Fərid Hüseyn - Ölüm deyil bir qadının yoxluğu
30.03.13
Ölüm deyil, bir qadının yoxluğu. Ən uzağı soyuq yemək deməkdi. Ən ötəsi, həvəssizcə əyninə, Təzə, amma qırış köynək geyməkdi.
Nə var onsuz yaşamağa, asandı. Cüt yataqda tək yatmaqdı “rahatca”. Eh-vay onla dil tapmaq da çətindi, neyləyirsən danışammır həyatca.
Ondan onsuz nə qalacaq? ötəsi... bir cütlənmiş çəkməsi var burada. Onu da ki, gizləyərəm uzağı. O əldəyməz, kimsəsiz yan odada.
Kitabları dağıdaram özümçün, yaddan çıxıb yanar xörək sobada. Unudaram, qalın paltar geyməyi: Rahat-rahat üşüyərəm havada.
Deməz "evdə, çəkmə bu zəhirmarı". Siqaretim qabındaca öskürməz. “Sevgi” sözü hər davada min dəfə, çiliklənib, yerə-yurda tökülməz.
Gedən-getsin qapım Novruz qapısı - gedənə də, gələnə də açıqdı. Bir cüt gözdü onu burda gözləyən. Onsuz axı yatmaq, olar? – Ayıbdı.
Avanqard.net
|