Günel Eyvazlı - Tamaşa
15.03.13
Bir tamaşanın, bir səhnəsi, Oyun vaxtı dəbdəbəsi, qiyafəsi, Rolda bəzək, oyun içrə Rəngarəngdir atılacaq hər bir addım. At belinə qalxan da var. Tamaşada Qılınc da var, qalxan da var.
Bir obrazın, bir səhəri Şirinçayı, yağçörəyi, Baxışları uzaq-uzaq Daha səhər rəngarəng açılmayacaq. Soyuq divar, soyuq yataq.
Bir səhərin, bir gecəsi Yalqız qalan düşüncəsi, Yalqız qalan əyləncəsi. Baxışları yaxın-yaxın dikiləcək divarlara Səhər tənha sabahlara, Gecə dustaq otaqlara. Dikiləcək.
Bir otağın, bir sakini Stol üstündə vərəqlərin Öpəcəkdir əllərini. Qələm bu gün nə yazacaq? Əvvəlki tək aldadacaq-aldadacaq.
Bir qələmin, bir vərəqi. Sonuncudur. Daha kağız olmayacaq. Otaq köhnə sakinini, Qələm yazar əllərini Qucağına almayacaq.
Bir insanın, bir taleyi, Uzaqlarla yaxınlığı, Yaxınlarla ögeyliyi, Ya olacaq, olmayacaq.
Avanqard.net
|