AYB-də “Yoxluğuna və sağlığına” kiatbı təqdim olunub |
16.02.13
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazar Nuranə Nurun “Yoxluğuna və sağlığına” kitabının təqdimatı keçirilib.
Kitabın təqdimat mərasimində Xalq şairi Vaqif Səmədoğlu, Xalq yazıçısı Çingiz Abdullayev, şair Qəşəm Nəcəfzadə, bəstəkar Xanım İsmayılqızı, tənqidçi Əsəd Cahangir, yazıçı Sayman Aruz, şair, tərcüməçi Səlim Babullaoğlu, şair Oktay Rza, tənqidçi Vaqif Yusifli, tanınmış diktor Eldost Bayramov və digər tanınmış ədəbiyyat, incəsənət xadimləri, eləcə də media nümayəndələri iştirak edib.
Təqdimata açılışı və aparıcılığı tanınmış tənqidçi Əsəd Cahangir edib. O, ilk növbədə gənc şairə Nuranə Nurun şeirlərinin orijinal üslubu, dili, yeni düşüncə tərzi ilə müasir ədəbi prosesin diqqətini çəkdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, Nuranə Nur gənc olmasına baxmayaraq, artıq kifayət qədər oxucu auditoriyası qazana bilib.
Daha sonra Xalq şairi Vaqif Səmədoğlu gənc şairənin yaradıcılığı haqqında düşündükləri söyləyib. Onun sözlərinə görə, Nuranə Nurun şeirlərinin lirik qəhrəmanının duyğu və istəkləri rəngarəngdir.
Bəstəkar Xanım İsmayılqızı onun şeirlərinində olan musiqi ahəngindən danışıb. Sonra Xalq yazıçısı Çingiz Abdullayev, şair Qəşəm Nəcəfzadə, Oktay Rza, Eldost Bayramov və başqaları şairin şeirlərinin məna müxtəlifliyindən, yaradıcılıq yeniliklərindən söz açıblar. Onlar Nuranə Nurun həyat münasibətlərini çox səviyyəli və peşəkarlıqla qələmə aldığını vurğulayıblar.
Qeyd olunub ki, kitabda cəm olan şeirlərin quruluşu, deyim tərzi, dramaturgiyası müasir ədəbi prosesdə tamamilə yeni dəst-xətdir, münasibətlər əksliklərlə zəngindir.
Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi Xalq şairi Nəriman Həsənzadədir. /teleqraf.com/
|