Filologiya elmləri doktoru Rəhim Əliyevin müsahibəsi
21.05.13

Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyevin müsahibəsi.

- Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərirsiniz. İlk növbədə, sizdən bu şöbənin yaranması, onun tarixi haqqında məlumat almaq istərdik.

- Bu şöbənin yaranmasının təşəbbüskarı 1977-ci ildə mərhum prezident Heydər Əliyev və xalq yazıçısı Mirzə İbrahimov olub. O zamanlar Moskvada, eyni zamanda digər yerlərdə artıq bilirdilər ki, İranda 1978-1979-ci illər inqilabı olacaq. Onunla əlaqədar da bu şöbə yaradılıb. Mirzə İbrahimov bu şöbəni yaradandan çox böyük layihələr həyata keçirib. Bilirsiniz ki, o özü Cənubda doğulmuş adam idi. Həm də Seyid Cəfər Pişəvərinin hərəkatı zamanı Mirzə İbrahimov 1945-1946-cı illərdə o hərəkatın rəhbərlərindən biri olub. Ona da doğma idi yaratdığı şöbə, çünki özü 1918-ci ildə dəhşətli aclıq və qəhətlikdən qurtulmaq üçün Sərab mahalından Bakı neft mədənlərinə atası və qardaşı ilə piyada gəlmişdi. İran xalqlarını pis günə qoymuş çürük şahlıq rejiminə düşmən münasibətdə olmaq üçün onun şəxsi səbəbləri  vardı. 

Mirzə müəllim  uzaqgörən, müdrik bir adam idi. Pişəvəri hərəkatında iştirakdan sonra o, heç zaman Cənubdakı doğma xalqının taleyindən, öz azadlıq mübarizəsindən ayrılmadı. Şöbə təşkil olunan kimi 4-cilddə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın planlarını  tərtib elədi. Bu, elə Cənubi Azərbaycanda xalqımızın varlığı və dili uğrunda mübarizənin elmi-ədəbi yolla davamı idi. Bununla da elə bilin ki, o tayda X1X-XX əsrlərdə Azərbaycan türkcəsində yaranan Cənubi Azərbaycan ədəbiyyatı yenidən üzə çıxdı. 

Həm də bilirsiniz ki, bütün İran inqilablarında Təbriz əsas rol oynayıb və elə inqilabın da əsas rəhbərləri təbrizlilər olub. Bütün İran inqilablarının elə ilk ocağı da, qığılcım saçan yeri də Təbriz idi. Buna görə də İranın hakim dairələri Azərbaycan dilini hər zaman aşağılamağa və onun əleyhinə fərqli sözlər çıxarmağa çalışırdılar. İranda şah rejiminin nökərləri belə bir fikir də yayırdı ki, guya Azərbaycan dili fars dilinin bir ləhcəsidir. Yəni guya “azəri” ləhcəsindən törəyib. Mirzə İbrahimovun da layihələri Cənubda soydaşlarımızın Azərbaycan türkcəsində yaratdığı zəngin ədəbi xəzinəni üzə çıxarmaqla  dilimizə qarşı bu qərəzli  fikirləri  təkzib etmək idi.

- Qeyd etdiyiniz “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nda daha çox hansı müəlliflər, yazılar yer alıb?

- 1980-1990-cı illərdə bu dörd cildlik antologiya çap olundu. O tayda iki əsrdə yaranmış türkcə ədəbi xəzinə heyrətamiz mənzərə ortaya çıxardı. Bu antologiyada XIX əsrin əvvəllərindən bu yana türk dilində yazmış nə qədər ədəbiyyatçı var idisə, onlar haqda qısa bioqrafik məlumat və əsərlərindən nümunələr çap olundu. Lakin bu iş indiyəcən tam görülüb qurtarmayıb, çünki İran əlyazma arxivlərindəki türkcə ədəbi materialların hamısını üzə çıxarmaq hələlik mümkün olmayıb.     Antologiyanın çapı Cənubi Azərbaycanın varlığını göstərmək və onu ortalığa çıxartmaq üçün çox böyük və düzgün bir yol idi. Mirzə müəllim hələ antologiyanın son cildləri çap olunmamış, yəni səksəninci illərin ortalarından yeni bir layihə başladı. Bu, X1X-XX əsrlərdə Cənubi Azərbaycanda türkcə yaranan ədəbiyyatın  iki cildlik tarixini yaratmaq niyyəti idi. Birinci cildin bütün oçerklərini Mirzə müəllim şəxsən özü ən yaxşı alimlərə sifariş verib yazdırdı. Onun nəhəng nüfuzu bu işə yardım edirdi, Mirzə müəllim 1946-cı ildən akademiyanın üç ilk təsisçilərindən biri, akademik  idi.        
Lakin1992-ci ildə şöbə bağlandı. O zamankı hökumətin başçısı Cənub ədəbiyyatına dair bir monoqrafiyanın təqdimat mərasimində demişdi: “Bir Azərbaycan ədəbiyyatı var, guya iki şöbəyə ehtiyac yoxdur”.  Bunu şöbəni açanlar da  bilirdilər ki, Azərbaycan ədəbiyyatı birdir. Lakin onların uzaqgörənliyi bu başabəla siyasətçidə yox idi. Mirzə müəllim 1994-cü ildə dünyasını dəyişdi. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra şöbənin bağlandığını eşitdi. 1996-cı ildə şöbə prezidentin göstərişi və  Mirzə  İbrahimovun ilk aspirantı olmuş filologiya elmləri doktoru, professor Teymur Əhmədovun rəhbərliyi ilə bərpa olundu.

Bu layihənin birinci cildi “Nurlar” nəşriyyatında 2009-cu ildə Xaricdə yaşayan Həmvətənlərlə iş üzrə Dövlət Komitəsinin maddi dəstəyi ilə işıq üzü gördü. Hazırda şöbədə ikinci cild üzərində iş tamamlanıb və bu günlərdə mətbəəyə göndəriləcək. Bu payız ikinci cild də elmi ictimaiyyətə təqdim olunacaq. 

- Bəs müstəqillik dövründə şöbədə nələr dəyişdi?

- Mirzə İbrahimovdan sonra müstəqillik illərində şöbə yenidən canlandı. Sovet dövründə bilirsiniz ki, bu mövzuya senzura var idi və bu mövzuda yalnız bir neçə adam mətbuatda yaza bilərdi. Bunlardan Süleyman Rüstəm və Mirzə İbrahimovu qeyd edə bilərəm. Amma başqaları yazanda bu mövzuda yazıları senzura buraxmırdı. 

Müstəqillikdən sonra Cənub mövzusu üzərində senzura aradan çıxdı. Bu, Cənubun taleyindən yazanların əhatəsini genişləndirdi və Cənub mövzusunda yazanların,  elmi tədqiqat aparanların da sayı artdı. Bu gün  bizdə cənubşünaslıq çox yüksək səviyyədə inkişaf etmiş elmi məktəbdir, 30-a yaxın dissertasiya yazılıb, yüzlərlə kitablar, elmi yazılar və məqalələr çap olunur. Bu işlərin mərkəzi Cənubda olmalıdır. Amma hələlik orada buna imkan verilmir. Şöbəmizin işi həm də Cənuba qardaşlıq köməyidir.

-Hazırda şöbədə hansı elmi işlər, layihələr həyata keçirilir?

- Hazırda şöbə “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildini hazırlayır. Kitab dediyim kimi, hazırdır və çapa göndəriləcək. Bu kitab bir milyon yüz əlli min işarədən ibarət nəhəng bir cilddir. Şöbədə Səhənd, Sönməz, Əli Tudə, Həmid Nitqi, Səbri Təbrizi haqda namizədlik dissertasiyaları hazırdır. Filologiya elmləri doktorları Sabir Əmirovun “Səməd Behrəngi”, Vüqar Əhmədin “Xiyabani” və S. C. Pişəvəri , Nahmizər Mehdibəyovanın “Cənubi Azərbaycanın mühacirət nəsri”, İslam Qəribovun “Biriya”, Solmaz Cəlal qızının “Mirzə İbrahimov və Cənubi Azərbaycanda azadlıq hərəkatı”, Özbək Nadirovun “Hacı Pza Sərraf” və başqa kitablar şöbənin xətti ilə son iki ildə çıxıb. 

Şöbə 1941-1946-cı illərdəki milli hərəkat dövründə Cənub mətbuatında çıxmış bədii yazıların ayrıca antologiyasını  və izahlı biblioqrafiyasını hazırlamağı planlaşdırır. Planlarımız çoxdur, onlar barədə qabaqcadan danışmaq istəmirəm. 

Qeyd edim ki, Cənubi Azərbaycan şöbəsi Cənubi Azərbaycan ədəbiyyatını tədqiq edən elmi və ədəbi bir şöbədir. Şöbənin əsas predmeti XIX əsrdən bu yana o tayda yaranan ədəbiyyatı tədqiq etməkdir. Həm də bu şöbənin spesifik xüsusiyyəti də ondan ibarətdir ki, torpaqlar ikiyə parçalanandan sonra orada yaranan fərqli bir ədəbiyyatı, onun özünəməxsusluğunu öyrənir və tədqiq edir. Bütün tədqiqatlar bir nəticəni təsdiqləyir: Cənubda və Şimalda yaranan ədəbiyyat xalqımızın vahid taleyinin və mənəvi dəyərlərinin bədii əksidir. Bu, vahid bir ədəbi prosesdir. Bu  birliklə yanaşı, orada yaranan ədəbiyyatın özünəməxsus dili, ləhcəsi və tematik xüsusiyyətləri var. Bunlar ümum Azərbaycan ədəbiyyatını zənginləşdirən xüsusiyyətlərdir. Bu özünəməxsusluq da bizim araşdırma obyektimizdir. 

Həm də İranda Azərbaycan xalqının məktəbi, öz dilində təhsili, universiteti yoxdur. Müəyyən mənada bizim şöbə bu  boşluğu doldurur. Vurğulayım ki, ana dilində təhsilin yoxluğuna baxmayaraq Cənubi Azərbaycanda milli şüur, vətənçilik ideyaları şimaldan o qədər də az inkişaf etməyib. Orada çox böyük vətənpərvər ədəbiyyat yetişir. 

- İndi Cənubi Azərbaycanla ədəbi əlaqələr hansı səviyyədədir? Yəni qarşılıqlı gediş-gəliş, tədbir, təqdimat və ümumən tərcümə işləri olur?

- Çox mürəkkəb, həm də çox maraqlı bir məsələyə toxundunuz. Tarixi, ədəbi, mədəni, dini baxımdan Azərbaycan və İran ayrılmaz, doğma xalqlardır. Hər birimiz İranı da öz vətəni saya bilər və əksinə. Böyük ədəbilərimiz də bu mövqedə olub. Müstəqil dövlətimizin də İranla mehriban qonşuluq münasibətləri var. Ticarət, mədəni əlaqələr də rəsmi səviyyədə normaldır. Lakin həm İranda, həm də bizdə elə dərnəklər və qruplar var ki, iki ölkə münasibətləri haqda qərəzlə danışır. Amma bunun xalqlarımızın münasibətinə aidiyyəti yoxdur.

Bizim  şöbənin əsas işi ədəbiyyatdır, dildir, mədəniyyət və varlığımızdır. Biz qəti şəkildə siyasətlə məşğul olmuruq. İran tərəfi ilə də bizim şöbə və Şərqşünaslıq İnstitutu müştərək şəkildə əlaqələr qurur və çalışırıq. Ortaq şəkildə tədbirlərimiz olur, İran tərəfinin nümayəndələri gəlib tədbirlərdə iştirak edir, Bakıda dissertasiya müdafiə edirlər və eyni zamanda biz də orada gedib tədbirlərdə iştirak edə bilirik. İran tərəfi elmi əlaqələri çox müsbət və yaxşı qəbul edir.

Təbii ki, gedib-gəlmək sərbəstdir, amma elə adamlar var ki, iranlılar konkret olaraq onların gedib-gəlməsini istəmir. Türk millətçiliyi İranda bəzilərini qıcıqlandırır. Indi də elə bir dövrdür ki, rəqəmsal texnikalar o qədər inkişaf edib ki, İrana getmədən belə azərbaycançılıq, türkçülük ideyalarının təbliği adi bir faktdır. Bunun da qarşısını almaq mümkün deyil. Amma tək-tək qərəzli faktlar da olur. Bir də bir müddət orda bizim iki gənc şairimiz də həbs olunmuşdu. Bu da bir gərginliyin olmasına işarə idi. 

- İranda həbs olunan iki gəncin məsələsinə az da olsa toxundunuz, amma bu yaxınlarda bizim xanım alimlərdən biri olan Xalidə Xalid də orada həbs olunmuşdu. Ona casusluq ittihamı irəli sürülmüşdü. İndi qeyd olunur ki, onu azad ediblər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Xalidə Xalidi mən şəxsən tanıyıram və o, bir müddət bizim şöbədə fəaliyyət göstərib. O bizə Milli Münasibətlər İnstitutundan keçmişdi və insan olaraq da çox gözəl bir xanımdır. Onun gözəl qələmi var və o çox istedadlı bir jurnalistdir. Cənubi Azərbaycan ədəbiyyatı sahəsində tədqiqatlar aparır. Mən onun həbs olunması xəbərini eşidəndə çox təəccüb elədim. Çünki mənim tanıdığım Xalidə xanımın siyasətlə bağlı heç bir əlaqəsi yoxdur. O xanım olaraq, alim olaraq gözəldir, amma heç vaxt onun siyasi tərəfini, çıxışlarını görməmişəm, ümumiyyətlə, siyasətlə bağlı danışdığını eşitməmişəm. Ona görə də onun İranda saxlanması və ona ittiham verilməsində düşünürürəm ki, bir yanlışlıq var imiş və bu gec-tez aşkara çıxdı. Amma bu daha tez olsa idi yaxşı olardı. /teleqraf.com/

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.