Mixail Saltıkov-Şedrin - Vicdanın itkin düşməyi
19.07.13

    Vicdan itkin düşmüşdü. Ancaq, adamlar yenə də, heç nə olmayıbmış kimi, küçələrdə, teatrlarda qaynaşırdılar; biri-biriylə öcəşir, biri-birini ötüb keçməyə çalışrdılar; yenə də, ora-bura vurnuxur, əllərinə nə keçirdisə göydə qapıb götürürdülər, ancaq onlardan heç kim, birdən-birə nəyinsə çatışmadığını, yaşam orkestrində hansısa tütəyin çalmaqdan qaldığını duymurdu. Bir çoxlarının isə elə bil əli-qolu açılmış, bir az da zirəkləşmişdilər. Adamların işləri çox yüngülləşmişdi: indi daha başqasına badalaq gəlmək çox asan idi, yaltaqlanmaq, sürünmək, aldatmaq, qulağagirənlik, fırıldaqçılıq eləmək su içmək kimi qolay bir iş olmuşdu. Adamların bütün ağrı-acıları da silinib getmişdi; onlar elə bil özləri yerimirdilər, kimsə onları sürütləyib aparırdı; nə baş verir-versin, kimsənin nə qanı qaralır, nə də bunun niyəsini düşünürdü; sanasan, keçmiş də, bu gün də, gələcək də, hamısı onların öz əlində idi, elə biləsən, vicdanın itkin düşməyi onların hamısını bir andaca ağ günə çıxarmışdı.
    Vicdan eləcə birdən... bir göz qırpımındaca yoxa çıxmışdı! Hələ dünən, adamları bir an da olsa belə gözdən qoymayan, onların bütün düşüncələrinə burnunu soxub, qatıb-qarışdıran bu qanıacı keşikçi buralardaydı, indi birdən... harasa yoxa çıxmışdı! Onunla birgə, insnları ara vermədən izləyən qanqaraldıcı qarabasmalar da yoxa çıxmışdı, qarabasmalar yoxa çıxan kimi, bu vicdan deyilən nəsnənin hər addımbaşı adamların bütün gizlin işdəklərini açıb tökməsindən yaranan mənəvi sarsıntılar də ötüb keçmişdi. Adamlara ancaq Tanrının yaratdığı bu gözəl dünyaya baxıb sevinmək qalmışdı: dünyanın bilgin adamları da indiyədək, onların irəliyə doğru yürüşünü yavaşıdan sonuncu boyunduruqdan da qurtulduqlarını başa düşmüşdülər, qazandıqları bu özgürlükdən yararlanmağa tələsirdilər. Adamlar elə bil başlarını itirmişdilər; dörd bir yanı quldurluq, soyğunçuluq başına almışdı, hər şey uçulub dağılmağa başlamışdı.
    Yazıq vicdan isə, yolun ortasında, didilib parçalanmış, əzilib üzülmüş, ayaq altında tapdalanmış, yaman günə düşüb qalmışdı. Kimin qarşısına çıxırdısa, onu ayağa dolaşan bir cındır sayağı təpikləyib qırağa atırdılar; hələ bir çoxları, “belə bir tör-töküntü şəhərin görməli yerinə necə gəlib çıxıb?” deyə donquldanırdılar da. Birdən, hansısa qaragünlü bir içki düşkünü, özünün dumanlanmış baxışları ilə, yüz qram da içə bilmək üçün köhnə-kürüş axtarışına çıxmasaydı, təkcə Tanrı bilir, vicdan hələ nə qədər belə ayaqlar altında atılıb qalacaqdı.      
    Vicdanı tapan anda, içki düşkününə elə gəldi, sanasan, onu elektrik vurdu. Tor görən gözləri ilə yan-yörəsinə baxıb, yavaş-yavaş başından içki dumanının dağıldığını sezməyə başladı, birdən o, ömrünün çoxunu bu yolda qoyub, var gücü ilə özündən uzaqlaşdıra bildiyi: acı gercəkliyi anlamaq bacarığının da özünə qayıtdığını duymağa başladı. Öncə üşəndi, bu, insanın ürəyinə daman, az sonra düşə biləcəyi hansısa qorxunc bir durumdan soraq verən, küt bir qorxu duyğusu idi; yaddaşı oyanıb çalxalandı, susqun xəyalları dil açıb danışmağa başladılar. Yaddaşı, ağına-bozuna baxmadan, keçmişin utancverici qaranlığından, onun zaman-zaman törətdiyi: bütün zorakılığı, dönüklüyü, daşürəkliyi, əyriliyi bir-bir çıxarıb üzünə çırpmağa başladı; xəyalları ömründə bütün olub keçən nə varsa, hamısını canlandırıb, onun gözləri önünə gətirməyə başladı. Bunun ardınca isə, içində özünə qarşı bir məhkəmə başladı, nə başladı...
    Yazıq içki düşkününə, özünün bütün keçmişi iyrənc bir cinayət kimi görünməyə başlamışdı. O, yerində quruyub qalmışdı, nə düşünüb-daşına, nə başqasından soruşa, nə də özü anlaya bilirdi: gözü qarşısında canlanan, özünün bu mənəvi düşkünlüyündən bərk sarsılmışdı, könüllü olaraq başladığı bu özünümühakimə, onu elə ağrıdır, elə üzüb əldən salırdı, bunu heç ən ağır dövlət məhkəməsi də bacarmazdı. O elə çaşıb qalmışdı, söyüb yamanladığı keçmişinin çox hissəsinin onun özündən asılı olmadığını da unutmuşdu, axı dərindən baxanda bu keçmişi o özü yaratmamışdı, bütün bunları onun başına gətirən, anlaşılmaz, qorxunc bir güc idi: çöllükdə çör-çöpü qanadına alıb uçuran qasırğa sayağı bir güc, elə bu güc də onu, yazıq içki düşkününü, o çör-çöp sayağı alıb, özü hara istəsəydi, ora da süpürləyib aparmırdımı? Onun keçmişi niyə belədir? o öz keçmişini nədən başqa cür yox, ancaq belə yaşamışdı? o özü kimdir axı?–bu sorulara o indiyəcən, ancaq çiynini çəkməklə, gözünü döyməklə, bir sözlə, özünü anlamazlığa vurmaqla “cavab” tapmışdı. Onun bütün yaşamı boyunduruq altında keçmişdi; boyunduruq altında doğulmuşdu, boyunduruqla da gor evinə gedəcəkdi. İndi buyur, haradansa bu anlaq gəlib çıxıb, deyir mən də varam,–axı anlaqlı olmaq onun nəyinə gərək idi? yoxsa, onu ağır sorularla küncə qısnayıb, sonra da özü susub baxmağa görəmi gəlib bu anlaq? öləzimiş yaşam axınını coşdurub, onu, bu gur axına duruş gətirə bilməyəcək ömür məcrasına yönəltmək üçünmü gəlib çıxıb?
    Yazıqlar olsun! oyanmış anlağı onu nə ovuda bilir, nə də gələcəyə bir inam yaradırdı, üstəlik, anlağı ilə birgə ayılan vicdanı da ancaq bir çıxış yolu bilirdi–ara vermədən heç nəyə yaramayan özünüqınamaqla onun baş-beynini aparmaq! Bundan qabaq da onun ömrü, sanasan, bir duman içində keçirdi, elə indi də bu duman çəkilməyib, üstəlik hara baxırsan, adamın ürəyini üzən qarabasmalar görürsən; o bütün ömrü boyu, əlini-qolunu bağlayan bir zəncir gəzdirmiş, ancaq bunun nə olduğunu bilməmişdi, indi bunun nə olduğunu bilən kimi, bu zəncirin çəkisi ikiqat artmışdı. İçki düşkünü belə ağır düşüncələrə dalaraq, gözündən sel kimi yaş axıdırdı, onun bu durumunu görən yaxşı adamlar ayaq saxlayır, sonra da bu ağlayıb-sıtqamağın çaxırın təsirindən olduğunu düşünərək, ötüb keçirdilər.
    –Hardasan, ay ata! daha gücüm çatmır... dözə bilmirəm!–yazıq içki düşkünü qışqırıb bağırır, adamlar isə baxıb gülür, onu ələ salırdılar. Onlar bu anda içki düşkünün büsbütün ayıq olduğunu başa düşmürdülər, onlar hardan biləydilər, bu yazıq içki düşkünü durduğu yerdəcə işə düşüb, bir uğursuz tapıntısı, indi onun ürəyini didib tökür. O özü arayıb-axtarıb bunu tapsaydı, düşünüb-daşınardı, götürqoylu olardı, axı o, bu dünyadakı ağrıların hamısından acısının, gözlənilmədən tapılan vicdandan doğulduğunu bilməmiş deyildi. Belə gözlənilməz tapıntıdan başını itirməsəydi onda o, özünü eşşək yerinə qoymuş, əxlaqı korlanmış bir içki düşkününü görən kütlənin də, elə ondan geri qlmayıb, özünü, ruhca yaramaz, davranışca uzunqulaq kimi apardığını da unutmazdı.
    “Yox, gərək bundan yaxamı qurtaram! yoxsa bu məni it gününə salacaq”–içki düşkünü belə düşünüb, öz tapıntısını yola tullamaq istədi, ancaq elə o andaca yaxında dayanmış polis onu saxladı.
    –Sən ay qardaş, deyəsən burada düz işə baxmırsan a, yoxsa dövlətə qarşı həcv yazıb gizlincə yaymaq istəyirsən?–polis ona barmaq silkələyib dedi,–qardaşımsan, sənə deyim, bu işə görə səni ilişdirərəm, əlli-ayaqlı gedərsən!
    İçki düşkünü tələsik öz tapıntısını cibində gizlədib, oradan uzaqlaşdı. Yan-yörəsinə boylanaraq, əyilə-əyilə, gizlincə, köhnə tanışı Proxorıçın işlədiyi meyxanaya gəlib çıxdı. Öncə, gizlincə pəncərədən boylanıb baxdı, içəridə heç kimin olmadığını, Proxorıçın isə piştaxtanın arxasında mürgülədiyini görüncə, bir göz qırpımında özünü içəri saldı, Proxorıç ayılıb özünə gələnə kimi, tapıntısını onun əlinə dürtüşdürüb aradan çıxdı.
    Proxorıç gözlərini bərəldərək, yerində donub qaldı; bir az keçmiş onu qan-tər  basdı. Nədənsə, birdən ona elə gəlmişdi, sanasan, burada patenti olmadan alver eləyir; ancaq vitrinə göz gəzdirib, bütün patentlərin: göyü, yaşılı, sarısı qarışıq, hamısının öz yerində olduğunu görüb ürəyi toxdadı. İçki düşkünün onun əlinə soxuşdurduğu bu cındır, nədənsə ona çox tanış gəlirdi.
    “Aha!–yadına düşdü–hə də, bu mənim patent almazdan qabaq güclə başımdam elədiyim həmən cındırdır! Odur, özüdür!”
    İçki düşkünün gətirdiyi cındırı tanıyandan sonra o, birdən nəyə görəsə indi daha əlində olan bütün var-yoxunu dağıdıb yoxsulluq içində yaşamalı olduğunu düşünməyə başladı.
    –İşə bax da, başını aşağı salıb işini görürsən, yamanlıqlar isə elə bil sıraya düzülüb yaxandan qopmurlar, biri qurtarmamış o birisi başlayır–denən daha mən batdım da! daha bundan sonra mənim işləməyim alınmaz!–o bütün bunları bir andaca düşünüb daşındı, birdən onu bir titrətmə tutdu, üzü ağappaq ağardı, elə bil gözünə buçağacan heç kimin görmədiyi hansısa qorxunc bir varlıq görünmüşdü.
    –Yoxsa, sən elə bilirsən, bu yazıq xalqı içkiyə öyrətmək yaxşı işdir!–oyanmış vicdanı pıçıldadı.
    –Arvad! Arina İvanovna!–qorxudan özünü itirmiş meyxanaçı qışqırmağa başladı.
    Arina İvanovna başı lovlu qaçıb gəldi, ancaq Proxorıçın yeni tapıntısını görən kimi, qadından öz səsinə oxşamayan bir qışqırtı qopdu: “Gözətçi! vay dədə! Kömək eləyin!  Bizi soyurlar!”
    “İndi mən bu alçağa görə, gərək bir anın içində varımdan yoxumdan çıxam?”–bu sözləri Proxorıç, bu cındırı haradansa tapıb ona soxuşduran içki düşkünü üçün deyirdi. Yerində quruyub qalmış meyxanaçının alnını iri tər damlaları bürümüşdü.
    Bu arada meyxana yavaş-yavaş adamla dolmağa başlamışdı, ancaq başqa vaxt alıcılarının qabağına qaçan Proxorıç, onların matını-qutunu qurutmuşdu, o, alıcılarına çaxır satmaqdan boyun qaçırmağı bir yana qalsın, hələ durub onlara çaxır içməyin korluqlarından, onun yoxsul adamın evini yıxmağından üyüdüb tökməyə başlamışdı.    
    –Sən bir bardaq çaxır içməklə yetinsən, buna sözüm yox, hələ desən canına da yarayar!–o, göz yaşları içində danışırdı,–axı sən aza dayanmırsan, gərək çaxırın küpünə girəsən! Bundan nə çıxar? Boğazdan yuxarını çaxırla uyutdun, boğazdan aşağındakı da köynəyin altında, köksündə uyusun, sən hələ sonra ayılıb başına nə oyun açdıqlarını biləcəksən, onda da gec olacaq! Bax indi, ay sayğılı adam, sən bu gün əlləşib vuruşub yüz qəpik donluq alırsan, indi bir anlığına düşün, birincisi, bu puldan ötəri işləməyə dəyərmi, ikincisi, sən indi hansı ağılnan qan-tər töküb qazandığın o pulu mənə vermək istəyirsən?!
    –Sənə nə gəlib, Proxorıç, elə bil ağlını itirmisən!–çaşıb qalmış alıcılar deyirdilər.
    –Mənim düşdüyüm lova düşsəydin, sən də elə ağlını itirərdin!–Proxorıç dilləndi,–sən bax gör hələ mən bu gün özümə necə bir patent düzəltmişəm!
    Bunu deyib, onun üçün tapıb gətirdikləri vicdanı alıcılara göstərdi, sonra bunun kiməsə gərək olub-olmadığını onlardan soruşdu. Alıcılar bunun nə olduğunu bilincə, vicdanı götürmək bir yana qalsın, hamısı qorxusundan geri çəkildilər.
    –Bax, mən indi bu patentlə işləyirəm!–Proxorıç vicdanı göstərib acıqla  çımxırdı.
    –Yaxşı, indi sən nə eləmək istəyirsən?–alıcılar soruşdular.
    –Mənə elə gəlir, indi yalnız bir yolum qalıb–yıxılıb ölmək! İndi mən daha kimsəni aldada bilmirəm; bu yazıq xalqa çaxır içirib yaman günə qoymağa da vicdan yol vermir; siz bilən mənim ölməkdən başqa bir yolum qalırmı?
    –Yox, sən doğrudan da ilişmisən!–alıcılar gülüşməyə başladılar.
    –Mən də elə düşünürəm,–Proxorıç sözünü ardını gətirdi,–mənə qalsa, gərək indi bu qab-qacağın hamısını sındıram, çaxırın da hamısını o su arxına tökəm getsin! Yoxsa, mənim kimi vicdanlı adam spirtin iyini aldımı, ürəyi ağzından gəlir!
    –Sən belə əliuzunmu çıxmısan?!–bayaqdan dayanıb baş verənlərə səssizcə baxan Arina İvanovna ərinin üstünə kükrədi, deyəsən ərinin oyanan vicdanından ona pay düşməmişdi,–axtarıb özünə vicdan tapana bir bax!
    Ancaq Proxorıç da yola gələnə oxşamırdı. O, acı-acı göz yaşları tökür, elə hey danışır, danışırdı.
    –Belədir də, bu bədbəxtlik kimin başına gəldisə, yaxasını buraxan deyil. Kiçik alverçi ol, ya böyük tacir, ilişdinsə işin bitdi. Bu gəlib canına daraşdısa, səni dəli eləyib başdan çıxaracaq. Bunu tapan adamın başında ancaq bir düşüncə olur: “Mən bu dünyanın ən yazıq adamıyam–alnıma bu yazılıb, qurtardı getdi”.
    Beləliklə də, Proxorıç bütün gününü belə fəlsəfi çalışmalarla keçirdi, düzdür, Arina İvanovna onu saxlayıb, qab-qaşığı sındırmağa, çaxırı arxa tökməyə qoymasa da, ancaq onlar o günü bir damcı da olsun çaxır satmadılar. Axşam isə, Proxorıçın kefi lap kökəlmişdi, o, yatağa uzananda gözünün yaşını tökən Arina İvanovnaya baxıb dedi:
    –Ay mənim ruhum, sevgili arvadım! düzdür, bu gün biz heç nə qazanmadıq, ancaq bilirsənmi adam özünün vicdanlı olduğunu biləndə necə yüngülləşir!
    Doğrudan da o, başını yasdığa atan kimi yuxuya getdi. Yuxuda da, nə yerində qurdalandı, nə də xoruldadı, ancaq bundan qabaq vicdanı olmayıb çoxlu pul qazanan çağlarında o, bütün gecəni yatağında qıvrılardı.
    Ancaq Arina İvanovna bu işlərə bir az başqa sayaq baxırdı. O, meyxanaçılıqla vicdanlı olmağın bir yerdə tutmadığını yaxşı bilirdi, ona görə də, nə olursa olsun bu vicdan deyilən çağrılmamış qonaqdan yaxa qurtarmağı kəsdirmişdi. Ürəyi sıxıla-sıxıla gecəni bir təhər başa vuran qadın, meyxananın tozlu şüşələrinə gün işığı düşən kimi, yatmış ərindən vicdanı oğurlayıb, başılovlu küçəyə qaçdı.
    İş elə gətirmişdi, bu gün bazar günü idi: qonşu kəndlərdən adamlar araba ilə bazara sarı getməkdə idilər. Məhəllənin polis gözətçisi Qırğı da onların ardınca düşüb, bazarda qayda-qanun yaratmağa gedirdi. Yeyin addımlarla bazara sarı gedən Qırğını görəndə Arina İvanovnanın gözlərinə işıq gəldi, o indi artıq nə edəcəyini bilirdi. Qadın var gücü ilə Qırğının ardınca qaçmağa başladı, ona çatan kimi, bir göz qırpımındaca, əlindəki vicdanı onun paltosunun cibinə soxdu.
    Qırğı kiçik görəvli adam olsa da, bunda utanmalı bir şey görmürdü, o özünü sındırmağı sevən adam deyildi, əliuzunluğuna da söz ola bilməzdi. Bir çoxları onun davranışca sırtıq olduğunu deyurdilər, ancaq ona gözəgirən adam demək daha düzgün olardı. Ona əli əyri demək olmazdı, ancaq qarşısına çıxan qəniməti də əldən buraxmazdı. Bir sözlə, bu adam çox abırlı bir rüşvətxor idi.
    İndi birdən bu adamın içində özünün də baş açmadığı bir fırtına qopmağa başlamışdı.
    Bazar meydanına gəlib arabaların, sandıqların, taxta piştaxtaların üstünə qoyulmuş satlıq mallara baxanda birdən ona elə gəldi, bunların heç biri onunku deyil, hamısı özgə adamlarındır. Bundan qabaq onun ağlına heç vaxt belə düşüncələr gəlməzdi. O özünün utanmazlıq yağan gözlərini silib düşünməyə başladı: “Mənim başım pozulub nədir, yoxsa bütün bunları yuxuda görürəm?” O, üstünə satlıq mallar düzülmüş bir arabaya yaxınlaşdı, əlini uzadıb özü üçün nəsə götürmək istədi, ancaq ha çalışdısa əlini qaldıra bilmədi; başqa bir arabaya yaxınlaşıb, öyrəncəsi üzrə, satıcının saqqalından tutub çəkmək istədi–bu nə işdir, əlini uzada bilmir!
    Qırğı bərk qorxmuşdu. “Bu nə işdir mən düşdüm?–O, düşünürdü,–belə getsə mən bütün işlərimi korlayıb quru yurdda qalaram! Yoxsa, ağlım başıma gələnə kimi, çıxım evə gedim?”
    Ancaq evə gedəsi olmadı, düşündü, bu nədirsə indi keçib gedər. Bazarı gəzməyə başladı; gözü önündə ev quşları, par-parça sıralanıb, ancaq elə bil bunların hamısı dilə gəlib deyirdilər: “Əlini uzatsan bizə çatar, ancaq bacarmazsan!”
    Alverçilər çox keçmədən Qırğının bu yeni durumundan duyuq düşdülər: onun başının pozulduğunu, öz qazancından əl çəkib onlardan heç nə tutub almadığını görüncə, onu ələ də salmağa başladılar, əlüstü onun üçün yeni bir ad da düşünüb tapdılar onu elə üzünəcə: Fofan Fofanıç(Uyuğ Uyuğoviç) deyə çağırmağa başladılar.
    –Yox, mən deyəsən doğrudan xəsətələnmişəm!–Qırğı belə düşünüb, əliboş evə sarı yollandı.
    O evə qayıtmaqda olsun, arvadı–ana Qırğı onu gözləyərək düşünürdü: “Görəsən mənim istəkli ərim bu gün evə neçə torba ayın-oyun gətirəcək?” Bunları düşündüyü yerdə, birdən qapı açıldı, kişisi əliboş evə girdi. Gördüyü bu anlaşılmazlıqdan ana Qırğının ürəyi yerindən necə atlanmışdısa, o da eləcə ərinin üstünə atıldı.
    –Torbalar hanı?–ərindən soruşdu.
    –Bu gün vicdanım yol vermədi, adamların əlindən nəsə tutub alam...–Qırğı sözə başladı.
    –Mən səndən soruşuram, hanı ayın-oyun yığdığın torbalar?
    –Bu gün vicdanım yol vermədi, adamların əlindən nəsə tutub alam...–Qırğı yenə təkrarladı.
    –Nə olar, lap yaxşı, onda gələn bazar gününə kimi öz vicdanını yeyib dolanarsan, məndən yemək gözləmə!–ana Qırğı onun üstünə çımxırdı.
    Qırğı başını aşağı salıb dinmədi, ana Qırğının sözündə bərk adam olduğunu yaxşı bilirdi. Paltosunu soyunub asılqandan asdı, birdən(!) elə bil hər şey dəyişib qabaqkı kimi oldu! Vicdanını paltosu ilə birgə divardan asıb ondan uzaqlaşınca, özündə bir yüngüllük duydu, yenə də ona elə gəlməyə başladı, bu dünyada başqalarına çatası heç nə yoxdur, nə varsa hamısı onun özünündür. Yenidən, çapıb-talamaq istəyinin özünə qayıtdığını sezdi.
    –Hə, arxadaşlar, indi görüm necə yaxanızı qırağa çəkəcəksiniz!–Qırğı belə deyib əlini əlinə sürtdü, sonra paltosunu geyinib, qaçaraq, bazara sarı yönəldi.
    Bu nə möcüzədir! paltonu əyninə geyməyi ilə yenidən əzginləşdi. Elə bil o özündə iki adamı yaşadırdı: biri paltosuz–utanmazın, soyğunçunun, əliuzunun biri; o birisi isə, paltolu–utancaq, çəkingən birisi. Evdən çıxmağı ilə içində yenidən hər şeyin dəyişdiyini anlasa da, ancaq yenə bazara getməkdən daşınmadı. “Ola bilsin, özümü toplayıb bazar adamından nəsə qopara bildim” deyə düşündü.
    Ancaq bazara yaxınlaşdıqca, onun ürəyi get-gedə daha bərkdən döyünməyə, acgözlüyü isə yavaş-yavaş azalıb yoxa çıxmağa başladı, o, bazarda gün uzunu yağışın-qarın altında dayanıb, çamurun içində eşələnən, bütün bu dözülməz əməyin qarşılığında qəpik-quruş qazanan adamlardan heç nə ala bilməyəcəyini başa düşdü. Axı onun nəyinə gərəkdi, onun-bunun boxçasına burnunu soxub baxsın, hələ bir istədiyini də götürsün; birdən cibindəki pulqabının ağırlığını duymağa başladı, elə bil haradansa, pulqabındakı pulların özünün yox, başqalarının pulu olduğu ürəyinə dammışdı. O, bazardakı satıcılardan birinə yaxınlaşıb dedi:
    –Al görüm, arxadaş, bu on beş qəpik sənə çatacaq!
    –Bu nə puldur, Fofan Fofaniç?
    –Mən indiyəcən sənin ürəyinə çox toxunmuşam, arxadaş! Səni and verirəm Tanrıya, məni bağışla!
    –Tanrı bağışlasın!
    Beləliklə də o, bütün bazarı gəzib dolaşaraq, üstündəki pulun hamısını adamlara paylayıb qurtardı. Bu işi görüb qurtarandan sonra ürəyində çox böyük bir yüngüllük duysa da, ancaq bununla yanaşı olaraq ürəyinə dolan düşüncələr də ona dinclik vermirdi.
    –Yox, mənə nəsə olub, deyəsən çox pis bir xəstəliyə yoluxmuşam,–deyə öz-özünə mızıldandı,–yaxşısı mən çıxım gedim evə, hə, elə yolüstü qarşıma çıxan ac-yalavacları da yığıb apararam evə, Tanrı yetirəndən nə var, qarınlarını doyurarlar!
    Dediyi kimi də elədi: yolboyu üzləşdiyi bütün ac-yalavacları başına toplayıb evə gəldi. Ana Qırğı onun bu dəliliyini görüb, qışqırmağa, əlini-qolunu ölçməyə başladı. O isə, yavaşca sivişib evə keçdi, sevgi dolu baxışları ilə arvadını süzərək dedi:
    –Fedosya can, budur bax, sənin dediyini eləmişəm, çöldə ac-yalavac dolaşan kimi görmüşəmsə yığıb gətirmişəm evə, Tanrının adı üçün, bunların qarnını doyur!
    Ancaq paltosunu divara çalınmış mıxdan asan kimi, birdən yenə də özündə bir yüngüllük duydu. Sonra pəncərəyə yaxınlaşıb, evinin qapısı ağzında şəhərin bütün ac-yalavaclarının toplandığını gördü! Baxdı-baxdı, heç nə anlaya bilmədi: “Bunlar burada nə gəzirlər? Yoxsa, istəyirlər bunları qamçılayıb buradan qovalayım?”
    –Bunlar burda nə gəzir?–o qaçaraq həyətə çıxıb, acıqla arvadından soruşdu.
    –Necə yəni nə gəzirlər? Bu ac-yalavacları sən yığıb gətirmisən, özün də hamısının qarnını doyurmağı buyurmusan!–Ana Qırğı mırıldandı.
    –Hamısını qov getsinlər! Boyunlarının ardından tutub at bayıra hamısını!–o, dəli kimi, tanınmaz olmuş bir səslə qışqırıb yenidən özünü evə atdı.
    Otaqda çox uzun bir sürədə o baş bu başa var-gəl eləyib düşünürdü: durduğum yerdə bu nə işdir mənim başıma gəldi? O axı həmişə öz işini bacarıqla yerinə yetirən, aslan ürəkli birisi olmuşdu, indi budur lap cındıra dönüb qalıb ayaqlar altında! Bir az duruxdu, sonra arvadına üz tutub, yalvarış dolu bir səslə dedi:
    –Fedosya Petrovna! anacığım! Tanrını sevərsən, mənim əl-qolumu bağla! yoxsa görürəm, mən bu gün elə işlər törədirəm, sonra heç bir ilə də bunları yoluna qoymaq olmayacaq!
    Ata Qırğının işinin fırıq olduğunu görən ana Qırğı onu soyundurub yatağa uzatdı, qaynar çay içirdi. Yarım saat onunla əlləşəndən sonra, evin girəcəyindəki asılqanın yanına gəldi, onun paltosuna baxıb düşündü: “Hələ bunun paltosuna bir yaxşı göz gəzdirim; ola bilsin cibində qəpik-quruş qalmış olar”. Paltonun bir cibindən boş pulqabı çıxdı; o biri cibindən isə kirli, yağa bulaşmış bir kağız çıxdı. Kağızı açan kimi onun köksündən yanıqlı bir ah qopdu!
    –Gör hələ bu nəyə qurşanıbmış!–öz-özünə deyindi,–demə cibində vicdan gəzdirirmiş bu!
    Ana Qırğı oturub düşünməyə başladı, görəsən bu vicdanı başımızdan eləyib kimə verə bilərik, eləsi olsun vicdanı olanda evini yıxmasın, elə-belə yüngülcə başağrısı ilə ötüşə bilsin? Bir az düşünəndən sonra tapdı, ona elə gəlirdi, vicdanı keçmiş fermer, indi dəmir yolunu maliyyələşdirən yəhudi Samuil Davıdoviç Brjotskiyə ötürmək ən yaxşısı olardı.
    –Boynuyoğunun biridir!–qadın düşündü,–ola bilsin işləri bir az korlana, ancaq elə bilirəm o buna duruş gətirə bilər!
    Düşünüb-daşındıqdan sonra, belə də elədi, vicdanı səliqə ilə büküb konvertə qoydu, üstünə Brjotskinin adresini yazıb poçt qutusuna saldı. Sonra dönüb evdə vurnuxan ərinə dedi:
    –Hə, indi ürəklə bazara gedə bilərsən, arxadaşım!
    Samuil Davıdoviç Brjotski, arvad-uşağı ilə birgə yemək masasının arxasında oturmuşdu. Onun yanında on yaşlı oğlu Ruvim Samuiloviç oturub beynində apardığı bank hesabları ilə bağlı düşüncələrə dalmışdı.
    –Ata, sənin mənə bağışladığın bu qızılı, iyirmi faiz qazancla sələminə versəm, ilin sonunda mənim nə qədər pulum olar görəsən?
    –Sən bunu adi faizlə, yoxsa artımlı faizlə vermək istəyirsən?–Samuil Davıdoviç oğlundan soruşdu.
    –Mənə elə gəlir artımlı faizlə versəm yaxşı olar!
    –Artımlı faizlə, kəsr hissələrini  də hesablasan, onda qırx beş manat yetmiş qəpik alınar!
    –Onda elə artımlı faizlə də verərəm, atacan!
    –Ver getsin, oğlum, ancaq qızılın dəyərində girov götürəndə çalış aldanmayasan!
    Bir az aralıda, yeddi yaşlı İosel Samuiloviç oturub beynində göydə uçan qaz sürüsünü necə ələ keçirməyi düşünürdü; ondan da bir az aralıda Solomon Samuiloviçlə Davıd Samuiloviç oturmuşdular, onlar da Davıdın Solomondan borc aldığı sorma konfeti faizi ilə geri qaytarması üçün neçə konfet verməli olduğunu hesablayırdılar. Stolun o biri başında Samuil Davıdoviçin çox gözəl xanımı Liya Solomonovna oturub qucağında südəmər körpə Rifonu tutmuşdu, çağa da instinktlə anasının qolundakı qızıl qolbağı dartışdırırdı.
    Bir sözlə, Samuil Davıdoviç çox xoşbəxt idi. O, əlini çox əcaib görünüşü olan bir sousa uzatmaq istəyəndə(bu sousa baxanda adama elə gəlirdi, onun üstü straus lələkləri ilə, bir də brüssel naxışlı toxuma parça ilə örtülüb), qulluqçu gümüş sinidə bir məktub gətirdi.
    Samuil Davıdoviçin konverti götürməyi ilə, köz üstünə qoyulmuş ilanbalığı kimi qıvrılmağı bir oldu.
    –Bu nə deməkdir! bu mənim nəyimə gərəkdir!–o ucadan bağırır, bütün bədəni əsirdi.
    Yemək masasına oturanlar onun nədən belə qışqırdığını anlamasalar da, artıq yeməkdən çəkinməli olduqlarını anlamışdılar.
    Mən indi burada Samuil Davıdoviçin bütün ömrü boyu unuda bilmədiyi həmən o gündə nələr çəkdiyini yazıb başağrısı vermək istəmirəm; ancaq qısaca bunu deyim biləsiniz: üzdən çox çılız, çox da gücsüz görünən bu adam üzləşdiyi bu çox ağır işgənsələrə dözüb dayana bildi, bu vur-çatlasında on beş qəpiyindən belə keçmək istəmədi.
    –Bu nə lovdur! bu nə deməkdir! Liya, sən məni bərk-bərk tutub saxla!–onu əsməcə tutduqca o da arvadına yalvarıb bunları deyirdi,–birdən mən səndən pul mücrüsünü istəsəm, yıxılıb ölsəm belə gətirməyəsən a!
    Bu dünyada istənilən ağır durumdan çıxış yolu olduğu üçün, burada da çıxış yolu tapıldı. Samuil Davıdoviç çoxdandı bir tanış generalın başçılıq elədiyi hansısa xeyriyyə cəmiyyətinə yardım eləməyə söz vermişdi, ancaq üstündən çox keçsə də indiyədək dediyi yardımı eləməmişdi. İndi bu ağır durum, çoxdan görmək istədiyi bu işi onun yadına salmışdı.
    Düşünüb-daşındığı kimi də elədi. Samuil Davıdoviç ustufluca ona gələn məktubu götürdü, maqqaşla onun içindəki kağızı çıxarıb başqa bir konvertə qoydu, konvertin içinə yüzmanatlıq bir kağız pul da qoyub ağzını bağladı, sonra tanış generalın yanına yollandı.
    –Uca qulluğunuza çatdırmaq istəyirəm, gəlmişəm xeyriyyə cəmiyyətinizə yardım eləyəm!–bunu deyib konverti yardım sözünü eşidən kimi çiçəyi çırtlayan generalın qarşısına qoydu.
    –Çox gözəl! yaxşı eləyirsiniz!–general dilləndi,–mən bunu çoxdan bilirəm siz... yəhudilər... Davıdin qanunu ilə... nə idi onun adı zəburmu yoxsa zebrmi?... unutmuşam...
    General ha çalışdı, yəhudilərin qanunlarını Davıdinmi yoxsa bir başqasınımı yazdığını yadına sala bilmədi.
    –Düz deyirsiniz; uca qulluğunuza çatdırmaq istəyirəm, mən heç özüm də anlaya bilmirəm, bizim haramız yəhudidir!–konverti başından eləyəndən sonra yüngülləşdiyini duyan Samuil Davıdoviç tələsik dedi,–biz elə-belə üzdən yəhudiyik, ürəyimizdə hamımız rusuq!
    –Çox sağ ol!–general dedi,–mən, sözün düzü, bu işə görə üzülürəm... siz axı gərək bizim kimi...
    –Mən uca qulluğunuza bir də çatdırmaq istəyirəm, biz yalnız elə üzdən yəhudiyik, vicdanıma and içirəm!..
    –Ancaq yenə də hayıf!
    –Uca qulluğunuza çatdırmaq istəyirəm, sonu yaxşı olar!
    –Yaxşı, haydı, haydı! Tanrı özü sizi düz yola çəksin!
    Samuil Davıdoviç evə qayıdanda elə bil quş kimi qanad açıb uçurdu. Axşamacan o, başına gələn bu işi büsbütün unutdu, sonra da oturub adamları tora salmaq üçün yaramaz bir plan qurdu, ertəsi gün isə, onun işə saldığı adamların bir əlləri olmuşdu, bir də dizləri.
    Beləliklə də, çox uzun bir sürədə, yazıq, itgin vicdan dünyanı gəzib dolandı, minlərlə adamlara yanaşıb sığınacaq istədi. Ancaq heç kim ona yiyə durmaq istəmədi, tərsinə, kimə yaxınlaşdısa onu başdan eləmək üçün hər cür yalana əl atdılar.
    Bütün bunlar onu əldən salıb bezdirmişdi, haçağacan bu yazıq onun-bunun qarşısında əyilməli, hər yerdən qovulmalı, yad insanların arasında yersiz-yurdsuz yaşamalı idi?
    Günlərin birində, vicdan özünün sonuncu yiyəsi olan, yol üstündə oturub, qışda qarla, yayda tozla alver eləyən, ancaq buçağacan heç kimə heç nə sata bilməyən alverçi qadına üz tutub gileyləndi:
    –Siz nə üçün belə, mənim üzərimdə ağalıq eləyirsiniz?! Niyə mənimlə bir qaravaş kimi davranırsınız?
    –Özün də görürsən, kimsə sənə yiyə durmaq istəmir, ay vicdan xanım, indi özün de, mən səninlə neynəməliyəm?–alverçi qadın soruşdu.
    –Sən gəl, belə bir iş gör,–vicdan dilləndi,–axtar, körpə bir rus uşağı tap, mənim hənirimlə onun ürəyini arıtlayıb təmizlə, sonra qoy elə mən onun ürəyində də qalıb yaşayım! O günahsız körpə məni qovmaz, qulluğumu tutar, böyüdükcə də məndən yaşına uyğun olaraq yararlanar, sonra adamlar da mənə öyrəşər, daha məndən qaçmazlar.
    Vicdanın dediyi kimi də elədilər. Alverçi qadın axtarıb, körpə bir rus uşağı tapdı, onun ürəyini arıtlayıb təmizləyəndən sonra, vicdanı onun ürəyinə köçürdü.
    İndi o körpə yavaş-yavaş böyüyür, o böyüdükcə vicdanı da böyüyür. Bu körpə yaşa dolub böyük adam olanda, onun vicdanı da böyüyəcək. Onda bütün yalanlar, satqınlıqlar, yamanlıqlar da yox olacaq, axı vicdan ürəkdən gəldiyi üçün daha heç nədən çəkinməyəcək, öz buyuruqlarını insanlara qorxmadan deyə biləcəkdir.

                                                                                                              


Yolüstü danışıq


    İvan Bodrovla Fyodr Qolubkin yola çıxmışdılar. Onlar bir kənddən, qapıbir qonşu idilər, ikisi də bu il, pasxaqabağı orucluqdan sonra evlənmişdilər. Aprel ayında onlar birlikdə Moskvaya, daşyonan işləməyə getmişdilər, indi isə, tikintinin yiyəsindən, ot biçmək üçün evə getməyə icazə almışdılar. Dəmir yolundan qırağa çıxıb 40 kilometrə yaxın yol getməydilər, ancaq belə bir uzun yolu lap ayaqla yeriməyə öyrəncəli olan istənilən kişi də bir gündə gedə bilməzdi.
    Onlar özlərini yorub əldən salmamaq üçün yavaş yeriyirdilər. Gün çıxmamışdan yola düşmüşdülər, indi isə Gün artıq günorta yerinə çatmağa az qalmışdı. 15 kilometrdən bir az çox yol gedəndən sonra yorulmuş ayaqlarına bir az dinclik verməyi düşünməyə başladılar, hava da getdikcə daha qızmar, bürkülü olmağa başlamışdı. Ancaq yan-yörəyə göz gəzdirəndə kölgəsində daldalanıb, yemək yeyib dincələ bilmək üçün ot qotmanı tapa bilmədiklərindən, hələ dayanmaq istəmirdilər, kölgənəcək axtara-axtara gedir, öz aralarında qızğın danışırdılar.
    –İvan, de görək evə nə aparırsan?–Fyodr soruşdu.
    –Ağadan üç dənə beşlik aldım, işi qurtaranda donluğumdan çıxacaq. Bir beşliyi, sözün düzü, Moskvada ev üçün bir az ayın-oyun almağa dağıtdım getdi, iki beşliyi evə aparıram.
    –Mən də elə sənin kimi. İki dənə beşliklə neynəmək olar axı?
    –Hə, özün də ye, evi də dolandır, hamısı bunun içindədir, çatdır görüm necə çatdırırsan, atam da bir yandan üstümə ismarış göndərib deyir, hansısa köhnədən qalma borcumuz var, dirənib istəyirlər. Apardığımın da hamısı ona gedəcək.
    –Bizim unumuz taxıl biçininə kimi çatmayacaq. Ot çalımıdır, bütün günü qol fırladırsan, yaxşı işləyə bilmək üçün gərək nəsə yeyəsən də. İşə bax a, heç nəyimiz yoxdur, nə çörəyimiz, nə duzumuz var, ancaq yenə də özümüzü adam sayırıq. Bizimkilər də belə deyirlər: daşyonansınız, Moskvada işləyirsiniz, sizin gərək əliniz pulla oynasın... Ancaq heç inanmıram, bu gedişlə payızacan evə gözədəyər bir pul gətirə bilək! 
    –Yer üzündə bizim bu kəndçilikdən də ağır bir yaşam yoxdur! Bundan o yanası olmur.
    –Elədir!
    Yolçular köks ötürüb, bir az susqunluq içində yol getdilər.
    –Görəsən indi bizimkilər neyləyirlər?–yenə də Fyodr danışığa körpü saldı.
    –Neyləyəcəklər! Səhər çayını içən kimi, peyin daşımaq, yer sürmək, əkin yerini dırmıqlamaq, toxum səpmək; bütün yayı torpağın başına dolanırlar, yenə də bir parça çörək yiyəsi ola bilmirlər. Son üç ildə də, ya daşqın olur, ya quraqlıq, ya da dolu düşür... Deyəsən Tanrı da bizdən üz döndərib!
    –Mənim dərdim isə, ay qardaş, heç açıb deyiləsi deyil. Kəndin kovxası mənim Dunkama göz dikib; addımbaşı yolunu kəsir, ələ almaq istəyir. Elçilərindən sovqat göndərir; atamın da gözünün odunu almaq üçün, kişiyə qara yaxıb üç günlüyünə soyuq zirzəmiyə atdırıbmış.
    –Ona heç kimin gücü çatmır! Yoxsa, bildir Matrenka Proxorovanın necə öldüyünü unutmusan? Onu da bu kovxa elədi... Ha dözdü, dözdü, sonra dayana bilməyib özünü asdı...
    –Bizim üçün çox çətindir, ancaq arvadlar bizdən də pis gündədir. Biz heç olmasa Moskvayasada gedə bilirik, dünyanı görürük, arvadlar haranı görür? Qalıblar evdə, dörd divarın arasında, elə bil qandallayıb salmısan qazamata. Əl-ayaqları yayın qızmarında işləməkdən quruyub ağaca dönüb; üzləri qap-qara kösövə dönüb, lap çəkmə boğazı kimi qırışıb qalıb, insana da oxşamırlar. Bu yandan da yerindən duran onların üstünə ayaq alır, döyülüb söyülürlər... 
    –Fedya, deyirəm, gəl bir mahnı oxuyub dərdimizi dağıdaq!
    Mahnı oxumağa başladılar, ancaq bir yandan dərd, bir yandan da yorğunluq güc gəldiyindən oxuya bilmədilər, yarımçıq saxladılar.
    –İvan, çoxdandır səndən soruşmaq istəyirəm, bilmirsən, o Doğruluq deyilən şey harada olur?–Fyodr soruşdu.
    –Elə mən özüm də bunu adamlardan çox soruşmuşam: o Doğruluq dediyiniz şey harda olur, onu harada axtaraq? Moskvada bir gənc ağanın mənə deməsinə görə, Doğruluğu qırx arşınlıq quyunun dibində gizlədiblər.
    –Elə şey olmaz! Yoxsa bizim arvadlar onu indiyə kimi sənəklə, suqarışıq dartıb quyudan çıxarmışdılar–Fyodr sözü gülməyə saldı.
    –Bilirəm, o ağa balası məni ələ salmaq üçün belə deyirdi. Onlara nə var! Onlar üçün Doğruluq olmadan yaşamaq daha yaxşıdır. Bizim isə qarnımızı yalanla o qədər doyurublar, daha ürəyimiz götürmür, qusmaq istəyirik.  
    –Qocaların deməyinə görə, Yeremey baba hələ keçmiş ağanın çağında Doğruluğu axtarıbmış; görürsən, Doğruluğu axtarmaq onu necə sınıq-salxaq eləyib yorğan döşəyə salıb.
    –Keçmişdə Doğruluğu axtaranlar çox olubdur; yaşamaq da onda çox ağır olub, üstəlik kişilərin Doğruluq üçün ürəkləri ağrıyırmış. Biyara işləməkdən neçələri ölüb gedibmiş. Çöldə ölüm, evdə ölüm, addımbaşı ölüm... Bayram günləri kəndli gəlirmiş kilsəyə, orada bütün divarlara Doğruluq yazılıbmış, ancaq onu divardan necə qoparıb özünlə aparasan?!
    –Düz deyirsən, Doğruluğu divardan necə qoparasan? Kəndli kimdir? O, görür, ancaq gördüyündən heç nə anlamır. Biz qara camaatıq, qaragünlüyük; dua eləməyimiz də, bilirsən də necədir, köks ötürüb, ağlamsınırıq: Ulu Tanrı keç günahımdan!–qurtardı getdi. Düzgün dua eləməyi də bacarmırıq.
    –Keçmişdə dünyanın dərdini çəkən kişilər olub. Yeri gələndə yığışıb Peterburqun da üstünə gediblər, oradan da lap katorqayacan...
    –Kim nə deyir-desin, keçmişdə Doğruluqla bağlı durum indikindən yaxşı olub. Kişilər Yalana uyan uşaqlarının dərsini verər, Doğruya yönəldərmişlər. Bunu mənə atam danışıb: Yeremey baba çox ürəkli kişi olub, dünyanı düzəltmək üçün çalışırmış! İndi də görürsən, o boyda kişi sobanın üstündə uzanıb qalıb, ayağa da dura bilmir; ancaq deyirlər o çağlarda, Yeremey baba çox adamın ruhunu Doğruluğu tapmağa yönəldə bilibmiş! Ancaq indi ona qulaq asanmı var?
    –Deyirlər, Yeremeyin sözünə qulaq asmayandan sonra yaşamaq çox yüngülləşib. İndi Doğruluq kimin nəyinə gərəkdir axı? İndi hara gedirsən, yığıncaq olsun, meyxana olsun, hər yerdə bir düşkünlük var...
    –Qabaqlar mənliyimizi ağalar alçaldardılar–indi isə özümüz könüllü olaraq, bu meyxanaçıların, başqa fırıldaqçıların önündə alçalırıq. İndi bütün kəndlərə fırıldaqçılar doluşublar: xristianların mənliyini alçaldırlar, üstəlik də artıq adamları bu çal-çağır içində keçən pozğunluqlara alışdırıblar.
    –Götür elə o Vasili İqnatyevi–xristian qanını içməklə gör özünə nə saray ucaldıb. Evinin damını da qırmızı kirəmitlə örtüb, neçə kilometr uzaqdan adamın gözünə girir; evinin böyründə də dükanı gecə-gündüz işləyir, elə piylənib daha əli qarnına çatmır, görürsən qarnını qaşıyanda əlini üstdən yox, böyürdən uzadıb qaşıyır.
    –Hamı da qarşısında baş əyir. Kovxayla yeyib içirlər, kovxa da dövlətin vergisindən qabaq onun borclarını yığır adamlardan; polis də gələndə onun evinə düşür. Onun ət yemədiyi, araq içmədiyi günü yoxdur. Görürsən ağanın oğlu da kəndə, işlərini yoluna qoymağa gələndə, evə çatan kimi deyir: tez olun, Vasili İqnatıçı çağırın gəlsin!... “Hə Vasili İqnatıç, necəsiniz, sağlamlığınız yerindədirmi? alveriniz necə gedir? Çağırdım, dedim bir yerdə çay içək... siz doğrudan əsil rus kəndlisisiniz! özünüzü oda-közə vurub işləyirsiniz, başqalarına da örnək olursunuz... Birdən sizə nəsə gərək olsa, mənə Peterburqa yazmağı utanmayın a”.
    –Kəndçilərdən borclarını yığmaq haqqını satıb ona, qazancın da yeddidə biri İqnatıça çatır! Ağanın özü çəkilib qırağa, işləri tapşırıb ona.
    –İndi də ağanın borclarını vermək çağı gələndə hamı onun ayağına yıxılır. O da kəndçilərə otunu çaldırır, taxılını biçdirir...
    –Bax əsil düşüklük budur elə! Yaxşısı, sən gəl mənə Doğruluğu harada axtarmaqdan danış!
    –Mən bilən o Tanrının yanında olar. Tanrı götürüb onu göyə aparıb, daha Yerə buraxmaq da istəmir.
    Yolçular yenə də susdular, yenidən köks ötürdülər. Ancaq Fyodr bu dünyada Doğruluğun olmadığına heç cür inanmaq istəmirdi, yoldaşının dedikləri onun beyninə batmırdı.
    –Yox, mən onu axtaracağam,– deyə o dilləndi.–Kəndə çatan kimi Yeremey babanın yanına gedəcəyəm. Ondan Doğruluğu necə axtarmağı yerli-yataqlı soruşub öyrənəcəyəm.
    –Onun sənə danışdığı, necə tutuqlanıb döyülməyindən, dustaqlıqda nələr çəkdiyindən olacaq, deyirlər onu Sibirə sürgün eləmək istəyirmişlər, ağa qoymayıb, götürüb ona meşəbəyiliyi tapşırıb, ancaq, nə o meşədən qırağa çıxa bilərmiş, nə də kimsə onun yannına gedə bilərmiş, meşənin içində bir gecəqonduda yaşayırmış. Sən yaxşısı onun yanına getmə, özünü işə salarsan!
    –Yox gərək gedəm. Götür elə Dunkanın başına gələni: evə çatan kimi hər şeyi açıb necə var mənə danışacaq... İndi sən demək istəyirsən, mən də bu yaramazın işdəklərinə qulaq asıb, dirək kimi durub dayanmalıyam, hə? Yox, bu işdə deyəsən kiminsə başı gedəcək. Mən o süləncək köpəyin bağırsağını ayaqlarına dolayacağam!
    –Yaxşı görək bir! Doğruluqdan danışıb qurtardıq, indi də bağırsaq tökməyə başladın. Səncə bu Doğrumu olacaqdır? Bilirsənmi belə Doğruluğa görə sənin başına nə oyun açarlar?
    –Nə bilirlər, qoy eləsinlər. Yoxsa demək istəyirsən, o alçağı başlı-başına buraxım nə bilir eləsin? Yeqor Petroviç buyurun: mənim Dunkam sizin qulluğunuzda həmişə hazırdır... Yox, bu işə son qoymaq gərəkdir! Mən Doğruluğu tapacağam, sonra da qoy nə olacaqsa olsun!
    –İsti lap adamın beynini qaynadır!–İvan bunu deməklə sözü yan salmağa çalışdı.–Bir az qabaqda kənd var, ora çatmamış yol qırağında yolun uzunluğunu göstərən bir dirək var, necə deyirsən, burada çöldə dincələk, yoxsa özümüzü ora çatdıraq?
    Ancaq Fyodr necə özündən çıxmışdısa ovunmaq bilmirdi, var səsi ilə qışqırırdı:
    –Mən axtarıb tapacam o Doğruluğu, tapacam!
    –Ancaq mən elə bilirəm, sən heç nə tapa bilməyəcəksən, bizim üçün heç yerdə Doğruluq yoxdur; bilirsənmi, görünür hələ vaxt yetişməyib!–İvan dedi.–Sən belə şeylərlə başını qatınca, yaxşısı budur, gələn iləcən yetəcək qədər çörəyi necə tapacağını düşünəydin.
    –Hardan tapacağıq, yenə də o Vasili İqnatyevin ayağına gedəcəyik, baş endirib çörək dilənəcəyik!–Fyodr qaşqabaqla dedi.
    –Elədir, çörəyi ondan borc götürəsiyik; çalınan otun da ondanbirini borc faizi yerinə ona verəsiyik! Sonra atam da qayıdıb deyəcək: sən, bu nədir arvadına paltar almısan, qarnından da kəsəməli olsa, bu ilin buğdasını almağa pul toplamalısan.
    –Aclığa da, soyuğa da dözüb, elə hər il deyirik: gələn il yaxşı olacaq... hanı o yaxşılıq, niyə gəlib çıxmır? Görünür, bu Yer üzündə Doğruluq deyilən şey heç yerli-dibli yox imiş! adamlar boş yerə yanşayırlar: “Doğruluq, Doğruluq...”, hardadır o Doğruluq?!
    –O günləri, Moskvada bir ruhani ilə danışıram, qayıdıb mənə deyir: “Doğruluq–bizim ürəyimizdədir; doğruluqla yaşayın, onda hamı üçün yaxşı olacaq”.
    –Görünür sənin o tanış ruhaninin qarnı toxdur, ona görə də belə yekə-yekə danışır.
    –Ola bilsin də, pullu adamlar ona yaxşı əl tuturlar. Baxırsan sadə bir adamdır, ancaq elə gözəl sözlər danışır, adamın ağzı açıla alır. Görünür onun günü yaxşı keçdiyindən başqalarının nələr çəkdiyi beyninə batmır.
    Danışığın bu yerində onların qarşısına yarıçürümüş, üstünə yol göstəricisi yazılmış dirək çıxdı, onun üstündə yazılan bu sözləri güclə oxumaq olurdu: Moskvadan 20 kilometr, Rudak stansiyasından 3 kilometr.
    Yolçular yoldan qırağa çıxıb, yaxınlıqdakı, keçən ildən qalma olduğu bilinən ot qotmanının kölgəsində oturdular.
    –Görürsən də necə adamlar var,–İvan ağac lifindən toxunmuş ayaqqabılarını çıxararaq deyirdi,–bizdə inəklər evin üstünün küləşini də yeməyə başlayıblar, bunun isə hələ keçənilki otu da qurtarmayıb.
    Oturub qəlyanaltı eləməyə başladılar; su qabını ortaya qoydular, çantadan çörək çıxarıb doğradılar–bu da sənə günorta yeməyi. Yeməkdən sonra qotmandan hərəyə bir qucaq ot götürdülər, altlarına sərib uzandılar.
    –Sən bir bu ənginliyə bax, ay Fedya,–İvan əsnəyərək, əli ilə göz işlədikcə uzanan düzənliyi göstərdi,–ucu-bucağı yoxdur! Burada hamıya yer çatar, ancaq biz...

Rus dilindən Araz Gündüz çevirib
 

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.