Sultan Sevda - Əxlaqsız qızlar
20.11.12

      Qızlara inanmaq olmaz, heç cür. Onların kənardan bu qədər məsum, ağıllı görünüşünə aldanmayın. Rol oynayırlar. Sadəcə onlara öyrədilən ağıllı qız rolunu oynamağa çalışırlar. Kənardan hər kəsin onlardan gözlədiyi tərbiyəli, əxlaqlı, səliqəli qız rolunu. Çox vaxt yan-yörəsindəkilərə, ata-analarına, özlərindən böyük bacı-qardaşlarına elə görünməyə çalışarlar ki, guya qarşı cins onları heç maraqlandırmır. Ama bütün hərəkətlərinin altında özünü qarşı cinsə göstərmək, bəyənilmək meyli durur. Sadəcə qarşı cins onlara yasaqdır. Bu üzdən bu cür altdan-altdan oyun oynayırlar. Hələ azacıq boyları qalxdımı, ətə-qana doldularmı, onlar qədər təhlükəli məxluq yoxdur. Sizə kələk gəlib elə dona girərlər ki, mələk cildində şeytana bənzəyərlər. Söz deyəndə utanıb qızaranları belə öz aləminə çəkilən kimi ağıllarından keçirmədikləri qalmaz. Siz onlara həyatda qadağan etdiklərinizi xəyallarında yaşarlar. Güzgü qarşısına keçib saçlarına, üz-gözünə, əndamına on tərəfdən baxdımı bilin ki, elə belə baxmır. Ağlından nələr keçdiyini bir allah bilir. Bu üzdən qızlara inanmaq qədər ağılsız bir iş yoxdur. O həmişə sizi aldadacaq. Telefonla danışmalar, internetlə sevdalaşmalar... Bir gün harasa getməyi bəhanə edib evdən görüşə qaçacaq. Bu yəqindir ki, təmiz, dürüst, yalansız qız yoxdur. Qız nəzarətsiz qaldısa demək artıq o hər şey edə bilər. Bunu hamımız hiss edirik. Bu üzdən nə qədər anlayışlı davranmağa çalışsaq da heç vaxt şübhələrimiz bizi rahat buraxmır. Bütün bunlara baxmayaraq bəzən sizdən etibar, inam tələb edə bilər bu qız. Siz də sadəlöhvcəsinə onun haqqında yanlış düşündüyünüzü güman edib: - “o mənim qızımdır, belə bir iş görə bilməz” -deyə, sentimentallığa qapıla və ona qədərindən artıq azadlıq verə bilərsiniz. Ama bir azdan sonra o özü də başa düşəcək ki, bacara bilmədiyi bir yükün altına girib. Bu inamı doğrultmaq onun işi deyilmiş. Hər halda bu qədər sadəlövh olanlarımız heç də çox deyil. Hər kəs bu şübhəsiz həqiqəti yaxşı bilir. Bu üzdən valideynlər hələ lap körpəlikdən öz qızlarını qol-budaq etməyi yaxşı bacarırlar. Həm də təkcə valideynlər yox, bütün ətraf, cəmiyyət bununçün çox əmək sərf edir. Qız özü bilir ki, bayıra çıxdısa bütün hərəkətləri nəzarətdədir. Yerişi, duruşu, baxışı hamısı söz-söhbət mövzusudur. Bu onu məcbur edir ki, özünü ondan gözlənən çərçivələrə uyğunlaşdırsın. Ya da ən azından belə görünsün. Ən xırda detallara qədər olan ətraf marağı onları həmişə gərgin, sək-səkəli, özündən bədgüman, qorxaq olmağa məcbur edir.

   Qızların başı üzərində qılıncla durmaq lazımdır. Ata, qardaş nəzarəti xüsusilə vacibdir.”Oğul namusdur”- bu üzdən deyiblər. Məyər qardaş nəzarəti olmayan, hər addımına diqqət yetirildiyini duymayan qız namus qeydinə qala bilərmi? Hansı kişi namusunu öz qızına etibar edə bilər? Qız satqın və xaindir. Bu üzdən hələ lap qədimdən ata-bablarımız bu işdə çox tər töküblər. “Qız gülməz”, “qızın dişləri görünməz”, “qız bərkdən danışmaz”, “qızın dostu olmaz” , “qıza söz deyəndə başını aşağı salar” deyibən hələ ən kiçik yaşlarından onu hər tərəfdən darayıb yatqın, itaətli  hala gətirməyi bacarıblar. “Qızını döyməyən dizini döyər” deyiblər. Evlərdə, çadralrın altında bir təhər, qorxa-qorxa saxlayıb böyütdükdən sonra 13-15 yaşına çatmamış “oxxay” deyib ərə veriblər. Ancaq bundan sonra onların namusunun daha etibarlı əllərdə olduğuna inanıb rahatlanıblar. Hər bir kişinin qız xofu, qadın qorxusu var. Buna namus qorxusu adını veriblər və bundan hürküblər, vahimələniblər. Bu vahimə qız gənc yaşa çatandan başlayıb ta ki, qadınlığını itirənə qədər davam edib. O zamana qədər qadının, qızın evdən çıxması, hər hərəkəti, hər sözü çərçivəyə salınıb. Ancaq qadın bəlli bir yaşa gəlib qocaldıqdan sonra bu ittihamçı əllər onun yaxasından əl çəkib. İndi, müasir zəmanədə isə hər şey bir az daha çətinləşib. Süni şəkildə bizdən tələb olunan müasirlik, zəmanəylə ayaqlaşmaq problemləri var. Bir tərəfdən də namus qorxusu, namus xofu... İndi kənardan daha cazibəli, daha kübar görünmək tələbi var. Bir tərəfdən də ləyaqətli, təmiz-tarıq... İndi qızları tutub evə, çadra altına yox, bəzəyib düzəyib insanların gözü qarşısına ideal, mələksima bir tövhə kimi çıxarmaq lazımdır. Həm də elə qol-budaq edib çıxarmaq lazımdır ki, öz təbii hisslərindən əsər əlamət qalmasın və biz istədiyimiz bayağılığa vara bilsin. Hətta yubkasını bir az qısaldıb, dar şalvarlar geyməsinə də icazə verə bilərik ki, həm daha müasir görünsün, həm də qarşı cinsin diqqətini cəlb edə bilsin. Ama nəbadə özünün də ağlından belə şeylər keçdiyini biruzə verməsin. O sadəcə bu gözəlliklərin içində öz gözəlliyindən xəbərsiz, əlçatmaz ilahə roluna girməlidir, vəssəlam. Birdə ki, qızı başı qalxmamış ərə verməli olduğumuzu hamımız yaxşı bilirik. Çünki, onun da təbii ehtiyacları var. Və bu təbii ehtiyaclar ödənməlidir. Əgər vaxtında öz durumuna, adına-sanına layiq birinə tapıb vermədinsə kim bilir bu təbii ehtiyacları necə ödəməyə qalxacaq? Çoxda ki, özünü hətta 25-30 yaşlarına qədər arınıb-daranmış, ancaq işə-gücə sarılmış biri kimi göstərdi. Ama biz bilirik ki, onun içində nə qurd yatır. Bir gün başını qaldırsa hamımızı çalacağından əminik. Onun adı qarşı cinsə olan meyl, təlabatdır. Buna görə də vaxtında birinə tapıb verdinsə bu təlabatı da rahatlıqla, qayda-qanun, ən-ənə daxilində ödənər, üstəlik özünün də başı uşaq-muşağa qarışıb sevgi-məhəbbət xülyasından aralanar. Bir düşünün, bir gün ayılırsınız ki, qızınız bir sevdiyiylə bütün sərhədləri aşıb sevib-sevişib, və sizin heç nədən xəbəriniz yox... Hətta gözləri xoşbəxtlikdən parlasa da, sevib- sevildiyi bir insanın yanında xoşbəxt olsa da bundan dəhşətli bir şey varmı? Ama həm də bu şükürlüdür. Birdən Allah eləməmiş sevgilisiylə ayrılsa necə? O zaman onu hətta bazara çıxarsaq belə fərq etməz. Alıb üstümüzdən aparıb, namusumuzu təmizləyən tapılmaz. O zaman bəlkə gedib kiminsə gədəsinin ayağına belə qapanmaq olar ki, gəl bu qızı al, mənim namusumu təmizlə. Ona görə də deyərlər ki, “qız yükü, duz yükü”...

     Qızları tərbiyə etməkçün yaraqlanıb yasaqlanmış cəngavərə bənzəməlisən. Hansı tərəfdən öz kimliyini biruzə verdisə o tərəfdən vurmalısan. Geyimindən tutmuş, saç düzümünə, maraqlarına, məşğuliyyətinə, dost-yoldaşına, dinlədiyi musiqilərə, oxuduğu kitablara, əgər yazmağı sevirsə yazılarına, gündəliyinə- hamısına diqqət yetirməli, gözünü dörd açmalısan. Qız tərbiyə etmək asan deyil. Çünki, sənin hədəfin qızın özü, öz kimliyi, təbiətdən aldığı doğal yaradılışıdır. Biz özümüz də bunu yaxşı bilirik ki, ondan etməməsini istədiyimiz şeylər onun təbiətindədir. Bizim müharibə elan etdiyimiz şey onun yaradılışıdır.Yaradılışla müharibə etmək qədərsə çətin, əl çatmaz bir iş yoxdur. Buna görə də qızı tərbiyə etməkçün onun özünü öz içinə gömməlisən. Hisslərini, istəklərini içində öldürməyə vadar etməlisən. Və hətta bu hissləri, duyğuları özünün öz içində boğmasına nail olmalısan. Əgər bir valideyn, ana və ya ata qızının əxlaqına, namusuna güvəndiyini deyirsə demək o daha çox qızını qol-budaq edib içindəki hisslərini təşrih edə bildiyini demək istəyir. Beləcə qurumuş, manqutlaşmış bir məxluq yarada bildinsə demək namusunu, əxlaqını qoruya bildin. Bu məxluq da sənin nəslinin davamçısı, özü kimi məxluqlar böyüdəcək bir elementi sayıla bilər. Ama baxanda işimizə yarayacaq şeylər də az deyil. Çünki, qadının, qızın təbiətində bir itaətkarlıq, qayda-qanuna, nizam-intizama meyllilik var. Və həm də zəif məxluq olmağı bu işi bir az daha asanlaşdırır. Buna görə cəmiyyətin əxlaq yükünü qadınların, qızların boynuna yükləmək daha asan yoldur. Baxmayaraq ki, bu halda hamımız ikiüzlü bir oyun oynamağa məcbur oluruq. Məsələn oğlanlar sevdiyi qızla hər cür yaxınlığı ağlından keçirdiyi halda onun əxlaqına, əlçatmazlığına hörmət duyduğunu deməli olur. Qızlarsa bayaqdan dediyim əlçatmaz, əxlaqlı, ağıllı qız rolunu oynmalı olur. Özünü hər cür yaxınlıqdan, isti münasibətdən, təmiz, təbii hisslərdən məhrum edən belə insanlar çərçivələnib əxlaq çərçivəsində sevir, əxlaq çərçivəsində sevişir, əxlaq çərçivəsində yatır, əxlaq çərçivəsində evlənib boşanırlar. Yəni önəmli olan bizim duyğularımız, hisslərimiz deyil, önəmli olan hisslərimizin də, duyğularımızın da bu çərçivələrin içinə sığmış görkəmidir. Daha çox özlərini təşrih etməyə məcbur etdiyimiz qızlar olduğundan hissiz, duyğusuz, içsiz qalan da qızlar, qadınlar olur. Belə qadın və ya qızlar sanki, pərdələnib hər tərəfinə tikanlı bir məftil çəkmiş kimi duyğuya, sevgiyə, təbii hisslərə içlərini bağlı elan edib bununla özlərini kənar söz-söhbətən qorumuş olduqlarını sanırlar.

     Bu yaxınlarda şahidi olduğum bir hadisədən danışmaq istərdim. Özümün də dərs dediyim əyalət məktəblərinin birində iki bacı nisbətən oğlanlarla açıq, sərhədsiz davranışıyla camaatın dilinə düşdü. Dərhal müəllimlərin içinə təşviş düşdü. Məsələn, həmin sinfin qızları ilə söhbətim zamanı mənə aydın oldu ki, həmin iki qızla-Mələknisə və Gülşənlə yaxınlıq etmək, onlarla qol-qola gəzib deyib gülmək digər qızlara qadağan olunub. Özü də bunu kişi cinsindən olan idman müəllimləri qadağan edib. Və üstəlik xəbərdar ediblər ki, gözümüz hamınızın üstündədir. Kim özünü necə apardı, nə etdi hamısı bizə çatır. Mələknisə və Gülşən haqqında isə, “onlar heç də yaxşı qız deyil, onlara qoşulmayın”- deyibən bu iki qızı az qala digərləri üçün təhlükəli düşmən elan ediblər. Həmin iki qızsa hətta əvvəldən yaxınlıq etdiyi rəfiqələrinə az qala yalvarışçı düşüblər ki, onlarla bayırda, insanların gözü qarşısında olmasa da sinifdə yaxınlıq etməkdən çəkinməsinlər. Sonra həmin sinfin qızlarına hətta bufetə düşmək belə qadağan olunmuşdu. Bunu nizamlamaq isə sinfin oğlanlarına tapşırılmışdı. Hansı ki, bu oğlanlar illərlə müəllimləri az qala boğub boğaza yığmışdı. Beləcə qızları nəzarət altına almışdılar.

     Hə, belə qızlar haqqında adətən el arasında “ tez ayılmış, oyanmış qızlar”- deyirlər. Məktəblərdə beləsi peyda oldumu, müəllimlər onun haqqında danışanda ağız büzür. Belə qızların peyda olması ətrafda həyəcan siqnalı kimi bir effekt yaradır.Dərhal hər kəs səfərbər olur. Digər məsələlərə − bu qızların təhsilinə, psixoloji durumuna və başqa problemlərinə etinasız yanaşmaq da olar. Ama bu kimi şeylərə etinasızlıq bağışlanmazdır. Məktəblər də daha çox təhsil, təlim-tərbiyə xarakterini itirib məcburən bir parta arxasında oturmağa buraxılmış oğlan və qızların əxlaqsız hərəkətlərinin qarşısını almaqla uğraşır. Və ata-anası da qızının ayıldığını duyan kimi tez başından basıb ərə verməyi yeganə çarə hesab edir. Cəmiyyətdəki əxlaqszlıq halları beləcə nizamlanıb qaydaya qoyulur. IX sinif şagirdi- Səadət adlı başqa bir qızı da bu cür hərəkətləri üçün valideynləri məktəbdən saxlayıb evdə göz dustağına çevirdi. Sinif rəhbəri də bununla çox rahatlıqla razılaşdı. Çünki, bu cür ənənələr hər cür qanunu yuyub aparır bizim cəmiyyətdə. VII sinif şagirdi Şəfəqi isə oğlanla söhbətləşdiyi üçün nişanlayıb məktəbə gəlməkdən məhrum etdilər. Bu günlərdə dərs deməsəm də həmin sinifdə oldum və daha bir qızın- Vüsalənin aqibətini eşitdim. Küskün, ürkək nəzərlərlə ətrafına baxır, verdiyim suallara cavab verə bilmirdi. Valideynləri hansısa hərəkətinə görə onu məktəbdən çıxaracaqlarını demişdi. O da məsumluqla özünü bağışlanmaz bir günah sahibi kimi hiss edirdi. Sonra həmin sinif rəhbəri ilə də ayrılıqda danışıb bu işlə maraqlandım. Sən demə Vüsalə məktəbin pəncərəsi qarşısında duraraq onun arxasınca gəlmiş oğlanlara görünübmüş. Bunu da duyan məktəb direktoru onun valideyninə müraciət edərək-“ qızının əl-ayağını yığ”- deyibmiş.

   Bax, beləcə bu balaca qızlar balaca-balaca “günahlarının” əvəzini belə böyük bədəllə ödəməli olurlar.

    Hə, bu cür həqiqətləri hamı bildiyi üçün hər kəs sək-səkədən ayrıla bilmir. Bu yaxınlarda məşhur salyanlı üç qızın evdən qaçışı ata-anaları necə təşvişə saldısa hər kəs evindəki qızların yaxasından yapışıb az qala həmin üç qızın qaçışının rüşeymlərini öz qızında axtardı. “Səni şişə çəkərəm ha... Evə yaxın buraxmaram” ... -deyibən qızına əvvəldən xəbərdarlıq edənlər oldu. “Əxlaqsızlıq, tərbiyəsizlik baş alıb gedir” deyib mollalar dilə gəldilər.Hər kəs əxlaqsızları, tərbiyəsizləri söyməklə özünü sığortalamış oldu. Bu cür halları da cəmiyyətdə əxlaqsızlığın artmasıyla əlaqələndirdilər. O üç qızın halını uzaqdan da olsa təsəvvür etmək mümkündür. Üz qarasına, baş qaxıncına çevrilib, cəmiyyətin qınaq mənbəyinə döndülər. Hər şeyin qorxunc görkəmi qızlardan birinin nənəsinin televiziya kanallarının birinə müsahibəsində “mənim qızım evdən qaçmayıb ki, uşaq əmisi gilə getmişdi, sonra da qayıdıb gəlib” dediyi sözlərin simasında ortaya çıxır. Ya da qızlardan heç birinin valideyninin ekrana çıxa bilməmək qorxusunda... Bu 14-15 yaşlı uşaqlar bağışlanılmaz bir səhv ediblər ki, bunu qatil də, oğru da, saxtakar da, fırıldaqçı da edə bilməz. Qatil, oğru, fırıldaqçının valideyni bu qızların valideyni qədər xəcalət çəkməzdi, bundan əminəm. Bu 14-15 yaşlı uşaqların səhvi sevdikləri oğlanların yanına qaçmalarıdır. Bu dəli-dolu, sadəlövh, romantik gəncliyi, uşaqlığı bizim cəmiyyət əxlaqsızlıq, tərbiyəsizlik adıyla bax beləcə kökündən baltalayır. Əxlaqlı, tərbiyəli görünməkçün biz hamımız o kübar, ikiüzlü, saxtakar maskanı geyməliyik ki, cəmiyyətlə ayaqlaşaq.

     Hər şeyin görkəmi budur. Biz qorxağıq. Biz özümüzdən it kimi qorxuruq. Biz özümüz olmaqdan, cəmiyyəti ayaqlayıb keçməkdən, var olmaqdan it kimi qorxuruq. Bizim namusumuz namussuzluq, əxlaqımız əxlaqsızlıq, tərbiyəmiz tərbiyəsizlikdir. Bu qədər insanın qarşısında nəvəsinin sevdiyi oğlana qoşulub qaçmasını etiraf etməkdən qorxan nənə bu ağ yalanı danışmaqdan qorxmadı. Biz namuslu olmaqdan, əxlaqlı olmaqdan, dürüst olmaqdan bu qədər qorxuruq. Ama nədən, fırıldaqçı, yalançı, oğru olmaqdan deyil də bu qədər vahiməli şəkildə səmimilikdən, öz istəklərimizlə yaşamaqdan qorxuruq? Nədən bütün cəmiyyətin əxlaqsızlıq anlayışı azad sevgi, qadın-kişi münasibətlərinin üzərinə yönəlib? Füzuli də Qeysə deyilən- “sən Leylini sevməyi unut, biz onu sənə verək” sözlərində bu şeylərin mahiyyətini açırdı. Əslində hər şey gün kimi aydındır: Sevgi azaddır. Sevgi çərçivələnə bilməz. Sevgi heç bir qəlibə sığa bilməz. Sevgi cəmiyyətin kölə təfəkkürünə ziddir. Sevgi bizi asılı olduğumuz şeylərdən, gələnəklərdən, mental dəyərlərdən, adətlərdən, çürük söz-söhbətdən, yasaqlardan, qadağalardan azad edir. Sevgi cılız, balaca nə varsa hər şeyi soyuna bilir. Sevgi olan yerdə ətrafdakıların hökmü sıfıra bərabərdir. Azad sevgi cəmiyyətdəki köləliyə ən böyük zərbədir. Buna görə də ən qapalı diktator rejimlər insanı kölə halına salmaq üçün ilk növbədə azad qadın-kişi münasibətlərini yasaqlamışdır. Bizim də diktator içimizdəki qaranlıqdadır. Bu üzdən hər kəs içində olan romantik, təmiz hisslərini təşrih edib qaydalara, adətlərə yarınmağa vərdiş etmişdir. Cəmiyyətdəki bütün ədalətsizliklərin kökü də bundadır.

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.