Fərid Hüseyn: "Məni başqalarının dərdi daha çox ilhamlandırır" - Layihə


13.12.12

BSU Yaradıcılıq Fakültəsi “Sual yağışı”  layihəsinə başladı. Layihənin ilk qonağı gənc istedadlı yazar Fərid Hüseyndir  




Bakı Salavyan Universitetinin (BSU) Yaradıcılıq Fakültəsinin tələbələri olaraq “Sual yağışı” adlı yeni bir müsahibə layihəsinə start veririk. Hər dəfə tələbələri maraqlandıran bir yazara müxtəlif tələbələr adından suallar göndərib bizi düşündürən məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Bu dəfə “Sual yağışı” layihəsinin qonağı uzaq adam deyil, BSU-nun Yaradıcılıq Fakültəsinin dekan müavini, şair Fərid Hüseyndir. Onun həbs olunması, yaradıcılığındakı uğurlar, müəllimlik fəaliyyəti bizi maraqlandıran məsələlərdir, ona görə düşündük ki, ilk  müsahibimiz Fərid bəyə olsun. Layihəmizin bir şərti də var: Müsahibə ən yaxşı sualı ünvanlayan tələbə, müsahibdən bir kitab hədiyyəsi alacaq.


Yetim Qacar: Fərid bəy sizin ədəbi həyatınızı üç dövrə  bölək – birinci dövr Yaradıcılıq Fakültəsindən öncəki, ikinci  dövr Yaradıcılıq Fakültəsində oxuduğunuz zaman və  üçüncü dövr Yaradıcılıq Fakültəsini bitirdikdən sonrakı dövr – hər biri haqda ayrı-ayrı danışmağınızı istərdim. Yaradıcılıq Fakültəsi nə verdi sizə?


Fərid Hüseyn: Mənim aləmimdə düşünməmək adamı nankor edir. İnsan düşünməyəndə elə bilir ki, qazandıqlarının hamısını özü qazanıb, öz malıdır.  Amma düşünəndə nəticələr dəyişir, görürsən ki, uğurlarının bir qismi ya ayrı-ayrı insanlarla, ya da ayrı-ayrı hadisələrlə əməllicə bağlıdır. Bizim bu Qaraqaplan Əsədin hələ Nəsirli olduğu vaxtlarda təsadüfən tanış olmuşduq. Onda tənqidçi, alim, Yaradıcılıq fakültəsinin dekanı Rüstəm Kamalın köməkçisi Əsəd idi. Əsəd məni Yaradıcılıq Fakültəsinə dəvət etdi. Sonra Rüstəm müəllimlə dostlaşdım. Onda gic-gic şeirlər yazırdım, bilgilərim də sistemli deyildi. İndiki kimi yadımdadır; şair Salam Sarvan mənim şeirlərim müzakirə edilən gün şeirlərim haqqında geniş danışdı və məni ciddi tənqid elədi. Hətta şeirlərimi cırıb özümə verdi. Nə az, nə çox bir il o tənqidlərin təsiri altından çıxa bilmədim. Yumşaq desək ancaq oxudum, kobud desək tüpürdüm yazmağa.

Salam müəllim bizə deyirdi ki, sizi təkcə şair, yazıçı yox, həm də oxucu kimi yetişdirməliyik. Onda indi dəbdə olan ifadəylə desək biz bir kruq idik. Əsəd Qaraqaplan, II Qismət, mərhum şair Fərhat Mete, Elnaz Eyvazlı, Sabutay, mərhum yazar Zərdüşt Şəfi, Nahid, Feyziyyə, Anar Amin və s. Bir-birimizi çox istəyirdik. Hətta Yaradıcılıq Fakültəsinin “Tire” adlı qəzetini buraxırdıq. Kəsəsi, sizin kimi tənbəl deyildik. Əli Əlioğlunun “Medeniyyet.az” adlı çox oxunaqlı saytı vardı o saytda həvəslə çap olunurduq. Hamımız  da qəfil açılmış güllə kimi birdən-birə tanındıq. 

Əsas odur ki, S.Sarvanın şeirlərinin təsirindən çıxdıq. S.Sarvanın şeirləri qalın hörümçək toru kimi bir şeydi, ilişdinsə çıxmaq çətin olur. Yaddaşıma yanılmıramsa, Salam müəllimin tənqidindən sonra I Qismət və Əsəd Qaraqaplan kitablarını yandırmışdılar. İndi sizin bir şeirinizi bəyənməyəndə, az qalırsız adamı donuz gülləsiylə vurasınız.

Beş il bundan əvvəl fakültə yaradılanda maddi vəziyyət indiki kimi deyildi. Amma hamı pulsuz işləməyə hazır idi. Yadımdadır, heç bir təmənnasız Xanəmir, Salam Sarvan, Etimad Başkeçid, Nəriman Əbdülrəhmanlı, Məmməd Qocayev, Məmmədtağı Rzayev, Rəhilə Quliyeva, Rəhilə Qeybullayeva, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Rüstəm Kamal və s müəllimlər dərs deyirdi.

Mənimçün Yaradıcılıq Fakültəsi əhlət daşı oldu, məni yaradıcılıq ölümündən, yuxusundan oyatdı. Kamal Abdulla bu fakültəni yaratmaqla çox böyük və xeyirxah bir iş gördü. Buna görə biz ona minnətdarıq. Burda oxuyan yüzlərlə tələbənin gələcək xatirələrində K.Abdullanın ayrıca yeri olacağına şübhə eləmirəm. Yaradıcılıq Fakültəsini bitirəndən sonra isə bir il həqiqi hərbi xidmətdə oldum. Dönəndən sonra yazıçı Natiq Məmmədli məni “Kaspi” qəzetində işləməyə dəvət etdi. Hərbi xidmətdə olanda da daim öz xeyirxahlığın üstümdən əsirgəməyən Natiq müəllimin yaradıcılığımda böyük rolu oldu. Çünki o, həmişə yaradıcılığıma hörmət etdi, məni gündəlik mövzularla yükləyib çərlətmədi. Azadlıq verdi, istədiyim şeylərdən yazdım və məni ədəbiyyat əlavəsi üçün yazılar hazırlamağı tapşırdı. Ona görə də bu gün jurnalistə çevrilməməyim, üslubumu az-çox formalaşdırmağım onun insaniyyətliyinin sayəsindədir. Sonra S.Sarvan rəhbəri olduğu “Kitab aləmi” nəşriyyatında işlədim. Daha sonra yazıçı K.Abdulla məni “Tərcümə problemləri “elmi-tədqiqat” laborotoriyası”nda işə götürdü, sonra da bildiyiniz kimi dekan müavini vəzifəsinə təyin etdi. Gördüyünüz kimi bu fakültə mənim həyatımda uzun ömür yaşamamış olsam da müəyyən mənada yaxşı rol oynayıb.


Əfsanə Laçın: İlk kitabını nə dərəcədə uğurlu hesab edirsiz?


Fərid Hüseyn: İlk kitabımı kifayət qədər uğurlu hesab edirəm, özü də Azərbaycan reallıqlarını nəzərə alanda lap uğurlu oldu. O kitab barədə Səlim Babullaoğlu, Zəlimxan Yaqub və s şair-yazıçılar məqalələr yazdı.


Əfsanə Laçın: Yazılarınız paylaşarkən oxuculardan hansı reaksiyaları gözləyirsiz?


Fərid Hüseyn: Əfsanə, desəm ki, xoş sözlər gözləyirəm yalan olar. Desəm ki, gözləmirəm, bəlkə o da yalan olar. Mən həmişə məni başa düşən bir oxucunun dalınca boylanıram. Məni yazdığım kimi başa düşəndə ləzzət alıram. Yazdığım yazı yozulanda, yaxud əsassız tənqid olunanda o qədər də xoşuma gəlmir. Mən mətnin analizini xoşlayıram, əsassız xoş fikirlərə də hədyan kimi baxıram. Amma indiki ovqatımda çox şey mənə hədər və boş görünür.


Sahibə Rəşid: Azadlıq nə deməkdir ?


Fərid Hüseyn: Mən azadlığa tərif vermək iddiasından uzağam, amma ağlım kəsən qədər deyə bilərəm ki, azadlıq mənimçün insanın xislətindən əl çəkmədiyini aşkar-açıq göstərən qiymətli nişandır.


Məhbus Münzəvi: Fərid, 300 azerbaycanlıdan biridir, yoxsa 300-den sonrakı azerbaycanlıdır?


Fərid Hüseyn: Sənin bu televiziyavari sualına heç də əhsən demək ürəyimdən keçmir. Amma sualına cavab verim: Həbsdə olanda azərbaycanşünas, şairə Sona Vəliyeva  mənim haqqımda “301-ci Azərbaycanlı, Fərid” adlı çox dəyərli bir yazı yazmışdı. Qoy sənin sualına o məqalənin adı və özü cavab olsun. Maraqlansan tap oxu.


Damla Muradsoy:  Şeiri yazdığın proses daha maraqlıdır, yoxsa son nəticəsi?


Fərid Hüseyn: Hər ikisi. Mən yazanda, o prosesin içində şair oluram. Həmin ovqat şairlikdi. Yazıb qurtarandan sonra şairlik sadəcə bir peşə adına çevrilir mənimçün.


Damla Muradsoy: Bəzən insan öz yazdığı sözün ətrafında belə çaşqın olur, belə bir hal ilə rastlaşmışsınızmı?


Fərid Hüseyn: Təbii ki, olub, amma az olub. Elə bilirəm ki, ta nə yazdığımı bilirəm.


Vəlixan Abdullayev: Fərid bəy, sizə bir şair kimi yaxınlaşıb sual versələr, ki niyə şair oldun, nə cavab verərsiniz?


Fərid Hüseyn: Deyərəm ki, sən adam olmadığına görə. Çünki bu cür sualın yüngül cavabı fikrimcə ancaq belə ola bilər.


Elşad Can Şamil: Fərid bəy ürəyinizdəki harayınızı tam olaraq kağız üzərinə köçürə bilmisinizmi?


Fərid Hüseyn: Yaşaya-yaşaya heç bir şey tam olmur. Ölənə qədər nə ediriksə hamısı yarımçıqdı. Məncə, “Məndən qəhrəman olmaz” və “Sevmədiyin qadınla bir damın altında yaşamaq” şeirlərimdə bunu bacarmışam. Eləcə də, bir sıra başqa şeirlərimdə də.


Elşad Can Şamil: Elə olubmu ki, yazmaq istədiyiniz yazı ilə, yazılan yazı arasında ziddiyyət olsun?


Fərid Hüseyn: Bəli “Getdin, mən qaldım” adlı povestimdə belə oldu. Yazı özü “Ayaq tutub yeridi” tamam başqa yerlərə gedib çıxdı. Elə bil, mövzunu kimsə mənim əlimdən “dartırdı”. Ona görə də sizin dediyiniz fərqlər öz-özünə yarandı. İndi fikirləşirəm ki, kitab çıxanda yazılanla, yazmaq istədiyimin fərqinin nədən ibarət olduğunu kiçik bir yazı kimi kitaba salım.


Elşad Can Şamil: Yazarkən ən cox təsirləndiyiniz situasiya nələr olur?


Qəribədə olsa deyim, məni başqalarının dərdi daha çox ilhamlandırır, öz dərdimsə yazmaq üçün “işə salır”. Ona görə də iki ayrı-ayrı xətt bir vəhdəti-vücudda belə demək olarsa öz inikasını tapır.


Nigar An: Nə vaxt ölmək fikrin var?


Fərid Hüseyn: Sən cığal qızsan, facebook stauslarından da belə görünür, bu da mənim az xoşuma gəlmir. Ona görə sənin sualına “cığali” cavab verəcəm. Sənin yaxşı şeirlər yazacağın günləri görəndən sonra ölmək istəyirəm. Bu hal özünə uzun ömür arzulamaq kimi bir şeydi. Əgər bu da mümkün olmasa, səndən sonra ölmək pis olmaz. Bunlar cavabımın zarafat tərəfi, gələk gerçəkliyə.

Mənimçün ən gözəl ölüm, ananın bala, balanın ana dağı görmədən ölməsidir. Yenicə bir hekayə yazmışam adı belədir “Bir can üçün min qabağa diz qoyan Duxa Qoca oğlu Dəli Domrul Boyu”. Dastandan fərqli olaraq Domrula yad qızı olan qadını yox, anası canını verir, Haq-Təala da Domrula anası ilə birgə 150 il ömür bağışlayır, axırda da canlarını elə alır ki, nə ana bala dağı görür, nə bala ana dağı.


Ramilə Qardaşxanqızı: Mənə maraqlıdır. Fərid bəy, BSU Yaradıcılıq Fakülitəsində dərs deyəndə hansi hissleri keçirir ve özünə güvənərək dərs deyir, yoxsa öhtəsine düşən işi yerine yetirməyə borcludur deyə?


Fərid Hüseyn: Birincisi əgər mənə dərs saatı ayrılıbsa o dərsi deməliyəm. İkincisi də dediyim dərsi deməyə özümü hazır hiss edirəm. Bilmədiyim mövzuda dərs demirəm ki, oxuduğum və araşdırdığım mövzularda mühazirələr oxuyuram. Başqa universitetə də dəvət ediblər, amma hələ o iş barədə düşünmürəm.

Seyran İsmailov: Şerlərinizlə duyğularınız arasında münasibət necədi?


Fərid Hüseyn: Mənimlə həyatın və çağın münasibəti necədirsə, şeirlərimlə duyğulıarımın arasındakı münasibət də elədir.


Qurbanali Ömer: Mən sizin yaradıcılığınızı daha çox söz oynatmağı yaxşı bacaran, poetik bir şair kimi təsəvvür edirdim. Ancaq bu yaxınlarda xəbər portallarının birində dərc olunan və geniş yayılan bir yazınız fikirlərimi bir az qarşıdırdı. Bilmək istəyirəm sizi birdən-birə erotikaya müraciət etməyə nə vadar etdi? Oxucu zövqümü, yoxsa “bunu da yaza bilərəm”, amma yazmıram demək istəyi?


Fərid Hüseyn: Qoy sizə belə cavab verim, sizin düşündüyünüzün heç biri.


Gülbala Dadaş: Fərid bəyin yazmaqda məqsədi nədi?


Fərid Hüseyn: Yazmaqda məqsədim, yazıçı kimi qarşıma qoyduğum məqsədlərə çatmaqdır.


Nilufer Mugantürk: İkinci dəfə dünyaya gəlsəydiniz yenə bu sənəti seçərdiz?


Fərid Hüseyn: Dünyaya gəlməyimi məndən soruşmayıblar, yəqin ikinci dəfə gəlsəm yenə soruşmayacaqlar. Şair olmağı içimə üfürən o böyük qüvvə yəqin, neçə dəfə bu dünya adlı yerə gəlməyimdən aslı olmayaraq, bizdən heç nə soruşmur, sənin bunu bilməməyin isə, mən lap pəjmüdə elədi.


Nilufer Mugantürk: Bakı, şərab yoxsa qadın? – bu suala qısa və lakonik cavab istəyirəm.


Fərid Hüseyn: Acgöz bir cavab: hər üçü.


Şəhriyar del Gerani: Dayanmadan neçə gün yeriyə bilirsən?


Fərid Hüseyn: Şəhriyar bu sualı niyə verdiyini yaxşı bilir. Həbs olunanda üç gün yatmadan gəzmişdim. Şəhriyarla eyni otağa salınanda da o çox yatağan idi, mən də o qədər var-gəl edirdim ki, başmağımın səsi onun yuxusuna haram qatırdı. Mən gəzirdim, Şəhriyarsa gözünü yumub deyinirdi.


Nigar Məmmədli: Şair olmaq, özü də yaxşı şair olmaq sizə görə nə deməkdir?


Fərid Hüseyn: Hamı – söhbət şairlərdən gedir – dünyaya bir söz pıçıldayır sanki, sonra da ölür. O pıçıltılardan kimin ki səsi təmiz çıxır və hər dəfə təzə səs təsiri bağışlayır və insanları heyrətləndirir, bax o itməyən və heç nəyə qarışmayan səsin yiyəsi əsl şairdi, o pıçıltısa əsl şeirlərdi. Məncə, əsl şair dünyada səsi və sözü itməyən və qarışmayan adamdır.


Vusal Alfiyev: Gənc yazarlardan hansıları özündən irəlidə görürsən?


Fərid Hüseyn: İrəli çəkilənlə irəlidə olan başqa-başqa şeylərdi. İrəli çəkilənlərsə çox vaxt qul olmaqla və mənəvən və bəzən kobud və dəqiq desəm bədənləri ilə belə bu bədbəxtliyin bədəlini vermiş olurlar. Burda heç nə bədəlsiz deyil. Ad çəkmirəm, onsuz söhbətin kimlərdən getdiyi aydın-aşkardır. Allah qorusun.

Mən özümü ən istedadlılarla və ən şərəflilərlə çiyin-çiyinə, yanaşı görürəm. Bizdən irəlidə olanların da arxasınaca baxmaram heç vaxt. Məni öz ayağımın altındakı “yerin” nə qədər mənim olması maraqlanıdır.


Elxan Yurdoğlu: Fərid, düşün ki, zindandakı təkkameralı otaqların hər divarına bir söz yazmağını istəyirlər. Ömürlük həbs cəzası almış dustağa ümid verəcək nə yazardın?


Fərid Hüseyn: Allahı qoru.


Nuranə Nur: Səncə, "Xalq Şairi" olmaq neçə il həbs cəzasına dəyər?


Fərid Hüseyn: Anamın mənim zindanda olduğum bir gündə çəkdiyi əzabı heç bir titula dəyişmərəm.


Yetim Qacar:  Ən bəyəndiyiniz sual hansı oldu və hansı kitabı kimə hədiyyə edəcəksiz?


Fərid Hüseyn: Əfsanə Laçının ikinci sualına görə (Yazılarınız paylaşarkən oxuculardan hansı reaksiyaları gözləyirsiz?) ona  Etimad Başkeçidin “Min yol səni söylər” romanını bağışlayacağam. Bu kitabı ona görə bağışlayıram ki, biz cavanlar bu kitabı oxuyaraq sərrast dilin imkanlarını mənimsəyə bilərik.


“Sual yağışı” layihəsinin rəhbəri: Yetim Qacar


Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.