Cavid Zeynallı. “Qarğıdalı var, qarğıdalı…”
18.01.13

Qismətə

Adamların “dəli-dolu” əsgərlik, nakam sevgi xatiratlarına qulaq verməkdən usandığım günlərin sayı yaşımın tən yarısına bərabərdir deyim, şəkk etmə! Buçağacan bilmirdim, indən belə anladım ki, insanların yalançı qəhrəmanlığı, qurşaqdan yuxarı qalxmayan eşq macəraları, məni bağışla, hətta əclaflığı belə illər sonra xatirəyə çevrilib adamın bağrının başını sökür, ciyərini yandırır. Onu da anladım ki, illərin o tayında qalan hüznlü günləri düyü kimi arıtlamaq üçün bircə dənə qarğıdalı yetərmiş, Rəbbim! Təkcə xatırlamaq yox, kövrəlmək, doluxsunmaq, içindəki qurğuşun ağırlığından yaxa qurtarmaq, boğazına tıxlanan qəhəri udmaq üçün canımda təpər tapmağa bəhanəymiş bu…

Bakının istidən qovrulan 8 iyul günüdür. Yumurtası tərs gələn toyuqlar kimi ora-bura vurnuxmağın ayrı “ləzzəti” var, Qismət, bilmirsənmi?! Dərnəgülün düzündə Sizif əzabından betər, günbəgün beynimi zəhərləyib içimi qurd kimi yeyən məşəqqətli işim, içimdə yalquzaq kimi dolaşan imtahan hürküsü, yazmağa tamarzı qaldığım birrəng həftələr canımla bağrı-badaş olub arsız-arsız dişlərini ağardır. Qaşqabağım açılmır, hərdən it kimi ulamaq istəyirəm. Kayanın şarkısı olmasın, içimdə intihar qorxusu var. Alnımı pəncərə şüşəsinə söykəyib elə hey düşünürəm; əsəbimi, qəzəbimi udmağa çalışsam da alınmır ki, alınmır. Damarıboşluğuma, bir ovuc qayğının əlində girinc-giriftar qalmağın acığına sinədolusu gülməyə belə gücüm çatmır, pərvərdigara! Şənüzlü əsmər qızcığaza bax,mağazadan çıxıb dondurmanın kağızını iştahla açır, yolun o üzündəki əsəyənbaş qoca Xırdalana yetmək üçün avtobus sorağındadı; ağacın kölgəsində alaboyun bir it dilini sallayıb. Hələ bu küyçü kapitanı demirəm, telefonu qulağına sıxıb hikkəylə kiminsə üstünə çəmkirir, hədələyir…

Nəsə olmalıdır. Məsələn, Mövluddan sinəmə sərin su kimi səpilən əcaib bir zəng gəlməlidir: gedək futbol oynayaq, velosipet sürək, qurbağa daşlayaq yağış yağsın… Yarpaq tərpənməyən bu günəşli gündüzün pərişanlığını çəkib aparmaq üçün bəmbəyaz gecə arzulayıram, dostum, bəmbəyaz gecə. Boş-boşanaq düzdə kürəyini torpağa söykəyib üzünü Allaha tutasan. Dəs-dəyirmi ay, orda-burda közərən ulduzlar ola, səhərəyaxın dan yelinə qarışan bir Ahmet Kaya şarkısı səslənə… Ardınca yanıqlı bir bayatı:

Göy üzü damar-damar,
Ay baxar xumar-xumar;
Ürək ki var, şüşədir;
Sındırarsan, kim yamar?!

 *** 
– Qarğıdalı var, qarğıdalıııı… İsti, qaynar qarğıdalı.
Dedim axı, nəsə olmalıdır. Pəncərənin qarşısında bir uşaq görünür. Çəlimsizdi, ayağında yırtıq şəpşəpi, əynində kirli köynək, dərisi mis rəngində… Cır səsi yenə qulaqlarımda səslənir:
– Qarğıdalı var, qarğıdalııı…
Tez-tez boylanıb üzümə baxır ki, bəlkə dil tərpədib yanıma çağıram, əlimi cibimə atıb ovcuna basdığım qəpik-quruşa qarğıdalı istəyəm. İki gündü dişim ağrıyır, bu istidə qarğıdalı gəvələməyi də iştahım çəkmir. Birdəncə uşaq özü dillənir:
– Qarğıdalı istəyirsən, əmi? 50 qəpiyədi. Çox alsan 40 qəpikdən verərəm.
Gülümsəyirəm. Başımın işarəsini gözü alan kimi arabanın “ağzını” çevirib yanımda bitir.
– Anam bişirib, yeməlidir!
“Fanta” butulkasındakı duzu ovcuma tökəndə gözlərim dolur. Bilirsən niyə, Qismət? O uşaq… mən özümüydüm. Vallah, yalan demirəm. Yazıçılıq, nostalji hisslər, melanxoniya belə anlarda ağzına su alıb lal olmağa məhkumdu, inan! Mən də bu boyda, bu buxundaydım. Gözlərindəki işıq da mənimkiydi, həminkiydi…

***
Doxsan səkkizinci ilin bir yay gecəsini atamın kösöv rəngli üzündə qarşıladıq. Anamdan öyrəndim ki, işdən çıxarıblar. Yox, zənnim məni aldatmırsa, bu işdən çıxmaq deyildi, idarəyə üç-dörd ay pulsuz ayaq döyəndən sonra guya axırı yaxşı olacaqmış. O zamanların bitib-tükənməyən güzaran qayğılarını gündə üç kərə süfrəmizdə hiss etsək də, üzü gözəl günlərə hamıdan çox ümidliydik. Səhərlər bir-birinin yerini aldıqca un qapımıza əvvəlki kimi tayla yox, sellofan torbalarda kilo-kilo gəlirdi: mən alırdım, qardaşım alırdı; günaşırı, gündəlik… Atamı qoymurduq, pisikərdi.

Anam “inkubatorda iş var, həftənin üç günü işləmək istəyirəm” deyəndə kişinin bircə zəqqum baxışı ilə səsini xırp kəsdi, o-bu, bir də iş sözünü dilinə gətirmədi. Atamın ipək xasiyyətindən əsər-əlamət qalmamışdı, yaman qəzəbliydi, imkanı olsaydı, bir bəhanəylə bizi döyüb yundan yumşaq edərdi. Sinif rəhbərimiz məndən pərdəpulu istəmişdi, qardaşımın şəklini şərəf lövhəsinə vurmaq üçün atam məktəbin kandarına ayaq basmalıydı. Haçağadək belə olacaqdı, kim bizə əl tutacaqdı, heç kəs bilmirdi. Atam sınıq-salxaq divanımızda uzanıb əlini başının altında cütləyər, əlacsız baxışlarını tavana zilləyib ele hey düşünər, düşünərdi…

***
Axşam yuxuda gördüm ki, dayım qara tuman geyinib. Səhərim anamın hönkürtüsünə açıldı: xalam 27 yaşında köçünü çəkib özündən sonra iki sandıq cehiz qoymuşdu. Həmin günlər anamın gözlərində mağara boşluğu vardı, üzü suya tamarzı çay yatağı kimi qupquruydu, cadar-cadardı. Paltar övkələyəndə, xəmir yoğuranda dodağının altında pıçıldayar, öz-özünə danışardı. Cümə axşamları nənəm təndirə çırpı salanda üzünü yana tutub gözünün yaşını özündəngüllü kəlayağısına hopdurar, namaza duranda dəstəmaz suyuna qatardı ki, nəvələrinin ürəyinə xal düşməsin, dərdə yoluxmasınlar. Özü də dönə-dönə tapşırardı: dəstəmaz suyunu natəmiz yerə atmayın! Bir ləyən su nar ağacının dibində göllənəndə elə bilirdim ki, gələn bahar duzlu sudan ağac çiçəkləməyəcək, yarpaqların Gözəgörünməzi arvadın namazına hər gün bir çimdik haram qatıb, qiyamətdə haqqını kəm gətirəcək.

Hələ utanmaz-utanmaz qız da sevirdim o vaxtlar, Qismət! Süd-bəyaz əlləri vardı, qara-qara telləri… Şeir yazmağa təzə vərdişkardım. Elə bilirdim, belə-belə şeylər qoşmaqla günə çıxıb, gündüz qazanacam:
 
Əziziyəm kəhərdi,
At üstündə yəhərdi,
Bala, yatdığın bəsdi,
Dur ayağa, səhərdi.

***
O zamanlar Cəlilabadın tumançaq uşaqlarından tutmuş əliçəlikli qocalarınacan hamı “İran bazarı”nda çax-çuxla məşğul olurdu. Tümendən, Dərbənddən, Tiflisdən gələn ayağısürüşkən arvadlara kəf gəlmək, var-yoxunu talamaq alaməzhəb bazar dəllallarının çoxdanki vərdişiydi. Hər kəsin and verib inandığı müqəddəs bir ad vardı: Mirməhəmməd Ağanın cəddi… Məsələn belə: Ağanın cəddi tək balamı öldürsün, yumurtar toyuqdu, əlimin içində böyütmüşəm. Kim şəkk gətirirdisə, daha qatı anda tərksilah olmaqdan savayı yolu qalmırdı: Ağam Əbəlfəzin düşən qolları haqqı, səhər obaşdan sağdığım süddü! Yalan danışmırdılar, toyuq yumurtar olurdu, süd təzə. Amma nədənsə bu həqiqətə bir müqəddəs şahidlik etməliydi.
Tum, biskivit, siqaret, dondurma, ayran, saqqız satan uşaqlar “anam xəstədir” deyib müəllimdən icazə alardılar ki, camaat dağılışmamış, evlərinə bir-iki “məmməd” artıq pul aparsınlar. Bircə ilin içində Cəlilabadın ən miskin məhəllələrindəki yastı-yapalaq evlərin yerində qırmızı kərpicli üçmərtəbə mülklər ucaldı, toz-torpaqlı yollarda xarici maşınlar göründü. Günəş dağların arxasında gizlənəndə “çax-çux”da əli gətirən kişilərin maşınına hürkə-hürkə oturan ərsiz qadınların səsi gözdən iraq kafelərdən gəlirdi…

***
Uzanan gündüzlərin, açılmaq bilməyən sabahların qayğısı sarmaşıq kimi evimizin dörd yanını tutub, anamın həlim baxılarına nisgil gətirmişdi. Məktəbi, oxumağı, şeir əzbərləməyi bir tərəfə atıb pul qazanmalıydım, Qismət, pul! Zarafat deyildi, altıncı sinifdə oxuyurdum, yekə kişiydim. Mənim taylarım gün əyiləndə bazardan əlidolu gəlirdilər: ət alırdılar, qənd-çay alırdılar, mer-meyvə torbaları özlərindən qabaq evə girirdi. Səhər atam işə gedəndə niyyətimi açıb-ağartdım. “Dərsləri oxu” desə də, bilirdim, səsində bir razılıq vardı, zəqqum baxışlarına şərbət qatmışdı; iraq olsun, elə bil kişinin dili gödəkdi yanımda.

 Məscid minbərindən sübh azanı oxunanda, anamın qaynatdığı qızılı qarğıdalılardan yük tutub bazara yollanırdım. Cəlilabadın küçələri gözüyuxulu uşaqlar, əlizənbilli arvadlarla dolu olurdu. Cavan gəlinlər körpə uşaqlarını dalına şələləyib göy-göyərti, şor-pentir, noxud, mərci torbalarını üzü bazara sarı sürüyürdülər. O vaxtlar zəmanə çox pisdi, müəllimlərim ehtiyac üzündən yuyucu tozu, pal-paltar, uşaq oyuncaqları satır, taksiçilik edirdilər. Qarşılaşanda mən onlardan qaçır, onlardan məndən utanırdılar. Gencərgəli bazarın tozlu yollarını əlimə alıb elə hey qışqırır, qışqırır, qışqırırdım:
– Qarğıdalı var, qarğıdalııı… İsti, qaynar qarğıdalı.
Dilimdə tük bitmişdi, yuxuda qarğıdalı deyib sayıqlayırdım. Amma nə olsun, yaxşı qazanırdım! Süfrəmizin əvvəlki seyrəkliyi çəkilmişdi. Özümə maqnitafon, nağıl kitabları, anama çörəkbişirən peç, qardaşıma ayaqqabı almışdım. Flora Kərimovanın, İbrahim Tatlısəsin, Müslüm babanın, Sezen Aksunun, Ağadadaş Ağayevin kasetlərini sevdiyim qız məndən istəyirdi. Üç gün, beş gün, bir həftə, üç ay… Məktəbə getmək həvəsim ölür, hər gün atama yalan satırdım. Anam sadəlövhdü, bir az da avamlığı var. Məsələn, bu gün birinci saat nəğmə dərsidi, sabah rəsmxətlə bədən tərbiyəsini dalbadal salıblar, birisigün… birisigün məktəbin həyətində iməcilik olacaq. Ta o vaxtacan ki, atamın qaşları üstümə düyünləndi, əlinin daş ağırlığından gözlərim qaranlıq çaldı. Boğula-boğula dərs danışırdım:
– Əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Məsələn, qarğıdalı, kitab, maqnitafon, ayaqqabı… İsimin altı halı var: Adlıq, yiyəlik, çıxış… yerli… Azərbaycanın ən böyük çayı Xəzərdi…
Onca dəqiqə sonra evin bir küncünə çəkilib hıçqıranda anamın qarğıdalı ətirli əlləri üz-gözümü, boyun-boğazımı oxşayırdı. O əllərin ətrini dünyasında unutmaram, Qismət, dünyasında!
– Ağlama ana qurban, ağlama! Neynək, atandı, başına dönüm! Adamı atası vurar də…!!!
 Ayağımın bazardan kəsildiyi o gündən ayyarım sonra anam sevincək gəldi ki, atan maaş alıb, işləri yaxşıdı, sən də dərslərinə fikir ver, canım qurban, ta bəsdi…

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.