Səlim Babullaoğlu - Məgər biz bolşevik deyilik?
08.07.13

Bu yazı Mikayıl Müşfiqin “Xalq əmanəti” seriyasından nəşr olunan bircildlik “Seçilmiş əsərləri”nə tərtibçi kimi yazdığım “son söz əvəzi” yazısının genişləndirilmiş, təkrar işlənmiş variantıdır.
 
 1. Mənim Müşfiqim
 
1989-cu ilin iyun ayı idi, kimyadan buraxılış imtahanına hazırlaşırdım. “Gənclik” jurnalında  Müşfiqin həbsxana şəkilləri, repressiya olunmuş ədiblərimizlə bağlı məqalə dərc  olunmuşdu, haqqında heç nə bilmədiyim, bilənlərin isə gizlətdiyi hadisələr haqqında ilk yazılardan biriydi həmin yazı. Hər halda mənim üçün. Və mən Müşfiqin üzütüklü, “nömrəli” şəkillərinə baxır, dərsliklərdən vərdiş etdiyim, o şıq geyinmiş, siması işıq  saçan gənclə  bu adamın eyni bir Müşfiq olduğunu ağılma sığışdıra bilmirdim o vaxt. Arabir imtahana necə hazırlaşdığımı yoxlamaq üçün içəri girən olanda, jurnalı kimya kitabının arxasında gizlətməyə çalışır, heç kim olmayanda tez-tez çıxarıb baxır, fikrə gedirdim. Anam danışırdı ki, başımı yazı masasına qoyub mürgülədiyimi  görübmüş o axşam. Yəqin kitabın arxasında uğursuzluqla gizlətməyə çalışdığım jurnalı da. Sonra bildim ki,  anam da sürgündə 

doğulubmuş,  Müşfiqin doğma yurdu Xızıda, Altıağacda,  Qarabağdan Sibirə, Orta Asiyaya sürgün olunan babasını, atasını Bakıya buraxmayıblar deyə Xızıya göndəribmişlər onları... Kimya müəlliməmiz Lətifə xanım heç nə soruşmadı məndən, üzümə baxıb dedi ki, ilboyu dərs danışmısan deyə sənə “beş” yazıram. Nədənsə mənə elə gəlir ki, o “beş”i orta məktəb məzunu olacaq yeniyetmə yox, Müşfiq almışdı.
 
Bir ay sonra idi. Xalamgilin bağında, Novxanıda, qonşu qızına olan ilk sevgimi yaşayırdım.  “Yenə həmin bağdı” adlı bir şeir yazmışdım. Müşfiqə nəzirə idi. Ünvanı  göstərməmişdən əvvəl qeyd eləmişdim ki, mən Müşfiqin şeirini öz həyatımda yana-yana yaşadım. O sevginin aqibəti uğursuz olsa da şeir bağ camaatının-xalamın və qızlarının, qonşuların, xüsusən də “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini işləyən Məhyəddin müəllimin, bir də “samizdat” vasitəsiylə gedib çatdığından sevdiyim qızın anası Aytəkin xanımın xoşuna gəlmişdi, bircə adresatın fikrini heç vaxt bilə bilmədim. Hamı “əladır!” deyirdi. Müşfiqə.
 
1992-ci il idi. Artıq tələbəydim. Atamın dostu Zabit həkimgilə qonaq getmişdik. Necə oldusa,  “Müşfiqmi, Səməd Vurğunmu?” deyə atamla mübahisə etməyə başladım. Müşfiq deyə israrım atamın xoşuna gəlmədi. Acıqlandı mənə. Çıxıb getdim.  Zabit həkim atama: - Sevin ki, oğlun səninlə Müşfiq üstündə mübahisə edir, mal-mülk üçün yox,- deyibmiş. Bunu da anam danışırdı.
 
Dörd il sonra “Atama” adlı şeiri yazıb  çox sevdiyim ünvanına şifahi şəkildə çatdıranda həmin şeiri, gözü dolmuşdu atamın. İki kəlmə söz demişdi:- Sağ ol. Əhsən! Fikirləşirəm ki, o “əhsən!”də də  Müşfiqin böyük payı var idi.
 
İndi bütün bunları niyə xatırlayıram? Yəqin ona görə ki,  masamın üzərində Müşfiqin çapa hazırladığımız kitabı da daxil olmaqla iki min üç yüz səhifəlik mətn var. Mətn yerinə ağlımdan kağız qalağı, vərəq topası  kimi kəlmələr yazmaq  keçsə də, nədənsə həmin sözləri Müşfiqin adına yaraşdırmıram, xatırlayıram, arxivlərdə, internetdə gözdən keçirdiyim bir  iki yüz səhifəlik başqa mətnlər də olub və mən  indi “son söz əvəzi” yazmağa hazırlaşdığım bu yazıya hardan başlayacağımı bilmirəm, çünki, “Müşfiqi niyə öldürüblər ?”  sualına cavab tapmamışam.
 
Bəli, o əlahiddə poetik istedada malik idi və ona paxıllıq edirdilər. Bəli, ondan çoxlu “donos” yazmışdılar və nə yazıq ki, həmin adamların arasında  dostluq elədiyi həmkarları da vardı. Bəli, ola bilsin, bəzi məqamlarda o siyasi kursun əleyhinə getmişdi, tutalım, elə “Tar” şeirlə, amma dövrü, inqilabı, oktyabrı vəsf edən şeirləri də çox olmuşdu. Bəli, deyə bilərsiz, bu onun taleyi idi, alın yazısı idi, belə şeylər isə dartışılmaz. Amma məgər repressiya dəyirmanından diri çıxanların hamısı bir-birini sevirdimi? Məgər gündəlik həyatımızda bizə dost deyən, yaxud dost saydığımız adamların şifahi və yazılı “donosları”, qeybətləri, mənəvi repressiyalar  azdırmı? Müşfiqin həyatı, dövrü ilə bağlı oxuduğum , masamın üstündəki qiymətli tədqiqatların hamısında onun ölüm səbəbləri var, amma intuitiv hiss edirəm, daha dərində gizlənən və bütün bu cavabları ümumiləşdirən  bir əsas cavab olmalıdır...
 
Bu qədər söz yazsam da, yenə də hardan başlayacağımı fikirləşirəm. Yaddaş regenerativ xassəlidir, özünü bərpa edir, hərçənd bu bərpa da düzxəttli deyil, şəbəkəvaridir,  daha əvvəldən başlamalıydım-“Bəxtiyar” dan, “Yağış yağarkən” şeirlərindən. 1985-ci il idi.  O şeirlərə görə “beş” almışdım. Sonra “Küləklər”, “Tar”, “Yenə o bağ olaydı” şeirlərini oxuyacaqdım- “sinifdən xaric oxu” kimi. Əslində, “beş”i altıncı sinif şagirdi bir oğlan yox,  Müşfiq almışdı, Müşfiqin ifasındakı yeni Azərbaycan sözü, şeiri və yeni Azərbaycan türkcəsi, dilimiz. Müşfiq yeni Azərbaycan dilində, özü də müasirlərindən heç kimdə rast gəlinməyən nadir poetik ilhamla danışırdı, onu bu səbəbdən öldürmüşdülər. Daha dərində olduğunu dediyim səbəb  bəlkə də elə budur: söz və dil...
                 
                                         ***
 
Müşfiq haqqında müstəqillik illərində yazılan ən dəyərli və azsaylı tədqiqatlardan biri, eyni zamanda sənədli kollaj-povest olduğundan təsirli bədiyyatla yazılmış “Göylərin lacivərd ətəklərində” kitabını oxuyandan sonra kitabın  müəllifi Firudin  Qurbansoyla görüşdüm. Xeyli şeylərdən danışdıq. Bəzi suallarım vardı, onları dəqiqləşdirdim. Sağ olsun, səbrlə cavab verdi, mükalimə elədik. Söz-sözü çəkdi, söhbətin ortasında:
 
- Mövlanə Cəlaləddin Ruminin rəsmini çəkmək istəyən rəssama Mövlanə bilirsən nə demişdi?-  deyə sual elədi.
 
- Bilmirəm,- dedim.
 
- Demişdi ki, sən mənim rəsmimi çəkə bilməzsən. Rəssam Mövlanənin sözünə təəccüblənmişdi. Necə yəni çəkə bilmərəm ? Təkəbbürlənmişdi. Sonra da 19 eskiz eləyib başa düşmüşdü ki, onların heç biri Mövlanəyə və bir-birinə bənzəmir.
 
- Hal əhliydi Mövlanə, - deyib öz-özümə düşünmüşdüm ki,  üzü içinə, içi də üzünə sadiq olur irfan əhlinin.
 
O axşam, istedadlı ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli ilə də görüşdük. Dedi ki, fikir vermisən, Müşfiqin şəkilləri bir-birindən fərqlidir. Hərdən adama elə gəlir başqa-başqa adamlardır. Təsdiq elədim və Mövlanənin hadisəsini xatırlatdım ona. Həmən  yadıma düşdü ki, iki gün əvvəl dostum  Rafiq Həşimov  də eyni şeyi demişdi Müşfiqlə bağlı, eyni qənaətə gəlmişdik.
 
3. Müşfiqin fəhmi və zəhmi
    
              Ah, mən gündən günə bu gözəlləşən
              İşıqlı dünyadan necə əl çəkim?
              Bu yerlə çarpışan, göylə əlləşən
              Dostdan, aşinadan necə əl çəkim?        
 
     Müşfiqin “Həyat sevgisi”ndəki həyat eşqindən və bu eşqə müxalif olan adamı üşüdən fəhmindən hamımızın xəbəri var indi.
 
               Mən gəncəm, bilirəm, istiqbalım var,
               Hələ bədr olmamış bir hilalım var.
               Yelkənim açılır, qara yel əsmə!
               Mənim bu dəryada bir sandalım var.
 
 Müşfiqin “Duyğu yarpaqları”ndakı  bu hissi, göz yaşardan bəsirəti sirr deyil.
 
Tanınmış ədəbiyyatşünas Südabə Ağabalayevanın Müşfiqə həsr olunmuş “Zamandan güclü” (“Azərbaycan” jurnalı, N 6, 2008)  essesində də “Müşfiqin içində qaynayan bu fəhm...Müşfiqin axırına çıxdı”- deyə Müşfiqin fəhmindən danışılır, sonra da Cavid əfəndinin “Müşfiq bir atəşdir, axırda özünü yandıracaq” fikrini təsdiqləyən bu misralar sitat edilir:
 
                Bir sərxoş ölümün əlindən düşüb
                Nə zaman qırılan kaşı mən olsam...
 
Amma Seyfəddin Hüseynlinin “Müşfiqin 3 G proqnozu” yazısı ( yazı “Kulis”də və “525-ci qəzet”in 16 fevral 2013-cü il sayında işıq üzü görüb) Mikayıl Müşfiq bəsirətinin ədəbiyyat tarixindən bildiyimiz, pis-yaxşı əksər şairlərdə rast gəlinən “təsadüfilik və bioqrafiklik”lə  bitmədiyini çox uğurla faş edir...
 
             Əvət, böylə qalmaz yarın bu ölkə,
             Telfonda fikrimi açarkən sənə
             Həsrətlə baxdığın üzün də bəlkə
             Uzaqdan-uzağa görünər mənə...
     
Yeri gəlmişkən,  bu bənd sonrakı bütün nəşrlərdə “Telefon söhbəti” adı ilə təqdim olunan şeirdəndir, 1930-cu ildə çap olunan “Küləklər” kitabında  eləcə “Telefon” adlanır həmin şeir. 1929-cu ildə yazılıb. 58 il sonra dünya şanvari rabitə, mobil telefonlarla tanış olacaqdı, 9  il sonra isə mobil texnologiyalar Azərbaycana da gəlib çatacaqdı. Daha 10 il keçəcək mobil telefonların yeni nəsli, 3 G telefonlar peyda olacaqdı, danışıq zamanı eyni zamanda insan təsvirini göstərə bilən telefonlar. Hələ skype-dan, filandan danışımıram.  Amma Müşfiq şeiri yazanda 21 yaşı var idi, televiziyadan danışmıram, heç radio da kütləvilik qazanmamışdı. Bu, Müşfiqin 77 il öncəni duyan fəhminin göstəricisiydi. Əlbəttə, bu eyni zamanda onun intellktual və rasional ağlının, hazırlıq və maraq dairəsinin göstəricisiydi. Demək ki, Müşfiq texniki tərəqqi ilə bağlı dövrünün ən azı populyar mətbu mətnləri ilə, populyar- fantastik ədəbiyyatla  tanış idi, onlarla maraqlanırdı, xəyal edirdi həm də. Necə deyərlər,  “od olmasa tüstü çıxmaz”.  Əlbəttə bu fəhm bir az da irfan əhli Aşıq Əliquludan, Quran hafizi Ədülqədir Visaqidən irsən keçmişdi.
 
Əbdülqədir Visaqinin “dürlü-dürlü kəşfi-əsrar eyləsin” misrasının oğlunun taleyindəki təsdiqi idi bu həm də.
    
“Telefon” şeiri və Müşfiqin fəhmi haqqında görkəmli ədəbiyyatşünas alim və tərcüməci Qasım Qasımzadənin 1990-ci ilə aid bir yazısı olmalıydı,təəssüf ki, mənim o yazıyla tanışlıq imkanım olmadı.
 
“3 G proqnozu” yazısına qayıdıram. Müəllif Müşfiq yaradıcılığın  eyni  keyfiyyətinin daha başqa və maraqlı  faktlarla da gücləndirir, “Zəfər səsləri”ndən, “Tərtərhes nəğmələri”ndən, “Duyğu yarpaqları”ndan  sitatlar  gətirir:
            
                      “Zaman gələr
                        torpaq bizdən
                              əsirgəyər petrolunu...
              ...Yer üzündə sular var,
                        sularda dalğalar var,
                               dalğalarda rüzgar var:
              Həpsi bizim qüvvətimiz,
                        biz suları,küləkləri fəth edəriz...
              Həp bunlarla genişlənər
                        Dünyamızın çərçivəsi...
             ...Su altında qaz alovu yaratmaq-
             İnsan üçün bu sadə bir oyuncaq...”
 
 Bu  23 yaşlı şairin yazdığı “Zəfər səsləri”ndən parçalardır, sonrakı misraları yazanda isə Müşfiqin 28-29 yaşı vardı:
          
             “Bu dünyada bir kapital
              Varmı insan oğlu kimi?”
                              
              (“Tərtərhes nəğmələri”ndan)
 
              “Hər an təbiəti gözəlləşdirən
               Bu insan tükənməz bir kapitaldır!”  
    
           ( “Duyğu yarpaqları”ndan)            
 
Heyrətlənməyə bilmirsən. Günümüz üçün neft-qaz resurslarının tükənməsi, küləyə, günəşə alternativ enerji mənbəyi kimi baxılması nə qədər aktualdır, bunu hamımız bilirik.  Dənizlərdə su altında qaz çıxarılması, qaynaq edilməsi, yüksək texnologiyalar indi heç kimi təəccübləndirmir, “insan kapitalı” ifadələrinə, bu problemə  mətbuatda indi tez-tez rast gəlir və bütün bu şeyləri çox adi qarşılayırıq.  Amma o  vaxt bütün bu şeylər haqqında azlıq düşünə bilirdi, fəhm edirdi  ki, həmin azlıq içində gənc və əlahiddə istedad sahibi Müşfiq də vardı-Seyfəddin Hüseynli məqaləsində bütün bunlar haqqında  orijinal üslubla danışır. Və qeyd edir: “Müşfiqi təkcə “Yenə o bağ olaydı”nın, “Oxu tar”ın, “Könlümün dedikləri”nin, “Duyğu yarpaqları”nın müəllifi kimi tanıyıb-tanımamaqda, sözsüz ki, böyük təhrif var. Amma “Müşfiqin “sosializmə, Kommunist partiyasına, Leninə, Stalinə...” yazdıqlarıyla “tanıdılması”, guya bu yolla “daha geniş oyrənilməsi” də bir o qədər naqis niyyətdir, yaramaz əməldir. “İstiqlal mücahidi, alovlu mübariz” ünvanı yersiz ifratdır-şişirtmədirsə Müşfiqə münasibətdə, “partiya-sovet şairi, kommunist əlaltısı” təyinatı isə haqsız təfritdir.” 
 
Dübbədüz.
 
Amma qəribədir, hələ sağlığında onun həm oktyabr, Lenin və Stalinlə bağlı şeirləri, həm  ideologiyadan uzaq   “Küləklər”i,  “Duyğu yarpaqları” , həm də uşaqlar üçün yazdığı əsərləri, bir sözlə məzmunundan, vəznindən asılı olmayaraq yazdığı əksər əsərləri amansız şəkildə tənqid olunmuşdu.
 
Sitatlara baxın: “Müşfiq  “Duyğu yarpaqları”nda “Hələ bədr olmamış bir hilalım var” deyə öz həmfikirləri ilə səsləşir.”Yelkənim açılır, qara yel, əsmə!” –deyə ona qarşı “Əsən yeli” qara adlandıraraq, onun əsməməsini tələb edir.  Demək, Müşfiqi tənqid edən sovet ictimaiyyəti  “şair” üçün  qara yel sayılırmış...” – bu naqis parça “Duyğu yarpaqları” haqqında yazıdandır; 
 
““Teleqraf telləri”nə gəlincə, şeirin teması və əsas motivlərinin yeniliyinə baxmayaraq, bu da eyni dərdə mübtəladır, teleqraf kibi ictimai bir hadisə, bu şeirdə öz başına quru və  mənasız bir şey kibi təsvir edilmişdir”-  bu da “Teleqraf telləri”  haqqında başqa bir yazıdan; 
 
“Şair “Həsrətli qarı” adlı şeirində kəndə qayıtmayan gəncləri təqdim etmək istəyir. Lakin Müşfiqin kəndə doğru çağrışı təmamilə başqa bir rəng alır. O düşünmədən xırda burjua nöqteyi nəzərinə qapılır. Kəndi şəhərə qarşı qoyur. (...) Məsələ düzgün qoyulmamışdır. Müşfiqin bu şeiri kəndi xırpalayan şəhərə nəfrət saçdırır”- bu da bir başqa yazıdandır;
 
 “Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən danışıb revolyusyon temalar arxasında gizlənməyə çalışırdı. (...) o,  dahi Lenin obrazını qəsdən təhrif edir, alçaqcasına öz ideyasını yürüdərək sınıfı mübarizədən danışırdı...”- burda yazı müəllifi elə danışır, elə deyir ki, sanki sinfi mübarizə ideyası Leninin yox, Müşfiqin imiş, həmin yazının ardında Müşfiq, Nəsimidən və Mehmet Akif Ərsoydan, Baba Tahirdən, Hamiddən, Mayakovskidən, Vasili Qazindən “ədəbi oğurluq”da da ittiham olunurdu...
 
Sokratın bir sözü var: İnsan, danış, mən səni görüm. Ardını yazmaq istəyirsən bu ifadənin: insan, danış, mən səni görüm, sonra da görməzliyə vurum...
 
Bəli, Müşfiq nə yazsaydı tənqid olunmalıydı. Əslində, tənqid olunan Müşfiq deyildi, Müşfiqin ifasında sözün və dilin yeni təzahürü idi, bu təzahürlərin gözə girdiyi şeirləri, hə, məhz bunu bağışlaya bilmirdilər Müşfiqə. Müşfiqin istedadı və fəhmi zəhm yaradırdı. Çünki söz və dil öz ruporu kimi onu, ən istedadlı olanı seçmişdi.
 
Müşfiq anasını çağa ikən, atasını isə altı yaşında itirmişdi. Aclıq çəkmişdi. Ehtiyac içində yaşamışdı. Az-çox firavan  yaşadığı və bu firavanlığı anladığı günlər 20-ci illərin ortalarından başlayırdı. Təhsil alacaqdı, ilk şeiri çap olunacaqdı və bütün bunlar sovet dövründə baş verəcəkdi. Deməli, onun sovetlərə, quruluşa, sosializmə rəğbəti təbii, səmimi olmalıydı. Məgər sosial ədaləti istəmək, arzulamaq baxımından bizim əksəriyyətimiz bir qədər sosialist və  bolşevik (çoxluq, əksəriyyət mənasında) deyilik?  
 
Demokratik Cumhuriyyət qurulanda və iki illik qısa ömrünü başa vuranda 10-12 yaşı vardı Müşfiqin. Deməli onun yetkin milli duyğu və düşüncələri ola bilməzdi- bütün bunlar az və ya çox dərəcədə Cavid əfəndi və Cavadla yaxınlıq zamanı formalaşacaqdı. Üstəgəl, Sovetlər İttifaqının murdar xislətini anlamaq üçün  ömrü vəfa etməmişdi, çünki ilk qurbanlardan idi, anlayanda ölümlə arasındakı məsafə çox azdı, anladıqlarını yazmağa isə, həbsxana bir yana, heç azadlıqda belə imkan verməzdilər.
 
Və Müşfiq bir tərəfdən quruluşun həyatındakı pozitivlərini yaşayır, tikintilər, məktəblər, su elektrik stansiyaları və daha nələri görür, sevinir, o biri tərəfdən anlamağa başlayırdı ki, onun miilləti sən demə, əsarətdəymiş. Bir tərəfdən insanları və həyatı sevir, o biri tərəfdən insanların niyə bir-birinə və deməli həyata belə həsədkar münasibətini anlamırdı.  
 
 Müşfiqin bir cəhəti də vardı.O həmkarlarından fərqli olaraq əksər “ideoloji şeirləri”ni çox “istedadsız” yazmışdı. Daha doğrusu, onun oktyabr inqilabı, Stalin, Lenin və bu kimi mövzularda yazdığı şeirləri bütün yaradıcılığı kontekstində çox sönük görünürdü. Bu sönüklüyü Müşfiqin Mirzə Ələkbər Sabirlə “polemika cəhdiylə” yazdığı şeirində, bu qəbildən olan- ideoloji meylləndirmə və profilaktika nəticəsində meydana gələn başqa poetik mətnlərində də hiss eləmək olar. Tutalım elə “Bayram axşamı” şeiri. İki hissədən ibarət şeirin I hissəsi  Novruz bayramı (erkən uşaqlıq xatirələri), II hissəsi isə Müşfiq kimi çoxlu “sovet adamı”nın həyatına yeni daxil olmuş “1 may” haqqındadır. I hissə 8-liklə çarpaz qafiyəli, II hissə isə “Mayakovski sərbəsti”ndə yazılıb. I hissə isti, səmimi, pozitiv  duyğularla dolu, II hissə depressiv, həqiqi ümid yerinə pafoslu. Bu niyə belə idi? Çünki onun vaqif olduğu və ona hakim kəsilən poetik dil yalan danışa bilmirdi.
 
Fitrətiylə, genləriylə, dindar nəslinin son nümayəndəsi  atası vasitəsiylə, nənəsinin söhbətləri vasitəsiylə Allahın olduğunu hiss edir, bilir, amma hər tərəfdə Allah əleyhinə “üsyanlar” baş qaldırır, “allahsızlar” cəmiyyətləri yaradılırdı, bunu anlamırdı. Əlbəttə bütün bunlar onun düşüncələrində, hisslərində təlatümlər yaradırdı və biz bunu onun çoxlu şeirlərindən hiss edə bilərik. Amma əsas məsələ başqaydı. O nə sovet şairi idi, nə milli şair. Onun şairliyi epitetə, yarlığa ehtiyac duymayan bir istedadın ifadəsiydi. İnsanlar həbs oluna, öldürülə bilər, torpaqlar işğal oluna bilərdi, amma heç kim sözün, dilin qoluna qandal keçirildiyini görməmişdi. Onun şairliyi dilin diqqəsiydi. Onun hiss etdikləri- sözün yaddaşıydı. Sözün yaddaşı isə zamansız bir şeydi, o yalnız keçmiş deyil, həm də gələcəkdir: onun şeirlərindəki “öncəgörmələr”də,  köhnə mətləbləri yeni təsdiqlər də, “köhnə ülgülər üstündə biçdiyi təzə əlbisələr” burdandı. Müşfiqə münasibətdə, onun yaradıcılığını tədqiq edənlər bunu hökmən nəzərə almalıdırlar. Gələcəkdə əlbəttə.                    
 
Və o,  “Şair, səndə böyük bir qüvvə vardır,/ Gizli xəznələrə dilin açardır” yazanda əlbəttə ki, böyük Nizamini elə belə xatırlatmayacaqdı. “Çox sevərdi yarın, yoldaşın səni,/ Yaman bəzəmişdi nəqqaşın səni” deyəndə  “dinə iddia edən bolşevizmin” (ifadə Kafkanındır) üzünə heç bir iddiasız-filansız, amma  şillə vuracaqdı. “Yarpaqdan ayrılan, şəfəqdən qopan/ Dünyanın bəzəyi bir insanam mən” deyəndə məlum ali həqiqətləri təsdiq edəcəkdi.
 
Görkəmli ədəbiyyatşünas alim Rafael Hüseynovun Müşfiq dövrünün atmosferini göstərmək, çoxlu qaranlıq məqamlara işıq salmaq baxımından olduqca qiymətli olan “Bağ romanı”nda belə bir yer var: “Rəhmətlik Həbibə Məmmədxanlı Müşfiqli bolluca xatirələrindən birini həmişə təbəssümlə,  digərini qəhərlə dilə gətirərdi. Şəhərdə sarışın saçlı, mavi gözlü rəfiqəsi ilə gedirmiş. Müşfiqlə rastlaşırlar. Həbibə zarafat edir: “Tanış ol, Müşfiq, rus qızıdır”. Müşfiq bic-bic gülümsünür: “Aldada bilməzsən, Həbəş, üzündə Məhəmməd nuru var” – demişdi. Dürüst söz-həqiqi Müəllifi heç vaxt inkar edə bilməzdi. Şərhə ehtiyac yoxdur.
        
Ona görə də mən hər dəfə Müşfiqin həbsxana şəkillərinə baxanda orda iztirab, amansız işgəncələrin izləri ilə yanaşı bir anlaşılmazlıq, heyrət də sezirəm, sanki soruşur: “Məni niyə tutdular? Məni niyə incitdilər?” Müşfiq neynəmişdi axı? Yalnız sözün və dilin diktəsinə əməl eləmişdi. Yalnız azad olmuş, azad hərəkət eləmişdi:
 
         “Azaddır baxınız bütün fələklər,
           Buludlar, dalğalar, quşlar, küləklər...”
      
O “dünya tarixini yox, bioqrafiyasını yaşayırdı”.
 
Arı üçün nə fərqi var çəmənlik, güllük kimin bağçasındadır, o yalnız bal toplayır.
 
Ardı var... /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.