Kənan Hacı - Sənə məktub
22.04.13

Hekayə

“Varlığını görmədiyin qadının yoxluğu səni ağrıda bilərmi?”
Bu cümləni yazdı və dönüb arvadına baxdı; qadın ona baxıb gülümsəyirdi, o da gülümsədi və çalışdı ki, bir daha monitordan gözünü ayırmasın. Çünki fikri dağılırdı.
Doğurdan da həyatda heç olmasa, bircə dəfə görmədiyin bir qadından ötrü axı necə darıxmaq olar? Onun yoxluğuna necə ağrımaq olar? Onun nəfəsini hiss etmədən, ovcunda əllərinin ilıq, yumşaq təmasını duymadan onu necə arzulamaq olar? Ola bilərmi belə bir şey?!
Olarmış...  
Ağrı onun içində şirin-şirin gizildəyirdi; ömründə belə şirin ağrı görməmişdi, mazoxistcəsinə bu ağrını sinəsinə sıxıb buraxmaq istəmirdi. Qoy lap bu ağrı onu öldürsün, amma canından çıxmasın, deyə düşünürdü.  Ağrı  canından çıxsaydı, həyat yenə adiləşərdi, günlər bir-birinə oxşayardı; cansıxıcı, yeknəsəq...
Hərdən düşünürdü ki, həyat onun üçün heç bir çıxış yolu qoymayıb. Kifayət qədər qapalı adam idi. Özü belə hesab etməsə də ətrafdakılar onun haqqında bu qənaətdəydilər. Birlikdə çalışdığı yazıçı dostu facebookda onun haqqında çox maraqlı bir status yazmışdı:
“O, 8 saatlıq iş vaxtı 3 min işarəlik danışmır.”  
Onu bircə şey xoşbəxt edirdi – bilgisayar. İstər işdə, istər evdə bilgisayarı açan kimi monitordan qəribə, izaholunmaz dalğa ona sarı gəlirdi və onu qucağına alıb nənni kimi yırğalayırdı, bu dalğa hərdən sakitləşir, hərdən qəzəblənirdi. O, bu dalğanın əlində oyuncağa çevrilmişdi, hər şey onun iradəsi xaricində baş verirdi. Hisslərin burulğanına düşmüşdü... Öz vaxtını səxavətlə onun olmayana sərf edirdi. Axı bu, onun nəyinə lazım idi? Bu oyunun sonu necə olacaqdı? 
Yox! Bu, əsla oyun deyildi. Bəlkə məhəbbət oyunu idi? Yox! Məhəbbət oyun sevməz, zarafat xoşlamaz, onunla gərək ciddi davranasan. İnsanın içindəki sevgini  oyatmaq üçün başqası lazımdır. O başqası evli qadındırsa, bu, sənin günahın deyil. 
Bilgisayarı açdı, açan kimi də gözləri onu axtardı. Bu, artıq qarşısıalınmaz bir istəyə çevrilmişdi, çatda deyildisə, narahat olurdu, özünə yer tapa bilmirdi, eyvana çıxıb siqareti siqaretə calayırdı. Bu səbəbsiz hissin izahını tapa bilmirdi. Axı bu necə ola bilər? Düşünürdü ki, bu qadını heç vaxt heç yerdə görməyib, əli əlinə toxunmayıb, onunla nə bircə kəlmə, nə də bir qismət çörək kəsməyib, bəs bu nə doğmalıqdır, bu nə həyəcandır?! Onsuz çox darıxırdı, çox... 
Bu dərdi bir kimsəyə açıb deyə bilmirdi. Dərd... Qadının yazdığı status onu kədərləndirdi.
“Zamanında sevə bilməyənlə zamansız sevənin dərdi eynidir.”
Onlar eyni dərdə ortaq idilər. Hərəsi bir tərəfdə bu dərdin altında əzilirdilər. Bəlkə də belə deyildi. Amma ona elə gəlirdi ki, qadın da əzab çəkir, bu, onun üçün ikiqat işgəncəydi.
Qadın çox uzaqdaydı. Bu qədər uzaqdan onu görürdü, onun nəfəsinin titrəyişini hiss edirdi, sözlərin, nöqtə-vergüllərin arasından qayğılı gözlərindəki narahatlığı hiss edirdi. Onun uzaqlığı dağın uzaqlığına bənzəyirdi; axı dağ uzaqdan bütöv və əzəmətli görünür.
Həyatında heç vaxt, heç vaxt belə hisslər yaşamamışdı! Hisslərinə heç cür yiyəlik edə bilmirdi. Amma hələ ki, eyhamlar, işarələr, sətiraltı mənalarla danışırdılar. Heç biri nəyisə etiraf etmək istəmirdi. Qadın tez-tez onu   “qorxaq”, “cəsarətsiz” deyərək cırnadır, istədiyi, inadla gözlədiyi sözü ondan almaq istəyirdi. Hər halda ona belə gəlirdi.
Söhbətləri tuturdu, müxtəlif mövzularda çox rahat şəkildə danışırdılar. Həyata, dünyaya baxışlarında da ortaq nöqtələr vardı. O, həyatında fikirlərini, hisslərini bölüşdürməsi mümkün olan yeganə qadın idi. Yazışdıqları zaman qəfildən bunu anladı və deyəsən senzuradan kənar nəsə yazdı. Qadın incik ədayla:  “belə eləmə...” yazdı.
Narahat oldu, özünü ələ almağa çalışdı. Dəhlizə çıxıb siqaret yandırdı. Var gücünü toplayıb sirrini faş etməməyi qərara aldı. Qadın isə elə hey onu cəsarətsizlikdə günahlandırırdı. 
Vurulmaq xoşbəxt olmaq üçün yetərli deyil. Axı kimə vurulmaq? Bu, mümkün deyil, onun əri var, əriylə xoşbəxtdir, hər gecə bir yastığa baş qoyurlar, hər ikisi bundan məmnundur. Bəs sən kimsən? Sadəcə, bir miskin. Ağlını itirmiş səfeh. Sən busan. Sən vicdansızsan. Bütün bunları bilə-bilə yenə də onunla yazışırsan...
Amma özüylə bacara bilmirdi, güzgüdə dayanıb ordakı əksinə tüpürürdü, içirdi, özünə cəza verirdi. Ölmək istəyirdi, ölmək! Artıq hisslərini cilovlaya bilmirdi. Vəziyyət təhlükəli həddə çatmaqdaydı. Qadınsa şıltaqlığından əl çəkmirdi, vəziyyətin bu qədər ciddi olduğundan xəbərsizdi...
Qəribə bir çaşqınlıq əhval-ruhiyyəsi içindəydi.  Amma işdən sonra evdə heç nəyi zərrə qədər də büruzə vermirdi. Üzündəki tox və təmkinli ifadəni qoruyub saxlaya bilirdi. Hər gün gecə yarıdan keçənə qədər bilgisayarın arxasında oturmaq illərdən bəriydi ki, həyat tərzinə çevrilmişdi, təzə evlənən vaxtlarda arvadı hər gün evdə dava salırdı ki, bircə dəfə başını qaldırıb baxmırsan ki, evdə səndən başqa da bir insan var. O isə əsəbiləşirdi, qışqırırdı:
-Mane olma! Yazı yazıram.
Tədricən arvadı onun bu həyat tərzinə alışmağa başladı. Bir ara yazdıqlarına görə də qısqanırdı, ağlayırdı. Amma sonra deyəsən birdəfəlik anladı ki, yazarlar islaholunmaz məxluqlardır.
...Hər şey haqda danışırdılar - ədəbiyyat, musiqi, ailə, din, siyasət, hətta vağzal fahişələrinə qədər bütün mövzularda fikir bölüşürdülər. Amma tək bir mövzudan danışmağa ikisi də çəkinirdi. Sevgidən yayınırdılar.
Bir dəfə təsadüfən bu haqda söz düşdü, bir-birlərinə həyatlarında olan sevgilərdən danışdılar.  
Qadın yazdı:
-“Biri vardı, 14 il əvvəl məni orta məktəbdə sevib, mən də onu. Amma bunu iki –üç ay öncə bildi”.
O, yazdı:   
-“Amma mənim həyatımda 17 il əvvəl bir qız olmuşdu, onu dəlicəsinə sevirdim, o da məni sevirdi. Sonra biz ayrıldıq... Sonra eşitdim ki, onlar Bakıdan köçüb gediblər. Amma hara ? Bilmədim. Bu yaxınlarda tanımadıığım bir qız dostluq göndərdi, şəkil yerində elə-belə qız fotosuydu, adı da tanış gəlmədi, qəbul elədim. Sonra gördüm ki, bu mənə elə mesajlar yazır ki, həmin o çağları xatırladır, sən deyir, bu cür geyinirdin, filan yerdə yaşayırdın, filan siqaretdən çəkirdin. Deyirəm, sən məni tanıyan adamsan, de görüm kimsən? Əsl ad-familiyasını yazdı... Bir anda o xatirələr canlandı. Mən uzun illər o qızı axtarmışdım... Amma...” 
Beləcə, sevgiyə keçid aldılar. Onun yaşantıları təcrübəsiz gəncliyin yöndəmsiz duyğularından heç nəylə fərqlənmirdi. Hərdən oturub özü özünə gülürdü. Bu cür şiddətlə çox- çox əvvəl sevmişdi, indi o korşalmış hisslər yenidən dirilirdi, bütün damarlarına yayılırdı. Sanki uzun müddətdən bəri quraqlıqdan əziyyət çəkən torpağa yağış tökmüşdü.
O, yazdı:
-“Sonralar bir də belə kədərli eşq macərası yaşamadım.”
Qadın yazdı:
-“Yaşamazsan, inşallah! İndidən sonrası ən acısı ola bilər axı... Evli birinin məhəbbəti. Dəhşətli bir şeydir, kişini məhv edir...”
O, acı-acı güldü: “Artıq başlanıb... Səninsə xəbərin yox...”
Amma bunu yazmadı.  Qarşı tərəf isə sövq- təbii qadın duyğusu ilə artıq hər şeyi anlamışdı.
Qadın düşünürdü ki, bizi kişilər anlamaz. O isə nəyləsə əksini sübut etmək istəyirdi. Mübahisə edirdilər, heç biri mövqeyindən bir addım da geri çəkilmirdi. Amma çox hallarda fikirləri üst-üstə düşürdü.
Qadın ona gülürdü, tez- tez onu cırnadırdı, cəsarətsizsən, deyirdi. Amma o, qadını yaralamaq istəmirdi. O sözü dilə gətirmək istəmirdi; sinəsindəki ağrının adını çəkmək istəmirdi. Eləcə sinəsini ovuşdurmaqla o ağrını ovudurdu,   lap belə dözülməz olanda  o ağrının üstünə şərab tökürdü, onda da bu ağrı bir ayrı cür göynədirdi.
Qadın isə ittihamlarından əl çəkmirdi, intizarla, həyəcanla  o sözü gözləyirdi. O isə demirdi. Qadın növbəti dəfə həmləyə keçdi:
-“Cəsarətsizsən. Ağrının adını da deyə bilmirsən...”
Ağrı gəlib boğaza dirənmişdi və o, qışqırdı :
-“Ağrının adı SEVGİ! Bunu istəyirdin?! Mən cəsarətsiz adam deyiləm!”
Uzun müddət sükut yarandı. Çox həyəcanlandı amma. Yenə dəhlizə çıxıb siqaret yandırdı. Özünü qınadı: “Nahaq yazdım, nahaq... Bu necə sevgidir axı? Bu sevgi civə kimidi, açıq ovucda saxlasan da yumruğun içində saxlamaq olmur.”
Dünya insanları belə də görüşdürür. Bir şəhərdə yaşaya-yaşaya, görüşmək üçün iyirmi dəqiqəlik məsafə ola-ola bu qısa məsafənin arasında monitora əsir olub .
-“Romantika yaşa baxmır. Qəfil gəlir...”
-“Sevgi kimi...”
Əhvalı tez-tez pisləşirdi, amma özünü sındırmayıb bunu büruzə vermirdi, əzabı təkcanına çəkirdi. Amma xəttin o başındakı qadın da əzab çəkirdi. 
Bütün bu əzablara  bais olduğu üçün özünü söyürdü, yamanlayırdı. Belə vəziyyətdə ölmək məmnuniyyətlə onu qane edərdi.
Bir halda ki, bir-birilərini məhəbbətdən partlayana qədər,  xoşbəxtlikdən ağlayana qədər sevməyəcəkdilər, bir halda ki, bu qadın ona məxsus deyildi, o, hər gecə başqa birisini xoşbəxt edirdi, onda başqa çıxış yolu qalırdımı?
Hər gün sərxoş olanacan içirdi ki, mümkün qədər başqa şeylər haqqında düşünsün, amma əks effekt alınırdı. Səhər yuxudan ayılanda özünə gülürdü, özü özünə təlqin etməyə çalışırdı ki, bu, ağılsızlıqdır, axı belə olmaz. Sən də, o da ailəli adamlarsınız, bu nə axmaq sevdadır, sənin başına düşüb? Axı bunun axırı faciə ilə nəticələnə bilər, sən başqasının da həyatına zəhər qatırsan. O da iztirab çəkir.
Çifayda!.. Bütün bu müvəqqəti  “ağıllanmalar” işə gəlib bilgisayarı açana qədər çəkirdi, artıq hər gün qeyri- ixtiyari birinci facebooku açırdı və burdan o yana dəlilik başlayırdı; duyğular bir andaca ağlını nəzarətdən çıxarırdı. Düşünürdü ki, bu, elə əsl sevgidir ki, var! Bunun başqa izahı yoxdur. O da bu cür sevirdi...  
Bundan sonrakı danışıqlarda cümlələr çırpınır, arada qırılır, fasilələr yaranırdı. 
Çox vaxt qadın öz ürəyinin açarını başqa bir kişiyə verdikdən sonra elə ertəsi günü qıfılı dəyişdirir.  Vaxt keçdikcə onların  arasındakı danışıqlar daha da məhrəmləşirdi, daha da istiləşirdi. Qəfildən zərbə!
-“Səni blok edəcəyəm!”
Yenə həyəcanlandı. Düşündü ki, bəlkə senzuradan kənar çıxdı, ona toxunan nəsə söz yazdı? Amma o, xəttin o başındakı qadının halını bəlkə də tam təsəvvür edə bilmirdi. Qadın bəlkə də ona acıyırdı, vəziyyətin bu həddə çatmasında özünü günahkar bilirdi, gərək öz şıltaqlıqlarıyla onu bu qədər yaxına buraxmayaydı, amma indi heç cür uzaqlaşdıra da bilmirdi. Neyləsin? Özünü idarə edəcək durumda deyildi. Onun  “niyə?” sualına belə də cavab verdi:
- Mən də özümlə bacara bilmirəm artıq...
Qadın da sevirdi... Amma onu yox, ərini. O da Allaha yalvarırdı ki, bu qız ərini sevsin, yoxsa onun işi fəna olardı. Günaha batmaq istəmirdi. Xoşbəxtlikdən o, ərini sevirdi. 
Qadın özüylə bacara bilmirdi, onu belə dəlicəsinə sevən zavallının ümidlərini qırmaq, onun üçün açılmış bu balaca nəfəsliyi də qapamaq istəmirdi. Ailəli qadından sevgi dilənən bu başdanxarabı özündən necə uzaqlaşdırsın bəs? Ən yaxşısı onu blok etmək, ya da facebook hesabını bağlamaqdı. 
Başqa çıxış yolu görmürdü. Əks halda vəziyyət günbəgün təhlükəli həddə çatmaqdaydı. Onun halı hər gün daha da pisləşirdi, artıq işdən çıxıb evə yox, kafeyə dönürdü, çarəni içməkdə görürdü. Arzuların gerçəyə çevrilməsi üçün nəsə etmək lazım gəlirdi. Amma o, heç nə edə bilməzdi, edə biləcəyi tək şey özünə qəsd etmək idi. Haçansa bunu edəcəkdi. Onda ki, facebooku açanda daha onu görməyəcəkdi, hal-əhval tutmayacaqdılar, zarafatlaşmayacaqdılar, bir-birlərini sancmayacaqdılar, küsməyəcək, barışmayacaqdılar, ürəyi həyəcandan çırpınmayacaqdı, bax, onda dəhşətli dərəcədə darıxacaqdı. O, bundan qorxurdu. Bir gün, iki gün, üç gün, axır dözməyəcəkdi, özünü cəzalandıracaqdı. Hökmən cəzalandıracaqdı. Amma heç kəs bilməyəcəkdi ki, o, niyə özünə qəsd etdi...
O, intiharın ən əzablı yolunu seçəcəkdi; özünü hər gün, hər saat, hər dəqiqə, hər saniyə misqal-misqal, damla - damla öldürəcəkdi. Ətrafındakılar bunu görməyəcəkdilər, bir gün görəcəkdilər ki, dağ boyda adamın yerində şamın sonuncu şöləsi kimi çırpınan çıqqılı bir işıq öləziməkdədir. Bu çıqqılı işıq onun yeganə diri qalan gözlərində çırpınacaqdı, çırpınacaqdı və sonda o da sönəcəkdi...
Bir səhər növbəti, bu dəfə daha dözülməz zərbə gəldi:
-Bilirsən, mən oyun oynayırdım. (!!!)
Zərbə hədəfə dəydi. Amma o, özünü itirmədi:
-Əla! Amma çox gözəl alındı!
Axı o, bilmirdi ki, qadının bu amansızlığı ondan daha çox özünü incidir.
-Bağışla... Sonu bu cür təsəvvür etmirdim...
Demək hər şey bitdi?... Yəni sevən bir insanın əzablarıyla oynamaq bu qədər asanmış?! Bu qadın onun xəyallarında qurduğu xoşbəxtlik sarayının külünü göyə sovurdu – tək bir cümlə ilə! 
Hələ bu, harasıydı?! Zərbə zərbə dalınca gəlirdi! Ah, insafsız qadın! Sənin başqa çıxış yolun yoxdur... Onun bu amansız zərbələri yumşaq qadın yumruğu kimi kürəyinə dəyirdi və onu şirin-şirin göynədirdi...
-Sən kişisən, bu gün arvadına xəyanət etdiyin kimi, sabah da mənə xəyanət edəcəksən, o birisi gün başqa birisinə!
Ağır oldu. Bu zərbədən əməlli-başlı təntidi, boğuldu, demək istədiyi bütün sözlər gücünü itirdi, mənasızlaşdı. Təkcə bunu yaza bildi:
-Düz deyirsən, mən bundan da artıq sözlərə layiqəm! Mən əbləhin biriyəm, alçağam, vicdansızam, şərəfsizəm!!!
Yazdı və cavab gözləmədən noutbukun qapağını çırpdı. Arvadı yatırdı. Hər şeydən xəbərsiz... Geyinib evdən çıxdı, hara gəldi baş alıb getmək istəyirdi. Çöldə şaxta vardı, qar yağırdı, amma o, bu soyuğu hiss etmirdi, bütün əzaları keyimişdi. Qəfildən küçənin ortasında hönkürməyə başladı.
-Axı mən niyə bu qədər zəifəm, niyə???? Niyə özümlə bacara bilmirəm? Yox, bu, oyun ola bilməz! Ola bilməz! Sevgidir bu, zalım sevgi!.. Qəfil şimşək kimi başımın üstünü alan sevgi!.. Göylər kimi altından qaça bilmədiyim sevgi!.. Hara qaçsan da bu göy üzü qurtarmayacaq! Qurtarmayacaq, ilahi!..
Yaxınlıqdakı kafeyə girdi. Birinci dəfəydi ki, araq ağrılarını keyitmirdi, arağın bu ağrını keyitməyə gücü çatmırdı... Bu ağrı alova dönüb bütün bədənini bürüyürdü, araq içdikcə elə bil odun üstünə benzin tökürdün. Beyni uğuldayırdı, bu sözlər iynəsi ilişmiş val kimi elə hey beynində təkrarlanırdı:
“O, düz deyir, mən xəyanətkaram,  xəyanətkaram,  xəyanətkaram....”
Yarım saata bir qutu siqaretin axırına çıxdı. Axırda kafenin sahibi divardakı saata baxıb ona yaxınlaşdı və əlini onun çiyninə qoyub  yavaşca  “get, yat dincəl, get” dedi. Divar saatının əqrəbləri  gecə ikini göstərirdi. 
Adəti üzrə, sübh tezdən qalxıb yuyundu. Arvadı yuxulu –yuxulu mızıldandı:
-Gecə niyə gec gəldin?
-Hə, kafedəydik, uşaqlarla domino oynayırdıq...
Arvadı daha heç nə demədi. Əcəb “domino oynamaq”  idi!..
Özünə söz verdi ki, daha işdə facebooku açmayacaq. Daha dözmək olmur, həvəsdir, bəsdir.  Mümkün qədər onu düşünməyəcək, çalışacaq ki, bir müddət hər şeyi unutsun.
 İlk saatlar hər şey öz qaydasındaydı,  o, ancaq öz işiylə məşğul idi. Tədricən hiss etdi ki, darıxır, dünən də noutbukun qapağını qəfildən çırpıb onunla əlaqəni kəsmişdi. Kitab oxumaqla başını qatmaq istədi, amma az sonra yenə gəlib bilgisayarın arxasına keçdi və facebook səhifəsini açdı, tez inboxa baxdı. Qadının  dünən oxuya bilmədiyi mesajını indi oxudu. O, yazmışdı:
“İlahi, peşiman oldum!..”
Heç nə yazmadı. Fikirləşdi ki, yəqin dünən əlaqəni qəfildən kəsdiyinə görə qadın ondan inciyib. Başqa saytlara baxdı, maraqlı xəbərləri oxudu, yenə çata baxdı ki, görsün qızdan xəbər varmı. Onun səhifəsini açdı, təzə statuslar yox idi. Yenə narahatlıq qızdırma kimi canını bürüdü. Qızdan xəbər çıxmırdı, axı indiyə çoxdan çatda olmalıydı?
Axır ki, çatdan səs çıxdı! Səsə elə diksindi ki, böyründə oturanlar çevrilib təəccüblə ona baxdılar. Özünü o yerə qoymadı. 
-Salam, necəsən? Dünənki söhbətə görə üzr istəyirəm...
-Salam, sən necəsən? Olan şeydi, boş ver.
-Amma istəsən də, istəməsən də, dediklərim həqiqətdir.
-Yenə başladın?- əsəbiləşdi.
Bundan sonra mövzunu dəyişdilər. O, bir neçə gün əvvəl qadına demişdi ki, bir hekayə yazıram və o hekayəni sənə həsr edəcəyəm. Qadın hər gün o hekayəylə maraqlanırdı və o hekayənin müəllifi və əslində qəhrəmanı da beləcə, xoşbəxt olurdu. O,  çatda qadına deməyə cəsarət edə bilmədiyi intim duyğularını bu hekayəyə səpələyirdi, ağrını canından bu yolla çıxarmağa çalışırdı, beləcə rahatlaşırdı, yüngülləşirdi, təsəlli tapırdı... Əlinə qələm aldığı gündən bəri öz yazısından bu dərəcədə ləzzət aldığı olmamışdı, yaza-yaza bu dərəcədə xoşbəxt olmamışdı!
Özünü büsbütün hisslərinin, duyğularının ixtiyarına vermişdi; bu hekayədə yalan söz, süni nəfəs olmamalıydı, qoy lap söz boğulsun, çabalasın, haray salsın, amma özü nəfəs alsın!
Qadın facebook səhifəsini bağlamaq qərarına gəlmişdi, amma israrla bildirirdi ki, buna səbəb sən deyilsən. Onun üçün dözülməz olacaqdı, darıxacaqdı, sonra lap vəhşi kimi darıxacaqdı, bəs sonra necə olacaqdı?... Görəsən, qadın da onun üçün darıxacaqdımı? Amma yazırdı ki, “iki günə məni unudacaqsan, heç yadına düşməyəcəyəm.” Qadın belə yazanda az qalırdı dəli olsun. Axı o, niyə belə düşünürdü? Mən ona sübut edəcəyəm ki, unutmayacağam! Bu sevgimi ölməyə qoymayacağam! Qoy qadın heç onu sevməsin, ona nifrət eləsin, onu tamam yaddan çıxarsın. Amma o, bu sevgini, öz sevgisini ölməyə qoymayacaqdı, həyatının sonuna qədər bu sevgi ona bəs edərdi! O, taledən bundan başqa heç nə istəmirdi. Heç nə!
Bu sevgi əvvəlcə onu göynədəcəkdi, içində dərin yara açacaqdı, sonra tədricən xatirəyə çevriləcəkdi və o, ürəyi üzülüb saplağından qopan ana qədər bu xatirəni köksündən qoparıb atmayacaqdı. Allah onu belə yaratmışdı, ona çəkə biləcəyi bir yük vermişdi.  O, öz günahsız sevgisinin diri gözlü şəhidi idi.
Sonuncu gün qadın yazdı:
-Sənə bir sirr açım. Qadın hansı şəraitdə olursa-olsun, sevildiyini biləndə xoşbəxt olur!
Onun bu qadını sevməyə haqqı çatmırdı, amma ürək bütün qadağalara meydan oxuyurdu. O, yazdı:
-Demək, sən dünyanın ən xoşbəxt qadınısan!
Cavab gəldi:
-Amma nə acılar ki, məni sevənləri xoşbəxt görə bilmirəm...
O, yenə yazdı:
-Öz sevgisiylə bir qadını xoşbəxt edə bilən kişinin özü də xoşbəxtdir!..
Bu xoşbəxtlik ona bəs idi. O, bu xoşbəxtliklə qol-boyun olub rahatca ölə bilərdi. 
Çünki bu xoşbəxtlik öldürücü xoşbəxtlik idi...    

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.