Nobelçi şairin müəmmalı ölümü
08.03.13
Məmməd Süleymanov yazır
Pablo Nerudanı öldürən 10 gün “Hamı kommunistlərə diş qıcayıb… Yaşasın spiritlər, monarxistlər, divanələr, hər cür cinayətkarlar, onurğasız filosoflar. Yaşasın hürən və qapan itlər, şəhvətli astroloqlar, pornoqrafiya, sinizm; daldalı gedən xərçənglər; hamısı yaşasın, bircə kommunistlərdən başqa... Yaşasın bakirəlik qurşaqları, öz ideoloji ayaqlarını 1500 ildir yumayan mühafizəkarlar... Yaşasın yoxsul qəsəbələrindəki bitlər, pulsuz ümumi məzarlar, yaşasın anarxo-kapitalizm, öz oğlanları ilə Rilke və Andre Jid; bütün mənalarda mistisizm... Hamısı yararlıdır. Hamısı - qəhrəmandır... Qoy bütün qəzetlər çıxsın. Qoy hamı çap olunsun, kommunistlərdən başqa...” Bu cümlələri məşhur Çilili şairi, 1971-ci ilin Nobel mükafatı laureatı, kommunist Pablo Neruda özünün “Fəxr edirəm: yaşamışam” xatirələr kitabında yazır. Kommunist partiyasına üzv olarkən onun artıq 41 yaşı, arxada qoyduğu illərində isə İspaniya müharibəsi, bir çox ölkələrdə Çilinin konsulu rütbəsi və bir çox şeir kitabları vardı. İspaniyada vətəndaş müharibəsi illərində Çili hökumətinin rəyini nəzərə almadan respublikaçıları müdafiə etdiyinə görə onu geriyə çağırırlar. Senator Neruda 1948-ci ildə Senatda çıxışında Çili prezidenti Qabriel Videlanı “ABŞ-ın marioneti” adlandırdığına görə
toxunulmazlığı ləğv edilir, qeyri-leqal fəaliyyətə keçir və Argentinaya qaçır. 1969-cu ildə Çili Kommunist Partiyası onu prezidentliyə namizəd irəli sürür, o isə namizədliyini sosialist Salvador Alyendenin xeyrinə geri götürür. Qanlı Pinoçetin 1973-cü il 11 sentyabr çevrilişindən əvvəl “Çilini qan içində görsəm, yaşaya bilmərəm” deyir və 12 gün sonra dünyaya əbədilik gözünü yumur. Əqidə ilə yaşamış Böyük insanın ömrünün məntiqi sonluğu... *** "Onlar "qorxmadan" bircəcik adama qarşı döyüşə atıldılar. O adam onları tüstü və alova bürünmüş kabinetində, öz böyük ürəyi ilə baş-başa gözləyirdi. Onlar bu cür əla fürsəti əldən verməzdilər. Onlar bilirdi ki, O, öz vəzifəsindən heç vaxt imtina etməyəcək, odur ki, avtomatlardan güllələmək qərarına gəldilər. Prezidentin cəsədi gizlicə torpağa verildi. Onu son mənzilə cəmisi 1 qadın yola saldı. O qadın bütün dünyanın dərdini özünə hopdurmuşdu…" (Pablo Neruda. “Fəxr edirəm: yaşamışam”) Bu cümlələrlə Nerudanın xatirələri bitir. O “bircəcik adam” - qanuni prezident Salvador Alyendedir. “La Moneda” sarayını tərk etməkdən, mühacirətdən və təslim olmaqdan imtina edən və dirigözlü ölümə gedən Alyendeni Neruda çox yaxşı tanıyırdı. Dəfələrlə onun prezidentliyə namizədlik kampaniyasında iştirak etmişdi, yaxın dostdular və Neruda prezidenti 1891-ci ildə intiharı təslimçilikdən üstün tutmuş digər prezident - Balmaseda ilə birlikdə Çili tarixinin “2 əsl və böyük prezidenti” sayırdı. “Balmaseda və Alyendenin oxşar taleləri var. Bizim selitra sərvətlərimizi əcnəbi şirkətlərə peşkəş verməkdən imtina edən Balmasedanı intihar həddinə çatdırdılar. Alyendeni isə ona görə
öldürdülər ki, digər sərvətimizi - misi milliləşdirdi. Hər iki halda oliqarxiya qanlı qiyam törətdi, hər iki halda Çili hərbçiləri ovçu köpəyi rolunda çıxış etdilər” - Bu kəlmələri isə Neruda qanlı çevrilişdən bir neçə gün sonra, özünün ölümündən bir neçə gün əvvəl yazıb. Dəmiryol fəhləsinin oğlu Nerudanın Çilinin ən varlı ailələrindən birinin övladı olan əsilzadə Alyende ilə oxşarlığı isə doğma Çilini azad, ədalətli, sosialist dövləti kimi görmək istəklərində idi. Elə bu istək də birinin qətlinə, digərinin müəmmalı ölümünə səbəb oldu. “Mən bu tələsik sətirləri sağlam ağlın qavraya bilmədiyi, mənim böyük dostumun qətli ilə nəticələnən hadisələrdən 3 gün sonra yazıram və o, xatirələr kitabıma daxil olacaq. Alyendenin ölümünü gizlətdilər, onun dəfni şahidlərsiz keçdi, yalnız dul qadınına ölümsüz prezidentin tabutunun arxasınca getməyə icazə verdilər” - Neruda öz ölümündən 9 gün əvvəl yazır. Xuntanın onun özünü də rahat buraxmayacağına bir an da şübə etməyən böyük şair, “Çilinin fəxri”, “Latın Amerikasının vicdanı” Neruda ağır xəstəliyinə baxmayaraq, Vətəninin ən qara günlərində əllərini yanına salıb İsla-Neqra adasındakı evində sakit oturmaq niyyətində deyil. 69 yaşlı şair-inqilabçı faşist diktaturası ilə son döyüşünə hazırlaşır. Bu döyüş onun cismani məğlubiyyəti ilə bitir, ancaq mənəvi qələbə onun tərəfinədir. Üstündən 40 il ötüb və yüzillər də ötəcək, ancaq Alyendenin, Nerudanın, Xaranın, ata və oğul Korvalanın, Volodya Teytelbaumun nümunələri Çilinin adi vətəndaşlarını həmişə zülmə qarşı dirənişə səsləyəcək. Xoşbəxtdir və böyükdür o xalq ki, onun tarixinin bu cür nümunələri var. *** Xatirələr kitabında Neruda əfsanəvi Çe Gevara ilə yeganə görüşünü xatırlayır. Kuba inqilabının qələbəsindən bir neçə ay sonra, Havana. Çe onu gecə saat 12-də Maliyyə və İqtisadiyyat Nazirliyinin binasına dəvət edir, Pablo görüşə gecə saat 1-də gəlib çatır. Onlar ABŞ-ın Kubaya hücum ehtimalından danışırlar (Bu hücum 1961-ci ildə “Donuzlar körfəzi”ndə reallaşacaq və “donuzlar” uduzacaqdı).
Neruda xatırlayır: “Qəfildən Çe Gevara dedi: - Müharibə... Müharibə... Biz müharibənin əleyhinəyik, ancaq heyf ki, onsuz mümkün deyil. İstənilən an biz ona hazırıq. O, bərkdən danışaraq fikirləşirdi, özünü və məni anlatmağa çalışırdı. Mən sarsılmışdım. Mənim üçün müharibə - təhlükə idi, onun üçün isə qaçılmaz zərurət, tale...” Sonralar Reji Debre (Çe ilə Boliviyada olmuş fransız) deyəcəkdi ki, Boliviyada Çenin çantasında həmişə 2 kitab olub: Riyaziyyat dərsliyi və Nerudanın şeirlər kitabı. Bir neçə nəslin kumirinə çevrilmiş şəxsiyyətin son gününədək şeirlərini oxuduğu müəllifə bundan böyük qiymət ola bilərmi? “Mənim şeirlərim son nəfəsinə qədər Çe Gevara ilə olub”, - Neruda fəxrlə əlavə edir. *** Alyendenin “Xalq Birliyi” hökumətində Neruda Çilinin Fransada səfiri təyin olunur. Xəstəliyi ilə əlaqədar o, 1972-ci ildə Vətənə dönür. Ölkədə bütün çılpaqlığı ilə amansız sinfi mübarizə gedirdi. Həmin günlərin Çilisini Neruda kitabında bu cür təsvir edir: “Alyendenin qələbəsi hakim sinifləri dəhşətə gətirib. Onların nümayəndələri ilk dəfə anladılar ki, özlərinin işləyib hazırladıqları qanunlar özlərinə qarşı çevrilməkdədir. Onlar öz aksiyalarını, zinət əşyalarını, pul və qızıllarını xilas etməyə atıldılar. Kimisi İspaniyaya, kimisi Argentinaya qaçdı, hətta bəziləri uzaq Avstraliyaya sığındı. Xalq qarşısında qorxu onları Şimal qütbünə qədər qova bilərdi.
Sonra isə onlar qayıtdılar...” Qayıtdılar və ABŞ-ın hazırladığı planla ölkəni qan gölünə, həbsxanaya və işgəncə məkanına çevirdilər. Neruda o günləri görməkdən ölümü ilə xilas oldu. *** Şair 1973-cü il, sentyabrın 23-də Santyaqo klinikalarından birində vəfat etdi. Səbəb kimi ürək tutmasını da, prostat vəzin xərçəngini də göstərirlər. Ancaq 2011-ci ildən başlayaraq yeni versiya güclənməkdədir: Neruda cəllad Pinoçetin əmri ilə öldürülüb. Bu versiyada “Pablo Neruda Fondu” da, şairin ömrünün son aylarında sürücüsü və keşikçisi kimi çalışmış Manuel Arayya da israrlıdır. Hazırda 67 yaşı olan Arayya hərbi çevriliş günündən Nerudanın vəfat etdiyi günə qədər şairlə bir otaqda yaşayıb - əvvəl İsla-Neqra adasındakı evdə, sonra isə Santyaqodakı xəstəxanada. O, son 30 ildə dəfələrlə Nerudanın öz əcəli ilə ölmədiyini söyləsə də, əvvəlcə təhqiqata qarşı sırf təhlükəsizlik baxımından şairin dul qadını Matilda Urrutia çıxıb. Matilda 1984-cü ildə, hələ Pinoçetin hakimiyyətdə olduğu dövrdə vəfat edib. Sonrakı illərdə də Arayyanın şahidliyini qulaqardına vurublar və yalnız 2011-ci ildə Çili Kommunist Partiyası şairin ölümünün təhqiqatını rəsmən tələb edib. Yoxsul kəndli ailəsində doğulan və yetim qalan Arayyanı kommunist qadın və senator X. Kampusano oğulluğa götürür, Neruda 1972-ci ilin sonunda Parisdən Çiliyə döndüyündə isə o, şairin yanında çalışmağa başlayır. Arayya xatırlayır ki, Neruda hərbi çevriliş xəbərini sentyabrın 11-də İsla-Neqrada, Argentina radiosunun məlumatlarından alır. Səhəri gün evə 4 zabit gəlir və evdə qalmağa yalnız 3 nəfərə (Neruda, xanımı və Arayya) icazə verərək qalanlara (Nerudanın bacısı, aşpaz qadın və bağban) buranı tərk etmək əmri verir. Səhəri gün - sentyabrın 13-də kamuflyajda 40 hərbçi hücum çəkir. Onlar burada gizlənmiş kommunistləri axtarırlar və heç kimi tapmayıb çıxıb gedirlər. Bir neçə saat sonra nobeliatın evi yenə yağmalanır - bu dəfə dəniz piyadaları təşrif buyururlar. Sonrakı günlər həyəcanda keçir, Neruda yeni hücumlara hazırlaşır. Sonra qərara alınır ki, onu bir müddət xəstəxanada - paytaxtdakı Santa-Mariya klinikasında qorusunlar. Arayya böyük məbləğ müqabilində razılıq əldə edir: Nerudanın arxasınca təcili yardım maşını göndərilir.
Sentyabrın 19-da Neruda və Matilda həmin maşında Santyaqoya yola düşür. Yolda maşını dəfələrlə saxlayır, yoxlayır, şairi heysiyyətini təhqir edən sorğu-suala çəkirlər. Arayyanın sözlərinə görə, Nerudanı klinikaya yerləşdirməkdə məqsəd heç də onun səhhətinin ağırlaşması deyildi, sırf təhlükəsizlik baxımından onlar bu addıma əl atırlar: “69 yaşlı adam üçün onun əhvalı çox yaxşı idi”. Habelə, Meksika hökuməti Nerudaya sığınacaq verməyə razılaşaraq onun ölkədən çıxarılması üçün sentyabrın 24-də xüsusi təyyarə göndərəcəkdi. Xunta guya ki, buna razılaşır. Klinikada Neruda özünü yaxşı hiss edir, ona yalnız həblər təyin olunur (heç bir iynədən söhbət getmir). Arayya və Matilda geriyə - İsla-Neradakı evə dönür və bir gün sonra Neruda onlara zəng vurub həkimin birbaşa mədəyə iynə vurduğunu və bundan sonra özünü pis hiss etdiyini söyləyir. Neruda onları klinikaya çağırır. Komendant saatı olduğundan, Arayya gecəni Neruda ilə bir palatada keçirir, səhər isə dərman almaq üçün aptekə yollanır, ancaq yolda hərbçilər onu saxlayır, qandallayır və həbs düşərgəsinə çevrilmiş Santyaqo stadionuna gətirirlər. Bu stadionda yüzlərlə Çili inqilabçısı öz ölümünü tapır. Arayya da işgəncələr görür, ayağından güllələnir, möcüzə nəticəsində sağ qalır. Sentyabrın 23-ü axşam saat 10-da Pablo Neruda vəfat edir. Onun dəfni faşist rejimi dövrünün ilk etiraz aksiyasına çevrilir... *** O, elə yaşadı ki, sonunda "Fəxr edirəm - yaşamışam" yaza bildi. Ölkəsini qan içində görəndə isə çıxıb getdi. P.S. Əsl adı - Neftali Reyes Bosualto. Təxəllüsünü 19-cu əsr çex şairi Yan Nerudanın şərəfinə götürüb. İlk yazılarını "Saşka Jiqulyov" imzası ilə yazıb - bu, Leonid Andreyevin romanlarından birinin adıydı. Onun dirisi faşizm üçün böyük təhlükəydi, cansız bədəni isə dirənişin simvolu oldu... /kilis.az/
|