Fikrət Qoca: "ABŞ-da məndən soruşanda Qismətin adını çəkəcəyəm" - MÜSAHİBƏ
11.06.13

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi  Fikrət Qocanın müsahibəsi.

- Fikrət müəllim, yol üstəsiniz, okeanın o tayına - ABŞ-a gedirsiz. Səfərdə məqsəd nədir?

- Bizim ədəbiyyat aləmindən olub, ABŞ-da yaşayan qələm adamları ilə görüş nəzərdə tutulub. Təşəbbüs onlardan gəlib. Köhnə tanış yazıçılardır, aralarında yəhudilər, ingilislər də var. Mən keçən il də Vaşinqtonda olmuşdum, görüş onlara  maraqlı gəlmişdi. Bu il də dəvət ediblər. 

- Sizinlə söhbətə başlamazdan əvvəl dediniz ki, səfərin müddəti 1 aydır. Deməli, görüşlər çoxdur.. 

- Başqa işlər də var. Mənim orada qızım, nəvəm yaşayır. Könlümə nəvəm düşüb. Bu dəvətdən həm də bir növ istifadə edirəm. Buradakı nəvəm Fikrət Qoca da mənimlə gedir. Aparıram ki, oradakı qardaşı ilə görüşsünlər. Nənəsi də bizə yoldaşlıq edir... 

- Görüş AYB-nin xətti ilə deyil, yəni şəxsi dəvətdir...

- AYB-dən 1 abbası da istifadə etməmişəm. Biletimi də dəvət edənlər alıblar. 

- Fikrət Qoca indi nə yazıb- yaradır?

- Yaratmağı bilmirəm, həmişə yazdığımı yazıram. Bir az yaxşı, bir az pis... Şübhəsiz, yazdıqlarımın hamısı eyni səviyyədə olmur. Biri bəyənir, digəri bəyənmir, başqa birisi heç məni tanımaq istəmir. Amma ədəbiyyat bu deməkdir - yazmaqdır, bir təsərrüfat işidir. Uzun ömürlü prosesdir. 100 metrlik qaçış deyil ki, bütün gücünü qoyub, qaçıb birinci olasan. Gərək ömrün boyu qaçasan. Bunun üçün də nəfəsini elə tənzimləməli, həyatını elə qurmalısan ki, istedadın səndən iyrənib aralanmasın. Yolunu elə götürməlisən ki, yaşadığına utanmayasan. 

- Şeirlərinizdə yaş öz sözünü deyir...

- Yaş hər şeydə öz sözünü deyir. Mən həmin adamam, amma beyin həmin beyin deyil. Əvvəl adam gənc olur, heç nəyi başa düşmür. Bəyəndiklərini sonra bəyənmirsən. Sonra görür ki, əvvəl başa düşməyib ki, həyat nədir. İnsan kamilləşdikcə itirdiyi şeylər də olur, qazandığı da. Qazancı insana dözməkdir, kənardakıları daha yaxından tanımaqdır. Sən insanı başa düşmürsənsə, niyə rədd edirsən? Bunlar hamısı adama yaşla gəlir. Yaş adamı səbrə öyrədir. Niyə deyirlər ki, Allahın bir adı da səbirdir. Səbir dözmək, başqasını axıra kimi dinləyə bilmək deməkdir. Cavanlıqda qazan kimi qaynar olursan, sözü yarımçıq kəsib öz bildiyini deməyə başlayırsan. Səni qınamırlar, çünki cavansan. Yaşlı adam bir az ehtiyatlı olur. Gənclər haqda da fikirləşir ki, mənim yaşıma gələndə sən də həqiqəti bilərsən. Bunların hamısı həyatdır, həyat isə başdan-ayağa elmdir. Kitablardan öyrənmək olar, amma sən kitabdan bir adamın bildiyini öyrənirsən. Həyatı öyrənəndə çox şeyi birdən öyrənirsən. İnsanların xarakterindəki dəyişikliyi başa düşə bilirsən.

- Son vaxtlar cavanların tənqidləri səsləndi, AYB-dən istefalar oldu. Buna münasibətinizi bilmək istərdim...

- Bu, birlikdir, təşkilatdır, 1600 üzvü var. Göründüyü kimi, üzvlərin sayı çoxdur. Komissiya düzəldib üzvlərin sayını seyrəltmək istəyirdik. Eləsi var, 20 il bundan qabaq yazıb, yaxşı da yazıb. Sonra başı başqa işlərə qarışıb, indi neçə ildir yazmır. O, niyə AYB-də üzv qalmalı, imtiyazlardan istifadə etməlidir? AYB-nin komissiyasında kim olacaq? Kim başqasına pislik etmək istəyər? Bu suallar açıq qalır. 
Gənclər istefa verir, öz işləridir, çox yaxşı. Gəldikləri kimi də gülə-gülə getsinlər. Bu, əslində istefa deyil. Bura cəmiyyətdir, təşkilatdır. Adam vəzifədən istefa verər. İstefa o deməkdir ki, şairəmsə daha şeir yazmayacağam? Şairlik tamam başqa anlayışdır. Biri deyir ki, evim yoxdur, şeir yaza bilmirəm. Çox nahaq danışır. Mən şəxsən stolun altında da, divanın küncündə də, küçədə də şeir yazmışam. Şeir bir yerdə məskən salmır, gəzir. 

Əgər yaxşı yazarsansa AYB-nin üzvü olsan da, olmasan da yazacaqsan. Burada faciəvi bir məsələ yoxdur. Bir adamın məndən xoşu gəlmirsə, niyə mənimlə bir otaqda qalmalıdır? Ailədən müqəddəs şey yoxdur. Bəzən orada da ayrılma olur. Çünki bir-birinə dözmürlər. Şərif Ağayar min cür söz deyir. Biz onu məhkəməyə vermirik ki? AYB-nin üzvüdür, yola salırıq gedir. 

Təhqir edir, deyir ki, AYB-də alver edirlər. Burada nəyin alverini edirik, şeir satıb şeir alırıq? Hər kəs işləyir maaşını alır. Cavandır, ağzı qızışır deyir, niyə ölməyib indiyəcən?.. Allahın işidir, yaşayırıq, deməli, Allah yaşadır. Beləsi miyə mənimlə bir yerdə, bir idarədə oturmalıdır, niyə bir cəmiyyətin üzvü olmalıyıq, niyə məcburən onu eşitməliyəm, yaxud o, mənə dözməlidir? 

- Şərif Ağayar bu sözləri sizə ünvanlamışdı. Məsələni şəxsi planda həll etmək olmazdımı? Onun AYB-də üzvlükdən çıxarılması nə qədər ədalətlidir?

- Buna katiblik qərar verdi. Bu, birinci dəfə deyil. Bir dəfə birlikdən çıxarıldı. Prezident təqaüdü başlayanda, görünür, peşman oldu, gəldi xahiş etdi... Uzun ərizəsi var, üzr istədi ki, səhv etmişəm, məni götürün. Buradakılar humanist adamlardır, Anarın ürəyi dözmədi, dedi, götürün. Yığışdılar, katiblik qərar çıxardı ki, onu təzədən sıralarımıza qəbul edək, bir səhvdir edib. Bir il təqaüd alandan sonra başladı ki, bura cəhalət yuvasıdır, irticadır. Bəs təqaüd alanda niyə demirdin? Pul qurtaran kimi bura cəhalət yuvası və pis yer oldu? 
Heç mənə imkan düşmədi ki, ona söz deyim. Heç deməyəcəkdim də. Amma hər şeyin bir sərhədi var. Demokratiyanın da sərhədi var. Gəl atan boyda yaşlı kişiləri aldat, sonra da başla təhqir etməyə. Bu, nəinki qoca adamın, heç cavanın da işi deyil. Qocaya deyərsən, bəlkə, əli üzülüb hər yerdən belə danışır. Amma sən cavan adamsan, qarşında uzun ömür var, bu adla yaşayırsan. Axı, bu sənin tərcümeyi-halında qalır. Biz hörmət edib onun üzr ərizəsini çap etməmişik. Özü də bilirdik ki, nəyə görə yazıb, amma axıracan bilmək istəyirdik ki, bəlkə, düzəlib. 

- Onun AYB-dən çıxarılması katibliyin qərarı idi?

- Katiblik yığışdı. Mən orada olsam da, əleyhinə səs versəm də, tək səsəm. 5 nəfərin hamısı yekdilliklə səs verdi. 

- AYB-nin üzvlərinin sayının azaldılmasını Rəşad Məcid də Ədalət Əsgəroğlu da təklif edir. Sizin şəxsi mövqeyiniz necədir?

- Çətindir. Çünki siyahıda 1600 üzv var. Bunlardan cəmi 6 nəfəri orta təhsillidir. Qalanları ali təhsillidir, akademikdir, elmlər namizədləri, elmlər doktorları, Milli Məclisin üzvləridir. Komissiya təşkil edəndə hansı akademiki, elmlər doktorunu çıxarasan? Onlar da şeir yazıblar. Elçin Əfəndiyev Nazirlər Kabinetində çalışır, baş nazirin müavinidir, öz işini də görür, yazıçılıq da edir. Amma hamı elə deyil... 
İndi onları Yazıçılar Birliyindən necə çıxaraq? Komissiya təşkil edib kimlərisə ixtisara salmaq çox çətindir. Kim kimi bəyənmirsə, üstündən xətt çəkməsi doğru olmaz. Həmin şəxsin özündən əvvəl ailəsi, övladı, nəvəsi var. Bunu fikirləşmək lazımdır. Dünya qopmur ki. Azərbaycanda heç şeir yazmayan adam çox azdır. 9 milyondan 1600 nəfərin şairlik və yazıçılıq etməsi ziyan deyil ki... Mən belə düşünürəm. 

- Sabir Rüstəmxanlı deyib ki, AYB-nin 1600 üzvündən 400-nü qovsan da gedən deyil. Bu fikirlərlə razılaşırsız?

- Ola bilər. Amma niyə qovasan axı? Ədəbiyyat sözünün əvvəlində “ədəb” var. Ədəbiyyat adamı olmaq üçün istedad lazımdır, ancaq şərtlərdən biri də mərifət, ədəb-ərkandır. Başqa ölkəyə gedəndə, tərcüməçi vasitəsilə danışsan da ifadə və danışığıma görə mənə deyil, Azərbaycana qiymət verirlər. Çünki onların ətrafında azərbaycanlı yoxdur ki, mənimlə müqayisə etsinlər. Şair də gəzən, dünyanı dolaşan adamdır. Dünyanın yalnız iki qitəsində - Avstraliya və Antraktidada olmamışam. Hələ cavan vaxtlarımda Kamçatkadan Vyetnama , Kuba, Filippinə qədər, Afrikanın “Yaşıl burun” adalarınacan getmişəm. Kefimə görə getməmişəm, insanları görmək və tanımaq üçün səyahət etmişəm. Öz istedadıma kömək etmək istəmişəm, burada eqoistlik də var. Tükənməmək, qurtarmamaq üçün... Yəni çalışmışam ölkəmi, ədəbiyyatımı layiqincə təmsil edim.

- Sizcə, AYB-nin üzv sayında optimal rəqəm nə qədər olmalıdır?

- Heç bu barədə düşünmürəm. Narkoman çoxdur, yoxsa yazıçı? Yazıçının sayı çox olsa, nə zərəri var? Şeir yazır, daş atmır, söyüş söymür, oğurluq eləmir. İki adamı da yazıçı tərbiyə edər. Həbsxanalarda o qədər adam var, heç deyən, yoxdur ki, çoxdur. 

- AYB-yə üzv qəbulu dayandırılıb. İstefaların yerinə təzə üzv qəbul oluna bilərmi?

- Bunu qurultaya qədər saxlamışıq. Çünki qurultay ağır işdir. Bizim 12 filialımız fəaliyyət göstərir. Rusiyada, Türkiyədə də filialımız var. Keçən il Anarla İsraildə olduq, orada filial açdıq. Bunların hamısı işdir. Oradan gərək nümayəndə heyəti seçilə, onları dəvət edək. Bunlar üçün maliyyə lazımdır. Bu, böyük tədbirdir. Hələlik qurultayı saxlamışıq, prezident seçkiləri bitsin, sonra keçirək.

- Səhv etmirəmsə, qurultay sentyabra nəzərdə tutulmuşdu, yenidən seçkilərdən sonraya təxirə salınıb?

- Baxaq. Əgər görsək ki, qurultay keçirməyə imkan var, bəlkə də, qabağa saldıq. Yazıçılar Birliyinə qəbul özü də bir işdir. İstefaların yerinə üzv vacib deyil. Bu il 20 gənc yazar prezident təqaüdü alıb. Yaxşı yazırlar, istedadlıdırlar, arada saf-çürük də olur. Qismət çox istedadlı oğlandır. İstefa verməklə özünə xəyanət etmiş olur. İstərdim, bu xüsusiyyətləri şeirlərinə keçməsin. Harada olursa-olsun yazsın, təki istedadına xəyanət etməsin.

- Şərif Ağayarı oxuyursunuz?

- Onu oxumamışam vallah... Doğrusu, yaxşı tanımıram.

- Hər halda prezident təqaüdü alıb, heç bir yazısı ilə tanış deyilsiniz?

- Köşə yazılarını oxumuşam.

- Bəyənirsiniz?

- Köşə yazılarla adam tanımaq çox çətindir.

- AYB-yə alternativ təşkilatın yaranmasına necə baxırsınız?

- Neçə illərdir yaradılıb, gedib ora üzv olsunlar. Bizə heç bir zərəri yoxdur. Təki istedadlı olsunlar. ABŞ-da məndən soruşanda Qismətin adını çəkəcəyəm, çünki istedadlıdır. Nəyə görə özümə xəyanət etməliyəm? Onun istedadını dansam, ona yox, özümə xəyanət edərəm. Niyə özümü bu yaşımda pərt etməliyəm, kələk gəlməliyəm? /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.