Akif Abbasov - Mənzil alveri
15.01.13

(hekayə)

Misgər ali təhsilli mühəndis idi. Bir zaman aldığı məvacib ailəsini görür, beş-on manat da dar günü üçün, istirahəti, əyin-başı, toy-düyün üçün yığıb saxlayırdı. İndi dolanışıq çətinləşmişdi. Maaş ailəni görmürdü. Uşaqlar bəzən üzə durur, «ət istəyirik», «kərə yağ alın», «teksun yeməkdən cana doyduq», «köhnə pal-paltarın içərisində qalmışıq» deyib adamın bağrını qana döndərirdilər.

Əlacsız qalan Misgər axır ki, dolanışığın cəmini tapdı. Ev alqı-satqısı ilə məşğul olmağa başladı. Xüsusi firması yox idi, belə bir müəssisədə işləyənlərə də qoşulmamaşdı. 9 yanvar bağını kəsdirib durudu. Ev almaq, ev satmaq, mənzil kirayə vermək istəyənlərin bəziləri yollarını buralara salırdılar. Misgər özü üçün bir cib dəftərçəsi ayırmışdı. Dəftərçəni səhifələrə bölmüşdü. Lazım olanda bir otaqlı, iki otaqlı, beş otaqlı mənzilliri açıb göstərir, təxmini yerini, vəziyyətini, mərtəbəsini deyirdi.

Allah bərəkət versin. Düzüb-qoşanda, birisi üçün mənzil tapanda sövdələşdiklərinə görə, ondan da, ev satandan da 500-1000 dollar şirinlik alırdı. Hər iki tərəf də razı qalırdı. Onun köməyilə birinci evini sata, digəri ala bilərdi. İş-gücün cox olduğu indiki zamanda ev alan da, ev satan da vaxtına qənaət edir, bu işi dəllalların əli ilə görürdülər.

Xülasə, mühəndis Misgər olmuşdu dəllal Misgər. Təzə işi onun ürəyincə idi. «İşə niyə gecikdin», «işdən niyə qaldın» deyən yox idi ona. İclasa çağırmırdılar. O müdirə, bu müdürə gündə neçə dəfə tənzim etmək, yaltaqlanmaq lazım gəlmirdi. Öz əli idi, öz başı. Arvad-uşaq yanında da xəcil olmurdu. Bazarlığını vaxtlı-vaxtında edirdi. Qaradinməz, adamayovuşmaz Misgərin xasiyyəti də dəyişmişdi. Dilli-dilavər, deyib-gülən, zarafatsevən olmuşdu. Ev alanla, ev satanla çənə-boğaz olanda, qiyməti aşağı salmaq üçün mənzil satanla, qiyməti qaldırmaq üçün mənzil alanla danışanda bir onu görəydin.

Bir vaxtlar «pul əl çirkidir» deyən Misgər indi addımbaşı «hər şeyin başı puldur» deyirdi. Onda pula yaman hərislik yaranmışdı. Arada dəllal yoldaşlarına da kəf gəlirdi. Xəlvəti danışıqlarına qulaq asır, onların bələdlədikləri evə müştəri tapırdı. Yaxud da onların müştərilərinə gizlicə özü bildiyi mənzili göstərir, sövdası baş tutanda bir az «irəli» düşürdü. Dəllallar belə şeyləri xoşlamırlar. Bir dəfə əməlindən xəbər tutub onu möhkəmcə əzişdirdilər. Dərdini deməyə adam da tapmadı. Evdə arvad-uşağa isə «pilləkəndən yıxılmışam» cavabını verdi. Dəllal yoldaşları arasında etibarını itirəndən sonra daha burda qala bilmədi. Özünü «Moskva» univermağının yanındakı «bazara» verdi. Buralarda təzə olduğundan ilk günlər işi fəna gedirdi. Xoş təsadüfdən yenə gözlərinə işıq gəldi.

Avtomat telefonla evinə zəng edirdi. Birdan qulağı iki dəllalın söhbətini aldı. Arxaları Misgərə tərəf olduğundan onu görmürdülər. Metronun «Elmlər Akademiyası» stansiyasının yanında sərfəli qiymətə üç otaqlı mənzil vardı.

Dinməzcə qulaq asan Misgər mənzil barədə hər şeyi yerli-yataqlı öyrəndi. Onu görməsinlər deyə, tez aralanıb univermağa girdi. Sevindiyindən qanadı olsaydı uçardı. Neçə həftə idi, bir müştəri üçün həmin ərazidə üç otaqlı mənzil soraqlaşırdı. Misgər bir-iki mənzili nişan versə də, o, bəyənməmiş, düz metronun yanında, yaxşı təmirli mənzil istədiyini bildirmişdi. Belə yağlı müştəri üçün bir iş görə bilmədiyinə görə neçə gün idi ki, Misgər yanıb-yaxılırdı. «Adamınkı gətirməyəndə, gətirmir də» deyə öz-özünə söylənirdi. İndi əlinə fürsət düşmüşdü. «Nə yoğurdüm, nə yapdım, hazırca kökə tapdım», - deyə metronun «Əcəmi» stansiyasında qatara əyləşdi.

Müştəri etibar edib ona on min dollar beh vermişdi. Onu qiyməti maraqlandırmırdı. Yeri və bir də mənzilin yaxşı təmirli olması lazım idi. «Kaş, supertəmirli olaydı». Amma yaxşı qazanc götürə bilər. Ev sahibi mənzili neçiyə satdığını deyəndən sonra, ona bildirəcək ki, həmin pulu sənə verəcəm, amma mən deyənə qulaq as, on min dollar, beş min dollar artıq de. Nə işinə, istədiyini pul sənə çatacaq. Biz də kasıbçılığımızı edək. Uşaqlar evdə acından qarınlarını qaşıyırlar. Vasitəçilik etdiyim üçün səndən ən azı min dollar alacaqdım. İstəmirəm, bağışlayıram sənə, halal olsun. Mənim çörək pulumu Allah özü yetirəcək.

Misgər qatardan düşüb eskalatorla yuxarı qalxdı. Metro ilə üzbəüz binaya müştəri gözü ilə baxdı. Beş mərtəbəli binanın üçüncü mərtəbəsi.. Metronun düz yanı… üç otaqlı… yaxşıdan da yaxşıdı! Kaş, təmir fərli olaydı… Kaş işim düz gətirəydi…

Metronun qarşısında adamlar qaynaşırdı. Avtobus gözləyən kimi, görüşə gələn kim, stansiyaya enmək üçün tələsən kim… Maşınlar da ki, öz işində… Hüseyn Cavid prospekti ilə belədən-belə şütüyüb keçir, arada siqnal verib adamları diksindirdi.

Misgər yolu keçib üçüncü mərtəbəyə qalxdı. Pilləkən meydançası səliqəli idi. Mənzilə xoş rəngli dəmir qapı salınmışdı, elektirik zənginin düyməsinə toxunanda bülbülün cəhcəhini xatırladan səs eşidildi: «Bu, bir üstünlük: bahalı seyf qapı…» Gözlükdən kiminsə baxdığını hiss etdi. Sonra səs gəldi: «Kimdir?»

Misgər şirin dilini işə saldı:

- A bacı, evdən ötrü gəlmişəm. Dedilər, satılır… İcazə versəydin - baxardım…

Bir anlığa səs gəlmədi. Sonra:

- A qardaş, evdə kişi xeylağı yoxdur. Anam da Sumqayıta gedib…

- A bacı, mən də, özün dediyin kimi, sənin qardaşın… Bizdən heç kimə yamanlıq dəyməz. İş-peşəmiz də ev alıb-satmaqdı. Mənzilə müştəri var, icazə ver, beşcə dəqiqəliyə baxım…

O, Misgərədən bir yamanlıq keçməyəcəyini qadın hissiyyatı ilə duyub qapını açdı. Misgər mənzilə girdi. Otaqda, xalçanın üstündə 3-4 yaşlarında bir uşaq maşınla oynayırdı. Qadın xalatda idi. Olardı 30-35 yaşlarında. Qolunu çırmalamışdı, əlləri yaş və sabunlu idi. Cox güman ki, paltar yuyurdu. Xanım-xatın bir qadın idi.

Misgər gəzib müştəri gözü ilə otaqlara baxdı. Təmirinə söz ola bilməzdi. İmkanlı adamın malı idi. Telefonu da vardı. Belə mənzilin əldən çıxaçağından

ehtiyatlanan Misgər dərhal mətləbə keçdi:

-Neçiyə satılır bu mənzil?

Qadın dedi. Misgər razılaşdı. Amma qadınla şərt kəsdi:

-On beş min dollar da mən əlavə edirəm. Ancaq o pul mənə çatacaq. Gətirdiyim müştəriyə bu qiyməti de. Həmin puldan min dollar da sənə verərəm.

Qadın duruxdu. Misgər şirin dilini işə saldı:

-Sənin istədiyin nədir ki?! Üstəlik min dollar da qabağa düşürsən…

Qadın bir qədər fikirləşdikdən sonra:

- Yox, bilirsən… evə müştəri çoxdur. Bir azdan birisi gəlməlidir. Beh gətirəcək. Mən…

Misgər qadının məzənnəni qaldırdığını başa düşüb danışmağa macal vermədi:

- Hazır gəlmişəm, beh lazımdır, beh qoyum…

Qadın:

- Məsələ behdə deyil…

Evin əldən çıxacağından ehtiyatlanan Misgər:

-A bacım, sənə nə lazımdır? Mənzili satmaq. Biz də kasıb adamlarıq. Beş-on dollar qabağa düşərik…

Qadın heç cür ipə-sapa yatmır, razılaşmaq istəmirdi:

-Mən qarışa bilmərəm. Gərək anamla danışasınız. O da sabah gələcək… Amma bilmirəm nə vaxt?

İşgüzar adamların belə şüarı var: «Bu günün işini sabaha qoyma!» Misgər fürsəti fövtə verə bilməzdi. Mənzil əldən çıxardı. Odur ki, yüz dollarlıqları çıxarıb saymağa başladı:

-Yüz, iki yüz, üç yüz… Nə qədər beh qoysam, ev bizimdir?

Yüz dollarlıqları görən qadının gözləri alışıb yandı. Bu, Misgərin diqqətindən yayınmadı. Qadını razı sala biləcəyini başa düşüb ürəkləndi:

-Dörd min, beş min… Bəsdir?

Qadın gözlərini onun əlindəki dollarlardan çəkmədən:

-Bircə gün gözləməyə səbrin çatmır? Dedim ki, sabah anam gəlir… Gəlsin onunla danış…

-A bacı, danışmağına danışacağıq. Qorxuram, gec olar. Mənim müştərim, bax bu ərazidə, bax, beləcə mənzil arzulayır…

Onların söhbətinə maraq göstərən uşaq da yaxına gəldi. Gözlərini Misgərə zilləyib baxmağa başladı. Qadın onun saçlarını tumarlayaraq:

- Oğlum, maşınınla oynamaqdan yoruldun? Qoy əmiylə söhbət edim, gəlib səni yedirəcəyəm. - Sonra üzünü Misgərə tutaraq:

- Yaxşı danışdıq , sabah gələrsən, anamla söhbətinizi davam etdirərsən.

Misgər əl çəkmədi:

- Beh götürməsən, ürəyim sakit olmayacaq.

Qadın:

-İndi ki, belə oldu, verin…

- Nə qədər?

-Beş min dollar…

Misgər sayıb verdi və sonra əlavə etdi:

-İndi ev oldu bizim.

-Bəli, sizin.

-Şərti bilirsiniz də, bacı. Əgər sözünü geri götürsən, on min dollar qaytarmalı olacaqsan.

Qadın gülümsəyərək:

-Belə sövdələşmələrdən az-çox xəbərim var. Onu da bilirəm ki, siz fikrinizi dəyişsəniz, yəni mənzili almalı olmasanız, bu beş min dollar geri qayıtmır. Olur mənim halal pulum… Sabah, günorta saat 2-də anam gəlməlidir.

Və beləcə, onlar «sabaha qədər» deyib xüdahafizləşdilər.

Ertəsi gün Misgər yağlı müştərini də götürüb tapdığı mənzili göstərməyə aparlı. Mənzil barədə bütün məlumatları aldığından müştəri razılıq edirdi. Misgər kimi onun da pilləkən meydançasının səliqə-sahmanından, mənzilin qapısından xoşu gəldi və dəllalın həqiqətən yaxşı mənzil tapdığına şəkk-şübhəsi qalmadı.

Saat 3-ə işləyirdi. Misgər şəstlə əlini uzadıb zəngin düyməsini basdı. Üzünü müştəriyə çevirib özündən razı halda gülümsədi, yəni «Bu saat qapı açılacaq, istədiyin mənzilə sahib olacaqsan». Eyni zamanda ona qalacaq on min dollarla, müştərinin vəd etdiyi iki min dolları fikrində üst-üstə gəlib xoşhal oldu.

İçəridən səs-səmir gəlmədi. Misgər bir daha zəngi basdı. Hay verən yox idi. Bunu görüb:

-Yəqin uşağı yatırır, - deyə dilləndi.

Bu dəfə əlindəki açarla dəmir qapını döyməyə başladı… Bir az ötmüş qonşu mənzilin qapısı açıldı. 55-60 yaşlarında bir qadın göründü:

-Kimi istəyirsiniz, oğul?

Misgər tez:

-Ev sahibini…-dedi,

Həmin qadın:

-Ev sahibi iki aydır oğlunun yanında - İstanbuldadır. Oğlu orada çalışır… Mən biləni, gələn ay gəlməlidirlər…

Misgəri soyuq tər basdı:

-Necə yəni gələn ay? Bəs qızı dedi: anam Sumqayıtdadır, sabah gələcək.

Qadın duruxdu, sonra:

- A bala, biz on ilin qonşusuyuq. Aramız da pis deyil. Axı onun qızı yoxdur. Bir oğlu var, o da burada yoxdur. Əri də inişil rəhmətə gedib…

Müştəri çaş-baş dayanıb baxır, Misgər isə haldan-hala düşürdü:

-Bəs onda o cavan, uşaqlı qadın kim idi?

Yaşlı qadın yadına salaraq:

-Hə… o, kirayənişini deyirsən?! İki ay olar ki, burada kirayədə qalırdı. Qonşum İstanbula gedəndə ona ev bazarında rast gəlmişdi… Dedi, evim yiyəsiz qalmasın. Mənzilə müştəri tapılana qədər qoy yaşasın. Evi satmağı da mənə həvalə etmişdi. Burada, Bakıda oğlunun beşotaqlı mənzili var. Anasını, axır dilə tuta bilib ki, İstanbuldan qayıdandan sonra köçüb onlarla yaşasın… O da razılaşıb. Mənzilin satılması barədə elanı mən vermişəm.

Özünü itirmiş, tora düşdüyünü başa düşmüş Misgərin dili artıq topuq çalırdı:

- Bəs o cavan, xallı qadın neçə oldu?

Qonşu arvad halnı pozmadan:

-Bu gün saat olardı on bir. Qapının zəngini çaldı. Mənzilin açarını mənə verib sağollaşdı. «Xala, - dedi, - kirayə qalmağa imkanım yoxdur. Gedirəm, dayımgildə qalacağam. Yır-yığış eləmişdi, getdim, mənzilə baxdım. Hər şey yerli-yerində idi, silib-süpürmüşdü. Xudahafizləşdi, köçüb getdi. Köçüb deyəndə, bir həsir idi, bir də Məmmədnəsir. Gələndə bir çamadanla gəlmişdi, elə həmin çamadanla da çıxıb getdi.

Misgər:

- Xala, bəs onun dayısı harda yaşayır? – deyə xəbər aldı.

Qadın çyinlərini çəkdi:

- Mən nə bilim, ay oğul? Açığı heç soruşmadım…

Misgər əlləri ilə başına bir qapaz salıb:

- Dedim, bir az qazancım olar, beş min dollar ziyana düşdüm …

Hər şey aydın idi. «Təcrübəli dəllal» başını aşağı salıb, müştərisi ilə ağır-ağır pilləkənləri düşməyə başladı.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.