Əsəd Cahangir: “MKM ədəbiyyat yox, antiədəbiyyat mükafatıdır”
03.05.13

– “Kim yatmış, kim oyaq?” kitabınız bir ay öncə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Yaşar Qarayev mükafatına və Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü. Əvvəla, sizi bu ikiqat qələbə münasibətlə təbrik edirik. İkincisi, qalib gəlmək necədir?

– Sağ olun. Bu, mənim ilk mükafatım deyildi. İndiyəcən Nizami Gəncəvi, Aydın Məmmədov, Şahmar Əkbərzadə, Cəlaləddin Rumi mükafatları almışam. Amma Yaşar Qarayev və “Qızıl kəlmə” mükafatlarının mənim üçün xüsusi önəmi var. Çünki yazı yazmağı mən onun bir-birindən gözəl kitablarından öyrənmişəm. “Qızıl kəlmə” isə ədəbiyyat sahəsində dövlət tərəfindən verilən ən ciddi mükafatlardan biridir. Hər iki müsabiqənin jüri üzvlərinə obyektiv nəticələrə görə minnətdarlığımı bildirirəm.
Əgər özünü haqlı sayırsansa, qalib gəlmək insanda daxili rahatlıq hissi oyadır. Dostlarla oturub bu qələbəni qeyd etmək nəyə desən dəyər. Əgər haqlı deyilsənsə, sadəcə, iddia edirsənsə, bunu bilmirəm. Çünki heç vaxt belə etməmişəm.

– Kitabınızda məqalə və esselərlə bərabər, “O adam” və “Namaz” poemaları toplanıb. Daha çox harda Əsəd Cahangir var: essedə, ədəbi tənqiddə, yoxsa poeziyada?

– Özümü daha çox söz adamı sayıram. Amma mənə ən doğma janr essedir, sonra poeziya, sonra tənqid. Məncə, iyirmi ildən artıq müddətdə yazdığım yüzlərlə yazı arasında iki ən uğurlusu “Söz” essesi və “Namaz” poemasıdır. Çünki bu yazılarda bir müəllif kimi maksimum özünü ifadəyə nail ola bilmişəm.
Esse həm poeziyadır, həm tənqid, eyni zamanda da bunların heç biri deyil. Esseist şairdən də, tənqidçidən də daha azaddır. Subyektiv impulsa söykənən daxili azadlıq isə yaradıcılığın əsas şərtidir. Mənə görə Kamyünün absurda həsr olunmuş “Sizif” essesi onun istənilən romanından, yaxud Həmid Herisçinin esseləri “Nekroloq”undan daha maraqlıdır.

– Absurd dediniz, bəzi yazarların yazılarını da bu cür dəyərləndirmək olarmı?

– Məncə, bu, şöhrət qazanmaq, gündəmə gəlmək yarışıdır. Qışqırıqla ədəbiyyat yaranmır. Qışqıranların yazılarında sözün ətəyi göbəyə qədər qaldırılır. Özləri isə başları qırxılmış, hamısı eyni zolaqlı forma geymiş məhbusları xatırladırlar. Hamısı eyni cür düşünür, eyni tərzdə yazırlar. Özünəməxsusluq, fərdi sima yoxdur. Özünəməxsusluq isə istedadın ilk əlamətidir. Onlar öz enerjilərini başqalarını söyüb təhqir etməkdən alırlar. Bu, manyaklıqdır. Onların yaddaşı yoxdur. Bu isə manqurtluqdur. Ən maraqlısı isə budur ki, neçə illərdir hamını – klassikləri, müasirləri, ölüləri, diriləri, hətta Allahı söyüb qurtarandan sonra indi də bir-birilərini söyürlər.

– MKM-in “10-luğ”na düşən əsərlər arasında hansını bəyənirsiz?

– “Onluğ”da Zahid Sarıtorpaq və Azad Qaradərəlini oturuşmuş imzalar sayıram. Zakir Sadatlıya gəlincə, onun təkcə Əfqanıstan mövzusu yox, həm də ən azı xatirəsinə hörmətlə yanaşmaq lazımdır. Sayman Aruz Cənubu təmsil edən yeganə imza və aktual mövzu daşıyıcısı kimi diqqəti çəkir. Pərvin isə şanslılar arasında həm yeganə Azərbaycandilli xanımdır, həm də onun gələcək nasir potensialı göz önünə alına bilər. Amma inanıram ki, jüri bu dəfə də ən güclü yox, məhz ən zəif əsəri birinci yerə çıxaracaq. Məsələn, Qan Turalının “Mustafa”sı birincilik qazansa, mən buna zərrə qədər də təəccüblənməyəcəyəm. Çünki MKM ədəbiyyat yox, antiədəbiyyat mükafatıdır. Elə bil onlarla adam bir neçə ay gərgin işləyir, seçim eləyir ki, ən zəif yazanı tapıb ona pul versinlər, get xərclə, sənə halaldır, çünki yaza bilmirsən. Bu həm də başqalarına mesaj ötürməkdir ki, baxın, pis yazsanız, siz də mükafat alacaqsınız.

– Ümumiyyətlə, siz o müsabiqənin obyektivliyinə tam inanırsızmı?

– Mən MKM-nin nəinki obyektivliyi, heç subyektivliyinə də inanmıram. Orda ədəbiyyat söhbəti yerli-dibli yoxdur. Xarici qüvvələr dilənçi payı verməklə, Azərbaycan yazarları arasından gələcəyin Allahsız və millətsiz manqurtlarını – rüşdüciklər və pamukcuqlar formalaşdırır. MKM-in rəhbəri Nigar Köçərli isə missionerdir. O, Azərbaycan ədəbiyyatına xaricdən atılan desantdır.

– Son zamanlar mediada sovet dövrü ədəbiyyatı təmsilçiləri, xüsusən Səməd Vurğun haqqında iddialara münasibətiniz necədir?

– Səməd Vurğunun öz sözü ilə desək, “Arifləri dindir ki, nədir şeir ilə sənət, şair yaranan əmrə peşman ola bilməz”. O mübahisələri edənlər nəinki arif deyillər, hətta elementar filoloji təsəvvürləri belə yoxdur. Əgər olsaydı, bilərdilər ki, Səməd Vurğun Qori müəllimlər seminariyasını bitirmiş, Moskvada ali təhsil almışdı. İndi onu bəyənməyənlərdən fərqli olaraq, rus dilini mükəmməl bilirdi. Hətta o dərəcədə savadlı idi ki, 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının qurultayında sovet xalqları poeziyası haqqında məruzə ona həvalə olunmuşdu. Hər hansı slavyan yazıçısına yox, məhz ona. Bu, onun keçmiş SSRİ miqyasında ədəbiyyatda necə bir avtoritet olmasından xəbər verirdi. Və bu avtoriteti o, qara qaş-gözünə görə qazanmamışdı.
Səməd Vurğun sadəliyin dahisi idi. Bu sadəliyi savadsızlıq saymaq özü kəmsavadlıqdır. Çünki Səməd Vurğunun sadə yazması aydın düşünülmüş nəzəri konsepsiyadan irəli gəlirdi. “Nədən şeirlərim dillərə düşüb, dağların çobanı məni anmasın?” Sadə yazmaqdan məqsəd bu idi. Və elə məhz bu sadəliyin – xəlqiliyin hesabına o poeziyamızda yeni mərhələ açdı, çağdaş Azərbaycan ədəbi dilinin əsasını qoydu, məktəb yaratdı. O məktəb bu gün də davam edir.
Yeri gəlmişkən, Səməd Vurğuna qarşı belə hücumlar təzə xəbər deyil. Şöhrətin ən uca zirvəsində olanda xalqın sevgisini ona qısqanır, onu “saz üstündə şeir quran çoban şairi” adlandırırdılar. Amma onu bəyənməyənlər indi hanı? Səməd Vurğun isə minillik Azərbaycan şeiri tarixində yeddidən yetmişə hamının əzbər bildiyi yeganə şeirin müəllifidir.
Səməd Vurğuna qarşı belə gülünc hücumların psixolji motivasiyasında “Salyeri kompleksi” durur. Təkcə bizdə yox və yalnız indi deyil, hər yerdə və həmişə salyerilər öz uğursuzluqlarının qisasını motsartları zəhərləməkdə görüblər. Amma yazıqlar olsun bilməyiblər ki, “neylər qartala qarğa atan daş?”

– Bəs Mirzə Cəlilin “Ölüləri” barədə də Həmid Herisçinin iddiası necə?

– Həmid Herisçi yazır ki, Mirzə Cəlil Meterlinkdən plagiat edib. Amma, məncə, buna uzaqbaşı təsirlənmə demək olar. Çəmənzəminli vaxtilə yazırdı ki, “düzdür, bu əsərlər bir-birinə oxşayır, amma inanmıram ki, Mirzə Cəlil Meterlinki oxumuş ola.” Məncə, əgər oxumuş və təsirlənmiş olsaydı da, burda heç bir qəbahət olmazdı. Bəyəm, oxşar və ya yaxın mövzularda yazmaq plagiatdır? Plagiat odur ki, sən başqasının əsərini götürüb öz adına dərc etdirirsən. Fridrix Bodenştedt Mirzə Şəfinin şeirlərini almancaya çevirib öz adına çıxdığı kimi.
Dünyada elə bir yazıçı yoxdur ki, kimdənsə təsirlənməsin. Antik və klassik dövrdə nəzirə, yaxud reminissensiya yazmaq hətta ədəbiyyatın tələbi idi. Şair ustadların yazdığı mövzuda yazmaqla sanki imtahan verir, gücünü sınayır, bu sınaqdan üzü ağ şıxsa, özünü təsdiq edirdi. İstər dünya, istərsə də milli ədəbiyyatdan buna dair minlərlə misal çəkmək olar. Postmodernizmdəki hipermətn anlayışına görə bütün mətnlər gözə görünən və görünməyən, açıq və gizli tellərlə bir-birinə bağlıdır. Bunu yazıçı bəzən bilərəkdən, bəzən də bilməyərəkdən edə bilər. Amma Həmid Herisçi kimi intellektual adamın bunu bilməzlikdən etməsinə inanmıram. O, sadəcə publika ilə oynayır. Şok-tendensiya, yaxud kütləni qıcıqlandırmağın özü də postmodernist ədəbiyyatın mühüm göstəricilərindən biridir.

– AYB-dəki yaradıcılıq əzmi hazırda qalxan şkala üzrə hərəkət edir, yoxsa enən?

– Yaradıcılıq təşkilati yox, fərdi, individual məsələdir. Amma mühit də istedadın çiçəklənməsinə mühüm təsir edir. Toxumun cücərməsi üçün münbit zəmin, günəş işığı, hava, su lazımdır. AYB bu gün Azərbaycanda ədəbiyyatın başlıca qarantı olaraq qalır. Bu gün şeir, nəsr, tənqid, tərcümə sahəsində ən ciddi, ən aparıcı ədəbi qüvvələr məhz bu təşkilatın ətrafında birləşib.
Son illər AYB-yə yeni enerji axını gəlir. Rəşad Məcidin rəhbərliyi ilə Gənc Ədiblər məktəbinin fəaliyyətini bu yöndən yüksək qiymətləndirirəm. Gənc Ədiblər məktəbinin təmsilçiləri arasında istedadlı gənclər az deyil. Bu gənclərdən Emin Piri və Ramil Əhmədliyə daha çox güvənirəm. Eminin də, Ramilin də poeziyası məni ədəbi gəncliyimiz barədə nikbin düşüncələrə sövq edir. İnanıram ki, bu gənclər özlərindən öncəkilərin estetik və ideoloji səhvlərini təkrar etməyəcəklər.

– Məndən eşitmək istədiyiniz son sual. Və ona öz cavabınız?

- Mən bu sualı həmişə hamıya vermişəm və hamıdan eşitmək istəmişəm. Kitabım da elə belə adlanır: “Kim yatmış, kim oyaq?” Cavabım isə belədir: dəmirbaşlar yatmış, qızılbaşlar oyaq. /modern.az/

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.