Anar Elçindən yazdı
06.05.13

Əzizim Elçin! Sənin də yetmiş yaşın tamam olur. Mənim 60 illiyim və 75 yaşımla bağlı yazdığın hər iki məqalənin adı eyni idi – “Qocalığa hələ çox qalıb”. Məntiqə görə deməliyəm ki, sənin qocalığına məndən də beş il çox qalıb. Amma mən bunu yox, başqa şey demək istəyirəm. Yazıçının – əlbəttə söhbət əsl yazıçıdan gedirsə – ümumiyyətlə qocalığı olmur. Əlinə çox gənc yaşlarında qələm alan yazıçı – neçə il yaşayırsa həmişə cavan qalır.

Uzağa niyə gedək? Əgər sən, bu yaşında demək olar ki, hər il yeni bir pyes yazırsansa və bu pyeslər yalnız Azərbaycan səhnələrində deyil, Türkiyənin müxtəlif şəhərlərində, Moskvada, Londonda uğurla tamaşaya qoyulursa, əgər ən son zamanlarda yazdığın nəsr əsərlərin xarici dillərə çevrilib bir çox ölkədə maraqla qarşılanırsa, əgər cari ədəbiyyatı daima diqqətlə izləyir, müxtəlif bədii örnəklər haqqında, ümumən ədəbi həyatımız haqqında bəzən tamamilə razılaşdığım, bəzən qismən razılaşmadığım mülahizələr irəli sürürsənsə – bu qaynar, səmərəli, enerjili sənətkar ömrünün qocalığa nə aidiyyatı ola bilər? Mən hələ baş nazirin müavini kimi gördüyün işləri, rəsmi dövlət səfərlərini, çeşidli tədbirlərdə iştirakını və çıxışlarını bura əlavə etmirəm. Çünki yazıçını cavan saxlayan ilk növbədə məhz onun bir an durmayan yaradıcılıq fəaliyyətidir. Bax bu mənada yazıçının yaşı olmur.

Bəzi novcavanlar bu sözlərimi rişxəndlə qarşılaya, “bir qocanın başqa qocaya təsəlli verməsi” kimi yoza bilərlər. Nə olsun? Bizim sinnimizə çatanda (Allah eləsin çatsınlar!) özləri də bu fikrin həqiqət olduğunu başa düşəcəklər.

İllər keçdikcə yazıçı ömründəki dəyişikliklər əsasən keyfiyyət yox, kəmiyyət dəyişiklikləridir. Yəni hər bir insan kimi yazıçının həyat təcrübəsi artır, müşahidələri çoxalır,o insanları – müsbət və naqis cəhətləriylə – daha yaxşı anlayır. Sevir, sevilir, sevinir, kədərlənir, ümidlər bəsləyir, xəyal qırıqlığına düçar olur, etibarlı dostluğun sınağından üzüağ çıxır, kiminsə nankorluğundan əzab çəkir – və bütün bu əlvan duyğular, düşüncələr içində həyatı  dərindən dərk edir. Amma Allahın bəxş etdiyi fitri İstedad  bu yükü sənətkar fərdiliyinin süzgəcindən keçirərək əbədi yaşını – yazıçı yaşını bütün illər ərzində eyni sinndə saxlayır.

Vaxtilə sənə bir şeir həsr etmişdim. Bilirəm ki, mənim şairliyimə (elə mənim özüm kimi) bir qədər skeptik münasibət bəsləyirsən. Amma hər halda bu şeir sənin veb-saytında yerləşdirilib. Şeirin son bəndini yadına salıram:

Nədir ömrün mənası?
Belə qısadır neçin?
Mən ki, bunu bilmədim,
Sən bilirmisən, Elçin?

Yüz il də yaşasaq bunu bilməyəcəyik. Amma ömrü necə yaşamağı bilirik. Heç bir keçəri təmənnalara görə inandığın əqidələrə xilaf çıxmamaq... Ölüm xofundan, xəstəlik qorxusundan, sonun vahiməsindən yeganə xilas yolu kimi daima başını işlə, yaradıcı əməklə qatmaq...Heç kəsə pislik etmədən,bacardıqca insanlara yaxşılıq etmək...Hər nə olur olsun, sevdiyin insanlara sədaqətini, dostlara etibarını qoruyub saxlamaq...

Keçən əsrin 81-ci ili ömrümün ən ağır ili idi. Yüz gün içində atamı və anamı itirdim. Bu barədə “Sizsiz” adı yazım çıxdı və bu yazıdan bir neçə cümləni xatırlatmaq istəyirəm: “Mənim bir neçə yaxın dostum var. Hamısı mənə əzizdir, onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk düşən Elçin oldu”.

Otuz il qabaq yazılmış bu sözləri bura köçürərkən o tarixdən də qabaq 70-ci illərin əvvəllərində Moskvada keçirdiyimiz gözəl günlərin birində sənə dediklərim   yadıma düşdü:  Deyirlər  flankəs yaman günün dostudur.  Yaman günün dostu olmaq sədaqətdən, etibardan xəbər verir. Amma əgər dost yalnız sənin yaman günündə yanındadırsa, xoş günlərində gözə dəymirsə, bu da birtərəfli dostluqdur. Əsl dostluq odur ki, yaman gündə də, yaxşı gündə də, adi günlərdə də bir yerdə olasan, hətta fiziki cəhətdən eyni məkanda olmasan da dostunun varlığını, nəfəsini, hayanlığını hər an duyasan. Biləsən ki, bu barədə bir-birinizlə danışmasanız da eyni hadisələrə, adamlara, əsərlərə baxışlarınız eynidir ya çox yaxındır.

Bizim yarım əsrin sınaqlarından çıxmış dostluğumuz məhz belə dostluqdur. Mənim valideynlərim rəhmətə gedən günlərdə Elçini daim yanımda gördüm. İlyas müəllim vəfat edəndə mən də Elçinin yanındaydımsa, xoş günlərimizdə – valideynlərimizin ya özümüzün yubiley tədbirlərində ya adicə ad günlərimizdə, övladlarımızın toy-nişan məclislərində də həmişə bir yerdəyik.

Çox-çox illər bundan əvvəl ilk povestim “Ağ liman”  “Kommunist” qəzetində sosialist realizmi metoduna zidd  olan, sovet həyatını təhrif edən əsər kimi kəskin tənqid edilmişdi.O vaxt səninlə yaxınlığımız yoxdu,sadəcə  tanış idik.Amma sən əsərin (və məqalənin) Yazıçılar İttifaqında müzakirəsinə gəldin, çıxış edib povesti müdafiə etdin. Bundan çox-çox illər sonra Azərbaycan Kommunist partiyasının son qurultaylarından birində xırda məmurların intriqaları nəticəsində sən tutduğun vəzifəyə (“Vətən” cəmiyyətinin sədri vəzifəsi) rəğmən partiyanın rəhbər orqanlarına seçiləcəklərin sırasına daxil edilməmişdin. Mən çıxış edib sənin və Akademiyamızın o vaxtki Prezidenti Eldar Salayevin səsə qoyulacaq siyahılara əlavə olunmasını təklif etdim. Azərbaycan Kommunist partiyasının Qurultaylarında ilk dəfə olaraq hazır bülletenlər yenidən çap olundu və sizin adlarınız siyahılara daxil edildi,seçildiniz.

Niyə gizlədək sənət adamları arasında belə uzun müddətli və dəyişməz dostluq əlaqələri nadir olmasa da, hər halda tez-tez rast gəlinən hadisə də deyil.

Mən həmişə deyirəm: cavanlıqda dostlarımız çox idi, bir hissəsini ölüm aldı əlimizdən, bir hissəsini həyat.

Araz Dadaşzadəni, Yusif Səmədoğlunu, Emin Sabitoğlunu, Yaşar Qarayevi, Həsən Turabovu, hər iki adaşı – Arif Babayevləri (kinorejissoru və riyaziyyatçını) vaxtsız ölüm (vaxtlı ölüm olurmu?) apardı, dost bildiyimiz bir neçə adamı isə həyat araladı bizdən, dostluğa, gənclik xatirələrimizə dönük çıxanlar da oldu. Adlarını çəkməyəcəyəm, çünki onları yaddaşımdan da, ömrümdən də birdəfəlik silmişəm. Elə bilirəm, sənin  də onlara münasibətin belədir.

Adı bədnam akademik Aqanbekyanın Qarabağ münaqişəsinə start verən Paris bəyanatı haqqında məlumat alan kimi buna ilk reaksiyanı Azərbaycan Yazıçılar Birliyi verdi. Moskvaya Qorbaçova göndərdiyimiz etiraz məktubuna ilk qol çəkənlərdən biri Elçin idi. Elə həmin günlərdə Elçinlə birlikdə ilk olaraq Azərbaycan televiziyasıyla həyəcan təbili çaldıq, bu təhlükənin nə qədər ciddi olduğu haqqında ictimaiyyətə xəbərdarlıq etdik.

1990-cı ilin Qara Yanvar günlərində də Elçinlə bir yerdəydik. Mərkəzi Komitənin binasında Moskvadan gəlmiş yüksək rütbəli emissarlar bizi arxayın edirdilər ki, Fövqaladə vəziyyət elan olunmayacaq, Bakıya qoşun yeridilməyəcək.Aldadırlarmış.19-20 Yanvar gecəsində Bakını qana boyadılar. Səhərisi gün Akademiyada ziyalıların toplantısını keçirdik,çıxışlar etdik, kəskin bəyanatlar hazırladıq. Elçin “Vətən” cəmiyyətinin rabitə vasitələrindən istifadə edərək bəyanatları müxtəlif ünvanlara göndərirdi.Rəhmətlik dostumuz Araz Dadaşzadə də bu işdə fəal iştirak edirdi. Ali Sovetin bütün gecə davam edən iclasında da dəfələrlə çıxışlar etdik, sənədlər hazırladıq.

Açığını deyim, Elçin haqqında bu yazını yazmaq mənimçün asan deyildi, bir neçə səbəbdən. Elçinin yaradıcılığı haqqında dəfələrlə yazmışam, birgə keçən günlərimizin xatirələrini də qələmə almışam. Eyni mətləblərə təkrar-təkrar dönmək çətindir. Bir də o var ki, Elçin birgə keçirdiyimiz günlər haqqında – Vaqif küçəsindəki qonşuluğumuz, mənim yarızirzəmi mənzilimdə Fikrət Qocanın, Yusifin, Eminin, Arazın, Vaqif Səmədoğlunun, Toğrul Nərimanbəyovun, rəssam Elçin Aslanovun, memar Fuad Seyidzadənin, filosof Rəhman Bədəlovun, İntiqam Qasımzadənin və neçə-neçə başqa dostumuzun iştirakıyla keçən məclislər haqqında, bulvardakı “Marakko” dediyimiz çayxanada görüşlərimiz, həmin bulvarın Venetsiyasında tayqollu İbad dayının  bizə gecənin gec saatlarında açdığı süfrə haqqında o qədər ətraflı, yerli-yataqlı,təfərrüatlarıyla yazıb ki, bu barədə bir şey əlavə etməyə mənə heç nə saxlamayıb. Hətta gənclik illərimdə qəribə bir şakərimdən – içəndən sonra bəzən nədənsə küçədə çəkməmi çıxarıb vızıldatmağımdan da yazıb. Amma çəkməmin gedib kiminsə eyvanına düşməsi haqqında yazdığı realist yazıçının yox, postmodernist yazarın qələmindən çıxıb (Yəni həqiqətə uyğun deyil) Bu – real faktın Elçinin yaradıcı təxəyyülü nəticəsində təhrif olunmuş versiyasıdır.

Elçin, bilmirəm, o uzaq illərdə Zaqatalada yaradıcı gənclərin seminarından da yazmısanmı? O vaxt Zaqatalada prokuror işləyən əziz dostum və qohumum Akif Rəfiyevin evində qonaq qalırdıq. Bir gün rayonun milis rəisi rəhmətlik Kamandar bizi – Elçini, məni, bəstəkar Xəyyam Mirzəzadəni məşhur Zaqatala şəlaləsinin yanına apardı. Qayıdanda UAZ maşınımız çayın ortasında dayandı. Qəfil sel motoru söndürdü, su axını ildırım sürətiylə üstümüzə gəlirdi. Təcrübəli sürücü tez maşının dörd qapısının dördünü də açdı, su maşının içindən və bizi tamam isladaraq axıb gedirdi. Qapılar bağlı qalsaydı, su maşını da – biz qarışıq – aşıracaqdı və aparacaqdı. Birtəhər maşından düşüb güc-bəlayla sahilə çıxdıq. Sahil sıx meşəlik idi, şər qarışırdı. Elçin mənə göz vurub Xəyyamı qorxuzurdu ki, bu meşə ayıların bol yeridir və yalanbaşdan hərəmizin əlinə bir agac budağı vermişdi ki, özümüzü ayılardan qoruyaq!

Elçin, o gün yadındadır? Mən tez-tez xatırlayıram və möcüzəylə o günlərə – (lap sel gəlsə, ayılara rastlaşsaq da!) qayıtmaq istərdim.

Axır vaxtlar nə yazıramsa bunun necə yozulacağını da düşünürəm. Heç sovet dövründə bu qədər senzura qorxumuz yox idi. İndi hər yazımızı pusanların hər sözümüzü tərs yozub təhrif edəcəyindən çəkinirik. “Bu cümləyə redaktor nə deyəcək, bunu Qlavlitdən necə keçirək”- sovet illərinin belə qayğıları içində çapalayanda düşünə bilərmiydik ki, gün gələcək, bu qədər xiffətini çəkdiyimiz, bu qədər can atdığımız söz azadlığı təsdiq olacaq və “azad mətbuatın” əsas hədəfləri məhz biz olacayıq. O dövrlərdə bizi antisovetlikdə suçlayanların mənəvi varisləri indi “sovetçilikdə” suçlayacaqlar. Halbuki “kim bizimlə deyilsə, bizim kimi düşünmürsə, hadisələri bizim kimi dəyərləndirmirsə – düşmənimizdir” prinsipi əski kommunistlərdən indiki “demokratlara” miras qalmış şüardır. Sənin yazından bir abzas mənə xüsusi ləzzət verdi və dəqiqliyi ilə məni heyran qoydu. Yazırsan:

“Söz azadlığı istedadla bahəm əsl ədəbiyyatı yaratdığı kimi, ədəbi mühiti xəstələndirə də bilirmiş. İstedad Söz azadlığını tələb etdiyi kimi, qramafon da, iddialı heçlik də (“iddialı heçlik” – nə dürüst ifadədir! –A) söz azadlığından geninə-boluna istifadə etməyi bacarır və böhtandan, qarayaxmadan, şayiəçilikdən tutmuş roman, poema, şeir adı ilə nəşr olunan makulaturaya qədər belə bir eybəcər bacarıq nəticəsində bu gün bizim ədəbi mühitin (ədəbiyyatın yox, hətta ədəbi prosesin də yox, məhz mühitin!) ambulator yox, stasionar müalicəyə ehtiyacı var”.

Bu yazı üzərində işdəyim günlərdə mətbuatda iki mətn diqqətimi çəkdi.Biri hansısa qart erməni millətçisinin haqqımızda dediyi sözlərindən gətirilən sitat idi.Bu daşnak tör-töküntüsü iddia edirdi ki, nə keçmişdə,nə indi Azərbaycanın heç vaxt nə ədəbiyyatı olub,nə mədəniyyəti... Eyni vaxtda “Azadlıq” qəzetində də bir köşə yazısı gözümə sataşdı. Bu yazıda da eynən iddia olunurdu ki, Azərbaycanın heç bir ədəbiyyatı yoxdur. Özü də yalnız sovet dövründə deyil, ümumiyyətlə XX əsrdə (əsasən X1X əsrdə yaşamış Aşıq Ələsgəri də bura, yəni qeyri ədəbiyyat siyahısına daxil etməklə). Bir neçə rus yazıçısının adını çəkdikdən sonra müəllif belə nəticə çıxarır: “Bizə qaldıqda isə 20-ci əsrdən bəlkə(!- A) Cavidi və Hadini götürə bilərik”. Deməli bu müəllifin fikrincə Sabirin və Mirzə Cəlilin, Ə.Haqverdiyevin və Abbas Səhhətin ədəbiyyata dəxli yoxdur. Müəllif mərhəmətlə təklif edir ki, sovet dövrünün yazıçılarını söymək lazım deyil, sadəcə onların ümumiyyətlə ədəbiyyata heç bir dəxli olmadığını sübut etmək lazımdır. Doğrudan da çətin vəzifədir. Ən qatı erməni millətçilərindən başqa bu “nəcib” işin öhdəsindən gələn çətin tapıla. Axı hansı ağıldan kəm sübut edə bilər ki, tutalım Cəfər Cabbarlının, Səməd Vurğunun, Mikayıl Müşfiqin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Əli Kərimin,Məmməd Arazın, Xəlil Rzanın, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun, İsi Məlikzadənin, İsa Muğannanın yaratdıqları – ədəbiyyat deyil? Bəs onda ədəbiyyat nədir? Əyalət psevdopostmodernistlərin pornoqrafik sayaqlamaları? Mən əsasən dünyalarını dəyişmiş yazıçıların, həm də müxtəlif nəsillərə mənsub olan sənətkarlardan bəzilərinin adını çəkdim. Amma bu adlara onlarla başqa həqiqi şair, nasir, dramaturqu da əlavə edə bilərdim ki, Azərbaycanın həqiqətən də fəxr edilməli çağdaş ədəbiyyatının (o cümlədən XX əsrin əvvəllərində və sovet dövründə yaranmış ədəbiyyatın) mövcudluğunu  sübut edim. Amma nə fayda? Məgər belələriylə məntiq və gerçək faktlar əsasında mübahisə etmək mümkündür? Bunların mövqeləri də,məqsədləri də əvvəlcədən birdəfəlik proqramlaşdırılıb. Bu sayaq yazı müəllifləri savadsız ya tamamilə ədəbi zövqdən məhrum adamlar deyil. Bu məqsədli və ardıcıl surətdə həyata keçirilən antiazərbaycan siyasətinin bir həlqəsidir. Bu siyasəti kimin (ya kimlərin) əliylə və qələmiylə həyata keçirirlər? Əsasən yazıçılıq iddiasına duşub bu niyyətin uğursuzluğunu dərk edərək köşə yazarlığında təsəlli tapanların. Namuslu köşə yazarlarını yüksək qiymətləndirirəm. Elə bu günlərdə “Yeni Müsavat” qəzetində (25 aprel 2013) Xalid Kazımlının “Keçmişə güllə atmaq mərəzi” adlı insaflı yazısını oxudum. Amma “keçmişə güllə atmaq mərəzinə” mübtəla olanların bir çoxu baş tutmamış “yazıçılardır”. Xalq tərəfindən sevilən və seçilən yazarlardan bu sayaq qisas alıb qurdlarını öldürürlər. Amma belə yazıların bir başqa məqsədi də var. Əgər gerçəkdən də Azərbaycan ədəbiyyatının xalqın sevdiyi və sərhədlərimizdən uzaqlarda da tanınan görkəmli və istedadlı nümayəndələrini sıradan çıxara bilsələr, Yazıçılar Birliyinin dağılmasına nail olsalar, boşalmış meydan cızma-qaraçılara və üçcüt bir tək adamdan ibarət olan qrafomanlar dəstəsinə qalar. Kiminsə qanını şərbət kimi içməyə həvəslənən vampirin Yazıçılar Birliyinin divarlarını qanlı adlandırmağa haqqı yoxdur. Divarlarımız qanlı olsaydı bu cür qana susamış ədəbi vampirlər buranın “qanlı” divarlarını ləzzətlə yalayardılar. 37–ci ilin qanlı danoslarını verənlər də məhz bütün dövrlərin “ədəbi uğursuzları” və “ədəbi paxılları” olub.

Əzizim Elçin! Bağışla ki, bu yubiley yazısında belə xoşagəlməz mətləblərə toxunmalı oldum. Axı sən də,başqa dostlarım və yaxınlarım də həmişə mənə öyüd verirsiniz ki, hər yetənə baş qoşmayım. Nə etməli, mətbuatımızda bütün mənəvi dəyərlərimizə qarşı erməni iddialarına züy tutan yazıları oxuduqca “ədəbiyyata dəxli olmayan” dahi Mirzə Ələkbər Sabirin sözləri yadıma düşür: “Güc gətirir dərd,usana bilmirəm”. Nə isə,..

Elə bu yazıma iradları da nəzərə alıram: “Elçin haqqında məqalədə İbad kişinin gecə süfrəsindən tutmuş Zaqataladakı selə qədər, ayılardan – AYO-ya qədər hər şeydən danışılır, amma Elçinin yaradıcılığı  təhlil edilmir” – deyən olacaq.

Elçinin yaradıcılığı haqqında dəfələrlə yazmışam, o cümlədən “Nəsrin fazası” essesində geniş söhbət açmışam.

O essedə qeyd edirdim ki, Elçinin yaradıcılığı üçün – (hər halda o illərdə yazdıqları üçün) – səciyyəvi atribut nəqliyyat vasitələridir – Qatar, motosikl, furqon –Elçin hekayələrinin real insanlarla yanaşı canlı detalları, hətta obrazları, metaforalarıdır. Hekayə və povestlərində Elçin Abşeron kəndlərinin özünəməxsus poeziyasını, çılpaq peyzajların cazibəsini, burada ömür sürən insanların təkrarsız xarakterlərini məharətlə açıb göstərə, surətlərini canlı cizgilərlə yarada bilir.

Elçin istedadının səciyyəvi xüsusiyyəti dəqiq müşahidə qabiliyyəti, psixoloji təhlilin dəqiqliyi, insan hisslərinin təsvirində romantik çalarlardır. Son illərdə yazdığı nəsr və səhnə əsərlərində təbii ki, hamımızın ümumi dərdi olan Qarabağ ağrısı mühüm yer tutur. Bununla belə yaşadığımız zamanın paradoksal cizgiləri də əks olunur. Bu günkü həyatımızın bəzən izahsız görünən qəribəlikləri o qədər çoxdur ki, Elçinin bir sıra səhnə əsərlərinin personajları dəlilər olur. Amma çox vaxt bu “ağıllı dəlilərdir”, “ağıldan bəlaya” düşmüş dəlilərdir”, Kefli İskəndər kimi içkibazlar ya Molla Abbas kimi özünü dəliliyə qoymuş müdriklərdir.

Üzrlü bilin, yenə bir şeirimdən misal gətirmək istəyirəm:

Yazıçı ömrünün iki vaxtı var

Yaşamaq zamanı, yazmaq zamanı...

 Əslində yaşanılanlardan yazmaq zamanı da elə yazıçı ömrünün yaşamaq zamanıdır. Həyatını uzadan məqamdır. Çünki bir də təkrar edim:  Yazıçı yazdıqca onun yaşı olmur.

Əzizim Elçin, çox şərti rəqəm olan 70 yaşın münasibətiylə səni ürəkdən təbrik edir, bağrıma basıram. Gələcək onilliklərdə baş tutacaq ad günlərimizi də birlikdə qeyd edəcəyimizi Uca Tanrıdan diləyirəm. /525.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.