Narıngül - Sükutun səsi
26.03.13

(Hekayə)      

        Qoca tuluqlanmış qarnını irəli verərək, həyətdəki dar cığırda var-gəl edir, daha doğrusu, gəzişməkdən də  çox ətrafdakı  sükutu qovurdu.  Kənardan müşahidə edərək: ”Bu adam vaxtın suyunu çıxardır” qənaətinə  gəlmək də olardı.
        Cığır qocanın öz ruhuydu, çəkib aparırdı ardınca  onu. Hər gün adət etdiyi kimi gedirdi, ləng addımlarla, ayağını sürüyə-sürüyə. Amma hər günkündən fərqli olaraq bu gün  onu arxadan izləyən vardı. Eyvanın məhəccərinə söykənmiş qız baxışlarını atasının  kürəyinə zilləmişdi və  hər an onu səsləyib nə isə soruşa bilərdi. Bəlkə də, heç belə deyildi, qız eyvanda başqa işlərlə məşğuldu. Amma qocaya belə gəlirdi. Bu isə onun yerişinin ləngərini bir  qədər dəyişirdi. Əslində heç xoşa gələn hal deyildi  yerişin tabelikdən çıxması. Qoca illər ərzində öz hokmranlığını qoruyub saxlamağa çalışmışdı.
         Bu həyətdə hər şey qocanın canına hopmuşdu. Cığırın başındakı su qurğusunu  özü “ixtira” etmişdi. Quyudakı buz kimi sərin suyu bu qurğuyla yuxarı vurur,  bəh-bəhlə gündə neçə dəfə burda əl-üzünü yuyur, sərinlənirdi. O başda,   həm həyətin, həm də cığırın sonunda,  ayaqyolu yerləşirdi. Qoca gəzintiyə gəlirmiş kimi, ehtiyacı oldu-olmadı gündə neçə dəfə bura gəlməyə  həvəsliydi. Həyətdəki irili-xırdalı meyvə ağacları, axar-baxarlı yerdə düzəldilmiş taxta oturacaq – hər şey ona gün kimi aydın idi. Bu həyət sükutun səsini dinləmək üçün əla yerdi.
         Amma əvvəllər buralar belə deyildi. Həyətdəki haylı-küylü adamların səsi, qarışıq xor kapellasını xatırladırdı.Hamı danışır-gülür, birlikdə sevinir,  birlikdə nəyinsə üstündə  mübahisə edirdi. Onda qoca lal sükutun deyil, məmnunluqla böyük izdihamın səsini dinləyirdi.
         Daha heç nə dəyişən, heç nə bir-birini əvəzləyən deyildi. Qoca istəsə bu izdihamı yaratmağa qadirdi. Ancaq bir anlıq . Uzaqda yaşayan qızlarını çağırıb gətirər, hamını başına yığar, bu həyəti yenidən canlandırardı. Amma nə mənası vardı ki?!   Bir müddət sonra yenə hər şey öz əvvəlki halını alacaqdı. Qocaya əbədi olmayan heç nə gərək deyildi.       
          Bu gün şəhərdə yaşayan  qızını da özü çağırıb gətirtmişdi.Onunla məsləhətləşmək, hər şeyi  şeyi ölçüb - biçmək istəyirdi. Qızıyla danışacaqdı, gündəlik vəziyyətini, dolanışığını, xəstəliyini, lap elə öləndən sonra yasının necə təşkil ediləcəyini - hər şeyi  müzakirə edəcəkdi. Həyatının axarını, sonunu əvvəldən müəyyənləşdirməyə adət etmişdi.  Hazırladığı qrafik üzrə hərəkət edirdi həmişə.
       Qızı təzəcə gəlib çatmışdı. Hələlik evin səliqə - sahmanıyla məşğuldu.
       Qoca addımlarını yavaşıdıb əncir ağacının altındakı oturacaqda  əyləşdi. Buranı özü seçmişdi. Burdan həm evin eyvanı, həm də qonşu qadının bostanı görünürdü. Qonşu qadın onun ruh yoldaşıydı. Səssiz-səmirsiz, bir kəlmə danışmadan duyurdu qadını, hər an yanında hiss edirdi.   Varlığına  şükürlər edirdi qadının. Amma ürəyinin hansı guşəsindəsə incimişdi ondan. Şirin- şirin danışdıqları yerdə qəfildən bir – iki zəhərli sözlə sancırdı qadını. Qadın ona dəcəl - ərköyün uşaq kimi baxırdı,  tez-tez mübahisə etsələr də incimirdi onun  sözlərindən.   Nə olursa – olsun qadın qocanın indiki zamanıydı.  Və bu zaman məvhumu hər ikisi üçün  çox vacib idi.
         İndisə qocaya daha vacib olan eyvanda  elə hey fırlanan qızı və qızıyla birlikdə müzakirə edəcəyi söhbətdi.. Hər şeyə vaxt vardı hələ. Qoca  gözaltı   qızını süzdü.. Qız əyninə qara rəngli,  zərif paltar geyinmişdi. Paltarın açıq yerlərindən  ağ, işıqlı və hamar dərisi  parlayırdı.. Uzaqdan çox gözəl görünürdü. Qoca ürəyində qızı ilə qürurlandı. Qızı əlindəki telefonla  kiminləsə danışırdı. Deyəsən, hərdən mübahisə də  edirdi. Aşıq – aşkar  bilinirdi  ki, xəttin o başındakı adam onunçün  əhəmiyyətli adamdı. Yəqin ki, qız  bu dəqiqə atasının varlığını belə unutmuşdu,  bütün fikri o adamın yanındaydı.Yaxında olsaydı soruşardı  ki, bu  kimdir, belə uzun - uzadı nə danışırsan onunla. Ancaq lüzum görmədi. Onsuz da   axır vaxtlar qızı ilə söhbəti heç alınmırdı. Elə indi də bir -  birini anlaya biləcəkdilərmi? Bəlkə heç ümumiyyətlə  nə vaxtdan bəri düşüncəsini zəbt etmiş, ürəyində  həll olunacağını gözlədiyi  “saxlanqıc”ı da   açıb tökməyin  mənası yoxdu?  Ola bilsin qızı  yenə əvvəlki kimi: “Nə istəyirsən, açıq başa sal,  nə edək., imkanımız var”- deyə israr edəcək və sonda:  “nə istədiyini özün də bilmirsən” - deyə onu məzəmmət edəcəkdi.  Elə isə, onu çağırıb gətirtməyin nə mənası vardı . Qoca köksünü ötürdü.  
    Qoca bu qızını  o biri uşaqlarından daha çox sevirdi. Ərköyün böyütmüşdü onu. Bir sözünü iki etməzdi. Bu ərköyünlük deyəsən get-gedə hökmranlığa çevrilmişdi. Qızı o bir uşaqlara da hökm etməyə, onları idarə etməyə başlamışdı. Hamı onunla məsləhətləşir, onun qərarlarıyla razılaşırdı. Əlbətdə, bunun qocaya dəxli yoxdu. Qoca heç... O, özü hokmrandı. Əvvəllər olduğu kimi bu ailənin başçısıdır.  Nə dəyişib ki...?!
      Yuxarıdan qab – qacaq səsi gəlirdi. Qızı eyvanda tez-tez otərəf-bu tərəfə gedir, nəyisə yerinə qoymağa çalışırdı. Uzaqdan baxan kimi bilinirdi ki, səliqəli və zirək qadındı. Qızın uşaqlığını  xatırladı. Balaca, mavi gözlü oyuncağa bənzəyirdi o zaman. Bir kəlmə söz deyən kimi hündürdən  hönkürüb ağlayardı. İnadcıldı, istədiyini almayınca əl çəkməzdi. Hamını özüylə razılaşmağa məcbur edərdi.
     Qonşu qadın nədənsə gözə dəymirdi. Elə bil qəsdən evə çəkilmişdi.Qoca çəpərin alçaq yerindən bostana tərəf boylandı. Yaxınlıqdakı çöl quşlarını hündürdən söydü. Çəpərin arxasından xışıltı eşidildi.”Burdasanmış, burda dayanıb izləyirsənmiş, hiss etdirmirsən”. Ürəyində qadınla danışdı.      
      İstədi desin ki, qızım gəlib. Qoy görsün. Bilsin ki, tək deyil. Onu  tez-tez axtarırlar, qayğısına qalırlar. Nədənsə belə hesab edirdi  ki, bu qadın ona bir qədər rişxəndlə baxır, təkliyini ələ salır. İndi yaxşı məqamdı yerində oturtmağa., təkəbbürünü qırmağa.
       Qız eyvandan qadını gördü, aşağı endi. Onunla çoxdan görüşmədiyi əziz adamlar kimi görüşdü., şirin – şirin söhbət etməyə başladı. Qoca qızının  istiqanlılığına həmişə mat qalırdı. O, istənilən adamı dərhal  ələ almağı bacarırdı. Qadın da qızla əməlli- başlı söhbətə girişmişdi. Qoca gözaltı onları süzür, ürəyində sevinirdi. Qoy görsün qızım necə imkanlıdır, gözəldir. Paxıllıqdan ölsün... Yaxında olsa qızına qiybət də edərdi. Başa salardı ki: “bu qadın heç də sadə deyil, təkəbbürlüdür. Hələ evin dalındakı “əl damı”deyilən yeri də öz həyətinə  qatmaq istəyir”. Qızının onun gileyindən xəbəri yoxdu. Deyəsən atasını ciddi – cəhdlə ona tapşırırdı. Qadın da öz növbəsində dil –ağız edirdi ki, arxayın ol.Qocanın içinə bir məmnunluq, rahatlıq axırdı.
         Qadınla söhbətini bitirən qız  evana  qalxaraq ordan   atasını səslədi:
  -  Gəl, çıx  yuxarı  yemək  yeyək.
Qoca  ərköyünlük etmək  
istədi:
    - İstəmirəm, yeməyə meylim yoxdur.
      Qız onu ərklə danladı:
    - Yemək yemirsən, sonra başlayırsan şikayət etməyə ki, xəstəyəm, iştahım yoxdur. Son sözləri  bir qədər də ucadan söylədi. Deyəsən  sözlərini  qəsdən qonşu qadına eşitdirirdi.
      Bir az  ləngidikdən sonra eyvana qalxdı. Qız yenə də telefonla danışırdı. Əhvalının yaxşı olduğu uzaqdan bilinirdi. Atasını görüb tələsik sağollaşdı.
      Qoca dilxor oldu: “ Nə qədər telefonla danışmaq olar. Kimdir  axı bu adam?”  Hər halda Kamal deyidi. O olsa qızı belə  ehtiyatlanmazdı. Dodaqaltı kürəkəninin  dalınca qeyzləndi: “Qadını nəzarətsiz buraxmazlar. Əsl kişi qadına etribar etməməlidi”.Özünü saxlayanmayıb bir qədər sərt şəkildə qızına təpindi:
      - Kamal səni niyə tək buraxıb. Özü gətirərdi.
       Qızı dərhal narazılığını biruzə verdi:
      - Bilirsən ki, iş adamıdı. İki dəqiqədən bir çağırırsan. Nə edim  tək də olsa gəlməyə məcburam. Sonra atasını inciyəcəyindən ehtiyat edib üzündən öpdü, uşaq kimi burnunu sıxdı..
       - Gəl çörəyini ye!. Yenə hər şeydən gileylənmə!
    Son vaxtlar bu iradları çox eşidirdi. Hamı  sözü bir yerə qoyubmuş kimi onu gileylənməkdə, narazılıq etməkdə  danlayırdı. Ən çox da bu qızı onu  danlayır: “Bütün günü gileylənirsəın, bir bəhanə gəzirsən şikayət etməyə” -  deyirdi. Odur ki, özünü yığışdırmağa çalışdı.
   Yeməyi  ikisi də könülsüz yedi. Nəinki yeməyə, heç  danışmağa da  həvəsi yoxdu. Qızıyla götür-qoy edəcəkləri, danışacaqları  - hər şey qeybə çəkilmişdi. Başa düşdü ki, qızı ilə danışmağa elə bir söhbəti qalmayıb. Onsuz da lazım olanları uzun müddətdir davamlı görüşlərində hissə-hissə, anbaan danışıb əritmişdilər...
    - Kamal  sabah gələcək, nə deyirsən, gedirsən bizimlə?
  Qoca bu sualı neçənci dəfəydi eşidirdi.. Və bilirdi ki, bu hər ikisinin arasına bəndsiz, güvəncsiz körpü kimi atılmış bir sualdı və heç birinin bundan yapışmaq, xilas olmaq  fikri yoxdur. Qız atasının nə cavab verəcəyini bilirdi.
   - Hə, nə deyirsən?
 Qoca qızının sifətinə baxdı. Onun üzünün hamar, ağ dərisi ilan qabığına bənzəyirdi, par-par parıldayır, adamın gözlərini qamaşdırırdı. Gözlərinin dərinliyində xudpəsəndlik və hiylə qarışıq bir ifadə vardı.. Bu gözlərdən  umduğu sevgi və nəvazişi axtarıb tapmağa qocanın hövsələsi çatmadı.
- Həyətdən meyvə dər uşaqlar üşün.
   Qız əlindəki selofan torbanı götürüb dinməz-söyləməz onun arxasınca  həyətə düşdü. Ağacların üstü meyvəylə doluydu. Hər ikisi  həvəslə yetişmiş meyvələri torbaya yığdılar. Qoca artıq xeyli  dirçəlmiş kimi görünürdü. O, sevinclə ağacların arasında gəzişir, uşaq kimi suallar verir, ağacların budağını silkələyərdi.. Kənardan baxan elə düşünərdi ki, qızının getməyinə,  tezliklə  bu həyətdə azad olacağına sevinir. İstəyirdi ki, sevincini qonşu qadın da görsün. Qadın isə lap təzə gəlinlər kimi  qız gələndən  bəri  gözə  görünmürdü.
      Qoca artıq ürəyindəcə qızı ilə sağollaşmış, onu yola salmışdı. İndi qalan şeylər barəsində düşünürdü. Düşünürdü ki, sabah lazımi yerlərə gedəcək. Evin təmiri üçün müraciət edəcək. Həyət bacanı da səliqəyə salmaq lazımdı. Bilmək olmaz dünyanın işini. Əcəldi birdən sabah qapını döydü.   Dost var,  düşmən var.
   Ürəyində yas üşün qurulacaq mağarın yerini də müəyyənləşdirmişdi. Hər halda adam çox olacaqdı. Şəhərdən gələnlər, qohumlar, tanışlar. Hamı gələcəkdi. İstədi qızına desin ki, bir bənd bayatı var, məzar daşımın  üstünə yazdırarasn.  Ancaq fikrindən daşındı. Bildi ki, qızı onu danlayacaq, həm də qızın ürəyini qıracağından ehtiyatlandı.
    Qızı meyvə dolu torbalarını gətirib qapının ağzına qoymuşdu, yol tədarükü görürüdü. Sürətlə o tərəf bu tərəfə qaçır, heç nəyi yaddan çıxarmamağa çalışırdı. Telefonu qocanın yanında həyətdə qalmışdı. Telefonun zəngini eşidən kim özünü ora çatdırdı.
    - Yəqin Kamaldı - deyə atasına izahat verdi.
       Qocanın ürəyindən qızını uşaq vaxtlarda olduğu kimi cəzalandırmaq, əməlli-başlı tənbeh etmək keçdi.
       Ancaq qarşısında dayananın artıq bütün qərarları özü verən, dünyanın axar – baxarını onun özündən heç də az bilməyən, həm də onun tabeliyindən uzaqda dayanan birisi olduğunu dərk edib, bir söz söyləmədi. Yüngülcə köksünü ötürdü.
      Qızı onu qucaqlayıb kövrəldi:
  -  Özünə fikir ver, dərmanlarını at.Ürəyim sənin yanında qalacaq.
  Qoca istədi ki,  həyəti göstərib soruşsun: ” Bəs bu sükutu, sükutu neyləyək?”. Bildi ki, qızı  həmişəki kimi, yenə onu anlamayacaq.  Bir söz demədən onu  sinəsinə sıxdı. Ürəyinə bir doğmalıq,  hərarət axdı.
         Qız yolun ortasına çatıb yenidən  səsləndi:
  - Tez qayıdacağam. Yenə gələcəyəm.
Qoca artıq onu eşitmirdi. Fikri başqa yerdəydi. Həyətə qayıdıb bir xeyli aşağı – yuxarı  var-gəl etdi. Evə çıxmağa tələsmədi. Ətrafdakı sakitliyin səsini dinlədi. Bu dəfə sükutun, səssizliyin acığına ürəyindəkiləri hündürdən səsləndirdi:
   - Bu da bir  yazıdır, qədərdir.
    Qonşu qadın deyəsən onun səsini, hənirini duydu. Çəpəri adlayıb yanına gəldi. Qızın getdiyini gözləri ilə görsə də təkrar soruşdu:
   - Qız getdi?
      Qoca başının işarəsiylə onu  yanına çağırdı. Qadın on beş yaşındakı qız kimi nazlanaraq gəlib  yanında əyləşdi.
             - Birdən ölüb eləsəm xəbərin olsun. Ölüb evin  içində qalaram, heç kim bilməz, biabır olaram. İşığı yanılı qoyacağam. Əgər görsən ki, lampa uzun müddət sönməyib deməli ölmüşəm. Qalanını özün bilirsən. Onsuz da gözün bütün günü bizim həyətdədi...
      Bu sözləri bəlkə yüzüncü dəfəydi  söyləyirdi. Və hər dəfə də qadın onun “cavabını” lazımınca verirdi:
     - Ölən deyilsən, qorxma. Bizim hamımızı öldürüb sonra öləcəksən!
 Qoca onu sözlərində özünə qarşı bir nəvaziş, doğmalıq duydu. Qadından   tərif eşidirmiş kimi üzünə xüsusi təbəssüm qondu.   
 Qadına bir qədər də  yaxın əyləşdi.
     - Bir də ki, sənə nə isə pislik etmişəmsə bağışla,  mənə halal et. Hərdən acılamışam səni. Amma xətrini çox istəyirəm. Ən əziz adamsan mənə dünyada, inan buna. Qoca kövrəlmişdi.
   Qadın utandı. Elə bil qoca ona evlənmək təklif edirdi. Başını aşağı saldı. Ayağ qalxıb. özünəməxsus şəkildə sağollaşdı:
    - Sarsaq-sarsaq danışma!  Səhər tez dur, əncirləri yığmaq lazımdı. Belə getsə quşlar axırına çıxacaq
       Qoca bir söz demədən evə addımladı.Yerinə girib yorğanı başına çəkdi.Yenə də ildən uzun, quyu kimi dərin   bir gecə başlandı.
   Ertəsi  gün qocanın  eyvanında yanılı qalmış lampanın közərən  işığı uzun müddət sönmədi.  Günorta günəşinin arxayınlıqla göyün ortasına qalxmış  gur şüaları altında əriyən işıq,  getdikcə tamam görünməzə çevrildi.

Avanqard.net

Yenililklər
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.