"AYB-nin keçirdiyi müsabiqədə heç bir obyektivlik ola bilməz"
11.03.13

- “Ədəbiyyat mənim hobbimdir. Mən jurnalist, publisist, redaktoram.” Müsahibələrinizin birində belə söyləmişdiniz. Şair olaraq yaradıcılığınızda nə yeniliklər var?

- Hələ Lukian 2 min il bundan əvvəl özünə sənət seçərkən yazıçılığı yeganə mənalı fəaliyyət hesab etmişdi. İnsanın missiyası mübarizə aparmaq - istər çörək uğrunda, istərsə azadlıq uğrunda - deyil, tamamən poetik motivlərlə bağlıdır. Ancaq biz istər-istəməz mübarizəyə cəlb olunuruq və ömrümüzü bu yolda xərcləyirik. Bu söylədiklərim sizin sualınıza cavab olmaya bilər, lakin istər sual verərkən və onları cavablarkən biz mənalı olandan yola çıxmalıyıq. Ədəbiyyat mənim hobbimdirmi, nə zamansa belə demişəm, indi bu fikrimə düzəliş edirəm, ədəbiyyat mənim yeganə yaşamaq formamdır. Hətta yaxşı oxucu olmaq da məni qane edərdi, hətta sadəcə kitabların arasında olmaq. Kitabların əhatəsində özümü konfortda hiss edirəm. Onların arasında özümü silah anbarındakı döyüşçü kimi hiss edirəm. Şair olaraq yaradıcılığıma gəldikdə isə, əl altından bir şeylər yazıram, mən tribunadan oxumaq üçün yazmıram, şair kimi kütləvi qəbul olunmaq anlayışını özümə yaxın buraxmamağa çalışıram. Uzaq coğrafiyalara və uzaq gələcəyə siqnallar adlandırmaq olar mənim şeir yaradıcılığımı. Bu günkü Azərbaycan şeir qavrayışını çox geridə hesab edirəm, poeziyada folklor mərhələsini hələ keçə bilməmişik. Gənclərin şeir yaradıcılığındakı ümumi tendensiya romantik lirikadan uzağa getmir çox zaman. Dəfələrlə çeynənmiş sevgi mövzularının çərçivəsini adətən aşa bilmirlər. Poeziya deyəndə yalnız eşq, sevgi motivlərini düşünürlər. Halbuki həyatın başqa sahələrində də poetik olan çoxlu şeylər var.

- Necə düşünürsünüz, ədəbiyyat adamı bir sahəni bacarmaqla ona istedadlı insan demək olarmı? Yoxsa həm jurnalistikanı, həm publisistikanı, həm də tənqidi və qeyri tənqidi yazılarla çıxış etməyi bacarmalıdırmı? Ya elə bir vəhy şairi istedadlı ədəbiyyatçı hesab olunurmu?

- İndiki zamanda, təkcə ədəbiyyat sahəsində deyil, bütün sahələrdə insanın başarılı olmasından ötrü yalnız bir qabiliyyət yetərli deyil. Universal biliklərə sahib olmalısan, sadəcə allah vergisiylə yola çıxanlar çox da uzağa gedə bilməzlər. Bu günkü dünyada yaradıcılıq çoxparametrli anlayışdır. Xüsusən, bizim yazı makinamızın – bilgisayarımızın internetə bağlı olması yazıçılıq sənəti qarşısına yeni tələblər çıxarır… Çağdaş yazıçı yazı makinasının arxasında hər an bütün istiqamətlərdə hərəkət etməyə hazır olan döyüş gəmisi kimi olmalıdır, yəni bütün mövzu və janrlarda yazmağa hazır olmalıdır.

-Anarı, Elçin Əfəndiyevi tənqid edənlər, “gənc yazarlara laiqli yer, münasibət göstərilmir” deyənlərin özləri də, özlərindən daha gənc, yeni yazarları görməzdən gəlirlər. Sizcə bu şəxsi eqolarımızla üç-beş nəfər tanınmış simalı yazarlarla ələkdə ələnəcək un qalarmı? Yoxsa elə eləkdə un lazım deyil, buğdalar görsəndi yetər?

-Ələk, un və buğda bənzətmələri ilə bağlı hələlik bir şey söyləmirəm... Yeni yazarları görməzlikdən gələnlərin kim olduğu mənə qaranlıqdır, mən yalnız öz adımdan danışa bilərəm. İstedadlı gənc yazarları, ən azından bir jurnal redaktoru olaraq, hər zaman axtarmışam. Digər tərəfdən, elə jurnal redaktoru olduğuma görə, istedadlı gənclər özləri hər zaman gəlib məni tapırlar. Onlara qarşı hər zaman həssas olmağa çalışmışam, azacıq talantı olanlara da ürək-dirək vermişəm. O ki qaldı adını çəkdiyiniz Anar, Elçin cütlüyünə, əmin olun ki yalnız ciddi ədəbiyyatdan xəbəri olmayanlar onları yazıçı hesab edə bilər. Mənim üçün, məsələn, Dayandur Sevgin və ya Təvəkkül Yanar Anardan və Elçindən qiymətlidir. Siz jurnalistlər, lütfən, sovet dövrünün artıq çox köhnəlmiş və tarixdə müsbət heç bir iz buraxmayacaq isimlərini hər dəfə bizim qarşımıza çıxartmayın. Yeri gəlmişkən deyim, bizim jurnalistlər, lətifəsi sizə dəyməsin, ədəbiyyatda baş verən yeni prosesləri izləmək istəmirlər. Bu söhbətlər 10 il bundan əvvəldə qaldı qurtardı getdi.

-AYB-nin keçirdiyi səs-küylü “Ədəbiyyat Müsabiqəsi”nin nəticələri açıqlandı. Nəticələrlə tanışsınızmı və bu nəticələr sizi qane etdimi?

- AYB-nin keçirdiyi müsabiqədə heç bir obyektivlik ola bilməz. Bu təşkilat sovet dövrü repressiyalarında iştirak edib, tarixi cavabdehlik daşıyır və hələ də bu cinayətlərə görə Azərbaycan xalqından üzr istəməyib. AYB sıralarında qalmağa davam edən heç bir yazıçını mən ciddi hesab etmirəm. Bu səbəblərə görə onun müsabiqələrini izləmək həvəsim yoxdur.

- İndiyə kimi AYOnun hər il bir şair, yazar idarə edib. Seymur Baycan, Aqşin Yenisey, hazırda isə bu başqanlıq postunda Günel Mövlud əyləşib. Öz dəstixətdinizə adını çəkdiyim və çəkmədiyim idarəçilərdən hansını yaxın bilmisiniz?

- Yazıçı hara idarəçilik hara. Mən də daxil olmaqla, biz hamımız pis təşkilatçılarıq. Ümumən bədii reallıqlarla yaşayan insanlar praktik həyata yad olurlar. Biz öz həyatımızdan daha artıq zövq alırıq. Müəyyən sistemə daxil olan və ya tabe olan insanlar yaradıcı insanlar qədər həyatdan zövq ala bilmirlər. Yazıçı, şair başının üstündə avtoritet tanımamalıdır. Tanıdığı zaman avtomatik olaraq öz talantına kölgə salmış olur, dolayısıyla özü də yavaş-yavaş kölgədə qalır və yazdıqları da istər-istəməz sönük alınır. Misal üçün uzağa getməyim, azad qələmi atıb karyera dalınca qaçan yaradıcı insanları gözünüzün qabağına gətirin. Sözlərinin duzu, kəsəri qalmayıb, vaxtilə qazanmış olduqları prestiji da sürətlə itirirlər. Yazıçı, mənim düşüncəmə görə öz azadlığını heç nəyə satmamalıdır. Əkrəmin başına gələnləri gördünüz. Dövlətin bütün imtiyazlarından istifadə etmişdi, proteksiya ilə parlamentə girmişdi. Acından ölməliydi, ancaq öz yazıçı azadlığını qorumalıydı. O zaman başına bu oyunlar gəlməzdi. Adını çəkdiyiniz gənc yazarlar – Seymur, Aqşin, Günel yazıçı sözünün azadlığını hər şeydən üstün tutan son dərəcə şərəfli insanlardır. Onların hər birini özümə yaxın bilirəm.

- Sizi milli heysiyyatlı ədəbiyyat adamı kimi tanıyırıq. Artıq çeynənilmiş mövzu olan Əkrəm Əylislinin “Daş yuxular”ına yox, vaxti ilə sizin estetikanızı təmsil edən, AYO-nun yaradıcılarından biri olan Murad Köhnəqalanın Əkrəm bəyi və onu müdafiə edənləri təhqir etməsinə münasibətiniz necədir? Hətta Anar müəllimdən də sərt münasibət və yazılarla çıxış etdi. Sizcə Murad bəy niyə belə edir?

-Dövlət strukturlarında, AYB-də, hakimiyyətdən maliyyələşən mətbuat orqanlarında işləyənlərin Əkrəm Əylislini tənqid etməkdən başqa alternativləri yoxdur, onlar birbaşa və ya dolayı yolla hakimiyyətin mövqeyini müdafiə etməyə məcburdurlar. Buna görə də istər Anarın, istərsə Murad Köhnəqalanın söylədiklərində obyektivlik axtarmaq əbəsdir. Muradın Əkrəmi daha artıq daşlamasını, onun hakimiyyətə daha artıq xoş gəlmək istəməsilə bağlamaq istəməzdim. Çünki Murad şəxsiyyətli insandır, yazıçı şərəfi anlayışı ona yad deyil.

- Siz mediada çox az görünürsünüz. Elə publisistik yaradıcı fəaliyyətiniz də aktiv hesab olunmur. Bəzi şair və yazarların mütəmadi efirlərə çıxmasını ədəbiyyatın yüksəlişi yoxsa şouya çevrilməsi kimi, necə qəbul edirsiniz?

- Artıq görünməmək yaşıma gəlmişəm, ona görə. Bunda da bir hikmət var. Əslində isə məndən çox görünən yoxdur. Son aylarda baxsanıza, neçə kitab yayınlamışam. Azərbaycan mədəniyyəti tarixində hadisə sayılacaq “Kon-Tiki səyahəti”, “Pinin həyatı” kitablarını çap etmişəm. Təkcə keçən il yeddi beynəlxalq sənət festivalında iştirak etmişəm. Türkiyədə kitabım yayınlanıb. Ucuz kitab yarmarkaları keçiririk. AYO-nun yenidən qurulması sahəsində çalışmalarımız var. Və hal-hazırda bir romanın tərcüməsi üzərində işləyirəm. Bundan artıq necə görünüm . /qafqazinfo.az/

Yenililklər
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.