Azad  Qaradərəli - Özümü azdırmağa aparıram
24.06.13

Hekayə
                                                  

Pişiklərin azdırmalı yaşında doğuldum
                                                           Feyziyyə

       
         -Kəhliyim azıb, - dedi və başını ağır bir qazan kimi fırladıb düz mənim üzümün bərabərində saxladı. Sonra “eeehhhhh” kimi bir səs çıxardıb dərindən əsnədi. Mən onun bu görkəminə baxanda darıxdım. Qaçıb harasa getmək istədim. Amma hara? Hara getsəm, yenə hərlənib-fırlanıb gəlib bura çıxasıydım.
Birdən ayılan kimi oldu, təəccüblə mənə baxıb hirslənirmiş kimi göstərdi özünü və tez də əvvəlki laqeyd görkəminə qayıdıb sözlər ağzından tökülə-tökülə dedi:
-Azmax demişkən... sən o pişiyi... sən nə təhər karsız adammışsan... bir dəfə adamın ürəyindən  tikan  çıxarmazsan... niyə onu azdırammadın?
Onun bu halı xoşuma gəlməsə də, ciddiləşməyini də istəmirdim. Elə belə qalsa, yaxşıdır. Mənə belə sərf edir axı.
Pişik bizim deyil. Hardansa gəlib çıxıb həyətə. Ac qalanda qab-qaşığı yalayır, murdarçılıq edir. Amma gecələr gəlib girir yanıma, hənirini duyanda rahat oluram. Elə bil yanımda adam var... Qınamayın məni, azalıb on üç yaşım ola, həmişə tək yatmışam. Uşaqlıqda nə təhər olub, bilmirəm, amma ağlım kəsəndən həmişə tək yatmışam. İndi bu pişik məni təklik əzabından qurtarıb.
Mən bu qəsəbədə kimsəsizəm. Eyzən o pişik kimi. Gözümü açandan bu qadının yanında görmüşəm özümü. Əvvəl elə bilmişdim anamdır. Sonra qandıqcan anladım yoox, ana belə olmur ki. Camaatın anasın da görürdüm axı. “Can” deyəndə beşi də ağzından düşürdü. Amma bu mənə “ədə”, “ay uşaq”, “dəli vırğına tuş gəlmiş”, “yetimçə”... daha nə bilim e, bu kimi pis-pis ürəkbulandıran sözlər deyirdi. Amma mən bir az iriləndikcən bu pis-pis sğzləri azaltdı, “ay Nəzər” (adım Nəzərdir), “a bala”, “qadan alım”, “ağrın ürəyimə” kimi xoş sözlər də deməyə başladı. Bunun da səbəbini çox-çox sonralar anladım – o məni itirməkdən qorxurdu.
“-Tubu bacı, - mən onu belə çağırırdım – sən mənim nəyimsən? Anam, ya bacım?” – deyə ondan soruşmuşdum bir kərə.
“-Tələsmə, yekələrsən, hamısını bir-bir danışaram saa... elə  bacınam, bacın...” – deyib başından eləmişdi məni. 
Bilməyinə bilirdim: yüz faiz Tubu mənim anam deyil, heç bacım da deyil, xala da belə olmur... Uşaqlar məktəbdə hərdən söz atırdılar: “Tubunun oğlu”. O biri onun səhvini düzəldirdi: “Nə oğlu, ə! Tubunun yetimçəsi!” Bir başqası hırıldaya-hırıldaya: “Tubunun əri!” deyəndə yumruqla ağzının üstündən vurdum, qan basdı üzünü. Məni direktorun otağına apardılar. Müəllimlər növbəylə döyməyə başladılar. Özü də bu kimi sözlərin müşayətiylə: “Tərbiyəsiz küçük!”, “Əsli-nəsli olmayan  bic-vələdüzina!”, “Arvad oğlundan nə gözləmək olar ki!?”, “Yetim oğlu yetim!”
Bir soruşan yoxuydu ki, sən bu gədəni niyə vurdun, niyə ağzını-burnunu qanatdın?! 
Niyə də soruşsunlar? Kim idi mənim kimi kimsəsizlə maraqlanan? Atam yox, anam yox. Bir Tubudur, o da məni günahkar edəcək: “A dəli vırğına yalvarasan, camahatın uşağına niyə yumruğ atırsan? Demirsən məni də saa qatarlar?! Öfkən ağzıa gəlsin, bala! Yekəlmisən, si...in əliıa qatı gəlib?! Sıçan olmamış dağarcıq dibi dəlməyinə bax, ürəyi parttamışın!”
Tubu bir şey bilirmiş. Səhər məktəbdən qayıdanda vurduğum oğlanın qardaşı, atası, əmisi, daha nə bilim kimləri – bir sürü adam kəsdi qabağımı. Yun çırpan kimi çırpdılar məni. Ağzımın qanı  burnumun iliyinə qarışdı, başım yarıldı, qan axıb üzümü-başımı basdı, gözüm doldu qanla, dünyü-aləm qan rənginə döndü. Ha istədim qalxam, qalxa bilmədim. Genə allah Tubuya versin söyə-söyə, söylənə-söylənə qoluma girib gətirdi məni  evə. Amma bilmirdim mənə söyür, ya məni döyənlərə. Huşum getdi. Nə qədər huşsuz qaldığımı bilmədim. Onda ayıldım ki, Salatın (mən pişiyimizi belə çağırırdım) üzümün-başımın qanını yalayır...
...Taa yeddincidə oxuyanacan bu sirr ürəyimi deşdi. Axırı bir gün mal növbəsinə gedəndə  kəndin naxırçısı Nəcəfalı kişi mənə başa saldı olub bitənləri. İndi mən sizə də anladacam olanları.
                                             ***
Babama Padar İsmayıl deyirmişlər. Arazın o tayındakı Padar kəndindən gəlib bizim kənddə qız alıb qalıb burda. Atam  yaylaqda olan ili  otardığı sürüyə canavar təpir, yarısını qırır. Sürü sahibi babamı salır ağacın altına, o ki var döyür. Bu da dözmür, ağacı dartıb sahibin əlindən alır,  qayıdıb bunu  budayır. Və anlayır ki, daha burda qala bilməyəcək, yoxsa onu öldürəcəklər. Ən qıvraq atlardan birin minib vurur özünü meşəyə. Orda-burda gizlənə-gizlənə gəlib Dəlləkli altına çıxır, atı toxuyur Araza. (Hələ onda  arada tikanlı məftil yoxumuş.) Elə o gedən olur. Atam qalır yetim. 
Allah gərək adamın işini əyməsin. Vallah, məni qınamayın, allah da varlının, pullunun allahıdır. O kişinin heç mənim kimisini yadına saldığını görmədim. 
Nə isə. Atam pisə-pislə böyüyür. Anası ərə gedəndən sonra ögey atanın iki yumruğu  olur, atamın bir başı. Məktəbin səkkizinci sinfində oxuyanda sevdiyi qızla nə təhər sevişirsə, səsi məktəbdən də uzağa gedib çıxır. Və aydın olur ki, anam, yəni 8-ci sinif şagirdi olan Səməngül hamilədir. Atam əvvəl qorxur, boynundan atır. Qızın atası onu təpiyin altına salandan sonra deyir, hə, mən eləmişəm. Evlənirəm qızınızla. Amma Sovet höküməti 8-cidə oxuyanların evlənməsinə  icazə verərdimi? Verməzdi. Bəs neynəsinlər? Gecənin birində mənim 16 yaşlı atamın ağzına əsgi basıb əl-qolunu düyünləyirlər, ayağına daş bağlayıb ana babamın həyətindəki su quyusuna atırlar. Üstünü də torpaqlayırlar. Ananmı isə göndərirlər  ana nənəmin torpağına – Kafan şəhərinə. Ta mən doğulanacan orda qalır, sonra kiməsə teləyirlər gedir ərə. Məni isə düz altı aylığımda gətirib verirlər Tubuya. Bəs niyə Tubuya? Ondan ki, Tubu anamın həm rəfiqəsi, həm də sinif yoldaşıymış, elə o da mənim kimi yetimmiş... yetim olduğuna görə də qarıyıb evdə qalıb, alan olmayıb... Bax, bu mənim tariximdir. Haracan düzdür, haracan səhvdir, daha bilmirəm. Bir onu bilirəm ki, mənim Salatından başqa yaxınım, əzizim, doğmam yox. Bir də Tubu... yenə nə olsa da Tubu... o olmasaydı, yəqin ki, çoxdan kəlmeyi-şəhadətimi oxumuşaum.(Elə deyirəm ki, guya əzbərdən bilirəm. Sadəcə bu kənddə bir deyimdir, mənim də dilimə düşüb.)
Ana babamgil  o rüsvayçılıqdan sonra köçüblər Kafana. Evləri eləcənə xaraba qalıb. Həyətlərində eşşəklər anqırışır, uşaqlar gizlənpaç oynayır. Mən də o qədər burda o yan-bu yana dazımışam ki! Allah bilir neçə kərə atamın “qəbir”inin üstündən atılmışam. Axşamlar gedib şalvarımı sivirər, bu yiyəsiz həyətdə  özümü rahatlayar, sonra əvəlik yarpaqlarıyla dalımı silib durardım. Bax, o zaman bəlkə atamın yatdığı yeri murdarlamışdım? Mən nə bilim axı? İttdi, qurtdu, yenə atamdı, onun belindən gəlmişəm... Eeeh, nə bilim axı... 
                                               ***
-Sən bını azdıdın, azdıdın, azdımadın...
-Bacı... axı o gecə mənnən yatır? Noolar, qoy qalsın dana... Salatın...
Yerdən bir xeyli cücə tükünü götürüb başıma sovurdu:
-Bına bax! Görürsən?! Böyün cücəmi yeyən, səhər özümə cumacax!.. Bir də saa deməmişəm  camahatın qızının adın qoyma pişiyiə?! Gəlib dəməyiıı qayırsalar, neyniyəssən, hıy?! Avara zatın-kökün ağzına sıçım! Gəl otur bı yana, indi day saa hər şeyi danışım ki, bil hankı yuvanın quşusan... Yoxsa sən də dədən kimi sıçan olmamış dağarcşx dibi dəlssən...
...Daha siz bilirsiniz də olub-bitəni. Nəcafalı  kişinin danışdıqlarını beş aşağı, büş yuxarı  Tubu təzədən danışdı mənə. Axırda bircə bunu dedi:
-Aç gözüu yaxşı-yaxşı bax ətrafa! Ya dədən-nənən kimi  burun üzdən kəsənniy elə,  o bedasıllara oxşa, ol itin alt qıçı, ya da adam ol, qoşul adamlara... Ba, saa deyirəm, bilirsən ki, mən də sənin tayınam, kimsəsizəm... Adam olsan, başıı aşağı salıb iş-güc yiyəsi olsan, səni adam kimi genə saxlıyacam, yedirib-geydirəcəm, sohra əsgərə yolluyacam,  qayıdanda bir babanın qızın alıb səni ev eliyəcəm... yo, əyəmnəri fəs-fərağat otumasan yerində, bax o pişiyin kimi səni də salacam çöllərə... 
                                            ***
Dəmir yolunun ağzında  bir tikili vardı ki, adına Vadakaçka deyirdilər. Burdan  qəsəbəyə  susoranlarla  su vururdular.  Elə bu tək binanın həyətində Salatını yerə qoydum. Başını sığallayıb ağladım. Elə o da qıçıma dolaşıb miyoldadı. Quyruğunu ayağıma doladı, sanki getmə deyirdi. Amma mən getməliydim. Tubuya söz vermişdim ki, onun bir sözünü iki eləmiyəcəm, Tubu demişkən bedasıl atam-anam kimi onun başını camaat içində aşağı eləmiyəcəm...
Qaçırdım. Arxaya baxmadan qaçırdım. Salatının səsi qulaqlarımdaydı. Onu görməmək, eşitməmək üçün qaçırdım...
Salatın... 
Onu sizə tanıdam gərək. Mənimçün çooox, çətindi ondan danışmaq, amma daha başlamışam, gərək hamısın deyəm. 
            İki il qabaq  Tubuynan getmişdik rayon mərkəzinə yaxın  Qıraq Müşlan kəndindəki yel dəyirmanına. (Əslində yel dəyirmanı-zadı deyildi, eləcə elektriklə işləyirdi, nədənsə camaat ona yel dəyirmanı deyirdi.)  Növbə tutub gözlədik ki, apardığımız beş tay buğdamızı üyüdüb qayıdaq kəndimizə. Təxminən iki saatacan gözləyəsi olduq. Bu vaxt  elə mən yaşda bir qız  əlində bağlama dəyirmana gəldi. Mən qızı görən kimi ürəyim başladı  bərk-bərk  döyünməyə. Nədənsə mənə elə gəldi ki, dəyirmanın  guppagurp  səsinindən də bərk səs çıxardır ürəyimin guppultusu.  Qorxa-qorxa Tubuya baxdım ki,  görüm məni silkələyən bu səsi o da eşitdimi? Amma gördüm yox. Tubu harasa  baxa-baxa sevdiyi  havasını mızıldanır: “Nananay,  ay naninay, naynaninay de gülüm nanany, ay naninay, hay naninay içidir, naninay, ay naninay...” Yəni: “Bu gün ayın üçüdür, de gülüm, nanay, ay nanainay, yar girmə bostan içidir, naninay, ay naninay...”
Xüləs, qız dəyirmançının yanında bağlamanı yerə qoydu, dəstərxanı  açıb içindən bir termos, bir də  yer-yemək çıxardıb düzdü kişinin qabağına. Qız bərkdən (dəyirmanın səsi qoymurdu eşitməyə) dedi:
-Qonşu Zeynəb xala bizdən inciyib, küsüb ki, onun dənini üyütməmişik...
Kişi stəkana termosdan çay süzə-süzə  az qala bağırdı:
-Küsüb yerin ayrı salsın! Mən nağayrım küsüb... Dənçilər çox, dəyirmançı  tək!
Sonra kişi üzünü bizə tutdu:
-A bala, ay qız, ay gədə, bırdakılar yerli camahatdı,  onlara baxmıyın, siz qonaxsıız,  irəli oturun, bir tikə çörək kəsin, bir qurtum çay için... bı da mənim qızımdı, adı da Salatındı, gəlin, sizə də yemək çəksin...
Kişi bunu deyib gözlərini  Tubunun ağappaq baldırlarında gəzdirdi.  Buğda taylarının üstündə  çəpinə oturmuş Tubu bunu hiss edib donunun geri dartılmış yerini  irəli çəkib qıçının üstünü örtməyə çalışdı və dedi:
-Sağ ol dayı, özümüzün də çörəyimiz var, acanda yeyəcəyik.
Tubu “dayı” kəlməsini elə dedi ki, kişi hirslə üzünü yana tutub nəsə mırıldandı. Mən eləməyib tənbəllik (deyəsən, ürəyimin döyüntüsü kəsmişdi) gedib Salatının atasının yanında oturdum yerə, qıza marıda-marıda kişinin  verdiyi dürməyi dişimə çəkdim.
Day nə oldu, nə olmadı, bilmirəm, bir onu bilirəm ki, mən bu dəyirmandan getmək istəmirdim, elə burda qalmaq, bu kişinin əlinin altda buyruqçu işləmək,  gündə bir dəfə də Salatına baxmaq... istəyirdim.
Dəni necə üyütdüyümüzü, unu necə xaşalara yığdığımızı bilməmişəm, bir onu gördüm ki,  Salatın mənə baxıb şaqqa çəkib gülür. Demiyəsən, üz-gözüm batıb una, qoca kişiyə oxşamışam: -He-he-he... lap qoca kişilərə oxşadın... güzgü də yox baxasan özünə... he-he-he... Balaca kişi, qoca kişi...
Tubu qızı sancdı, nə sancdı:
-Aaz, özüu yığışdı, eyyyy! Mənim gədəm saa nədi ki, araya qoyasan!
Mən az qala yalvaracaqdım Tubuya ki, dəyməsin onun xətrinə. Necə başa salım axı onu ki, bu qız mənə doğmadı, belə çoox doğmadı e... O Kafandakı anam kimi doğmadı,  quyunu özünə qəbir eliyən atam kimi doğmadı, lap elə Tubunun özü kimi doğmadı... Nə bilim axı, çox doğmadı də... Mən heç bu sol qoltuğumun altda  belə  tappatap eliyən bir şeyin olduğunu da bilmirdim, bu qız  başa saldı.  Mən heç  düzü-dünyanın  birdən-birə  göydəki  göyqurşağı kimi  rəngbərəng olduğunu  bilmirdim, onu da bu qız  anlatdı. Mən heç  adamın iki daşın arasında özünün  birdən-birə  xoşbəxtlərin xoşbəxti  sandığına   inanmazdım, bunu da bu qız – Salatın  inandırdı.  Və mən  qız  adının belə nazlı, belə  işvəli, belə gözəl olduğunu,  belə qəşəng səsləndiyini  duymazdım, onu da Salatın  duydurdu. Mən hələ qız gülüşünün bu qədər  şirin, bu qədər  saf,  bu qədər  yapışıqlı olduğunu heç bilməzdim, bunu da o öyrətdi... Bunların hamısı ikicə saatın içində baş verdi... 
Amma Tubu bunları bilə bilməzdi. Və nədənsə Tubu yaman hirsliydi. Bu saat bu qızı  dişiynən didməyə hazır idi. Mənsə həm Salatını  çox istəyirdim, həm  də  Tubunu ən əziz adamım bilirdim. Bəs niyə  mənə doğma olan bu iki adam bir-birini belə süsürdü? Bax, bunu anlaya bilmirdim.
Bir az sonra Salatın şələ-şüləsini yığıb getdi. Amma deyəsən, ona da nəsə olmuşdu. Elə bir gözü dalda qalmışdı. Mən də onun dalınca baxa-baxa qalmışdım. 
Biz dəyirmandan  qayıdandan sonra mən bərk xəstələndim. Hər gecə Salatını yuxuda görürdüm. Gecə nədi, elə günün günorta çağı da Salatın gözümün qabağından  çəkilmirdi.  Bir ara istədim ki, çıxıb gedəm ora – Qıraq Müşlan kəndinə, dəyirmanşıya deyəm ki, məni saxla yanında,  bircə qarın çörəyə  də olsa, əlinin altında işləyim. Amma Tubu gəlib dururdu gözümün qabağında, gedə bilmirdim. Birdə axı mən ora nə təhər gedib çıxa bilərdim? Gərək neçə dağ aşasan, neçə dərə keçəsən?
Çox pis olmuşdum. Danışmırdım. Gülmürdüm. İştahım da yox idi. Get-gedə xarab olurdum...
Bax, belə bir vaxtda ikinci Salatın – indi Tubunun azdırmaq istədiyi pişik hardansa  gəlib çıxdı bizə. Gülməyin mənə, bu pişik elə bil Salatının pişiyə dönmüş formasıydı. Mənə elə doğmalaşdı, elə yaxın oldu ki, sanki dərdlərimi özünə çəkdi. Kefsiz halda uzandığım yerdə gəlib qucağıma girirdi, üzümü yalayırdı, quyruğunu ayağıma dolayırdı... Gecələr isə artıq dediyim kimi, gəlib yanıma girir, mənə höyür olur, çıxardığı qəribə səslə  qaçmış yuxumu da qaytarır, məni basmış dərdlərin əlindən alırdı... Və mən onu Salatın deyə çağırmağa başladım...
Elə təzə-təzə ikinci Salatın mənə alışmışdı ki, Tubu ayağını dirədi ki, apar bunu azdır...
                                                ***
Həyət qapısını təzəcə açıb içəri girmişdim ki,  “miyooo”  səsi eşitdim. Elə bildim ki, qulağım səsə düşüb. Bu vaxt nəsə ayağıma dolaşdı və gördüyümdən gözüm böyüdü:  Salatın qıçıma dolaşa-dolaşa quyruğunu ayağıma  dolayırdı. 
Mən bunu iyirmi kilometrlik məsafədə yerləşən adına Vadakaçka dediyimiz yerdə azdırmışdım axı? Bu nə təhər olur bəs? Bu ki məndən qabaq gəlib!?
-Demək, mənim sözüm sənin yanında pişik miyoltusucan da dəyil, heyləmi? Neynək! Sən sən ol, mən də mən! Mən onu bı dəhrəynən çapmasam, adımı Tubu yox, Sala... elə it qoyaram, pişik qoyaram!
Tubu  ovxarlı dəhrəni qapıb Salatına tərəf cumanda pişik  tullanıb girdi qucağıma. Mən də onu özümə bərk-bərk qısıb dedim:
-Tubu... vallah bu dəfə gələ bilməz... azdıracam... elə azdıracm ki, Salatını, bir də sən onu görmüyəssən...
                                               ***
Qucağımda Salatın quyu sandığım yerin kənarında – babamın xaraba qalmış həyətində bir qədər dayandıqdan sonra  evdən bir yavan fətir götürüb düşdüm yolun ağına. Bu dəfə Vadakaçka tərəfə deyil, dərələrdən, dağlardan keçib yel dəyirmanı olan səmtə  gedirdim. Adamın özünü azdırması deyilən bir şey də olsun axı gərək. Mən təkcə Salatını deyil, özümü də azdırmağa aparırdım.

20-23 iyun 2013

Avanqard.net

Yenililklər
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.