Aqşin Yenisey: "Həyatımdakı bütün qadınları tərk elədim..."
26.01.13

- Aqşin, “147 dənə sən” adlı yeni kitabın çap olundu, satış necə gedir, oxucuların münasibəti necədir?

- Satış mənim səlahiyyətimdə deyil, kitabı “Qanun” nəşriyyatı çap edib. Kitabın bütün müəllif hüquqları nəşriyyata aiddir. Hansı dükana veriblər, harada, nə qədər satılıb, mən bu işlərlə maraqlanmıram, hüququm da yoxdur.  Bu suala Şahbaz bəy dəqiq cavab verə bilər...
 
- Yəni bu kitab da əvvəlkilər kimi olacaq, müəllif kitab çox satılarsa, qazanc əldə edəcək?

- Şahbaz bəy bu kitaba görə qabaqcadan mənə qonorar boyun olub. Deyib ki, bu kitabdan ən azı min manat qonorar verəcəyəm. Mən də Azərbaycan ədəbiyyatında belə bir yeniliyin olmasının tərəfdarı olaraq razılaşmışam. Mən öz tərəfimdən olan bütün addımları atmışam. İndi Şahbaz bəy, birdən sözündən geri çəkilsə, burda mənim günahım yoxdur. Qonorarın yüz manatını almışam (gülür), qalır 900 manatı...

- Məncə, Şahbaz bəy qonorarı birdəfəlik də verə bilərdi. Elə daha yaxşı olmazdımı?

- Yox, sözün açığı mən istəyirəm ki, lazım olanda götürüm. Min manatı götürsəm, bütün günü yeyib-içəcəyəm. Belə olanda isə bilirəm ki, ehtiyat var. Hər ayın axırında kitab mağazaları Şahbaz bəyə hesabat təqdim edəcək, o da bu satışa nəzərən hərəkət edəcək.

- “147 dənə sən” bu il aldığım ilk kitabdır. Sanki Aqşinin “Teoqoniya”sıdır. Tanrı, yalnızlıq, qadın... üstəlik fəlsəfi aforizm xarakterli misralar çoxluq təşkil edir. Qanturalı kitabın haqqında yazdığı məqalədə bildirdi ki, fəlsəfədən kənardakı Aqşin daha çox özüdür. Bu, belədirmi? 

- Fəlsəfəyə iddialı deyiləm. Qanturalının, dostum Seymur Baycanın nəsrə iddiası var. Seymur deyir ki, Aqşin nəsri pis yazır, getsin şeir yazmaqla məşğul olsun. Qanturalı mənə irad tutur ki, get şeirini yaz, fəlsəfə sənlik deyil. Bunların dəlləkliyi mənim başımda öyrənmələri və buna cəhd göstərmələri mənə çatmır. Tutaq ki, mən şeiri yazmışam-yazmışam, harasındasa belə bir cümlə qeyd etmişəm: “Azadlıq kölələrin kəşfidir”. Qanturalı şeirin hamısını yaddan çıxarır, deyir ki, Aqşin belə yazmamalıdır. Sən kimsən mənə bu sözü deyirsən. Şair mənəm, mən özüm bilirəm nə yazıram. Ona mən qərar verirəm, nə yazıram. Bu, sənin xoşuna gəlməyə bilər, bəyənməyə bilərsən, amma mənə öyrətmək... Bunu başa düşmürəm. 

Şeiri sən mənə necə öyrədə bilərsən? Qırx misranı yaddan çıxarır, fikirləşir ki, Aqşinə bunu demək lazımdır. Mən şeirdə Bəxtiyar Vahabzadə fəlsəfəsinin əleyhinəyəm. Yəni yalançı fəlsəfənin, heç bir elmi, intellektual yükü olmayan fəlsəfənin əleyhinəyəm. Amma mən şeiri elə gözəl tanıyıram ki, orda mənə dərs keçməkdən ötrü məndən yaxşı şair olmaq lazımdır. Məndən yaxşı filosof olmaq üçün və şeiri mənə izah eləmək üçün buna ehtiyac yoxdur. Bir dənə misra tapırlar, deyirlər ki, Aqşin nəsrdə zəifdir. Niyə? Çünki özləri nəsr yazırlar axı. Əslində onlar nəsrdə Aqşin olmaq istəyirlər. Biri nəsrin Aqşini olmaq istəyir, biri fəlsəfənin Aqşini. Heç biri də bunu bacarmır, biri orda məni danlayır, biri də burda. Mən bu şeiri filosof olmaq üçün yazmıram, bu duyğunu yaşayıram, bu duyğu mənə əzab verir, o əzabı çəkirəm...
 
- Aqşin, bir məsələ də var ki, müasir Azərbaycan poeziyası deyəndə, birinci sən yada düşürsən. Sanki orta əsrlərin məliküş-şüərasısan, şeir sənin monopoliyandadır. Bu, necə baş verdi, bu nüfuzu qazanmaq üçün nə etdin?

- Buna çox konkret cavabım var. Oxucular da bilir ki, mən nə təqdimat keçirirəm, nə sosial şəbəkələrdə öz kitabım, şeirlərim haqqında hoqqabazlıq edirəm. Mən başımı aşağı salıb şeir yazıram. İnsanlar da bunu sevir. Vəssalam. Mənim ədəbiyyatda gördüyüm iş bundan ibarətdir. Oturmuşam evimdə, işimə gedirəm, gəlirəm, hansısa duyğuyla bir şeir yazıram, insanlar da bunu sevir. Kim qısqanırsa, problem ondadır. “Qanun” nəşriyyatı “Cənnətdə terror aksiyası”na təqdimat keçirdi, halbuki mən özüm indiyə qədər bir kitabıma da təqdimat eləməmişəm. Əgər şeir yaxşı şeirdirsə, o, yerin deşiyində də olsa, öz oxucusunu tapacaq. Əgər şeir yaxşı deyilsə, mətn mükəmməl deyilsə, sən ona qırx gün, qırx gecə “toy” elə, oxucu onu sevməyəcəksə, yaddan çıxıb gedəcək. 

- AYB-nin keçirdiyi müsabiqədən çıxdın, halbuki növbəti mərhələyə keçmişdin, dedin ki, imzamın namusunu qorumaq istəyirəm. Nə baş verir?

- Mən boynuma alıram ki, müsabiqəyə kitab verməyimdə özümün tələskənliyim olub, araşdırmamışam. BSU-da bizim işçilərdən biri gəlib dedi ki, bu müsabiqəni Milli Mədəniyyət Fondu keçirir. Sadəcə, burada AYB-nin də, BSU-nun da nümayəndələri var. Konkret AYB deyil, istəyərdik ki, sən də kitabını təqdim edəsən. Mən də hörmət əlaməti olaraq, son kitabımı verdim. Sonra məlum oldu ki, bu, yanlış bir yanaşma imiş, AYB indiyə qədər keçirdiyi növbəti müsabiqəni keçirir. Orda nə BSU , nə də Mədəniyyət Fondu təmsil olunacaq. Sən demə, Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatına növbəti bir tələ qurub. Mən də bu “tələ”dəki pendiri görən kimi, imtina elədim. O pendirə əlimi uzatmadım. Mənə o pendir lazım deyil. Kim istəyir, getsin özü götürsün. Mən o tələyə düşmək istəmirəm, vəssalam. 

- Aqşin, dedin ki şeiri mənə heç kim öyrətməyib, amma təsirləndiklərin, örnək götürdüklərin təbii ki, olub... 

- Mən şeiri Puşkindən öyrənmişəm. Mənim də qaynaqlandığım mənbələr var, şeiri, misranı nə cür yazmaq lazımdır. Amma öyrəndiklərimin heç biri həyatda yoxdur. Həmid Herisçidən, Rasim Qaracadan, Murad Köhnəqaladan, Attila İlhandan  təsirlənmişəm. Nizami Gəncəvidən də şeir yazmağı öyrənmişəm: “Öz dərin üstündə yat aslan kimi”. Bu, ciddi misradır. Nəsimidən misranı sərt yazmağı, öz istedadın haqqında qətiyyətli olmağı öyrənmişəm. Amma Füzulidən heç nə öyrənməmişəm. Füzuli mənim nə təbiətimə, nə dünyagörüşümə uyğundur. Füzulinin yazdığı Məcnun əslində Məcnun deyil, məzlumdur. Arvaddır, istədin vermədilər, get ayrı arvad istə. Düşüb kərtənkələnin, ilanın içinə, şirlə, pələnglə yatıb. Get ayrı arvad istə də... (gülür). 

- Məcnun dağlara gedir, amma Füzulinin özü yaşadığı yerdən kənara çıxmayıb...

- Qəbristanlıqda İmam Hüseynin yanında oturub. İmam Hüseynə tapınan insanın həyat haqqında düşüncəsi, münasibəti necə ola bilər? Ancaq ağlaşma ola bilər də. İmam Hüseyn əqidəsi uğrunda özünü həlak eləyib. Amma Hegel haqqında bir söz var, deyirlər ki, “Hegeldən başqa bütün hegelçilər axmaq adamlardır”. İmam Hüseyn bir nəfər olub da, getdi öz əqidəsi uğrunda həlak oldu. Siz nə tökülüşübsünüz? Bunlar hamısı istəyir ki, İmam Hüseyn olsun. Ay qardaş, deyilsən də. Yalandan özündən nə hoqqa çıxarırsan? İmam Hüseyn olmaqdan ötrü hamısı maaş alır. Əmək haqqına qol çəkir...
 
- Maaş demişkən, söz var, sənət və səltənət yanaşı gedir. Hansı qələbə qazanır?

- Mənim oxuduğum ədəbiyyatlarda belə bir şey var ki, ciddi hökmdarların hamısı şair tayfası ilə çox ciddi məşğul olub. Məsələn, Teymurləng Nəsimi ilə məşğul olub. Bütün günü onu izləyirdi, amma ideyaları, dünyagörüşləri üst-üstə düşməsə də, heç vaxt onu asıb-kəsməyib. Nəsimini Teymur yox, Hələbdə ərəblər doğradılar. Çar Nikolay nə qədər şairi Sibirə, Qafqaza göndərib ki, gedib orada araq içsinlər, yazsınlar. Bu münasibət həmişə olub. Amma bu ciddi hökmdarlara aid xüsusiyyətdir. Necə ki şairlər seçilmiş adamlardır, eləcə də seçilmiş hökmdarlar da var. Məsələn, Atatürk Nazim Hikmət haqqında deyirdi ki, güllələyəsən, amma qəbrinin üstündə oturub ağlayasan. Biri seçilmiş şairdir, digəri seçilmiş hökmdardır. Yoxsa hansısa hökmdar şairləri qırsın-çatsın belə şey yoxdur.
 
- Bayaq fəlsəfədən söhbət düşdü, qədim dünyaya baxsaq, Yunanıstanda Homer dönəmi var, daha sonra fəlsəfi fikrin formalaşdığı Sokrat, Platon, Aristotel dönəmi. Antik yunan fəlsəfəsinin ana qaynağının Homer olduğunu düşünmək olarmı? 

- Mənim oxuduğum mənbələrə görə, Homer sadəcə, dünya mədəniyyətində yunan mifologiyasını daha yaxşı yazmış şairlər içərisində sonuncusudur. Yəni Homerə qədər də yazmışdılar. Necə ki, “Leyli və Məcnun”u türk dünyasında 50-yə yaxın şair yazıb, amma ən yaxşısı Füzulinindir. Füzulininki daha lirik olduğuna görə ədəbiyyat tarixinə düşüb. Mifologiyaya gəldikdə, mən doğrudan da, ədəbiyyatın, mətnin mifoloji qatı haqqında fikirləşirəm. Mətnin mifologiyası olmalıdır. Mətn bir balaca da cadugərlik işidir. Şair bir balaca da cadugər olmalıdır. Oxucunu sehrə sala bilməlidir. Ona görə də mənim mifologiya ilə bağlı düşüncəm odur ki, şair bunu bacarmalıdır. Amma şair bunu mətndə eləməlidir. AYB bu cadugərliyi təqaüd, mükafat verəndə edir. Yaxşı şair bunu ancaq öz mətnində etməlidir. Eko nə işlə məşğuldur? Onun sehrindən çıxmaq olmur. Dostoyevski həm də cadugər idi. Gör, neçə əsrin cadugəridir ki, onun sehrindən çıxmaq olmur.
 
- Hətta deyirlər, hələ qarşıdakı minillikdə də Dostoyevski oxunacaq...

- Bizdə yazıçıların bir pis cəhəti var ki, öz mənasız şəxsi həyatlarını yazmaqla məşğuldurlar: əsgərliyə getdim, kolbasa verdilər bizə, kolbasadan iy gəlirdi, tualetə apardılar, tualet pis gündə idi və daha nələr... Bu, mətn, yazı deyil. Con Apdaykın  “Dovşan, qaç” romanının oxu,  gör orada nə qədər qatlar, nə qədər dərinlik, cadugərlik var. Mənim “Göləqarğısancan” romanımı Azərbaycanda heç kim bəyənmədi. Çünki Azərbaycan oxucusunun, yazıçısının təfəkkürü inkişaf eləməyib. Mən özümü tərifləmirəm. Oxucu mənim romanımda özünü axtarırdı, görmədi. “Əsgərliyə getdim, ayaqqabım ayağımdan çıxdı, zabit gəldi, mənə təpik vurdu, filan şey filan oldu...” kimi cümlələr yazır, adını da qoyur roman. Mən elə şey yazmamışam. 

- Üstəlik, romana bir az siyasilik qatanda, gündəmə hesablayanda daha çox tanınır. Buna münasibətin necədir?

- Yaradıcılığı gündəmə hesablamaq olmaz. Elmar Hüseynov öldürüləndə Nərmin Kamal bir şeir yazmışdı: “Elmar Hüseynovu mən öldürmüşəm”. Qətlin üstündən iki gün sonra yazmışdı. Gündəm nədir? Elmar Hüseynovu öldürüblər. Dərhal ömründə Elmar Hüseynov haqqında yazısı olmayan, cümləsi olmayan Nərmin Kamal götürüb şeir yazır. Burda Nərmini nümunə olaraq deyirəm. “Elmar Hüseynovu mən öldürmüşəm” şeiri indi hanı? Atmosfer soyuyan kimi, hər şey yaddan çıxdı. Şopenhauerin kitabı 16 il nəşriyyatda yatıb, bir kitabı da satılmayıb. Axırda da yararsız maklatura kimi göndəriblər. Halbuki Şopenhauer dünya fəlsəfəsində Nitşe ilə yanaşıdır.
 
- Aqşin, etibarlı mənbələrə görə sənin kitabları qarşına töküb oxumağına səbəb kəndinizdəki ilanlar olub. Yeddi qardaş ilandan birini öldürmüsən, digər 6-sı səni tutmasın deyə, Bakıya gəlmisən. Bakıda daha ciddi “ilan”larla qarşılaşdınmı?

-  Bilsəydim, o balaca ilanlarla yaşayardım (gülür). Kənddə bir ilan növü vardı. Camaat ona “qızıl ilan” deyirdi, qıpqırmızı idi. O ilan haqqında iki əfsanə vardı. Biri ondan ibarət idi ki, guya bu ilanlar yeddi qardaş olur, birini öldürəndə digər 6-sı gəlib qisasını alır. Şiə bölgəsində doğulmuşam, ikinci inanc budur ki, guya imamlar atlarını çapmaq üçün bu ilanlardan qamçı kimi istifadə edib. Mən də bu söhbətləri 3-5 yaşından eşidirdim. O ilanların qəribə bir xüsusiyyəti var, heç kimə toxunmurdu, amma evə girirdilər. Mənim əmimin evində o ilanlar gəlib tabaqda yatmışdı. Qaranlıq yerlərdə gizlənirdi, uşaqları qorxudurdu. Təsəvvür elə, uşaq tabaqdan çörək götürmək istəyir, əlini uzadır, buz kimi ilanla qarşılaşır. O ilanlar indi də var. Mövhumat da qalır. İronik şəkildə demişdim ki, ilanın birini tutub öldürmüşdüm, sonra canımı qurtarmaq üçün məcburən universitetə girim, yoxsa bu altı qardaş yığışıb gələcəklər (gülür)...
 
- Gəldin Bakıya, coğrafiyaşünas oldun. Coğrafiya sahəsində Azərbaycanda hansı yaxşı kitablar var?

- Coğrafiya sahəsində Azərbaycanda yazılan kitabların əksəriyyəti rus alimlərindən köçürmədir. Kitabxanamda coğrafiyaya aid cürbəcür kitablar var. Ancaq onların hamısı rus alimlərinin yazdıqlarıdır. Bizim alimlər köçürdüblər. Ona görə də konkret imzanı desəm ki, filan alim coğrafiyadan kitab yazıb, biri çıxıb deyəcək ki, yalan danışırsan. Rus aliminin kitabından özlərinə sadəcə diplom işi, kitab düzəldiblər. Coğrafiyada öz başımla oxumuşam, rüşvət verməmişəm, amma ədəbiyyatla məşğul olmağa başlayandan sonra coğrafiya ilə vidalaşdım. Yəni dənizlərlə, dağlarla, meşələrlə vidalaşdım, insana başım qarışdı. Mənim üçün insanlar daha doğma oldu. Dörd dənə o boyda nəhəng okeanın dördü ilə vidalaşdım, amma onlar bir Xəzərlə bacara bilmir (gülür). Coğrafiya ilə bağlı nadir şeylər yadımdadadır, hamısı da “prikol” şeylərdir. Məsələn, birini sual verim: Pinqvin də qütbdə yaşayır, ağ ayı da...

- Onu bilirəm.

- Onda daha vermirəm. 

- İlk şeir necə yarandı, yadındadır?

- Elminaz bir gün (anası - red) məni danladı. Lenin baba haqqında şeiri əzbərləməmişdim. Pota balası kimi çırpdı ki, dərsini niyə oxumamısan. İkinci sinifdə oxuyurdum, doqquz yaşım vardı. Mən də gətirdim şeiri anama göstərdim ki, bu nə şeirdir ki, mənim əlimdə əzbərləmək nədir ki... Ümumiyyətlə, bu şeirdimi? O da çırpandan sonra mənə qayıtdı ki, get ondan yaxşısını yaz, sonra oxumasan da olar. Amma yaxşısını yaz. Dedim, nə haqqında yazım, mövzu ver. O vaxtlar mənim dayım rəhmətə getmişdi. 35 yaşında cavan ölmüşdü. Anam dedi ki, dayının ölümü haqqında bir şeir yaz. Doqquz yaşında uşağın boynuna qoyulan məsuliyyətə bax (gülür). Dedim yaxşı. Getdim girdim otağa, dedim 15 dəqiqə vaxt lazımdır. Və şeiri yazdım. Doqquz yaşlı uşaq idim, qəlbim o vaxtdan sınıq idi (gülür). Qış idi, peç qalanmışdı, şeiri yazdım gətirdim. Oxudular, ağlaşdılar. Şeir çox təsirli idi. Soruşdum indi nə mövzu istəyirsiniz, o barədə yazım. Bibim qayıtdı ki, mənim taleyim haqqında şeir yaz. Getdim yenə otağa bir şeir də ona həsr etdim...
 
- Qonorar aldınmı bibindən?

- Aldım, toyuğun budunu. (gülür) Atam da oturub televizora baxırdı, guya ki, ciddi adamdır, arvad söhbətlərinə qarışmır. Mən də bir ucdan otağıma gedib şeiri yazıb gətirirəm. Atam qayıtdı ki, get indi də mənim haqqımda şeir yaz. Bir günə ilk dəfə üç şeir yazdım (gülür). Təzədən dəftəri vurdum qoluma getdim atama şeir yazdım. Şeirin adı indiyə kimi yadımdadır: “Canavarın toyu”. (gülür) Gördüm, artıq oxucu toplamışam: anam, atam, bibim, digər bibim, əmim. Artıq evdə doqquz yaşlı uşağın nə qədər oxucu kütləsi var (gülür). Oxucuların sayının bir-bir çoxalması məni poeziyaya ürəkləndirdi. Xoş qədəmlərimlə Azərbaycan ədəbiyyatına gəldim (gülür).

- Hətta ilk kitabdan sonra sənə ev də hədiyyə etdilər...

- Balaca bir kitab var idi. Mən onun adını dılğır kitab qoymuşam. O kitabı Moskvada yaşayan, imkanları olan adama göndərdim. O da bəyənib Bakıda mənə ev aldı. O vaxta qədər  yataqxanalarda yaşayırdım. Özü də universitet yataqxanasında deyil, fəhlə yataqxanasında.
 
- Sonrakı kitablarda necə, yaxşı hədiyyələr gəldimi?

- Xeyli yaraşıqlı qızlar gəldi (gülür). Amma hamısını tərk etdim. Onlar üçün həmişə mahnı qoyardım: “Beni bana bırakın”...

- “Beni bana bırakın”la davam edək, türk romantizminə münasibətin necədir? Məsələn, biri deyir ki “kadınlar susarak gider”, dəbdə olan Küçük İskender isə ayrı bir durumdur. Türk romantizmi Azərbaycan ədəbiyyatına ziyandırmı?

- Türk ədəbiyyatının romantikası mənim üçün həddindən artıq ucuz bir romantikadır. Şair oxucunu özünün romantikası, lirikası ilə tutmaq istəyirsə, hətta cəmiyyətdə bu cür oxucular varsa da, mənə elə gəlir ki, ciddi ədəbiyyat deyil. Məsələn, mən öz oxucumu, hətta romantik ünsiyyət vasitəsilə böyük ədəbiyyata yönəltmək istəyirəm. O cür romantika hətta böyük oxucunu belə kiçildir. Mən, məsələn, şeirin ortasında romantik, lirik bir misra işlədirəmsə, bilirəm ki, ondan sonra nə istifadə edəcəyəm. Əslində onu işlətməyim ona görədir ki, oxucu ikinci misranın təsirinə düşsün, birinciyə yox. Türk ədəbiyyatı elə də böyük ədəbiyyat deyil. Dünya miqyaslı iki-üç yazıçı tapa bilərsən. Türk ədəbiyyatı popa meylli ədəbiyyatdır. 

O ədəbiyyatın fəlsəfi qatı yoxdur. Rus ədəbiyyatı ağır ədəbiyyatdır. Dostoyevski, Tolstoy, Çexov bəsdir. Türklər hərb işlərinə, köçəri işlərinə yaxşıdır. Türkün böyük ədəbiyyatı yoxdur. İndi Orxan Pamuka Nobel veririk, Attila İlhanı tərifləyirik, Yaşar Kamala yaxşı yazıçı deyirik. Orxan Pamuk yazıçı deyil. Nobel almayan, Orxan Pamuku cibinə qoyan yazıçılar var. Qalıblar evlərində, yazılarını yazırlar. Orxan Kunderadan yaxşı yazıçıdır? Türk romantizmi saxtadır. Ümumiyyətlə, türk kişisinin sevgisi saxta sevgidir. Bunun da səbəbi türk kişisinin öz sevgisini kənarda axtarmasıdır. Türk qadını bunu ya sevə bilmir, ya bununla yola gedə bilmir. Türk kişisi məcburdur Nataşa ilə gün keçirsin, hoqqadan çıxsın, onlara şeir yazsın. 

“Yapayalnızım” deyirlər. 70 milyonun içində sən nətər yapayalnızsan? Nətər olur, səkkiz milyonun içində mən bir gün də yapayalnız olmamışam, ən böyük arzum elə yapayalnız qalmaqdır. (gülür). 70 milyonun hamısı mahnı oxuyur: yalnızam, martılar üstümdən uçuyor, dalğalar üstüme geliyor. Yesenin romantik şairdir, içdi, sevdi, yaşadı, axırda da getdi özünü öldürdü. Puşkin sevdi, yaşadı, vuruşdu, axırda da duelə çıxdı. Türklər nə iş görür? Mənim romantizmim daha çox rus ədəbiyyatındakı romantizmə uyğundur, onu sevirəm. Türk şairlərinin romantizmini sevmirəm. Küçük İskəndər romantik şairdir, amma vallah onun romantikası mənə çatmır. 

- AYO-da vəzifə müddətin bitdi. Sədrlik müddətində ədəbiyyat, kitab üçün nələr etdin? Qısa olaraq.

- Mən AYO-da sədr olduğum müddətdə özünü AYO-çu hesab edən və AYO-çu olaraq qalan adamların vicdanına qulluq elədim. O adamların adına ləkə gətirəcək heç bir hərəkət eləmədim. Əlimdən bu gəldi. Deyim ki, kiməsə bunu elədim, yalan olar. Bacardığım iş o oldu ki, AYO-da təmsil olunan heç bir adama xəyanət eləmədim, AYO-nun adına ləkə gətirəcək heç bir işə qol çəkmədim. Əlimdən bu gəldi.

- Yeni sədr seçilən kimi iki istefa oldu, bir də ədəbiyyata aid olmayan köşə yazarları, bloqqerlər üzv seçildi. Açıqlama verildi ki, AYO sırf ədəbiyyatla bağlı yazarları ehtiva etmir...

- AYO-nun əsas missiyalarından biri budur ki, özünün, öz sözünün azadlığı uğrunda mübarizə aparan, o azadlıq haqqını əldə edən adamlar təmsil olunsun. Köşə, hekayə yazarları da, şairlər də qoşula bilər. Yəni AYO azad şəkildə yazı yaza bilən və öz yazısının arxasında dayana bilən adamların ocağıdır. Sürüdə axsayan da olur, birdə görürsən ki, dala qalır, çatdıra bilmir. Bu məsələlər də var, biz pis baxmırıq. İnsandır da, onu niyə zorla özünlə aparmalısan? Gücü çatmadı da. Azad olmağa, azadlığa gücü çatmadı. Ona görə də mənə elə gəlir ki, janrından asılı olmayaraq hər hansı bir yazıçının təmsil olunmaq hüququ var. Amma bir şərtlə. 

AYO-nun adından istifadə eləyib özünə cəmiyyətdə obraz yaratmasın. Bu, doğru deyil. AYO üzvlərinin əksəriyyəti bu ocağı öz canının bahasına qoruyub saxlayıblar. Burda çox yaxın dostlarımız bizi biabır elədi. Halbuki onların heç bir əməyi yox idi. Əslində onları AYO-nun üzvləri ortalığa çıxarmışdı. Cəmiyyətə təqdim eləmişdi, yazı yazmağı öyrətmişdi. Dünya ədəbiyyatı ilə ünsiyyətini qurmuşdular ki, oxusunlar. Onlar isə on manat pul görən kimi bütün hər şeyi satdılar. Bu da var, demək lazımdır. AYB-də o qədər gənc var ki, AYO-da olmadıqlarına görə peşmandırlar. Vaxtında niyə getmədik ora. Niyə Aqşinlə, Həmid Hersiçi ilə tanış olmadıq, gəldik Rəşad Məcidlə üz-üzə oturduq. Nə qədər belə peşman olan gənc var. Amma körpülər yanıb axı, çayın bu üzünə keçə bilmirlər. 

- 150 cildliklə - tərcümə ilə bağlı durum nə yerdədir? Hazırda hansının üzərində işləyirsən?

- Dövlətin hazır siyahısı var, bunu nə “Şərq-Qərb”, nə də BSU müəyyənləşdirir. O siyahı icra olunur. Mən özüm hazırda Bayronun pyesləri üzərində işləyirəm. Kitabı orijinaldan tərcümə ediblər. Redaktə edib, Azərbaycan dilində daha oxunaqlı şəkilə salıram. 80-ə yaxın kitabımız təhvil verilib. 

- Özünün oxuduğun stolüstü kitab hansıdır?

- Öz kitabımı oxuyuram ki, görüm orada nə səhvlər eləmişəm (gülür). Növbəti dəfə o səhvləri buraxmayım deyə. /Publika.az/ 

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.