Əkrəm Əylisli: “Ölkəni tərk etmirəm”
06.02.13
“Daş yuxular”dan imtina etmək niyyətim yoxdur. “Daş yuxular” əsəri ilə mətbuatın gündəmindən düşməyən Əkrəm Əylisli barədə hər gün müxtəlif məlumatlar yayılır. Xalq yazıçısının ölkəni tərk edəcəyi barədə yayılan xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün onunla əlaqə saxlayıb, ölkəni tərk etməsi barədə yayılan informasiyalara aydınlıq gətirməyini istədik.
Xalq yazıçısı özü və ailəsi haqqında yayılan yalan informasiyaların kim tərəfindən mətbuata ötürüldüyünü bilmədiyini bildirib: “Mənim ölkəni tərk etmək fikrim yoxdur. Nə üçün yaşadığım ölkəni tərk etməliyəm? Ölkəni tərk etməyim barədə yayılan xəbərlər, sadəcə olaraq mənə qarşı aparılan provakasiyadır”.
Bəs həyat yoldaşınızın işdən çıxarılması, sualına yazıçı “Onun pensiya yaşı çatıb. Kitabxanada işləyirdi. Deyiblər yoxlama olacaq. Həm də pensiya yaşı çatdığı üçün, işdən ayrılıb. Buna başqa don geyindirmək yaxşı hal deyil”.
Ə. Əylisli “Daş yuxular” əsərindən imtina edəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. “Mənim “Daş yuxular”dan imtina etmək niyyətim yoxdur. Bu mənim yazdığım əsərdir. Bu əsər “Qarabağ probleminə” həsr edilməyib. Burada sadəcə olaraq bir nəfərin həyatından söhbət açılır. Əgər belə bir əsər yazmaq qəbahətdirsə, onda gərək Mirzə Cəlil “Ölülər” əsərindən imtina edərdi”. /simsar.az/
|