Rəhim Əliyev - Bu, Sabir Rüstəmxanlının səsi idi
20.05.13

Sabir Rüstəmxanlının təzə şeirlər kitabını əlimə götürəndə fikirləşdim: “Əbədi sevda” hansı bəxtəvər haqqındadı? Axı az-çox bildiyimə görə onun şair həyatında müxtəlif qadınlar olub. Birinci həmin şeiri tapıb oxudum. Bu, şairin öz vətəni, torpağı, öz suyu haqqında şeir idi. Dəyərsizliyin meydan suladığı bir zəmanədə şeir kitabına belə ad qoymaq da şairin böyük səmimiyyətinin bir üzüdür. “Ürək susanda” adlı şeirdə isə Sabir öz yurd sevgisini sufilərimizin Allaha məhəbbətinə oxşarıdır:

Hayana baxıram gözümdə odur,
Qələmim şam olur “Vətən” yazanda.
Yurdundan bircə yol ayrılır insan
O da ki, köksündə ürək susanda!

Sufilər təbiətin hər onayında Allahı görürdülər, dünyanın əlvanlığı onlara Allahın qüdrətindən danışırdı. Şair Sabir Rüstəmxanlıya isə Azərbaycan torpağının özəlliyindən. O, vətən torpağının özəlliyini, suyunun və havasının, duzunun və çörəyinin məxsusi dadını bilir və sevir. Üstündə böyüdüyü torpağının belə dadı-duzu daim onunladır: həm gerçəkdə, həm uyquda, həm doğma evində, həm də otel hücrələrinin tənhalığında.

Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbinin özünün də məxsus olduğu digər müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan vətənçi, milli poeziya məktəbimizdir. Birinci rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azadlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi. Məhəmməd Hadi təkcə bu şüurun bircə özünüdərkini yox, həm də qürurunu ifadə etdi. Hadi Azərbaycanlı olması ilə fəxr edən, qürur duyan, öz milli mənsubiyyətini ən böyük dəyər sayan ilk şairimiz oldu. Bayraqlar arasında bu bayrağını aradı, amma tapmadı və bunu böyük şəxsi faciə kimi yaşadı. Sonralar 1991-ci ilə qədər imzalar içində imza axtaran kədərli səsi bütün şairlərimz üçün dərd ağacı oldu, rəmz oldu. Sivan adəbi dilində yazan Hadinin vətənçiliyi böyük Səməd Vurğunun azərbaycançılığında, 1941-46-cı illərin cənub poeziyasının milli qürur hisslərində davam etdi. Sonra “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadə ərsəyə gəldi. 60-cı illərin sonlarında onun səsinə daha bir səs qoşuldu: bu, Sabir Rüstəmxanlının səsi idi. İlk addımlarından vətənçi poeziyamızın varisi kimi danışdı. Onun Azərbaycanın böyüyü, “Bir kökümüz doğudadı, bir kökümüz günbatanda” dedi.

Sabir poeziyamızda vətən sufisi oldu; yurdun hər daşında, ərsinəliyində, köhnə kəlməsində, adi söz birləşməsində yurdun gözəlliyini gördü və yazdı. Çoxlarını bezdirən “Bakı küləyi”ndə də misilsiz safladıcı qüvvə gördü: onda milli xarakterin əlamətlərini və gücünü axtarır:

İmkan vermir ağacların
Yarpaqları saralsın.

Sabir Rüstəmxanlının şeirlərinin dərinliyində bir dialoq vardır: o mütləq kiməsə üz tutur, kiməsə kəsə demək istəyir və deyir. Bir dialoqun bir qütbü gözəl bir xanım, onun fikir dostu, hətta düşməni də ola bilər. Şairin lirikasındakı bu dramaturgiyada iki ünvan daha geniş yer tutur. Bunların birincisi, şairin öz xalqı, ikincisi isə bu xalqın azadlığının müxalifləridir.
Şairi poeziyası başdan-ayağa bu xalq ilə dialoqudur. Bu dialoq Sabir Rüstəmxanlının vətənçi poeziya məktəbində öz orijinal sözüdür. O biri tərəfdən isə bizim milli mənlik düşüncəmizin yeni bir mərhələsidir. Şairin “Ömür kitabı”nın məğzi sadə bir hiss üstündə durur: o Azərbaycanın misilsiz bir yer olduğuna uşaq səmimiyyəti ilə inanır. Lakin onun bu istedadı da bu “uşaq səmimiyyəti”ndədir. O, balaca, kimçünsə adi bir hissi böyük şeirə çevirə bilib. Onun poeziyasında Səməd Vurğun və Bəxtiyardan sonra yeni bir Azərbaycan obrazı yaranıb. Bu obraz “əlli ilə yaxın yaradıcı ömürün əsas bəhrəsidir, bütün ədəbiyyatımızın nailiyyətidir”.
Sabir 1991-ci ildə Dövlət Himni müsabiqəsinə şeir yazıb. Onun ilk iki sətri belədir:

Tarix bizi pay ayırıb: Odlar Yurdu, gözəl Vətən.
Damarımda qanım coşur “Azərbaycan” kəlməsindən.

Tarixin bizə Azərbaycan adlı misilsiz bir pay verməsi fikri şairin çoxlu şeirlərindən keçir. Bu payın hər yeri şair üçün müqəddəsdir. Amma doğulduğu balaca, kasıb dağ kəndi hamıdan müqəddəsdir. Ona görə “Üç addım yer ayır” şeirində deyir: “Üç addım yer ayır, kənd qəbiristanı, günlərin birində qayıdacağam”. Sabir üçün Vətənin əsil paytaxtı balaca kənddir. Xalqçılq ideyaları ilə, xalq kökləri ilə bağlılıqda Mirzə Cəlildən Mirzə İbrahimova qədər, Məmməd Qədirə qədər gələn xalqçılıq məfkurəsinin tərənnümçüsü və varisidir. O, ayaqqabıları parlayan təbəqələri sevmir və anlamır. Bütün ictimai fəaliyyətində belə, ümidini xalq içindən çıxan sadə, təvazökar insanlara bağlayır, onlara əl tutur və onlardan umur.
Sabir Rüstəmxanlının bu xalqı ilə dialoqu mədhiyyə deyil, bu, çox məqamlarda milli düşüncənin qüsurlarının, məhdud yerlərinin təhlili və tənqididir. Əcnəbilərə nökərçilikdən yapılmış Azərbaycan məmurunu daim qeyrətə çağırır, onun tələbkarlığını qınayır və rədd edir. Bu mövzu onun publisistikasında, tarixi meydan çıxışlarında da əsas yer tutmuşdur. Şair bilir: xalq ən yaxşı keyfiyyətlərinə güvənərək yüksələ bilər. O bu yüksəlişin düzgün yolunu göstərmək istəyir.
Lakin bilir: millətin önündə olmaq asan deyil. “Zaman məndən keçir” adlı avtoportretində bu mürəkkəbliyin bütün qütbləri öz əksini tapır:

Keçir ürəyimdən millətin ruhu,
Bir üzü ucalıqdı, bir üzü qorxu.
Ürəyim bir qaçqın düşərgəsidi,
Keçir körpələrin göz yaşı məndən.

Sabir Rüstəmxanlı poeziyasındakı gərgin daxili dialoqun digər qütbü vətənin düşmənləridir, cürbəcür rəngli müstəmləkəçilərdir. Onun müstəqilliyə qədər yazdığı vətənçi şeirlərin çoxu bu düşmənlərlə polemika, onlara ünvanlı monoloqlarla doludur. Bu monoloqlar, eyhamlar, gileylər şairin üsyankar, yorulmaz, susmayan, barışmayan və dinclik bilmədən dediyini deyən ruhunun ifadəsidir. Şair on beş yaşında atasının dağlar qoynundakı kasıb evindən çıxıb, böyük dünyaya ayaq qoyduğu vaxtdan onun içində artıq bu ruh var idi. Sabir bu ruhu tez-tez ilahi qismət də adlandırır. 1990-cı ildə yazdığı “Tənhayam, təkəm” şeirində sanki özünün ən yaxşı avtoportretlərindən, bəlkə epitodiyalarından birini yazır, öz taleyinə və öz içinə özü də mat qalaraq, ata ocağını tərk etdiyi uzaq günləri xatırlayır və deyir:

Eləcə qalmışam... Bu yaşımda da
Yolların çəkilməz yükünü çəkən.
Eləcə başında bir el, bir ölkə,
Sorağı dillərdə...
Tənhayam, təkəm.

Xalqın önündə olmaq çətindir, amma tufan, inqilab bitəndən sonra başqa bir həyatla yaşamaq ondan da çətindir. Sabirin şeirlərində onun artıq müstəqillik illərində yaşadığı daxili böhran, yeni istinad və dayaq axtarışları öz geniş əksini tapıb. Hətta bir şeirində o, 1990-cı ilin noyabrında ölmədiyinə təəssüflənir. Bu qəbildən olan şeirlərində bədbinlik, ölüm, ədəbiyyat və şair taleyi kimi motivlər çoxdur. Şairi bir-birinə zidd ovqatlarda və düşüncələrdə görürük və bunlar hamısı sonda bir-birini tamamlayır. Bunlar hamısı şair taleyindən keçən gah xeyirxah, gah da amansız zamanın çalarlarıdır və son nəticədə şairi və onun zəmanəsini daha yaxşı başa düşməyə kömək edir.
İnsan qəlbini əzablar zənginlədir. Müstəqillik iyirmiliyinin əzabları, şübhə və tərəddüdləri Sabirin poeziyasını çox zənginləşdirib, ovqatca, mənaca rəngbərəng edib. Məhz bu əlvanlıq şairin daxili məninin zənginliyini bütün miqyası ilə ortaya qoyur, onun daxili bütövlüyünü yeni tərzdə təsəvvür etməyimizə köməkçi olur.
1985-ci ildən sonrakı Azərbaycan reallığında Sabir Rüstəmxanlının öz mövqeyi var. Hardasa, nədəsə onun vətənçiliyi radikal səslənirdi. 1990-cı 20 yanvar hadisələrinə hamısı göz yaşı ilə baxanda Sabir Rüstəmxanlı yollar boyu tökülmüş gənclərin qanında xalqının gələcəyi üçün nigaranlıqla qorxusunun sonunu gördü. “Qorxum qalmadı” şeiri Azərbaycan düşüncəsində o çağacan olmamış bir vətənçilik mövqeyi ortaya qoydu:

Qoymadı, qayıtdı
bayrağımın əsil rəngi,
ilhamın qanadı,
Günəşin odu...
Torpağım azadlıq doğacaq sabah!
Qorxum qalmadı!

Burda radikallıq var. Amma Sabirin özünə xas vətənçi mövqeyi sonda olub ki, o biri ayağı həmişə praqmatik olub, heç yol sağlam düşüncədən uzaqlaşmayıb. Mətbuat naziri olanda iki cüt bir tək sözdən ibarət ərizələr, əsasən yüzlərlə qəzet qeydiyyatdan keçirib jurnalistikanı həmişəlik təzələyib və geriyə yol qalmayıb. Bu da Sabir vətənçiliyinin bir cür radikallığı idi.
Sabir Rüstəmxanlının heyrətamiz dərəcədə çox bədxahları və tənqidçiləri var. Bunun bir səbəbi də onun müstəqillik dövrü vətənçiliyindəki mövqeyidir. Sabir ədəbiyyata qoltuqlarda gəlməyib, siyasətə də elə. Ona görə başqalarının tapşırığı ilə siyasətlə məşğul olanlar, qəzetçilik edənlər onu anlamır. Eybi yox, karvan onlardan asılı olmadan gedir və gedəcək. Sabirin öz şeirlərinə diqqətlə baxanda, xüsusilə son iyirmi ilin şeirlərinə, şair özünə qarşı hamıdan amansızıdır. Özündən narazılıq onun şeirlərinin bir mövzu xəttidir.

Sabir Rüstəmxanlı əslində müstəqillik dövrü millətçiliyinin fikir mənbələrindən, sütunlarından biridir. Bunu anlamaq və duymaq üçün “Əbədi sevda” kitabını birnəfəsə oxumaq kifayətdir.
Belə oxunuş oxucuya başqa bir şey də deyəcək: müstəqillik dövrünün onu “Yol dəlisi” edən illəri şair fəaliyyətini də zənginləşdirib. Bu zənginliyin ən yaxşı təzahürü burada xalis lirik ovqatların böyük bir yer tutmasıdır. Xüsusilə sevgi şeirləri bir kitabda gözlənilməz dərəcədə çoxdur. Kitabın altmış faizdən artıq bir hissəsini təşkil edir.
Bu lirikanın əsas mövzusu sadədir: həqiqi və dərin hisslərlə insanların, xüsusilə şairlərin bütün həyatı dəyişir. XXI əsrdə Sabir tərəfindən yazılmış sevgi lirikası onun ömrünü və iç dünyasını işıqla doldurmuş bir hiss haqqındadır. Həyatının bu mərhələsindən danışan şair həyatının bütün detallarına bu misilsiz gözələ yönəli görür və bunu “Üzü sənə” adlandırır.

Üzü sənədir gözünü bulud tutan səhər,
Otağın yarıqaranlıq dəhlizləri.
Yolumu gözləyən maşın,
Gecənin sərxoşluğundan oyana bilməyən səhər!

Onu tanıyandan bəri keçən ömrünü bu eşqin tarixçəsi kimi görür, bu tarixçənin bütün detallarını hissiyyatla dolu, səmimiyyətlə dolu yoluxucu lirikaya çevirir. Onun ad gününü kiçik bayram, məhəbbətin xatirə günü kimi qeyd edir. Taleyinə bu paya görə razılıq eləməkdən yorulmur:

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən endirib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Elə günlər olur ki, lirik mən “Əziz adamla” son gülləyəcən vuruşub dalaşır. Amma gözəllik və sevgi qarşısında məğlubiyyət qaçılmaz olur. Dalaşıb ağrıları keçməmiş şair evin səliqəsizliyində görün nə tapır:

Görürəm barışıq bayrağı kimi,
Tullayıb getmisən ağ köynəyini.
Mən onu qaldırıb tutdum gözünmə
Buzlayan köksümə sıxdım o ki, var.
Bəlkə gülümsəyər mənim üzümə,
Bəlkə möcüzəylə məni ovudar.

Sabir Rüstəmxanlı son illər çox səyahət edir, bir ayağı Türkiyədə, o biri Brüsseldədir. Şeiri də ovqatca, motivcə dəyişir, hətta tribun şair üçün səciyyəvi sağla, ölçülü erotika ilə də zənginləşir. Lakin bir şey dəyişilməz qalır: Sabir şeirinin ritmi, üslubu, ahəngi dəyişmir. O hamar və şirin şeir dilini xoşlamır, osmanlıdan bircə təşnə də işlətmir. Bu qibtə doğuracaq sabirlik. Deyim şairin ikinci sifətidir. Sabir onu da qoruyur. Şairin zahirən kələ-kötür şeir dili diri və özünəxasdır. Bu istedadın özəlliyini ifadə edən sabitlikdir.

Kitabda ömrün payızı haqda şeirlər də vardır. Sanıram ki, Sabir Rüstəmxanlı kimi gənc şair üçün belə şeirlər demək hələ tezdir. Amma işin o biri ucu da var: payız ovqatları həmin poeziya ilə əkizdir, onu ildən-ilə zənginlədir və bəhrəli edir. Sabirin kökü torpağındadır, o isə tükənməzdir. /aznews.az/

Oxu sayı : 376 dəfə

Yenililklər
30.10.14
“Ulduz” jurnalının növbəti sayı çapdan çıxıb
30.10.14
Şamxal Rüstəm - Bircə biləydim məni kimin qarğışı tutdu
30.10.14
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi çap olunub
30.10.14
Nəcib Məhfuz: "Azadlıq haqqında yazmaq istəyirəm" - MÜSAHİBƏ
30.10.14
"Azərbaycan" jurnalının 10-cu sayı işıq üzü görüb
30.10.14
Həyat yoldaşı Vaqif Səmədoğludan danışdı
30.10.14
Elşad Barat - Mənim uşaqlığım böyümədi ki
30.10.14
Kiyan Xiyav - Müəllifin ölümü
30.10.14
Aydın Talıbzadə - Zevs və Axilles
29.10.14
“Hədəf” Nəşrləri 5 illiyini qeyd etdi
29.10.14
Orxan Fikrətoğlunun vəzifəsini dəyişdirdilər
29.10.14
Cavid Zeynallı - Çex pivəsi, Praqa gecəsi, bəxti gətirmiş ölkə - REPORTAJ
29.10.14
Ənvər Rza - Vurulmuşam barmağı məndən üzük istəyən qızlarından birinə
29.10.14
“Hüseyn Cavid” ədəbi məclisi təsis edilib
29.10.14
Niyazi Mehdi - Dahiliyə yaxınlaşmış adam
28.10.14
İtaliya səfiri Tərcümə Mərkəzində olub
28.10.14
Musa Yaqubdan xəbər var
28.10.14
Qorki adına Ədəbiyyat İnstitutunun yeni rektoru, yazıçı Aleksey Varlamovla MÜSAHİBƏ
28.10.14
Elnarə Akimova - İşıqlı qəm içində
28.10.14
Ülkər Piriyeva - Baxışın yandırıb-yaxdıqca məni
27.10.14
Şərif Ağayar: "Salama dəyib gic olar bu uşaqlar" - MÜSAHİBƏ
27.10.14
Əlisəmid Kür - Dərdi ovutmağa dost qalmayanda
27.10.14
Le Klezio: "Yazı masası arxasında vaxt öldürməyi çox sevirəm"
27.10.14
Rüstəm Behrudi - Təkbaşına adam
27.10.14
Tanınmış psixoloq roman yazdı
27.10.14
Yazıçı Cəmil Əlibəyov vəfat edib
27.10.14
"Qanun" nəşrlər evindən yeni kitablar: "Muncuq oyunu" "Oblamov", "Dahi", "Beriya" və s.
27.10.14
Qazaxıstanlı yazıçı və dilçi alim Erden Kajıbəy BSU Yaradıcılıq fakültəsinin qonağı olub
27.10.14
Roman Sençinin povestləri Azərbaycan dilində çap olundu
27.10.14
Cavanşir Yusifli: "Bəzən heç mətni oxumadan yazanlar var" - MÜSAHİBƏ
27.10.14
Kamal Abdulla yəhudi təşkilatının lideri ilə görüşdü
24.10.14
Şəmil Sadiqin romanı Türkiyədə nəşr olundu
24.10.14
Ruminin "Məsnəvi” əsəri tam mətni ilə Azərbaycan dilinə tərcümə edilib
24.10.14
“Aydın yol” qəzetinin ilk sayı çapdan çıxıb - FOTOLAR
24.10.14
Hüseyn Cavid  - Ah... Yalnız sən!
24.10.14
Tərcümə Mərkəzi müsabiqə elan etdi
24.10.14
Eldar Səfa - Qəşəm Nəcəfzadənin şeirləri haqqında
24.10.14
Nodar Dumbadze və əxlaq problemi
24.10.14
Adil Mirseyidin yeni kitabı çapdan çıxıb
23.10.14
AYB-də Lermontovun 200 illiyinə həsr olunmuş poeziya və nəsr almanaxının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.