Ramiz Rövşənlə müsahibə
22.04.13

-Ramiz müəllim, mətbuatda görünmürsüz son vaxtlar. Deyə bilərsizmi, sizinlə həmsöhbət olmaq istəyənlərin sizi tapmağı niyə bu qədər çətindir? Axı siz bu gün Azərbaycandasız...

-Sözün düzü, danışmaqdan adam yorulur. Həm də ki, bu son 20 ildə mən həddən çox danışmışam. Elə bu illər ərzində qəzetlərə verdiyim müsahibələr azı bir cild eləyər. Təəssüf ki, o müsahibələrdə bir-birini təkrarlayan suallar da çoxdur. Eyni suallara hər dəfə təzə cavab verməksə çətindir. Bir də ki, şairin vəzifəsi danışmaq yox, deməkdir. 

-Deyirlər ki, Azərbaycan ədəbiyyatında Allaha deyiləcək sözləri Ramiz Rövşəndən soruşmaq olar, Allaha ediləcək duaları R. Rövşən şeirləri ilə çatdırmaq olar...

-Vaqif Səmədoğlu demişkən:
“Yazmadığım beş-on şerim,
beş-on duam qalıb sənə.”
Bəxtiyar Vahabzadə isə deyirdi ki, şeirlərim özümün-özümə məktublarımdır. Təəsüf ki, mobil telefonlar çıxandan bəri nəinki özümüz-özümüzə, heç bir-birimizə də məktub yazmırıq. Hətta sevənlər də bir-birinə məktub yox, sms göndərir. Necə deyərlər, bir vaxt SSRİ idi, indi SMSRİ-dir. Siz klassikləri xatırlayın, görün onlardan qalan cild-cild məktublar nə boyda xəzinədir. Bəzən o məktublar həmin yazıçıları bizə onların romanlarından daha yaxşı tanıdır. Təəssüf ki, texnikanın inkişafıyla ədəbiyyatın bütöv bir qanadı, epistolyar janr yoxa çıxmaqdadır.
O ki, qaldı Allah və şair münasibətinə, Mövlanədən, Yunus İmrədən üzübəri bir çox ilahi həqiqətlər məhz şairlərin dilində səslənib. 

-Niyə məhz şairlərin? 

-Bəlkə şairlərdən başqa da ilahi həqiqətləri bilən, hətta daxilən şairlərdən daha zəngin olan insanlar var. Amma məsələ təkcə nəyisə bilməkdə deyil, həm də onu ifadə eləmək bacarığındadır. Bu baxımdan, şair hardasa bütün dilsizlərin dilidir. Elə bil hər şey, daş da, ağac da, külək də, yağış da, hamısı şairdən keçib dil açmaq istəyir.

-Bu o deməkdimi ki, dünyanın bütün dərdləri gəlib şairin içindən keçir?

-Yəqin belə də demək olar. Amma şairlər də cürbəcürdür. Fizikanı yada salın. Bir var mərkəzəqaçma, bir də var mərkəzdənqaçma. Bir var Fizuli, bir də var Sabir. Fizuli yazdığı bütün obrazları özündən keçirib onlara öz şəklini verir. Bu mənada Leyli də, Məcnun da, hətta İbn Səlam da Fizulinin özüdür. Sabir isə əksinə, sanki hər yaratdığı obrazdan keçib onun şəklini alır. Mollanın da, fəhlənin də, əkinçinin də, hətta Xanbacının da. Zahirən baxanda bir-birinə tam əks olan iki şairdir, amma hər ikisi dahidir. Elə bunun özü göstərir ki, poeziya üçün birmənalı qanun yoxdur. 

-Şair şeirdə ölürmü, yaşayırmı?

-Söhbət əsl şairdən və şeirdən gedirsə, hər şeirdə bütöv bir ömür yaşanır. Amma bir həqiqət də var ki, əsl şeir son nöqtə ilə bitib qurtarmır, o hər oxucuyla yenidən doğulur. Tolstoy deyirdi: “Ədəbiyyat insanları tənhalıqdan xilas edir”. Görün bir şeirin başına nə qədər adam yığışır? Ocaq başına yığışan kimi. O ocaq həm işıqdı, həm isti. Bəlkə ürəyin ən sıxıntılı vaxtlarında, qaranlıqda, zülmətdə yığışırlar. Hər oxucu öz kədərini, ümidini, sevgisini gətirir. Mahiyyətcə şeir, poeziya, ədəbiyyat insanları birləşdirməyə xidmət edir. Bu o demək deyil ki, insanları kollektivləşdirir, xeyr, doğmalaşdırır, bir hissin, duyğunun başına yığır. İnsan özünə həmdərd tapır. Fizuli necə deyirdi? “dərd çox, həmdərd yox”. Sözün hərfi mənasında bəlkə də heç həmdərd tapa bilmirdi Fizuli, amma şeirləri görün nə qədər həmdərd topladı onun başına. Bax, budur poeziya.

-Vaxt vardı bizim şairləri oxuyanda şeirlərindən yaz qoxusu, bənövşə ətri gəlirdi. Bu gün Azərbaycan ədəbiyyatı ziyalı itirir, illərlə kitablarıyla böyüdüyümz insanları itirməklə məşğuldu...

-Bu itkilərin ən təbiisi fiziki itirməkdi. İnsan yaşadı, öldü. Bu itkiyə, nə qədər ağır olsa da, dözmək olur. Bir də var mənəvi itirəsən, tanıdığın, inandığın, sevdiyin adamlar zaman keçdikcə dəyişsinlər, sənin sevginə layiq olmasınlar. Məncə, bu daha ağır itkidir.
O ətrin, qoxunun itməsinə gəlincə, əsas səbəblərdən biri budur ki, dünya çox mexanikləşib. Nə qədər qəribə olsa da, insanların həyatıyla, məişətiylə dünyanın texniki inkişafı bir-birinə çox bağlıdır. Kopernik nəzəriyyəsinə görə Yer kürəsi həm öz oxu, həm də Günəşin ətrafında fırlanır, deyilmi? Rus filosofu Qaçev deyir ki, XIX əsrin məşhur “Vals” rəqsi də məhz bu nəzəriyyənin ifadəsidir. Sonra gəlir XX əsr, nisbilik nəzəriyyəsi, arxasınca Kvant, qırıq dalğalar... Və bunlar hamısı qəribə bir şəkildə öz təsirini mədəniyyətdə, incəsənətdə, musiqidə, hətta rəqslərdə göstərir. Mən hələ bu gün həyatda da, sənətdə də baş alıb gedən mənəvi-əxlaqi deqradasiyanı demirəm. Yəni, hər şey nisbidirsə, heç bir əbədi dəyər yoxdursa, deməli, nə istəsən etmək mümkündür. 
İndi bizim yaşadığımız dövr istifadəçilər dövrüdür. Elə bil ki, yaradıcılar dövrü öz yerini verib istifadəçilər dövrünə. Mahiyyət etibarilə, sivilizasiya mədəniyyətin ən yüksək nöqtəsi olmaqla yanaşı, həm də ölüm nöqtəsidir. Mexanikləşir hər şey. O şey ki, qabaq diriydi, canlıydı, hərəkətdəydi, artıq mexanikləşir. Və bu mexanikləşmə, istifadəçilik həm də keçir insan münasibətlərinə, sevgiyə, ədəbiyyata. “Hər şeydən bir az” prinsipi bədii yaradıcılığa da yoluxur. Bu prinsip poeziyaya tamamilə yaddır, çünki şairliyin birinci şərti bənzərsizlikdir. Qəribədir, əsl şairlər əsrlər boyu ən əbədi hissləri hər dəfə yenidən sənə deyirlər. Və onların dedikləri də hər dəfə yeni və gözlənilməz olur. Bunun səbəbi səmimiyyətdədir. Hər bir insan səmimi olduqca maraqlıdır. Şair də o cümlədən. 
Mən o fikirlə razı deyiləm ki, şair yaşlandıqca təcrübəsi artır, ustalaşır. Xeyr, hər yaşında şair səmimi və təbiidirsə maraqlıdır. Bir də ki, yaş məsələsi özü də şərtidir. Svetayeva deyirdi ki, “Bizim övladlarımız bizdən yaşlıdır”. Nəyə görə? Biz onlardan yaşlıyıq keçmişə görə, onlar bizdən yaşlıdır gələcəyə görə. Svetayevanın bu fikrini bir az xırdalasaq, maraqlı mənzərə alınar. Məsələ burasındadır ki, bizim yaşadığımız, yəni onların görmədiyi keçmişdən balalarımızın xəbəri var. Özümüz danışmışq, kitablardan oxuyublar. Amma onların yaşayacağı, yəni bizim görməyəcəyimiz gələcəkdən isə xəbərimiz yoxdur və olmayacaq da. Bununla belə, bu gün bizim bütün etdiklərimiz, yazdıqlarımız gələcək üçündür, ən azı unudulmamaq üçün... 
-Bu yaxınlarda bir şeirinizi oxudum...
Burda dava çoxdan bitib,
Hər yanda çal-çağırdı.
Ölən ölüb, itən itib,
Bayraqlar qan içində...

Bu kədərli misraları nə vaxt yazmısınız?

-Azı on il bundan əvvəl, kədərli bir vaxtımda. Amma o şeirdəki ağrı və kədər yəqin mən duyduğumdan, hətta yazdığımdan da artıqdır. Çünki, hər hansı bir şeirin təsir gücünü, ordakı hissin, fikrin dərinliyini tam dəqiqliklə ölçmək qeyri-mümkündür. Şeir təkcə şairin yox, həm də oxucunundur. Şair hər yazdığı şeirə öz ömrü, ağlı və hissiyyatıyla gəlib çıxdığı kimi, oxucu da hər oxuduğu şeirə öz ömrü, ağlı və hissiyyatıyla gəlib çıxır. Və müxtəlif oxucular eyni şeirdən tamamilə müxtəlif mətləblər, nəticələr çıxara bilərlər. Ümumiyyətlə, gözəl şeir nədir? Məncə, o şeir gözəldir ki, ona bir misra da artırmaq, ya azaltmaq mümkün deyil.
Bir neçə il bundan əvvəl oğlum arxivimi toplamağa başlayanda gördüm ki, kifayət qədər məşhur olan şeirlərimin ayrı-ayrı misralarının, bəndlərinin, bəzən hətta sonluqlarının başqa variantları da varmış. Mən o variantları pozmuşamsa, deməli hiss eləmişəm ki, bu son deyil, bundan daha gözəli var. Əgər bir şey yoxdursa, sən onun varlığını necə hiss edə bilərsən, ona sarı necə gedə bilərsən? Deməli, bizim yazdığımız hər misranın, bəndin ən gözəl variantı doğrudan da da var, amma bunu duymaq, o varianta doğru getmək hər şairin işi deyil. Əgər insan daxilən səmimiyyətini itiribsə, istəyir nə qədər böyük şair olur olsun, artıq o yol onun üçün bağlanır. Şeir mənəvi hadisədir, ruh hadisəsidir. 

-Ramiz müəllim, yanılmıramsa, sizin şeirlərinizdə bir sevgiliyə edilən küskünlük kimi incə bir sitəm var...

-Mənim dünyada ən sevdyim adam atam olub. Anamı da çox sevirdim. O, bu yaxınlarda rəhmətə getdi. Nə qədər qəribə olsa da, mənə elə gəlir ki, anama borclu qalmamışam. Mən onu doyunca sevdim, o da məni. Bir də ki, anam atamdan sonra on il yaşadı. Bu qədər yaşamağından sanki özü də utanırdı, getmək istəyirdi. Amma mən onu getməyə qoymurdum, həkimlərin, dərmanların köməyilə saxlayırdım. Atam isə öləndə 82 yaşı olsa da, hiss eləyirdim ki, yaşamaqdan doymayıb. Bu günəcən mənə elə gəlir ki, ona bayramlar düzəldə bilərdim, onun ömrünü azı dörd beş-ay da uzada bilərdim. Amma olmadı, bu hiss hələ də mənə rahatlıq vermir. Sözümün canı odur ki, mənim bu dünyada atam qədər sevdiyim və atam qədər də həssas olduğum ikinci bir adam olmayıb. Xüsusən cavanlıqda ondan daha çox küsürdüm, inciyirdim amma hamıdan da çox sevirdim.

-“Qara paltarlı qadın” və bu səpgidə digər şeirləriniz nəyin bəhrəsidir? Ramiz müəllimin həyatında elə bir məqam varmı ki, o onun sarı simidi?

-Bilirsiz, əvvəla “Qara paltarlı qadın” və digərləri hərəsi bir məqamın, bir hissin mənzərəsidir. Amma qadınlarla bağlı mən həmişə düşünürəm ki, Yevtişenko doğru deyib: “Görün biz qadını nə qədər alçaltmışıq ki, onu kişiyə bərabər tutmuşuq?” Həmişə demişəm, qadın kişinin başının tacıdır. Qadın yeganə məxluqdur ki, mən kişinin onu tərifləməyini, hətta ona yaltaqlanmağını da qəbul edə bilərəm. Yaltaqlığın bütün başqa növləri qəbulolunmazdır. Ən dözülməz məqam isə qadının yaltaqlanmağıdır; evdə, işdə ya televiziya ekranında, fərqi yoxdur. Nə isə... Həyatımızda çox şeylər olub, çox şeirlər yazılıb. Bu günəcən çap olunanları da var, olunmayanları da. Bəzən bir təsadüfi, ötəri görüşdən də şeir doğula bilər. Amma mənim bildiyim həqiqiət budur ki, yaradıcı adam üçün ailə çox vacib şərtdir. Anarın bir sözü var, deyir, yazıçı arvadı olmaq çətindir, amma yazıçı arvadın əri olmaq da asan deyil. Anarın sözü olmasın, bu cəhətdən bizdə daha asan variantdır. Bir də ki, şeirlərdə, xüsusən də sevgi şeirlərində konkret ünvanlar axtarmaq onları daraldır. Yazdıqlarımız haçansa yaşadığımız hisslərdir. Amma bu o demək deyil ki, yazdıqlarımızın hamısı bioqrafikdir. O ki, qaldı “Qara paltarlı qadın”a, o şeir kifayət qədər populyardır. Mən onu hardasa 80-ci illərin əvvəlində yazmışam və elə də qeyri-adi şeir saymıram, amma görünür çox adamların ürəyindən xəbər verir. Hər şeir öz həyatını yaşayır. Mənim özümün də öz yazdıqlarıma verdiyim qiymət var. 

-Yaradıcılığınızda qeyri-adi hesab elədiyiniz şeirləriniz varmı?

-Yazılıbsa, deməli adiləşib. Qeyri-adi hissləri sözə çevirməyi bacarmısan artıq. Mənim çox ciddi saydığım şeirlərim var ki, onlar o qədər də populyar deyil. Məsələn, “Addım” şeiri, “Ölüm kölgəsi”, “Yorğunluq” və s. Belə şeirlər kifayət qədərdi. Götürək elə “Çarmıxdakı İsa”nı. Bir müsəlmanın bunu yazmağı sadə şey deyil. Və təbii ki, poeziyada ən ciddi işim hələlik “Süd dişinin ağrısı”dır. Bilirsiz, ən qeyri-adi, ən mürəkkəb şeirdə də bir sadə, tanış kod olmalıdır. “Ayrılıq”ı götürün. “Yenə bu şəhərdə üz-üzə gəldik” misrasından daha adi, bayağı misra düşünmək çətindir. Amma “neyləyək ayrıca şəhərimiz yox” deyəndə situasiya dəyişir. İkinci misra ilə birinci misranın arasında bir ironik məqam var. Əslində, o şeir təkcə bir kişi ilə qadının ayrılmağı haqqında deyil, insanın özünün-özü ilə ayrılmağı haqqındadır. Tale haqqındadır. Amerika yazıçısı Tomas Vulfun “Öz evinə boylan, mələk” adlı romanında belə bir sətir var: “dörd min il bundan əvvəl Kritdə başlayan sevgi dünən Texasda vüsala yetdi”. Mən o düşüncədəyəm ki, bu dünyada təsadüfi heç nə yoxdur, heç kəs dünyaya təsadüfən gəlmir. Hər bir insan seçilmişdir. Bunu bilmək insanın həm özünə hörmət hissini, həm də məsuliyyət hissini artırır.

-Ramiz müəllim, bildiyimiz kimi Quran bütün insanlığın kitabıdır. Quranın şifrəsi də "Yasin"dir. Sizin necə, hər kəsin bildiyi, amma şifrəsini sadəcə sizin bildiyiniz şeirləriniz varmı?

-Hər bir şairin özü üçün şifrələnmiş şeirləri çoxdur. Və onu oxuyanlar o gözlə oxumurlar. Elə bilirsiz, biz ərəb, fars dilini gözəl bilsək, Fizulinin bildiyi bütün elmləri öyrənsək, onun şeirlərini tam anlaya bilərik? Xeyr. Axı şairin hissiyyatı da var. Onun duyduqlarını gərək duyasan. Bu mümkündürmü? Hər oxucu şeirin bir tərəfini görür. Mənim “Kəpənək qanadları” silsiləsindən olan nəğmələrim çox oxunur. Amma görürsüz, heç bir aşıq onları oxumur. Çünki orda aşıq üçün kod yoxdur. “Addım” şeirində də oxucu üçün tanış kod yoxdur. Mən o şeiri yazmışam 1978-ci ildə, Moskvada oxuyanda. SSRİ-dən xaricə emiqrasiya vardı, amma Azərbaycandan kimsə getmirdi. Onda o şeiri yazdım ki, göstərim mən niyə getmirəm. Onu hərə bir cür oxuya bilər. Mənim yadımdadır ki, Moskvada şeirlərim çap olunmalıydı, o şeirə görə buraxmadılar. 1980-ci ildə isə burda çap olundu, çünki o şifrəni bilmədilər. Əslində, bəlkə də ondan daha genişdi o şeirin mahiyyəti. Çünki şair də şeirdə nə dediyini sona qədər bilməyə bilər. Axı şeir təkcə bizlik deyil.

-O şair o şifrəni açmasa, oxucu da onu çözə bilməsə o şifrə elə gizlimi qalacaq?

-Mənə elə gəlir ki, çox şeylər hətta şairin özü üçün də gizlidir. Şeirə adi məntiqlə yanaşmaq olmaz. Məntiq düz istiqamətli, xətti düşüncədir. Onunla poetik həqiqətləri izah edə bilməzsən. Çox adam bunu bilmədiyinə görə şairlə vuruşur. Elə şeirlər var ki, onlar yalnız ruhun ifadəsidir. Orda şair barmağı yoxdur. Elə bil bir nəfəsdir, havada gəzir. O şeirlər gözəldi ki, orda əl olmasın, güc hiss edillməsin. Güc hiss edilirsə, bu, şeirin zəifliyidir. Deməli, sənin o şeirə gücün çatmayıb. Güc əriməlidir misralarda. Oxucu o gücü hiss eləməməlidir, hiss eləsə müqavimət göstərəcək, elmdə olduğu kimi. Halbuki elmlə poeziya ayrı-ayrı şeylərdir. Elm fərqləndirmə, poeziya isə bənzətmələr üzərində qurulur.

-Bu ömür yaşamağa dəydimi?

-Missiyasız insan yoxdur. Hətta bizə ən mənasız görünən adam da mənasızlığın nə olduğunu göstərmək üçün yaşayır. Bu dünyaya gəlişimizin özü elə xoşbəxtlikdir. Şair kimi də, yazıçı kimi də, mənə elə gəlir ki, çox şeyləri reallaşdıra bilməmişəm. Qətiyyən təvazökarlıq eləmirəm, mənim elə bir şeirim yoxdur ki, onu yazanda sözün tam mənasında istədiyimi alım. İstənilən şeirim mənim almaq istədiyimdən azdır. Puşkinin əlyazmalarında cəmi bircə yerdə belə bir ifadə var,”Ay səni Puşkin, ay səni köpəyoğlu!..” O boyda yaradıcılığında bircə dəfə yazdığından özü də vəcdə gəlib. Onun elə misraları var ki, üstündə otuz düzəlişi var. O otuz düzəlişi edən adam nəyə sevinəcək ki? 

Oğlum arxivimi yığanda öz qaralamalarıma baxıb düşündüm ki, artıq şairlərdən qaralamalar qalmayacaq. Komputerdə qaralamaları saxlamırsan ki. Hamısı ağlamadır. Amma qaralamaların içində eşələnməkdən gözəl iş yoxdur. Şairin emalatxanasıdır qaralamalar. Komputerin gəlməyi ilə biz görün nələri itiririk. Bu da o deməkdir ki, ədəbiyyatın yaddaşı itir.

-Bu missiya, bu cür olmaq sizi yorurmu? 

-Bir şeirimdə belə yazmışam: “ilahi, al məni bunun əlindən...”
Bilirsiz, insan özündən yorulur. Bu təkcə şairlərə aid deyil. Amma xüsusən də şairlərə aiddir. 

Sən də gec tez bezəcəksən,
Adam hər seydən bezir.
Quş da uçmaqdan yorulur,
Allah da göydən bezir.

Şair də sözdən iyrənir,
Söz də şairdən bezir.
Lap yüz ilin ölüsü də
bir gün qəbirdən bezir.

Küçədə rastına çıxsa
yüz il qabaq ölənlər,-
Qorxma, salam ver -keç, qorxsun
qoy arxanca gələnlər...

Ölülərlə dirilərin
yaxşı tutur dostlugu.
Haçan olub bir ölünün
bu dostluğu pozduğu?!

...Get, əlimi üzdüm səndən,
Getməsən dalaşarıq.
Gəl ayrılaq, küsdüm səndən,
Ölərəm, barışarıq...

Ölümlə həyatın bəlkə heç o qədər fərqi yoxdu. Eynşteyn demişkən, hər şey nisbidir. Borxes deyirdi ki, insan ölümdən sonra nə olduğunu bilsə, bəlkə də poeziyaya daha ehtiyac qalmaz.

-Sizin şeirlərinizin başqa bir qoxusu var, oxucunuz olan-olmayan o şeirlə rastlaşanlar bilir ki, bu sizin şeirinizdir. Bir növ adamın başına hava gətirir. O hava nədir ki, ondan hamıda var və sizin şeirlərinizi oxuyanda baş qaldırır ki, mən burdayam?

-Bir dəfə İncəsənət universitetində imtahan vaxtı tələbələrin çoxu mənim şeirlərimi deyir. Axırda prorektor üzünü tutur müəlimlərə, deyir, nə qədər ki, burda dərs deyən sizsiz və nə qədər ki, orda Ramiz Rövşən var, bu universitet elə dəli-dülü buraxacaq. 
Əslində hər şair şeirə öz ahəngini, öz havasını gətirir. Şair var ki, onda o hava var, şair var ki, yoxdu. Şairliyin mahiyyətindədir müxaliflik. Sən dünyadakı bu hava ilə barışmırsan deyə öz havanı gətirirsən də. “Yaradıcı adam” niyə deyilir? Axı, Yaradan bir tək göydədir. “Mədəniyyət süni təbiət”dir deyirlər. Biri var Allahın yaratdığı ağac, biri də var şairin. Allah bu dünyanı sözdən yaratdığı kimi, şair də sözün köməyilə bu dünyadakı hər şeyin daha yaxşısını yaratmaq istəyir. Və eyni zamanda sözdən azad olmağa can atır.
Şopenhauer deyirdi ki, “Bütün sənətlər musiqi olmaq istəyir”. Bilirsiz niyə? Musiqidə söz yoxdu axı. Və beləcə, şeir sözdən, rəsm rəngdən, heykəl mərmərdən azad olmaq istəyir. Hər şeydə zaman və məkan var, amma musiqidə sadəcə zaman var, məkan yoxdur. “Ay sonatası”nı dinləyəndə ayı görmürsən ki. Ya da Alim oxuyanda. Alim özü bir tərəfə baş alıb gedir, biz hərəmiz də bir tərəfə. Amma hamımızı o səs aparır. Bu mənada mədəniyyət, ədəbiyyat, musiqi, bunların hamısında ilahi başlanğıc da var, iblisanə başlanğıc da. Sənət insanı ekstaza gətirmək gücündədir. Sevgi kimi. Biri var insanı özünə qaytaran, biri də var özündən çıxaran sənət. Biri var səhnədə müğənni oxuyur, sən coşub yerindən sıçrayirsan, fit çalırsan, dəli kimi qışqırıb bağırırsan. Biri də var Alim kimi, sən onu dinlədikcə oturduğun kresloda batırsan. Şeir də eləcə. Əbədi olan insanı özünə qaytarandır. İnsan hər dəfə o şeiri oxuyub özünə qayıdanda bəzən heç o vaxtacan tanımadığı başqa bir “özünü” də tapır. Böyük sənət buna deyilir.

-Burda bir az da dərvişlik, sufilik varmı?

-Dünyada ən sevilən, ən populyar şair Mövlanədır. Və Mövlanə dünya fikrinə təsir edən beşlikdədir. Ekzistensial fəlsəfənin bir çox xəttləri birbaşa sufiliyə gedib çıxır. Bilə-bilə, bilməyə-bilməyə.

Qaranlıqda bir birini, 
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş,
Yarı bülbül, yarı bayquş,
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.

Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəfəsindən tanıyır.

Ekzistensial düşüncənin mahiyyəti burdadır. Və burdan sufiliyə birbaşa yolu görməmək mümkün deyil. Ümumiyyətlə, Qərb mədəniyyətinə, fəlsəfəsinə, poeziyasına Şərqin təsiri həddindən artıq çoxdur.

-Patriotluq...

-Yox, məsələ patriotluqda deyil. Bilirsiz, hər milətin varlığını hər şeydən əvvəl onun dili əks etdirir. Siz bir baxın, rus dilində cins fəqri isimlərdə, əvəzliklərdə, fellərdə də var. İngilis, fransız, alman dillərinin hamısında da ən azı əvəzliklərdə var. Bizim dilimizdə isə ancaq gəlmə sözlərdədir; şair, şairə, katib, katibə. Bizim dildə cins ayrımı yoxdur. Niyə? Çünki Türk düşüncəsində qadın-kişi ayrı seçkiliyi olmayıb. Türk dili də bunun açıq-aydın ifadəsidir. Mənim üçün bütün millətlər dəyərlidir, amma yaxşı və pis, bəyəndiyim və bəyənmədiyim bütün cəhətləriylə birgə mənə ən doğma və əziz olanı öz millətimdir. Əgər bu patriotluqdursa, onda hə, mən patriotam. /kaspi.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.