Çingiz Hüseynov: “Nazim Hikmətin həyatında dörd qaçış var”
13.05.13

Türkiyənin “Habertürk” qəzeti uzun illərdir Moskvada yaşayan məşhur azərbaycanlı yazıçı Çingiz Hüseynovdan müsahibə götürüb. Müsahibənin girişində bildirilir ki, Fransa və ABŞ-da kitabları satılan Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş” adlı romanı 30 il sonra ilk dəfə Türkiyədə nəşr olunub.

“Habertürk”ün əməkdaşı Yıldız Yazıçıoğlunun Ankara Beynəlxalq 13-cü Hekayə Günlərinin qonağı olan 86 yaşlı Çingiz Hüseynovdan götürdüyü müsahibəni “Trtazerbaycan.com” saytı Azərbaycan türkcəsinə çevirib. Müsahibədə Çingiz Hüseynov Sovet İttifaqında mühacirətdə yaşamış məşhur türk şairi Nazim Hikmət haqda düşüncələrini və xatirələrini də bölüşüb. 

- Hüseynovun gözüylə Nazim Hikmət necə insandır?

- Nazim Hikmət sözün dəyərini çox uca tuturdu. O hesab edirdi ki, deyilən hər söz ürəkdən gəlməlidir. Bir cür danışıb başqa cür davrananları başa düşə bilmirdi. Nazim Hikmət çox yaxşı insan idi. Ürəyi açıq, hər kəsi dost bilən bir adam idi. Bunu mən özüm də ondan öyrənmişəm…

- Sizcə zaman-zaman iddia edildiyi kimi, Nazim Hikmət ruslaramı işləyirdi?

- Qətiyyən. Agent iddiası yalandır. Bu, bir təbliğatdır. O, yalnız insanlıq üçün  bəzi dəyərlərə inanırdı. Nazim üçün o mərhələdə olmaq lazımıydı. İrəliləmək üçün kommunist olmaq lazımıydı. Türkiyə əleyhinə yazmaq istəmirdi, amma  Rusiyada gördüyünü də bəyənmirdi. Stalinlə bağlı ilk yazını da o yazdı. Amma Türkiyə əleyhinə yazmadı. Bu haqda bir xatirəmi danışım. İllər öncə Türkiyəyə gəldim. Çox həyəcanlıydım. İstanbulda taksiyə mindim, sürücü soruşdu: “Hardansan?”,  “Rusiyadan” deyəndə qayıtdı ki, orda xain bir şair yaşayır. Bunu eşidəndə dedim: “Mən düşürəm, səninlə getmək istəmirəm… Sən onunla tanış deyilsən, amma burda təbliğat aparırsan. Nazim Hikmət Türkiyənin böyük oğludur”. Mən belə deyincə, düşürmədi, sonra xeyli söhbət etdik.

- Sizcə, Nazim Hikmət Sovet İttifaqında Türkiyəni necə təmsil etmək istəyirdi?

- O, türkcənin oğluydu. Biz iki dəfə birlikdə Azərbaycana – Bakıya getmişik. O vaxt Füzulinin yubiley tədbiri vardı. Bütün bu tədbirlər rus dilində keçirilirdi. Amma Nazim kürsüyə gəldi və “Əziz qardaşlarım” dedi. Zal yerindən qalxıb alqışladı. Çünki Azərbaycan dilində eşitmək və türk ləhcəsində eşitmək bizim üçün çox mühüm idi. Oturanlar az qala yerlərindən qopdu. Hər kəs ayaq üstəydi. Bir də, Sovet İttifaqında onu böyük şair kimi qəbul edirdilər, amma başa düşə bilmirdilər. Puşkin də belədir, məsələn. Nazimin rusca yazdıqları da çox gözəldir. Nazim Hikmət tərcümə bilməyən şairdir. Ruscaya tərcümə edilən şeirlərində türkcədəki zənginlik çox ifadə olunmur.
 
- Onun Türkiyə həsrətinə dair xüsusi bir xatirəniz varmı?

- Bir yazıçı dostumuz Rusiya səfirinin qonağı olaraq Türkiyəyə getmişdi. Qayıdanda hamımız o dostumuzun evində toplandıq. Nazim Hikmət də orda idi, çaşqın vəziyyətdə oturmuşdu. Türkiyə qəzetlərinə, türkcə çıxmış yeni kitablara baxırdı. Dostumuz çox məmnun halda İstanbulun necə olduğundan danışırdı. Diqqətlə baxdım və gördüm ki, Nazim Hikmət çox təəssüflənir. Dinləyir, amma üzülür. Sonra Nazim Hikmət o dostumuza “Mənə bir kitab verərsənmi?” dedi. Amma dostumuz “Bilirsən, mən səyahət hekayəmi yazacam, kitablardan verə bilmərəm” dedi. Nazim pərt oldu. Dərhal qalxıb getdi. Amma fikirli halda getdiyi üçün günəş eynəyini unutdu. O vaxt Rusiyada günəş eynəyi tapmaq çətin idi, hətta almaq mümkün deyildi. Arxasınca getdim. Eynəyini apardım. İndi bəzən düşünürəm ki, kaş eynəyi ona verməyəydim. Ondan xatirə qalardı. Amma o vaxt günəş eynəyi qiymətliydi, onun eynəksiz qalmasını istəmədim.

- Nazim Hikmətin həyatıyla bağlı xüsusi bir şərhiniz var. “Qaçışlar hekayəsi”  kimi dəyərləndirirsiniz. Niyə?

- Mən deyirəm ki, Nazimin həyatında dörd qaçış var. Birinci qaçışı Türkiyədən Sovet İttifaqınadır. Yəni qazamatdan qazamata, əsarətdən əsarətə bir qaçış. Bu, əvvəlində ümidli qaçışdır, amma Sovet İttifaqında yavaş-yavaş o, ümidlərini itirməyə başladı. Bir insan kimi xoşbəxt vəziyyətdə olurdu, amma daxilən əzab çəkirdi. Özünü yeyirdi.

İkinci qaçışı isə… “KQB” ona bir qadın təhkim etmişdi – Qalina. Çox gözəl, sadə bir həkim idi. Amma fikrimizcə, Qalina “KQB”yə də məlumat ötürürdü. Nazimin ürəyi xəstəydi, həkim nəzarətinə ehtiyacı vardı. Sonra Qalina onun qadını oldu. Amma Nazimin sərbəst hərəkətinə mane olurdu. Az qala ona yapışmışdı, onu tək buraxmır, hər söhbətində yanında dururdu. Türkcə bilmirdi, amma yenə də hər şeyi dinləyirdi. O vaxt Nazim bir qadına vuruldu – Vera Tulyakovaya. Bilirsən, hər şair üçün bir ilham pərisi olmalıdır. Şair tez-tez vurulmalıdır. Amma Qalinadan necə qaçacaq, onu necə tərk edəcəkdi? Nazim Hikmət Əkbər Babayevi evinə çağırıb. Bir axşam evdə oturublar. Sonra Nazim Əkbəri yola salmaq adıyla ev çəkələyində çölə çıxıb. Əkbər Verayla Nazimə qatar bileti də alıbmış. Beləliklə, Nazimlə Vera bir-birinə qoşulub qaçıb gedirlər.

Və üçüncü qaçışı… Əzabla dolu bir həyat yaşadı. Bir gün də həyatdan ölümə qaçdı. Onu vətən həsrəti öldürdü, buna yüz faiz əminəm. Hər sabah qəzet almağa çıxardı. Məncə, elə xəbər axtarırdı ki, vətəninə, Türkiyəyə qayıda bilsin. O, həyəcanla qəzetə baxardı, amma siz də bilirsiniz, elə sabahların birində ürəyi tab gətirmədi…

- Və sizin sözünüzlə, Nazim Hikmət beləcə ölümə qaçdı…

- Bir də dördüncü qaçışı vardı. Təbii ki, mən bu gün belə görürəm. Mən onun dəfnində iştirak etdim. Sonra məzarına qəbir daşı qoyuldu. O heykəli Əziz Nesinlə görmüşdüm. O gün uzun-uzadı baxdım. Bilirsiniz, qəbir daşında Nazim Hikmətin ayaq üstə silueti əks olunub. Amma sanki Nazim daşdan çıxıb qaçmaq istəyir. Yəni ölümdən, daşdan çıxmaq, bizə doğru gəlmək istəyir. Hələ də vətəninə doğru getmək istəyir. Bunu bu gün anlayıram.

- Sizin öz tale hekayətinizə gələk. Siz də yazıçı olduğunuz üçün problemlərlə qarşılaşmısınız. Moskvada azərbaycanlı yazıçı olmaq necə idi?

- Qadağan olundum. 14 il, 1970-1984-cü illər arasında Rusiyadan çıxmağıma icazə verilmədi. Ədəbiyyat kürsüsündəydim, amma, sən demə, əvvəlki səyahətlərim, Türkiyədəki görüşlərim bəzilərini narahat edibmiş. İlk romanım “Məhəmməd, Məmməd, Məmiş” dərc edildi. Ondan əvvəl xatirələrimi də yazmışdım. Romanım Azərbaycandakı sovet inqilabından bəhs edirdi. Xaricdə çox maraqla qarşılandı. ABŞ-da dərhal dərc olundu. Məni kitabın təqdimatına dəvət etdilər, amma təqdimata getməyim qadağan olundu. İcazə verilmədi deyə ABŞ-a gedə bilmədim. Daha sonra Fransada dərc edildi. Fransa Yazıçılar Birliyi çox aktiv davrandı. Məni dəvət etdiklərini hər bir rəsmi quruma bildirdi. Nəticədə Fransaya getməyimə icazə verdilər. Bir həftəliyə Parisə getdim, amma proqram 10 günlükmüş. Fransızlar qalmağımı istədilər, amma mən cəsarət edə bilmədim. 1984-cü ildə Sovet İttifaqının tez bir zamanda dağılacağını kim deyə bilərdi? Düşünürdük ki, əbədi davam edəcək. O səbəbdən qadağan olunmaqdan qorxurduq. Amma sonra SSRİ içəridən dağıldı.

- İndi romanınız 30 il sonra professor Birsən Karacanın tərcüməsində, nəhayət, türkcə dərc olundu. İlk nəşr olunduğu vaxtlarda ABŞ, Fransa kimi ölkələrdə maraqla qarşılanan bu roman Türkiyədəki oxucularına niyə bu qədər gec gəlib çatdı?

- Romanımda Azərbaycandakı sovet dövrünü, həyatını göstərmişdim. O dövrdə bir çox insan öz düşüncəsinə zidd şəkildə yaşayırdı. Yəni düşüncələrini demir, dediyini eləmirdi. Təbii ki, romanım bəzilərini narahat etdi. Rus dilində də çox çətinliklə nəşr olundu. Qərb ölkələri çox maraq göstərdi. Amma Türkiyədə nəşr olunmadı. Mən də o gündən bəri həmişə bunu düşünürəm. Çünki 1980-ci illərdə Türkiyədə sağ və sol çox ayrıydı. O vaxt solçu dairələr kitabımın türkcə nəşrini istəmədilər. Sovet İttifaqının tənqid olunmasını, Azərbaycanın bu şəkildə göstərilməsini istəmədilər. Sağçılar da o vaxt ümumiyyətlə rusiyalı yazıçılara heç bir maraq göstərmirdi. Yəni sağçılar mənim kitabımı rusiyalı yazıçının kitabı saydıqları üçün, solçular da kitabda Rusiyanı tənqid etdiyim üçün “Məhəmməd, Məmməd, Məmiş”in nəşrini istəmədilər. Amma indi Türkiyədə də oxuna biləcək deyə sevinirəm. /Media forum/

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.