi də.» Nənəm babama 15 il verilməsiylə nağdı fəxr eliyirdi.

Çünki nənəm olmasıydı, onun qardaşı oğlu babamın işinin dalına düşməzdi, «kim idi çoban adamı itirib-axtaran» və babam şübhəsiz ki, çoxdannan torpağın altında çürümüşdü.

Babam Sibirdən qayıtmıyıb və nənəmin fərziyəsinə görə orda evlənib qalıb, sovet hökümətinin qorxusunnan kəndə gəlmiyib.

Nənəm elə bilirdi ki, Sibirdə sovet höküməti yoxdu. Ona görə də babamı ora sürgün eliyiblər.

Yoxsa «elə çölçülük də sürgün kimi bir şeydi.» Nənəmin bildiyinə görə Sibir bizim ada kimi ucsuz-bucaqsız bir yerdi. İntəhası orda həmişə qar olur.

Özü də qarın rəngi bizdəkinnən də ağdı. Çünki göy orda yerə yaxındı. Nənəmin dediyinə görə Sibiri yuxusunda görüb.

Özü də Sibir barədə nənəmə babam sürgünnən bir-iki ay sonra yuxusuna girəndə danışıb...

Babam nənəmin üstündə "zibilə düşmüşdü".

Çünki şəkil çəkdirəndə nənəm də çoban yatağında onun böyründə olub və babam çox qısqanc olduğunnan, nənəmin şəkilçəkənin aparatına zəndlə baxmasına dözə bilmiyib və arvadın üstünə çımxırıb.

Həmən o şəkilçəkən təntiyib və babamı nənəmə çımxıranda çəkib. Yazıq kişi babamın zəhminnən qorxub.

Çünki babam çox yekəpəriymiş, 7 adamın yeməyini yeyirmiş, ayıb olmasın, sidiyə gedəndə qaratikan kolunu dibinnən çıxarırmış.

Nənəm bu sözləri deyəndə dodağı qaçırdı və yaşmaqlanırdı. Nənəm babamın onun üstündə sürgünə getməsi və yekəpərliyi ilə də fəxr eliyirdi. Ümumiyyətlə, nənəmin ömrü boyu fəxr elədiyi bir-iki şey vardı.

Onlardan biri də yaşmaqlanmağıydı. Hələ yaşmağın keçmişin qalığı kimi, qadağan olunduğu vaxtlarda belə nənəmin yaşmağı ağzınnan əskik olmamışdı və Azərbaycan qadınının keyfiyyət etiketi nənəmin ağzına ömürlük vurulmuşdu...

Şəkil çəkəndə babam mütləq gələcəyə baxmalıymış, kommunizmin gələcəyinə rişxənd eləməməliymiş.

Çünki babam kollektivçiliyə iki qazı, bir qatırı ilə birlikdə birinci qoşulanlardan olub – «onnan başqa tay nəyi vardı ki,»- hər halda onu belə qələmə veriblər.

Ona görə də hökümət, deyəsən, kişinin şəklini qəzetlərə verdirmək fikrinə düşüb.

Nənəm ona qədər qəzet görməyibmiş, ancaq fəhminən bilirmiş ki, nəysə yaraşıqlı bir şeydi. Babamın şəklinin çəkilməsində bəlkə də ayrı bir əngəl varıymış.

Hər halda hər şey babamın ziyanına olub və tərs kimi nənəm maraq üçün babamın şəkilinin necə çəkiləcəyinə baxmaq istiyib, o yekəlikdə kişinin həmin aparatın içinə necə yerləşəcəyini öz gözüylə görmək istiyib...»Boynum qırılsın, nə biliydim belə olacax...»

Şəkil çəkənin xəbəri qəfil gəlmişdi.

Yazıq kişi, yəni şəkilçəkən, «allah onun yazıq boynun qırsın», Müxəmmədin atının tərkində bir heylə yolu atdana- atdana gəlmişdi, çünki Müxəmmədin atı ağsaq idi və anadangəlmə heç zaman qaçmamışdı, ona görə də bir adam ləng iş görəndə başqalarının gözündə avtomatik olaraq "Müxəmmədin yabısı"na dönürdü.

Deməli, şəkilçəkən qəfil gəldiyinə görə babamnan nənəm bu şəkil məsələsi barədə heç düz-əməlli danışa bilmiyiblər də.

Nənəm babamın başına belə bir qaravəlli gələcəyini bilsiymiş, ömrübillah kişinin şəkil çəkdirməsinə yol verməzmiş, necə ki, sonradan şəkil çəkdirməyə bizlərə imkan və icazə vermədi.

Deməli, babamın şəkli gedib yuxarılara çıxannan sonra, babamın sifətinə baxıb onun kollektivçi olmağına şübhə eliyiblər və "kulak" adıynan Sibirə sürgün eliyiblər. Əslində nənəm o şəkli lap axırda, babamı aparannan sonra görüb.

Kəndə nənəmi dindirməyə gələn silisçi şəkli nənəmə göstərib, elə-belə də deyib.

«Biz düz irəliyə, kommunizmə baxmalıyıq, ancaq sizin həyət yoldaşınız (nənəm həyat yox, həyət yoldaşı deyirdi) düz irəli - gələcəyə baxmaq əvəzinə kommunizmə ağız-burnun əyib.

Nənəm silisçinin sözlərinə o saat inanıb və kişinin doğrudan da zəhmli olduğun təsdiqliyib. Nənəm hardan biliymiş ki, silisçi ondan söz alır.

Silisçinin "otçotunun" bir hissəsini nənəmin qardaşı oğlu Bakıdan kəndə gətirib.

Nənəm onu ölənə qədər müqəddəs bir əşya, dədəmin yadigarı kimi saxladı və o kağız sonradan yoxa çıxdı.

Belə zənn eləmək olar ki, nənəm onu özüylə o biri dünyaya həmən silisçi və babamla haqq-hesab çəkmək üçün aparıb.

Nənəmin "otçot" dediyi həmən o saralmış vərəqə, güman ki, babam haqqında ittihamnamənin surəti olub.

Nənəmin dediyinə görə orda təxminən yazılıbmış ki, (Nənəm özü savadsız olduğunnan bu sözləri ölümünə Hitler bais olmuş qardaşı oğluna əsaslanaraq deyirdi) Həşim Arıx oğlunun zövcəsi Qunça Molla Məhəmməd qızı həyat yoldaşının kommunizmə zəhmli baxmasını təsdiq edib... «Bay, evin yıxılsın fələk, mən heylə sözü harda demişəm!?» Qunça Molla Məhəmməd qızının dediyinə görə qonşuları Bədirqulu oğluna "Kommunist" adı qoyanda Həşim Arıx oğlu həmin ada gülüb və "bir kommunist ki, mənim axsax yabıma və iki qazıma möhtac olacax, ona bir quş" deyib.

Nənəmin əli silisçiyə çatmadığına görə hər dəfə o kağıza müraciətlə "vallah, kişi onu zarafatnan deyirdi" deyə and içirdi və əlavə edirdi ki, Bədirqulu da söz altında qalan deyildi və "Kommunist hələ balacadı yekələndə gör nə oğul olacax" deyirmiş.

Nənəm deyirdi ki, o, bu sözləri səmimi qəlbdən deyib, babamın da zarafat elədiyinə silisçini inandırıb.

«Nə biliydim, dedim, yaqın, Kənkan Məhəmmədhəsəni - mənim xalam nəvəsinin ərini- tanıdığına görə sözdərimə şəbədə qoşmaz. İnsan çiy süd əmib, nə biliydim...»

Deməli, (bu deməli sözü də "bağışlıyın arxam sizədir" kəlməsi kimi dilimə yapışıb düşmür, görünür, irsən keçmədir) nənəm şəkildəkinin babam olduğunu təsdiq eləsə də, ona çımxırmağı çıxsaq, şəkil çəkdirəndə düz irəli baxdığını deyib və belə güman eliyib ki, kişinin ağız-burnunu aparatın içində, ya da Bakıda təsadüfən, şəkli əllərinə götürəndə əyiblər.

Nənəmin bu müdrik mülahizələrini də silisçi protokolda qeyd edib, onun dediklərinin səmimiyyətinə inanmıyıb və nənəmi kommunizmə çəpəki baxan babamı müdafiə etdiyinə görə damlamaqla hədəliyib, ancaq arvad xeylağı olduğuna, həm də kənkan Məhəmmədhəsəni tanıdığına görə bağışlıyıb.

Həmən silisçi sonra özü də əlli -ayaxlı yoxa çıxıb və onun babama elədiklərini allah götürmüyüb.

Həmin hadisədən sonra dədəm, yəni mənim atam babamnan ibrət götürüb. Ona görə də dik nəzərlərlə ancaq irəliyə baxıb.

Dədəm ot biçəndə də dəryazı ancaq düz istiqamətdə tuturdu, düz xətlə otu biçirdi, hətta traktoru da sürəndə ancaq düz yollardan istifadə eliyirdi.

Və cəmi bircə dəfə kolxoz sədri üstünə qışqırannan sonra kolxoz pəyəsinin divarınnan asılmış pərdənin yanında duraraq, düz uzağa - örüşdə otluyan inəklərə baxa-baxa şəkil çəkdimişdi və şəkil aparatın içinnən çıxanacan, sakit yata bilməmişdi.

Yazıq nənəm dədəmin şəklinin aparatdan düz çıxması üçün şəkil çəkən Əfsərə quzu boyda hündüşka vermişdi. Allah Əfsərin dədəsinə rəhmət eləsin.

Dədəm necə vardısa, eləcə də aparatdan çıxmışdı: iri bərələ gözlər və üfüqlərə zillənmiş qartal baxış.

Dədəm həyatda ancaq düz baxdığına görə bir dəfə traktor qarışıq arxa düşmüşdü, bir dəfə də Mirkişinin danasını vurmuşdu.

Dədəm bu işlərdən baş açmadığına görə traktoru tərgidib, mal otarmağa girişmişdi və bir növ babamın yolu ilə gedərək onun ruhunu şad eləmişdi.

Ancaq nənəm ölənə qədər kişinin ruhunun olmasına inanmadı, çünki onun ölməyinə şübhə ilə yanaşırdı.

Əsası isə babamın ruhu olsuydu, sovet hökümətinnən qorxmazdı və buralara gəlib çıxardı, nənəmin yuxusuna girərdi. «Ruhu tutmaq olar kı...» Ancaq babam gedənnən cəmi ikicə dəfə nənəmin yuxusuna girmişdi.
O da ki, ilk günlər...

Deməli, babamı kommunizmə çəpəki baxdığına görə damlamışdılar. Nənəm bunu bizə ən azı ildə bir dəfə, (qar yağanda isə mütləq) danışardı.

Çünki yazıq kişini səhərin alaqaranlığında, alaçalpov qar yağan günü aparmışdılar, daha doğrusu, kişini aparan günün axşamı qar yağmışdı və babam düz-əməlli paltar da götürə bilməmişdi.

Nənəm hərdən fikirləşirdi ki, gərək kişi o dağ-dərədən özün atıb-qaçıydı və «heş kop-o-lu ona çata bilməzdi.» Sonradan silisçi kəndə gələndə babamın şəhərdə olduğunu xəbər vermişdi.

Nənəm rayon mərkəzindəki qardaşı oğluna qoşulub, eşalonda Bakıya gəlmişdi, tösmərək bir adamın -kəndçimiz Baxşalıya oxşuyan bir kişinin, «elə bil bir almanı iki bölmüsən»- qəbuluna düşüb, babamın kommunizmə çəpəki baxmağının (Nənəm «çəpəki» deyəndə səsin yavaşıdırdı), deməli, çəpəki baxmağının səbəbini, kəndçi dilində onu başa salıb, o başa düşmüyəndə isə qardaşı oğlu- «maşallah elə səlist danışırmış ki»,- köməyinə çatıb- «allah yerdə qalanlarına kömək olsun»- və babamı güllələmiyiblər, eləcə 15 il iş veriblər.

Nənəm babamı işə salmış qəzeti birinci dəfə elə onda görüb...

Deməli, babamı aparanın səhərisi günü nənəm- «üzüm ə-ğınızın altına» həmin vaxt mənim dədəmə boyluymuş, özü də ürəyi qanqal istiyirmiş və babam səhəri günü arana enib ona qanqal gətirməliymiş, qanqal olmasa da-«qışın ortasında qanqal nə gəzirdi»-ona oxşar bir şey gətirməliymiş- «allah rəhmət eləsin nolar zəhmli olanda», kişi ürəyi yumşağıymış- və nənəm elə qanqal deyə-deyə dədəmnən azad olub. «Allah Həşimi, yəni babamı, aparanların da nənəsini qanqal deyə-deyə öldürsün...»

Babam gedər-gəlməzə gedənnən sonra nənəmə on yerdən elçi düşüblər, ələlxüsus da müharibə zamanı, arpa çörəyi belə tapılmıyanda, ancaq nənəm dədəmi töhmət yeri eləməmək üçün ərə getmiyib.

Nənəm həmin vaxt tay babamın dərdin çəkmiyib, yaxşı da eliyib, çünki 15 il başa çatannan sonra da babam gəlmiyib.

Bayaq dediyim kimi nənəm nağdı zənn eləmişdi ki, babam orda evlənib və qalıb orda. İndi yəqin dədəmnən az qala yaşıd oğul-uşağı var.

Və günlərin bir-günü, mən yekə kişi olub, kəndçilərimiz demiş ... şalvar geyənnən sonra (nöqtələrin yerin, lütfən, özünüz doldurun) uzaq və ağappaq qarlı Sibir çöllərinnən bizə bir məktub gəldi. Məktub Volodya Həşimoğlunnan idi.

Nənəmin goru çatdasın zənni onu aldatmamışdı...

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.