Cavanşir Yusifli Əkrəm Əylislini müdafiə etdi
30.01.13
Moskvada çap olunan “Drujba narodov” (“Xalqlar dostluğu”) dərgisinin 2012-ci ilin dekabrında çap olunan son sayında Ə.Əylislinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı yazdığı “Daş yuxular” əsəri Azərbaycanda ermənilərin mövqeyini müdafiə etməsi iddiası ilə tənqid olunur.
Bir neçə xəbər portalı “Daş yuxular”a görə Əkrəm Əylislini Azərbaycanın milli maraqlarına ziyan vurmaqda ittiham edib.
Məhz bu məqsədlə tənqidçilərin mövqeyini öyrənib mövzu ətrafında gedən müzakirələrə aydınlıq gətirmək istədik. Tənqidçi Cavanşir Yusifli Teleqraf.com-a açıqlamasında bildirdi ki, əsərə aqressiv yanaşmaq doğru deyil: "Əkrəm Əylislinin “Daş yuxular” romanını əldə oxumamışam və haqqında hər hansı mövqedən fikir söyləyə bilmərəm. Müəllifin səsləndirilən iradlar və digər məsələlərlə bağlı fikirlərinə gəldikdə isə (Əsəri konfliktdə tərəf olan xalqlardan birinin nümayəndəsi kimi yox, baş verənlərin fövqündə dayanan bir şəxs kimi yazmışam. Bu əsərə kiçik, aqressiv ehtiraslarla yanaşmağa ehtiyac yoxdur. Bu, konkret bir məsələyə münasibət açıqlanan məqalə deyil ki, kimlərsə əsərdəki qəhrəmanlardan birinin dediklərini mənim mövqeyim kimi qələmə versin. Bu romandır, bədii əsərə qiymət tamam başqa meyarlarla verilməlidir. Ancaq indi hər kəs onu öz duyduğu kimi qələmə verir...) hesab edirəm ki, bunlar ümumən doğru fikirlərdir".
Onun sözlərinə görə, əsər Azərbaycan dilində çap olunmalı və müzakirəyə buraxılmalıdır: "Bunlara bəzi başqa dəyərləri də əlavə edə bilərik: yazıçı müharibəyə, qan tökülməsinə ... səsləyə bilməz... və sair və ilaxır. Ancaq bütün bunları konkret olaraq o halda təsdiq edə bilərik ki, əsər öz dilimizdə çap edilsin, geniş yayılsın. Bütün hallarda Əkrəm Əylisli bizim problemlərimizdən yazan çox dəyərli bir yazıçıdır, onun bu cəhdinin özü yüksək qiymətə layiqdir". /Publika.az/
|