Qurbanəli Ömər - Son zəng nəğməsi
31.05.13
Şirin bir röyaydı məktəb illəri, Ayrıldıq, itirdik həmin günləri, Axıb gözümüzün qanlı selləri, Qəhərdən bulud tək dolacaq indi, Bizim son zəngimiz çalacaq indi.
Solub üzümüzün qönçə çöhrəsi, On birillik bağın budu bəhrəsi, Hər dərs eşitdiyim bu zəngin səsi, Bizləri kədərə salacaq indi, Bizim son zəngimiz çalacaq indi.
Keçmiş xatirələr düşəndə yada, Şirin gülüşlərdən gəlir səs- səda, Həsrət həyacanla söylənir burda, Qəlbimin qonağı olacaq indi, Bizim son zəngimiz çalacaq indi.
Bu layla yuxudan oyadıb indi, Həyatın qoynuna atacaq bizi, Çalmamış köksümdə ruhum isindi, Ruhumu elə bil alacaq indi, Bizim son zəngimiz çalacaq indi.
Saf, məsum sevdamın yurdu buradı, Müəllim əlimdən bezdi, qınadı, Nakam məhəbbətdən fələk sınadı, Bu sirr ürəyimdə qalacaq indi, Bizim son zəngimiz çalacaq indi.
Bu zəng çalınarsa uşaqlıq bitər, Dayan, ayaq saxla desək də ötər, Ayrılıq acısı hər şeydən betər, Ömər xəyallara dalacaq indi, Bizim son zəngimiz çalacaq indi.
|