Sevinc Çılğın: “Şeir kimi bir həyat yaşayıram”
27.05.13

Gənc yazar Sevinc Çılğının müsahibəsi

– Ötən ay “Alaçarpa”nın ikinci imza gününü keçirdiniz. Şeirə marağın olmadığı bir zamanda yazar kimi təəssüratlarınız nədən ibarət oldu?

– Doğrudur, ümumi götürsək, şeirə maraq yoxdur. “Alaçarpa”ya gəlincə, iki il bundan qabaq nəşr olunub. Elə onda da imza günü olmuşdu. Budəfəki imza günü daha çox “ƏDV-yə yox deyək!” kampaniyasına qoşulmaq məqsədi daşıyırdı, daha çox Kitab Günü münasibətilə keçirildi. Yəni, istəyim bu idi ki, mənim kitabımın adına gələnlər başqa kitablar da alsınlar. Sadəcə, kitaba dəstək olmaq istədim.  Amma bu tədbir mənə mesaj verdi. Həmişə deyirdim ki, özüm üçün yazıram, oxuyurlar oxusunlar, oxumurlarsa oxumasınlar. Oxucularla bu görüşdə başa düşdüm ki, təkcə özüm üçün yazmıram. Məsələn, keçən dəfə daha çox ədəbi cameədən dost-tanış, yazarlar gəlmişdilərsə, bu dəfə sırf mənim həqiqi oxucularım gəlmişdi. Adətən, özümüz özümüzü oxuyuruq axı... O qədər mənə xoş idi ki. Yaxınlaşıb deyirdilər, filan şeirə görə gəlmişəm. Hətta sitatlar gətirənlər vardı. Bilirdim ki, 10 –15 nəfərdi, amma sırf mənə, kitabıma görə gəliblər. Mükəmməl bir duyğu idi. Bu duyğunu yenə yaşamaq istəyirəm, amma inşallah nəsrlə, nəsr kitabları ilə. Ümumiyyətlə, şeirdən canımı qurtarmaq istəyirəm, şeir mənim üçün çox adiləşib. Bilmirəm, bəlkə bütün günü pampers, uşaq qidaları olan evdə şeir olmur? Bəlkə bir azdan yenə o hava gələcək. Amma hələ ki, elə bir şeir yoxdur içimi  tərpətsin. Yoxdu da, yalandan durum şair havalarına girim, nəyə lazımdır? (gülür). Gələcəkdə nəsrlə ortalığa daha ciddi nəsə qoymaq istəyirəm.

– Deməli, artıq şeiri qeyri-ciddi hesab edirsiniz?

– Əslində bir az qeyri-ciddi hesab edirəm. 30-dan sonra nə şeir e? (gülür) Şeir havasında deyiləm daha.

– Onda subaylıqdakı sevgi şeirləri ilə indikilərin arasında xeyli fərq olar?

– Heç bilmirəm bu yaxınlarda sevgi şeirləri yazmışam, ya yox? Heç xatırlamıram. Belə deyim, şeir kimi həyat yaşayıram, bəlkə elə ona görə şeir yazmıram.

– İmza gününə gələnlər arasında yəqin ki gənclər üstünlük təşkil edirdi?

– Yox, qəribədi, orta yaşlı qadınlar sayca daha çox idi. O gün özüm də bu barədə düşünürdüm. Bilmirəm, bəlkə mən anons edəndə həmişə deyirəm ki, bu kitab qadınlar üçündür, deməmişəm qızlar, yeniyetmələr üçündü. Bəlkə qadın psixologiyasını, qadın duyğusunu hiss edirlər ona görə...Ya bəlkə mən özümdən daha çox anamı, nənəmi, ətrafımdakı yaşlı qadınları hiss edib yazmışam buna görədir... Nəsə orta yaşlı qadınlar şeirlərimi bəyənirlər. Kütlənin damarını tuta bilirəm. Məsələn, efirə çıxanda heç vaxt “Günəşi söymüşdülər” şeirini oxumuram. Çünki bilirəm ki, bunu anlamaq üçün azca da olsa ədəbiyyat nəzəriyyəsindən xəbərdar olmalıdırlar. Bəlkə onu oxusam deyərlər ki, bu nədi yazıb? Efirdə ata üçün, ana üçün, evdar qadın üçün, yarımamış sevgilərdən oxuyuram. Bilirəm ki, kütlənin aktual problemləri bunlardır. Çünki televizora kim baxır- məişət adamları.

– Ətrafınızdakı qadınları dediniz. Bəs Yavrunu hiss eləyəndə nə yazırsınız?

– Yavrunu bircə dəfə hiss eləmişəm (gülür). Böyük-böyük çıxmasın, onunla da Yavrunun möhürünü qoymuşam. Hamı “Yavru” şeirini az qala əzbər bilir. Hələ də efirlərə dəvət edəndə soruşurlar bu gün “Yavru” olacaq? Həm Yavru, həm oğlum üçün hamiləliyimdə şeir yazmışam. Amma həm Yavrunu, həm Sezayı düşünərək uşaq ədəbiyyatı nümunələrim var və yazmağa davam edirəm. Çox yaxın vaxtlarda maraqlı bir proyektlə silsilə broşürlər, rəngləmələr olacaq. Artıq yazmışam, çap prosesindədir.

– Yaradıcı adamlar çox vaxt əsərlərini övladla müqayisə edirlər. Valideyn olduqdan sonra bu müqayisənin uğurlu olduğuna inanırsınızmı?

– Heç müqayisə olunmaz bir şeydir. Yazı nədir ki, mən onu övladımla tay tutum. Mənim üçün dünyada hər şeydən üstün uşaqlarımdı. Ümumiyyətlə, heç nəyi övladlarıma tay tuta bilmərəm. Övladı üçün insan hər şeydən keçər, hər yola gedə bilər. Anam, Zahir, övladlarım tamam başqa bir mövzudu.

–Uşaq qayğısının nə olduğuna yaxşı bələd olan birisi kimi mənim üçün maraqlıdır- siz məişət, uşaq qayğıları ilə yaradıcılığı necə uzlaşdırırsınız?

–Yaradıcılıqla məşğul olmuram. Bu dəqiqə yaradıcılığım Zahirdən və övladlarımdan ibarətdir. İşdə oluram, işdən sonra da onların qayğıları, yeməkləri, geyimləri, gəzməkləri, üstəgəl onlara sevgi. Ancaq bununla məşğul ola bilirəm. Əvvəllər heç olmasa gecələr yazırdım. İndi heç onu da eləyə bilmirəm. Çünki arada Sezay oyanır, yemək, su istəyir. Özüm də yorğun oluram, yatmaq istəyirəm. Boş vaxtım olsa, işdə olur, çox sağ olsunlar, işdə şərait yaradılır, yaradıcı adam münasibəti görürəm, ümumiyyətlə, dəyər verirlər. Vaxtım olanda hərdən köşə yazıram. Ciddi nəsə yazmıram. Artıq ilham pərisi də məni başa düşməyə çalışır (gülür). Lazım olmayan vaxtlarda gəlmir.

– Uşaqların dünyaya gəlməsi təxəllüsünüzün mahiyyətinə təsir eləmədi ki? Sizi kölgədə qoymadılar?

– Hələ ki o çılğınlığı uşaqlarda hiss eləmirəm. Uşaqlarım çox sakit təbiətlidirlər. Daha çox Zahirdən sakit təbiət götürüblər.  Amma məsələn, oğlumdakı hikkə, qızımdakı hər şeyə gülərək baxmaq, ironik yanaşmaq məndəndir.

– Bəs bir evdə iki şair necə yola gedir?

– Bizdə şairlikdən əsər-əlamət qalmayıb, bəlkə ona görə bizimki tutur. Biz əlində qələm- kağızla gəzən klassik şair obrazları deyilik axı (gülür). Biz o obrazlardan çox uzağıq, son dərəcə real adamlarıq. Reallığın içinə girdikcə də romantikaya bir az yuxarıdan aşağı baxmağa başlamışıq. Əslində reallığı yaşamaq, əlində olanları dəyərləndirmək lazımdır. Psixoloqlar deyir ki, real olanlarla əldə etmək istədiklərinizi bir vərəqə yazın, üst-üstə düşürsə, deməli problem yoxdur. Şükür Allaha, bizdə 80 faiz üst-üstə düşür. Bircə problemimiz evdir. Başqa hər şeyimiz var.

– Ev demişkən, bu yaxınlarda “Yamyaşıl bir evim olsa” yazınızı oxumuşdum. Bu, qadınlara xas yuva instinktidir, yoxsa komfort istəyi, əlçatmaz bir arzu?

– Yox, əlçatmaz arzu deyil, o evi əldə eləmək üçün bəzi şeylərdən vaz keçsək, yetərli olar. Bəlkə mən bir az paltar sevdasını azaltsam, uşaqların geyimlərini, istirahətlərini, gəzməklərini bir az azaltsam, daha tez və kiçik ev əldə eləmək olar. Amma mən makimalistəm bu işlərdə, Əhmədlidə evim olunca, Bakının mərkəzində kirayə qalmağı üstün tuturam. Bəlkə də Bakının mərkəzində böyüdüyüm üçün belə düşünürəm. Mənim üçün ev əlçatmaz arzudan daha çox yuvadır, uşaqlarımın rahatlığı, komfortu üçün istərdim. Kitablarımız ortalıqdadır. Evdə balaca bir köşə tapmışıq, kitabları ora yığırıq. Ürəyim partlayır, istəyirəm çoxlu kitab alaq, yer tapmırıq, anamgilə göndəririk. İstəyirəm ki, iş otağımız olsun, sakitliyimiz olsun. Özümüz-özümüzlə baş- başa qalmağa imkan olsun. İnsan öz-özü ilə baş-başa qalanda yaza bilir. Hamının yanında da oturub işləyə bilmərik. Hərdən zarafata salıb deyirəm ki, ilham pərisi bizdən qaçıb.

– İlham pərisi kirayə evlərə gəlmir yəqin...

– Yəqin... Heç olmasa balaca bir iş otağımız olsun ki, ora çəkilib nə isə yaza bilək. Tək qalmağa bir köşəmiz olsun. Ən çox buna görə istəyirəm. Yoxsa dünya malına tutqulu adam deyiləm. Kiminsə evi var, mənim də olsun kimi arzularım yoxdur.

– Söhbətimiz arzulara dayanmışkən, sonda şair kimi, qadın kimi, ana kimi arzularınızı eşitmək maraqlı olardı?

– Arzularım çoxdur. Məsələn, mən öhdəmə düşən hər şeyi eləyirəm – öz hüquqlarımı müdafiə edirəm. Çalışıram ki, qarşımdakı da başa düşsün ki, bu, belə olmalıdır. Ətrafımdakılara yardım etmək, sağlam cəmiyyət görmək istəyirəm. Cəmiyyətimizdə xəstəlik sindromları çoxalır, cəmiyyətimizin az faizi normal, sağlam düşünə bilir. Uşaqlarım böyüyür, istəyirəm ki, övladlarım sağlam cəmiyyətdə, güclü dövlətdə, gözəl şərtlər altında yaşasın. Dolayısı ilə onların timsalında Vətəni gözəl, yüksək səviyyədə, firavan görmək istəyirəm. /525.az/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.