Rəşad Məcid: “Mənə elə gəlir, Nigar Köçərli son vaxtlar bir az yorulub” - MÜSAHİBƏ

27.05.13

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin müsahibəsi. 

- Milli Kitab Mükafatının münsiflər heyətindəsiniz... Onluğa daxil edilmiş əsərləri oxuyub bitirə bilmisinizmi? Əsərlərə aid fikirlərinizi bölüşərdiniz... 

- Milli Kitab Mükafatının onluğuna daxil olan əsərlərin hər birini oxudum. Bəziləri ilə müsabiqədən öncə də tanış idim. Onluqdakı əsərlərdən ən çox bəyəndiyim Malik Dursunovun “Qara dayı” romanı oldu. Roman Azərbaycanın Gürcüstanla sərhədində yaşayan əhalinin həyat tərzini əks etdirir. Əsər rus dilində yazılmasına baxmayaraq, Azərbaycanın həmin bölgəsində yaşayan adamların təbiəti, xarakteri, adət-ənənələri, qonşu gürcü xalqı ilə münasibətləri o qədər gözəl və axıcı dillə, koloritlə təsvir olunub ki, özüm də tərəddüd edir və fikirləşirəm, Malik Dursunovun bu əsəri yəqin ki, qaliblər sırasında olmalıdır. Rus dilində yazılmasına rəğmən bu bir Azərbaycan əsəridir. Lakin mən rusdilli əsərin Milli Kitab Mükafatı almasının əleyhinəyəm. 

- Dediklərinizdən məlum olur ki, Malik Dursunovun romanı ən bəyəndiyiniz əsərdir. Bəs digər iddiaçılar və onların əsərləri barədə nə düşünürsünüz? 

- Məni bir qədər təəcübləndirən digər əsər Şəhriyar Del Geraninin “İntihar hörükləri” romanı oldu. Şəhriyarı tanıyıram və onun yazı üslubunun, təhkiyəsinin peşəkarlığına çox sevindim. Düzdü, o əsərdən gileyim və narahatçılığım da var. Əsərdə vulqar ifadələr və qeyri-estetik təsvirlər həddindən artıqdır. Təbii ki, bunu da bəyənmirəm. Məhz dediyim məqama, vulqarizmlərdən istifadəyə görə münsiflər heyətinin o əsərə yüksək qiymət verəcəyinə inanmıram. Amma hər halda hesab edirəm ki, Şəhriyar deyilən qüsurları aradan qaldırsa, gələcəkdə yaxşı əsərlər yaza, yaxşı nasir ola bilər. Onun da qaliblər sırasında olmasını istəyirəm. 

Vahid Qazinin 35 il əvvəl yazdığı “Bərgüşada sözüm qaldı sinəmdə” misrasından bəri bütün düşüncələrinə bələdəm. Ağdam barədə yazdığı “Ruhlar şəhəri” əsərini çox bəyənmişəm, onluqda olan “Gamayra. Kuba dəftəri” də peşəkar səviyyədə yazılmış əsərdir. Vahidin də qaliblər sırasında olmasına sevinərəm. 

Pərvinin “Balerina” povesti də onluqdakı əsərlərdəndir. Onun “Qar yağacaq” kitabına ön söz yazmışam. Ona görə də Pərvinin haqqında geniş danışmaq istəmirəm. O, Gənc Ədiblər Məktəbinin məzunudur və “525-ci qəzet” in yazarıdır. İstedadlı və çox mütaliəli bir gəncdir. Pərvinin də qaliblər sırasında olmasını arzu edərdim.

- Bilirik ki, münsiflərin onluqda olan əsərləri oxuması üçün iki seçim var idi. Ya elektron versiya, ya də kitab şəklində oxuyub qiymətləndirmək. Siz bu iki variantdan hansını seçdiniz?

- Nigar xanım münsiflərə, eləcə də, mənə əsərləri ya elektron, ya da kağız variantından oxumağı təklif etdi. Mən keçən illərdə olduğu kimi, bu dəfə də əsərləri cildlənmiş, kağız variantından oxumağa üstünlük verdim. 

- Bəyəndiyiniz və qalib görmək istədiyiniz əsərlərdən danışdınız... Bəs digər əsərlərdəki qüsurlar nədən ibarətdir? Onları niyə bəyənmədiyinizi bilmək istərdik... 

- Bir neçə əsər vardı ki, onları oxuyanda xeyli darıxdım. Düzdür, o əsərlərdə elə də ciddi qüsur görmədim. Məsələn, Azad Qaradərəlinin, rəhmətlik Zakir Sadatlının, şair kimi tanıdığımız Zahid Sarıtorpağın əsərlərini deyə bilərəm. Yəni bunlarda ciddi bir üslub, ya dil xətalarına rast gəlmədim. Amma məncə, o əsərlərdə münsiflərin diqqətini cəlb edəcək hansısa fərqli məqamlar yoxdur. Gülnarə Qarayevanın hekayəsini də bu qisim əsərlərə aid etmək olar. 
İki əsərə aid tənqidi fikirlərimi istər-istəməz dilə gətirməli olacağam. Sayman Aruzun “Yüz il inqilab” romanının çox pinti və səliqəsiz dili var. Amma buna baxmayaraq əsərin mövzusu təsirlidir, ağrılıdır, Cənubla bağlıdır. Ona görə də maraqla oxunur. Saymanı çoxdan tanıyıram, amma əsəriylə bağlı bir sıra şübhələrim var. O, əvvəl öz şeirlər kitabına Fikrət Sadığın bir şeirini əlavə etmişdi. Sonra Fikrət Sadıq onu plagiatlıqda suçlayanda o bunu danmışdı. Saymanın bu hadisədə göstərdiyi səmimilik məni qane etmədi. Bundan sonra onun yaradıcılığına şübhəylə yanaşıram. Onun bəzi məqalələri ilə də tanışam. Yəni ədəbi səviyyəsinə bələd olduğumdan hansısa peşəkar bir adamın, nasirin ona yol göstərməsindən, əsərinə “əl gəzdirməsi”ndən şübhəliyəm. Mənim bu iradımda nə qədər haqlı və ya haqsız olmağım Saymanın gələcək nəsr əsərlərindən bilinəcək. 
Bir də bizim cavan dostumuz Qan Turalının romanı haqqında fikirlərimi deyim. Qan Turalı bu müsabiqədən əvvəl eyni əsəri ilə Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat müsabiqəsində iştirak etmişdi. Həmin müsabiqənin münsiflərindən biri, məşhur, ədəbi zövqünə və obyektivliyinə şübhə olmayan şair, Qan Turalının romanını “Orta məktəb inşası səviyyəsində yazılar” kimi qiymətləndirmişdi. Mən də bu əsəri hələ MKM-dən qabaq oxuyub müəllifə sözümü demişəm. Qan Turalı sayt rəhbəridir, bir az populyardır, üzdə olan adamdır. Lakin bu cür yazıyla, dil və təhkiyə ilə onun nəsrdə uğur qazanması mümkün deyil. Bəlkə də, o, qalib olmağa iddialıdır. Lakin belə bir əsərin qalib olması gənclərin ədəbiyyata aid düşüncələrini səhv istiqamətə yönəldə, onların ədəbi zövqünün bayağılaşmasına səbəb ola bilər. 

- Sizcə, Milli Kitab Mükafatında iyirmilikdən onluğa düşməyən əsərlər arasında layiqliləri vardı?

- İyirmilikdə olan əsərlərin əksəriyyəti ilə tanış deyiləm. Ekspertlərin bir neçəsi ilə söhbət etmişdim. Səhv etmirəmsə, müsabiqəyə təqdim olunmuş əsərlərdən Şəbnəm Qarslının da romanından maraqla danışmışdılar. Həmin əsər heç 20-liyə də düşməmişdi. Düşünürəm ki, bu romanı yaxın günlərdə əldə edib oxuyacağam. Ekspertlərə gəldikdə isə onlara hörmətlə yanaşıram, səviyyələrinə və obyektivliklərinə sözüm yoxdur. Çox yüksək zövqlü ədəbiyyat adamlarıdırlar. 

- Qalib ola biləcək imzaları qeyd etdiniz, amma konkret olaraq birinci kimin olacağını açıq şəkildə demədiniz...

- Ən bəyəndiyim yazıları sadaladım, amma konkret birinci yerə layiq bildiyim əsər yoxdur. Söhbət ən xoşladığım əsərdən gedirsə, Malik Dursunovun romanını deyərdim. Amma söhbətimizin əvvəlində dediyim kimi, rus dilində əsərin Milli Kitab Mükafatında birinci yer tutmasını istəməzdim. Bu, bir yandan da mükafatın adına uyğun deyil. Bəyəndiyim digər əsərlərdən də hansı birinci yerdə olsa, təəccüblənmərəm və tam səmimi qarşılayaram.

- Nigar xanımın Milli Kitab Mükafatını təsis etməsi və ümumən onun kitab təbliğində rolu haqqında fikirlərinizi bilmək istərdik... 

- Mənim Nigar xanıma çox böyük ehtiramım var, onun haqqında “Özgə planetdən gələn” adlı esse də yazmışam. Onun kitabın, eyni zamanda ədəbiyyatın təbliği üçün gördüyü işlər əvəzsizdir. Beş il bundan öncəni indi ilə müqayisə etsək, görərik ki, gənclərin kitaba marağının yaranmasında, kitab mövzusunun ictimailəşməsində Nigar xanımın rolu böyükdür. Amma mənə elə gəlir ki, Nigar xanım son vaxtlar bir az yorulub, bəlkə də, həvəsdən düşüb. Ola bilsin gördüyü iş layiqincə qiymətləndirilmədiyindən bir az pessimist olub. 

- İki gün öncə Nigar xanım Milli Kitab Mükafatında gənc yazarlardan birinin öz əsərini münsiflərə göndərməsi, özünü tapşırtmağa çalışması barədə müsahibə vermişdi. Sizin bu məsələyə münasibətiniz necədir?

- Onun iradı hansısa yazarın münsiflərlə əlaqə saxlaması ilə bağlıydı. İstənilən müsabiqə mübarizədir və hər bir gənc, lap elə yaşlı iştirakçı qalib olmaq arzusundadır. MKM-in qalibi olmaq müəllifi yazıçı kimi təsdiq edir, eyni zamanda onu ictimai diqqətə gətirir. Bu mənada iddiaçının münsiflərlə əlaqə yaratmağa, özünü təqdim etməyə çalışması təbiidir. Əslində əgər yazarlar özləri münsiflərlə əlaqə saxlayırsa, bu, artıq təşkilatçının qüsurudur. Bu ərəfədə onluqda olan müəlliflər və münsiflər görüşdürülməliydi ki, qarşılıqlı söhbət edə bilsinlər və münsiflər müəllifləri tanısınlar. 

Bəlkə, münsifin yazıçıya hansısa sualı var, ya da əksinə. Məsələn, şəxsən mən əsərini bəyəndiyim, amma heç tanımadığım Malik Dursunovla söhbət etmək, bəzi məqamları soruşmaq istərdim. Məncə, başqa münsiflər də Şəhriyarı, Qan Turalını, Sayman Aruzu və yaxud digər müəllifləri tanımaq, onlarla tanış olmaq istəyərlər. Qaldı ki, münsiflərin fikirlərinə və rəylərinə təsir göstərmək məsələsinə, bu mümkün deyil. Nigar xanım münsiflərə qəliz, özünəməxsus xarakteri, nüfuzu olan adamları yığıb. Onlara kiminsə təsir göstərməsi qeyri-mümkündür. Məndən də kimsə xahiş edir və ya eyham vurur, amma mən əsərlərin hər birini oxuyuram və eyhamların qənaətimə təsir edəcəyini düşünmürəm. O cümlədən də o biri münsiflər, heç bir xahiş onların seçiminə təsir edə bilməz, buna əminəm. 

- Ümumiyyətlə, münsiflər heyəti ilə bağlı nə deyə bilərsiniz? Belə bir tərkibin Milli Kitab Mükafatçısını müəyyənləşdirməsinə necə baxırsız? 

- Münsiflər heyəti ilə bağlı bir sıra söz-söhbətlər gedirdi və bu da münsiflərin çoxunun rusdilli olması ilə bağlı idi. Cəmiyyətdə tanınan, brend olan adamları yığıb bir araya gətirməsi Nigar xanımın şəxsi mövqeyidir. Əslində çox maraqlıdır ki, fərqli baxışları, estetik, ədəbi zövqü olan insanların ortaq qiymətləndirməsindən kim qalib çıxacaq. Mənim münsiflərdən bircə gileyim və xahişim budur ki, təqdim olunan əsərləri oxusunlar. Belə olan halda münsiflər heç vaxt kənar təsirin altında səs verməzlər. 

- Münsiflər heyətində Əkrəm Əylisli də var... 

- Münsiflərdən biri mənə demişdi ki, əgər Əkrəm Əylisli ordadırsa, mən istefa verirəm, onunla bir yerdə münsiflərdə olmaq istəmirəm. Başqa biri isə Əkrəm Əylisli təqdimata gəlsə, orda iştirak etməyəcəyəm, onu görmək və salam vermək istəmirəm demişdi. 
Əkrəm Əylislini görmək istəməyənlər tədbiri boykot edib gəlməyə, münsiflikdən uzaqlaşa bilərlər. Lakin mən Milli Kitab Mükafatının iflasa uğramasını istəmirəm və bu müsabiqənin fəaliyyətini davam etdirməsini arzulayıram.

- Bəzən müsabiqələrdən sonra qruplaşmalar-filan barədə söhbətlər olur. Necə bilirsiz, bu dəfə Milli Kitab Mükafatında qruplaşma ola bilərmi?

- İlk dəfə qruplaşma olanda fikirlərimi mətbuata açıqlamışdım. Bu da Pərvizin yer tutması ilə bağlı idi. Amma bu o demək deyil ki, Pərvizlə düşmənəm. Mən özüm ona 7 bal yazmışdım. Amma orada sadəcə, bir neçə adamın məqsədli şəkildə bu işi görməsini bəyənmədim və əleyhinə çıxdım. Ona qalsa, hər kəs bir qruplaşma yarada bilər. Bu qruplaşmalardan mümkün qədər uzaq olmaq lazımdır. Bir daha deyirəm ki, münsifin əsəri oxumadan qiymətləndirməsinin, ya da kənardan kiminsə fikrinə, qrupunun mənafeyinə uyğun bal verməsinin əleyhinəyəm. /teleqraf.com/

Yenililklər
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.