Elmar Şahmar - Sevgiyə elegiya
02.04.13
...uçmaq həvəsilə doqquzuncu mərtəbədən atılan qadın nəzərə almamışdı ömrünün qalan hissəsini sürünərək yaşamaq ehtimalını ömrünü sürünərək yaşadığı üçün...
... saçları ağaca ilişdi...
...ilk baharın ilıq küləyilə nəfəslənən ağac qışın soyuğundan ayrılmağına sevinsə də unutmuşdu yenicə açılmış çiçəklərinin töküləcəyini...
... yarpaqları da tökülüşdü...
...çiçəklər üstündə qadın cəsədi görüb kədərləndi skamyada əyləşib krossvord həll edən qoca “ölüm qorxusu?” sualına cavab axtarmaq üçün gəzişib geri döndüyündə...
... cavab yadına düşdü...
...əlində telefon, gözlərində Günəş sevgilisindən zəng gözləyən qızkən baxmaq istəmirdi qarşısındakı oğlanın “səni sevməyə hazıram!” baxışlarına Günəş onu kor etdiyindən...
... bəlkə də gözləri qamaşmışdı...
...təkbaşına darıxan qızcığazla oynamaq üçün yanına qonmağa hazırlaşan quş ölsə də inanmazdı balaca əldəki balaca daşa qurban gedəcəyinə...
... o bayaq uçan quşdu...
|