Nigar Köçərli: “Ekspertlərə “qısa yol” axtaran yazıçıları...”
23.02.13
“Bir yazıçı var, Milli Kitab Mükafatının qalibi olmaq üçün gecə-gündüz ekspertlərə zəng vurur. Gördü ki, alınmır, axırda ekspertlərinin birinin qızına elçi göndərməyi təklif edib”. Bu sözləri Milli Kitab Müsabiqəsinin təşəbbüsçüsü, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.
N. Köçərli bildirib ki, MKM-də ekspertlərin adları şəffaflıq üçün açıqlanıb. “Biz istəyirik ki, çox şəffaf bir mexanizm olsun və hamı görsün ki, ekspert kimdir? Ekpertlərin özləri də bu sistemlə razıdır. Düzdür, burada mənfi cəhətlər də var. Çox adam ekspertlərə zəng vurur, özünü tapşırdır. Bu hal keçən il də baş vermişdi, bu il də. Bir yazıçı özünü tapşırtmaq üçün gecə-gündüz ekspertlərə zəng edir, özünü tapşırtdırır. Və ən sonda ekspertlərin birinə elçi düşüb. Eksperlər isə bu şəxslərdir: Elnarə Tofiqqızı, Tehran Əlişanoğlu, Zahir Əzəmət, Mahir Qarayev və Yaşar. Rusdilli ədəbiyyatın ekspertləri isə Vyaçeslav Sapunov və Bella Zakirovadır”.
MKM-ə “kəsə yol axtaran” yazıçının müsabiqədən uzaqlaşdırılması məsələsinə də toxunan Nigar Köçərli bildirib ki, bu cür halların olmasına çox pis baxır: “Amma mən istəməzdim ki, kimisə cəzalandırıb MKM-dən uzaqlaşdıraq. Çünki insanları başa düşürəm, çox istəyirlər ki, qalib gəlsinlər. Onlara yaxın olan üsullardan istifadə edirlər. Sadəcə onlar başa düşmürlər ki, bu cür üsullar keçmir, çünki özünü tapşırtmaqla məsələni həll edə bilməyəcəklər. Əksinə ekspertlərdə mənfi reaksiya yaranır”.
Nigar Köçərli bildirib ki, martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “long list” (uzun siyahı), martın 15-də isə 10 əsərdən ibarət “short list” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.
Qeyd edək ki, 2012-ci ilin avqustun 28-dən start götürən Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. MKM-nin Münsiflər Heyətini Azərbaycanın nüfuzlu şəxsiyyətləri təmsil edir. Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru isə Bank Respublika QSC və “Əli və Nino” Nəşriyyat evidir.
İyun ayının 4-də mükafatın qalibləri elan olunacaq. 1-ci yerə – üç min, 2-ci yerə – iki min, 3-cü yerə – min manat pul mükafatı düşür. Ən yaxşı uşaq nağılının müəllifinə, ən yaxşı gənc yazara və ən yaxşı şeirə görə 300 manat mükafat veriləcək. /modern.az/
|