Stephen King - Kitablarımı necə yazıram
10.07.13

Başlanğıc.

İstəyirsiz inanın, istəyirsiz yox, altı-yeddi yaşım olanda komikslər çəkirdim və öz əhvalatlarımı yazırdım. Yadımdadır, mən tonzillit xəstəliyinə tutulmuşdum, bütün günü evdə yatırdım, bekarçılıq idi və onda hekayələr yazmağa başladım. Kinolar da bir yandan mənə təsir edirdi. Anamın məni “Radio-siti"də “Bembi”yə baxmağa apardığı yadımdadır. Orda hər şey məni heyrətə salırdı, ekranda canlanan böyük zal da, meşə yanğını da. Onda mən xəyalımda tutduqlarımı yazırdım, çünki başqa heç nə bilmirdim.

Yazı üçün material.

“Ev heyvanlarının məzarlığı” adlı əsərimdə çox şeyi şəxsi həyatımdan götürmüşəm. Orda yolda balaca oğlanın öldürülməsinə qədər hər şey həqiqətdir. Biz o vaxt yol kənarında yerləşən elə bir evə köçmüşdük, ordan eynilə əsərdəki kimi böyük yük maşınları keçirdi. Üzbəüzdə yaşayan qoca deyirdi ki: “Onlar yaxınlıqdan keçdikcə baxmağa öyrəşirsən...”. Biz sahələrdə gəzirdik, ev heyvanlarının məzarlığına da baş çəkirdik. Günlərin bir günü, mənim qızımın pişiyini də maşın əzdi.

Biz onu məzarlıqda basdırdıq, gecə isə Naominin qarajda necə ağladığını eşidirdim. O ağlayıb tələb edirdi ki, “Pişiyimi qaytarın! Qoy tanrı özünə başqa pişik tapsın!” Mən bu səhnələri kitabda təsvir etdim. Ouven isə daim yola qaçırdı. O zamanlar o lap balaca idi, iki yaşı vardı. Mən ona qışqırırdım ki, “Yola qaçmaq olmaz!” O, isə əlbəttə gülümsəyib daha sürətlə qaçırdı, bu yaşda bütün uşaqlar belə olur. Bir dəfə mən onun arxasınca qaçdım, tutub yoldan çıxardım, yük maşını düz onun yanından şütüyüb keçdi. Bütün bunları kitaba salmışam. Bunları yazandan sonra adam öz-özünə deyir ki, ardını da yazmaq lazımdır. Əgər kədərini yazmaq istəyirsənsə, götür uşağını itirməyindən bəhs et. Mən də elə etdim. Qürur duyuram ki, qarşıma qoyduğum bütün yolu keçdim, bircə kitabın sonu mənə çox ağır, çox qorxulu oldu. Axı, kitabın finalında heç kimdə ümid qalmır. Adətən əlyazmalarımı oxumaq üçün arvadım Tebbiyə verirəm, amma bu dəfə belə etmədim. Kitabı yazdım və sadəcə stolun üstünə qoydum.

Qeydlər.

Məndə bütün qeydlərin olduqca mürəkkəb sxemlə təşkil olunduğu kataloqlar var. İndi “Düma Ki” romanını yazıram və bütün işlək qeydləri sistemləşdirirəm ki, romanın ana xəttinin detallarını itirməyim. Qəhrəmanlarımın doğum tarixini yazıram, daha sonra hansı ildə neçə yaşları olacağını hesablayıram. Gərək bir qəhrəmanın sinəsində tatuaj olduğunu, o biri qəhraman Edqarın fevralın axırında dülgər dəzgahının olacağını yaddan çıxarmayasan. Buna görə də nəyisə qarışıq salsan, sonra bir həftəbecər yaranır ki, gəl görəsən. Ondan sonra gəl hər şeyi qaydaya sal.

İş məkanı.

Rahat masa, rahat kreslo, bir də kifayət qədər işıq olsa bəsimdir. Harda yazırsansa yaz, bu həmişə xarici aləmdən gizləndiyin bir daldanacaq olmalıdır. Xarici aləmdən nə qədər təcrid olunsan, təxəyyülün bir o qədər yaxşı işləyir. Deyək ki, pəncərənin qarşısında oturub yazırsan, amma əvvəl-axır küçədən keçən qızlara baxacaqsan, kimin gəlib, kimin getdiyinə diqqət verəcəksən. Küçədə hər zaman nə isə baş verir və sən düşünürsən ki, bu adamlar hara gedir, o birilər orda neynəyir?


Gündəlik norma.

Yerin fərqi yoxdur. Ən əsası hər gün işləməyə çalışasan. Məsəlçün, bu gün dörd səhifə yazmışam. Əvvəl günə iki min söz yazırdım, bəzən bundan da çox. İndi isə çətinliklə min sözə çatdırıram.

İş tempi.

Əvvəllər yüksək səsli musiqi sədaları altında işləməyi sevirdim, indi isə sevmirəm. İndi masa arxasında oturanda, bircə məqsədim olur, süjeti bir az da irəlilədim. Əgər kitabın tempi deyə bir şey varsa və əgər məni mətnimi müəyyən tempdə yazdığım üçün oxuyurlarsa, deməli bütün bunlar oxucunun hər şeyi hiss etməsindən doğur.

Mənsə özlüyümdə düşündüyüm yerə qədər gedib çatmaq istəyirəm. Mən mövzu ətrafında fırlanmaq və peyzajdan uzun-uzadı zövq almaq istəmirəm. Yüksək səsli musiqi, tempi itirməməkdə mənə kömək edib. Amma mən onda gənc idim və beynim daha yaxşı işləyirdi. İndi mən musiqini iş gününün sonunda, kompyuterimə baxaraq gün boyu gördüyüm işləri nəzərdən keçirəndə dinləyirəm.

Adətən eyni musiqini bir neçə dəfə dinləyirəm. Mən LuBeqanın “Mambo № 5”ini çox sevirəm. Bu, kalipso stilində, insanı gümrahlaşdıran bir melodiyadır. Bir dəfə arvadım kabinetimə qalxıb dedi ki: “Stiv, bu mahnını bir dəfə də fırlatsan... səni öldürəcəm”. Bir sözlə musiqini sevmirəm, sadəcə, o mənə fon kimi lazımdır.

Yazı prosesi.

Adətən kompyuterdə yazıram, çox az hallarda əllə də yazdığım olur. Əllə “Yuxu ovçusu” və “Sümüklə dolu kisə”ni yazmışam. Bu işin necə alınacağını yoxlamaq istəyirdim. Bəzi şeylər dəyişdi. Hər şeydən əvvəl iş gec başa gəldi, əllə yazanda vaxt çox gedir. Mən hər dəfə yazmağa başlayanda içimdə bir tənbəl baş qaldırıb deyir ki: “Belə etməyin çoxmu lazımdır?”

O yazılardan sonra hələ də barmaqlarımda döyənəklər qalıb. Əvəzində qaralamalar üzərində işləmək olduqca zövqlüydü. Mənə elə gəldi ki, əsərin ilk variantı daha kamil alınmışdı, çünki heç tələsməmişdim. Axı əllə ancaq müəyyən sürətlə yazmaq mümkündür. Bu, motosikllə sürətlə getmək, ya da ayaqla addımlayaraq yol qət etmək kimidir.

Mövzu seçimi.

Quduz itdən bəhs edən “Kujo” romanını yazarkən, motosiklim xarab olmuşdu və onu harda təmir etdirə biləcəyimi öyrənmişdim. Motosikl ustasının evi ilə üzbəüz, yolun o biri tərəfində emalatxanası vardı. Ora gedib çatanda həyətdə motosiklim birdəfəlik yatdı.

Bu zaman qarajdan senbernar cinsindən olan yekə bir it çıxdı və düz mənə tərəf gəldi. Senbernarın görünüşü vahiməlidir, xüsusilə yay vaxtı daha da qorxunc görünürdü. Üzü sallaq, gözləri sulanmış halda idi. Adama elə gəlirdi ki, it özündə deyil. O boğazında yavaşcadan “arrrqqqxxx” kimi mırıldanırdı. O zamanlar mənim çəkim 60 kq idi, o isə yəqin məndən beş kq az olardı.

Usta qarajdan çıxıb dedi: “Qorxmayın, o hamıyla belə davranır”. Mən yumruğumu itə tərəf çevridim, o isə üstümə tullandı. Ustanın əlində qayka açan vardı və onu itin arxasına ilişdirdi. Elə səs çıxdı ki, sanki palazçırpanla xalçanı çırpırsan. İt zingildəyib, yerindəcə oturdu. Orda necə qorxduğumu xatırlayıram. Əlində qayka açan tutmuş it sahibi olmasaydı, başıma nələr gələcəkdi... Amma bundan bir süjet çıxmadı, sadəcə ötəri bir təsvir kimi istifadə etdim.

Bir neçə həftə sonra arvadımla mən Ford Pinto almaq fikrinə düşdük. Mən “Kerri” romanı üçün iki min beş yüz dollar avans aldıqdan sonra həmin maşını aldıq. Lap əvvəldən maşında problem yaranmışdı. Karbüratorun klapanında nə isə xarablıq vardı. Buna görə də maşın işə düşmürdü. Arvadımın bundan narahat olmasından qorxaraq düşündüm: “Birdən o da maşını götürüb ustanın yanına aparar. Birdən onu da hirsli it qarşılayar? Birdən bu, quduz it oldu?”

Elə bu anda beynimdə nə isə parladı. Bircə təkan bəs edir ki, bir süjetin çoxlu təfərrüatlarını da xəyalına gətirəsən. İstər-istəməz insan düşünməyə başlayır: “Niyə heç kim onun köməyinə gəlmədi? Orda ki evlər var, içində adamlar yaşayır. Onlar hardadırlar? Bilmirəm belə əhvalat qarşısında özün nə cavab verərsən? Onun əri hardadır? Niyə əri onu xilas etmir? Bilmirəm, amma bunun cavabını öyrənməyə dəyər. Bəs birdən it onu dişləsə necə olacaq? O ki, quduzlaşacaq”. Bu haqda yetmiş səhifə yazandan sonra öyrəndim ki, quduzluğun inkişaf periodu olduqca uzundur, buna görə də o, quduzlaşana qədər, onda çoxlu cürbəcür dəyişikliklər baş verməlidir. Bu bir növ gerçək həyatın xəyalla qarşılaşması kimidir. Həmişə belə olur: bir şey görürsən, sonra onu başqa bir şeylə birləşdirirsən və nəticədə süjet alınır. Nə baş verəcəyini isə heç kim əvvəlcədən bilmir.

Detallar.

Kitablarımda cürbəcür brendlərin adını çəkməyim çoxlarının xoşuna gəlmir. Amma mən heç vaxt bunu etməyi tərgitməyəcəm və heç kim məni bunu etməməyə yönləndirə bilməz. Çünki həmişə bir brendin adını çəkməklə tam hədəfə vurduğumu görürəm.

Bax, deyək ki, Maykl Cordanın tullanan yerdə çəkilmiş köhnə fotosuna baxırıq və dərhal da topun necə səbətdə düşüb ordan keçdiyini hiss edə bilirik. Bəzən brendin adını çəkmək ideal olur və bütövlükdə epizoda məna qatır. Mənim “Parıltı” romanımdakı Cek Torrens obarazı cibindəki eksedrin həbini çıxarıb ağzına atanda, bunun nə demək olduğunu dərhal anlayırıq. Həmişə istəmişəm, aralarında yazıçı və univerisitet professorları da olan o tənqidçilərdən soruşum: “Bəs siz necə edirsiniz? Dərman qutusunu açıb orada adsız həblər görürsünüz? Heç şampun, ya da aspirin istifadə edirsiniz? Mağazaya gedib, sadəcə üstü yazısız pivə şüşələrimi alırsınız? Bəs sizin qarajınızda adicə maşın dayanır?”

Sonra öz-özümə cavab verirəm: “Mərcə girərəm onlar məhz belə yaşayır. Bu univerisitet professorlarından bəziləri üçün ədəbiyyat Henri Ceymsdə bitir, amma durub onlardan Folkneri, ya da Steynbeki soruşsan nəzakətli bir gülüşlə səni yola verərlər, belə ki, onların amerikan ədəbiyyatından başları çıxmır və bunu əsas məziyyətləri sayırlar. Onlar dərman qutusunu açanda isə sadə, üstü yazısız dərmanlar görürlər, çünki onların müşahidə qabiliyyətləri yoxdur”. Məncə, mən elə bunlardan danışmalıyam. Əşyaları öz adları ilə çağırmalıyam. Gördüyümü təsvir etməliyəm. Oxucu üçün foto çəkə bilirəmsə çəkməliyəm.

Cilalama.

Kompyuter arxasında işləyəndən bəri, çox vaxt elə ekrandaca səhvlərimi düzəldirəm. “Mobil telefon” romanı üzərində işləyərkən beləcə etdim. Əsl redaktor kimi işlədim, bu mənə konki sürməyi xatırlatdı. Amma bu, optimal variant deyildi. “Luiza Əhvalatı” üzərində işləyərkən, yanımda printer vardı, mən hər dəfə mətni işləyib, yenidən çap edirdim. Bu isə artıq üzməyə bənzəyirdi və daha çox xoşuma gəlirdi. Hər dəfə redaktə edəndə tamam başqa bir kitab alınır. Çünki, işi bitirəndə öz-özümə deyirən:

“Heç belə bir şey yazmaq istəməmişdim”. Bunu artıq yazmağa başlayanda başa düşürəm. Amma, özünü ələ alıb işə girişsən, hər şeyi korlayarsan. Yazıçı-fantast Alfred Bester deyir: “Kitab səni ələ alır. Bircə gərək onun səni lazımi yerə aparmasına imkan verəsən. Əgər bu alınmadısa, kitab da uğursuz olur”.

Mənim uğursuz kitablarım da olub. Məni heç bir yana çıxarda bilməyib. Özüm onu itələməli olmuşam.

Uydurma və həqiqət.

Romanlarımda mistika mən istədiyim üçün ortaya çıxmır. Ora heç nəyi zorla salmamışam. Hər şey özü gəlib, yerinə oturur. Həm də iş orasındadır ki, bu mənim xoşuma gəlir. İndi yazdığım “Düma Ki” romanı bir qəzada əlini itirmiş Edqar Frimant adlı birindən bəhs edir. Düşündüm ki, yəqin bununla əlaqədar bəzi paranormal simptomlar var. Bilirəm ki, əlini ya da ayağını itirən şəxslər sonradan xəyali hisslərə qapılır.

Mən Google-a daxil olub, bu xəyali əzabların nə qədər davam etdiyini öyrənmək istədim. Google-u sevirəm də. Orda minlərlə nümunə vardı və onlardan ən yaxşısı, qolu press altında qalan oğlan haqqındaydı və elə onu da kitabıma saldım. O, qopmuş qolunu götürüb, evdə spirt dolu qaba yerləşdirib və zirzəmiyə qoyub.

Aradan iki il keçib. Oğlan özünü əla hiss edirmiş. Amma günlərin bir günü olmayan qolunun yeri bərk ağrıyır. O, həkimə zəng edir və deyir: “Qolum yoxdur, və yeri dəhşət sızıldayır”. Həkim ondan qolunu hara qoyduğunu soruşur. Oğlan cavab verir ki, onu zirzəmidə bir qabda saxlayır. Həkim, gedib orda qolunun vəziyyətini yoxlamağı məsləhət görür. Oğlan zirzəmiyə düşür və məlum olur ki, qolunu qoyduğu qab şaxtalı küləyin əsdiyi qırıq pəncərənin altındadır. O qabı götürüb qızdırıcının yanına qoyur və dərhal özünü yaxşı hiss edir. Nə qədər inandırıcı görünsə də, bütün bunlar sadəcə xəyal məhsuludur.

Vərdiş.

Siqaret də vərdiş yaradan hər şey kimi bizim axmaq tərəfimizdir. Bu bizi yazıçı edən, içimizdəkiləri kağıza tökdürən həmin kabusdur. Alkoqol, siqaret və narkotika. İş getməyəndə, stol arxasında otura bilməyəndə, bu məni incidir. Yaza bilmək xoşbəxtlikdir. Hər şey alınanda isə bu heç nəylə müqayisəyə gəlməyən bir zövqə çevrilir, elə də əla alınmayanda isə, bunun vaxtını ən yaxşı keçirmək üsulu olduğu üçün sevinirsən. Kitablar isə vaxtını boşa keçirmədiyinə ən yaxşı sübutdur.


Müsahibəni götürdü: Kristofer Lemann-Haupt və Nataniel Riç.
“The Paris Review” jurnalı, 2007-ci il
Çevirdi: Namiq Hüseynli

/oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.