Platon - Evtifron, Sokrat
05.09.13

İxtisarla

Evtifron. Bu nə gündür düşmüsən, ay Sokrat? Likeydə* danışmağın daşını  atıb, indi də gününü məhkəmə qabağındamı keçirirsən? Yoxsa sənin də mənim təki, məhkəməyə kimdənsə ağzıacılığınmı(şikayətinmi) var?

Sokrat. Mənim düşdüyüm duruma afinalılar ağzıacılıq eləmək yox, işə düşmək deyirlər, ay Evtifron.

Evtifron. Sən nə danışırsan? Kimsə sənin üzünəmi durub? Ancaq mənə elə gəlir, tərsinə olar, sən kimisə məhkəməyə çəkmiş olarsan.

Sokrat. Yox, elə deyil.

Evtifron. Demək, səni kimsə suçlayır, eləmi?

Sokrat. Elədir.

Evtifron. Kimdir o elə?

Sokrat. Mən özüm də onu yaxşı tanımıram: eşitdiyimə görə, az tanınan, hansısa gənc bir şairdir; mən bilən adı da Meletdir, Pitfa oymağındandır. Pitfalı Melet deyilən birisini göz önünə gətir: uzunsaç, seyrəksaqqal, donqar burun,–beləsini tanımırsan?

Evtifron. Yox, Sokrat, sözün düzü, beləsini görməmişəm. Yaxşı, o, nə deyib sənin üzünə durur?

Sokrat. Səni necə başa salım! Bəri başdan deyim, yamanca bərk dirənib üzümə! Belə gənc yaşda bu sayaq işlərə baş qoşmaq sənə qolay gəlməsin. Deməyinə görə o, gənclərin niyə yollarından azdıqlarını da, onları bu yanlış yolllara çəkənin kimliyini də, bilirmiş. Belə çıxır o, çox bilgin birisi, mən isə anlamazın yekəsiyəmmiş, sən demə, mən gəncləri əyri yollara çəkib sapdırıram, o isə bunu anladığından, anamız-şəhərin qarşısında məni bu suçuma görə yazıqlamaq istəyir. Mənə elə gəlir, bütün dövlət adamlarının arasında yalnız o, şəhərimizi necə düzgün yönətməyin yolunu bilir: bax bir, yaxşı əkinçi necə, öncə tarlasındakı cücərtiləri bəsləməyin qayğısına qalıb, bütün qalan işlərini sonraya saxlayırsa, o da elə bunun təki, ilk öncə gənclərin düzgün böyüməsi qayğısına qalır. Bax beləcə, Melet öncə gənclik “cücərtilərini” yaxşı böyüməyə qoymayan bizim təki “alaqları” aradan götürmək, ancaq bundan sonra, yaşlıların da qayğısına qalmaq, şəhərimiz üçün görəcəyi başqa böyük işləri də yoluna qoymaq istəyir: məncə dəyərli işlər görmək istəyənlərin hamısı elə belə də eləyir.

Evtifron. Şəhərimizin işlərinin yaxşı geməsini, məncə elə hamı istəyir, Sokrat. Sənin danışdıqlarına gəlincə, qorxuram tərsinə ola: mənə isə elə gəlir, o sənə qarşı yanlış davranmaqla öz evini yıxacaq, od-ocağını söndürəcəkdir. Yaxşı, bir mənə de görüm, o, sənin gəncliyi düz yoldan azdırmağına, adamları necə inandırmaq istəyir?

Sokrat. Onun dediklərinə inansaq, mən özümü büsbütün şaşırmışam. Deməyinə görə, mən özümdən yeni tanrılar uydururam, başqalarını da bu yeni, qondarma tanrılara inanmağa çağırıram, özüm də indiyədək olan tanrıları saya salmıram.

Evtifron. Anladım, Sokrat, ancaq mənə elə gəlir, bu sözlər sənin öz danışıqlarında: “uzaqgörənliyim məni tez-tez yoluxur, mən onun səsini eşidirəm” deməyinə görə də ortaya çıxır. Deməli, bu Melet deyilən kim isə, sənin tanrılarla bağlı düşüncələrindəki yeniliklərə ilişərək, səni bunlara görə suçlamağa çalışır, məhkəməni də aldatmaq istəyir, özü də, sənin tanrılarla bağlı danışıqlarındakı bu yeni yozumların, çoxluğun gözündə qolayca, yanlış olaraq anlaşıla biləcəyini də çox yaxşı bilir. Elə ondan götür də, mən öz baxıcılığımla, tanrıların bizim üçün nələr göndərəcəyini açıb deyəndə, bu çoxluq məni ələ salıb gülür. Baxmayaraq, mənim öncəgörmələrim hamısı indiyədək çin çıxıb, ancaq belələri eyzən mənə qarşı gözügötürməzlik eləyirlər; mənə elə gəlir, gərək bu içiqurdlu adamları saya salmayıb, öz işini görəsən, yeri gələndə isə lap onlarla dirəşəsən də.

Sokrat. İstəkli Evtifron, onların məni ələ salmaq istəmələrindən çəkinib eləmirəm. Bu afinalılar var ha, kiminsə fəlsəfədə çox güclü olmasından azacıq da olsa qıcıqlanmazlar, ancaq onun öz biliyini başqalarına öyrətmək bacarığının olduğundan duyuq düşdülərmi, bax onda onların üzünü görmə. Birdən kiminsə başqalarını da başına toplayıb, öz bildiklərini onlara öyrətmək istədiyini bilsələr, vay o gündən, onlar buna görə elə bərk hikkələnirlər, mən özüm də sözün düzü, deyə bilmirəm, bu gözügötürməzlikdəndir, yoxsa bunun adı nədir.

Evtifron. Düzünü desəm, onların mənə necə yanaşmaqlarından, azacıq da olsa belə, qıcıqlanmıram.

Sokrat. Ola bilsin, onlar sənin öz bilgəliyini başqalarına öyrətmək istəmədiyini düşünürlər. Ancaq mənə gəlincə, onların düşüncəsinə görə, mən özümün yaxşılıqsevərliyimdən, bildiklərimi kimə gəldi öyrədirəm, özü də bundan gəlir də güdmürəm, qazancım isə insanların mənim sözlərimi dinləməsi olur. Bir də deyirəm, onlar mənimlə də, səni ələ saldıqları kimi davransaydılar, nə vardı, gəlib burada, məhkəmədə, onlarla deyib gülərdik, qurtarıb gedərdi; ancaq məncə, onlar bu işi çox ağırlaşdırmaq istəyirlər, bunun nəylə qurtaracağını isə bilmək olmur, yalnız, ola bilsin, sizin kimi baxıcılar bunun sonunun nə ilə bitəcəyini bilsinlər.

Evtifron. Sokrat, məncə, bu işin axırı yaxşı qurtaracaq, necə mən, başlamaq istədiyim bu məhkəmə çəkişməsini udacağıma arxayınam, sən də eləcə, bu çəkişməni udacaqsan.

Sokrat. Doğrudan a, sənin burada nə işin var, ay Evtifron? Sən bu qoşulduğun işdə sorumlusan, yoxsa kimisə suçlayırsan?

Evtifron. Suçlayıram.

Sokrat. Suçladığın kim ola?

Evtifron. Elə birisidir, qorxuram, eşidib bilənlər buna görə məni dəli sayalar.

Sokrat. Nə üçün? Yoxsa sən, ələkeçməz olan birisini tutub bura gətirmək istəyirsən?

Evtifron. Nə ələ keçməzlikdir, ay kişi, çəkişdiyim əldən-dildən düşmüş bir qocadır.

Sokrat. Kimdir o elə?   

Evtifron. Özcə atam.

Sokrat. Nə danışırsan, sənin ağsaqqal atanmı?

Evtifron. Elədir, o!

Sokrat. Yaxşı, bir de görək, o nə eləyibdir belə, sən onu nədə suçlayırsan?

Evtifron. Mən onu adam öldürməkdə suçlayıram, Sokrat.

Sokrat. And olsun Herakla, sənin bu sözün mənə çatmadı! Mənə elə gəlir, ay Evtifron, buradakı məhkəmədə işləyənlərin çoxu da, sənin bu işdə düzgünmü, yanlışmı olduğunu ayırd eləyə bilməzlər. Məncə, bu sayaq suçlama ilə birinci dönə üzləşən, kim olur-olsun, bu işdən baş aça bilməz, birdən burada çoxdan işləyən, çox bilikli birisi tapılsa, ola bilsin, onun bu işdən başı çıxar.

Evtifron. And olsun Zevsə, elə mən də buna güvənib bura gəlmişəm.

Sokrat. Sözsüzdür, sənin atanın öldürdüyü kim isə, ev adamlarından biri olmuş olar? Elə bilirəm, sən yad bir adama görə atanı məhkəməyə çəkməzdin, deyilmi?

Evtifron. Çox gülməli danışırsan, ay Sokrat, öldürülən doğma olsun, yad olsun, bu nəyi dəyişir?–yoxsa sən bilmirsən, burada ölənin də, öldürənin də kim olması önəmli deyil, önəmli olan, öldürənin bu işi düzgün eləyib-eləmədiyini ayırd etməkdir, ən başlıcası isə, bu işdə yanlışı varsa, kimliyindən asılı olmayaraq, onu məhkəmə qarşısına çıxarmaqdır. Sən onun suçunu bilərək, buna göz yumur, onunla oturub durursansa, onu da, özünü də, bu suçdan arıtmaq üçün məhkəmə qurulmasına çalışmırsansa, onda elə, özünü də ona tay tutub alçaldırsan. Nə isə, ölən mənim günəmuzd işçilərimdən biri idi; onda biz Naksosda olan əkin yerlərimizi şumlatdırırdıq. Günlərin bir günü o, bərk içkili olur, bizim qullardan biri ilə dalaşaraq, onu bıçaqlayıb öldürür. Atam onun əl-qolunu bağlatdırıb yaxınlıqdakı çuxura atdırır, sonra bu adamla nə eləməli olduğunu öyrənmək üçün, ekzeqatın* dalınca adam göndərir. Göndərdiyi adam qayıdanacan, atam bu adam öldürənin qayğısına qalmır: o ölsə belə, bunun altını çəkməyəcəyini düşünür. Bu isə, gözlənilmədən, düşüb ölür. Bilmək olmur, soyuqdanmı, aclıqdanmı, yoxsa əl-qolu bağlı olduğundanmı, ekzeqatdan soraq gətirən adam gəlib çıxanacan, bu adam keçinir. İndi də, mənim atamı hansısa bir yaramaz ölütçüyə(qatilə) görə məhkəməyə vermək istədiyimi görüb, atam da, elə evdəkilərin hamısı da, mənə bərk acıqlanıblar, onların deməsinə görə, atam kimisə öldürməyib, bu adam onun suçu ucbatından ölübsə də, ona lap yerində olub, o, vurub başqasını öldürməsəydi, özü də ölməzdi, deyirlər, oğulun öz atasını ölüm işinə görə məhkəməyə çəkməsi küfrdür. Ancaq, mənim bildiyimə görə, onlar tanrı yasalarını yaxşı anlamadıqlarından belə düşünürlər, ona görə də, nəyin möminlik, nəyin kafirlik olduğunu ayırd eləyə bilmirlər.

Sokrat. Səni and verirəm Zevsə, Evtifron, bir mənə de görüm, sən doğrudanmı özünü tanrı yasalarının da, möminliyin də, kafirliyin də, belə dərin bilicisi sanırsan?- lap elə deyilənlər sən danışdığın kimi olubsa da, atanı məhkəməyə çəkməyin küfr ola biləcəyindən qorxmursanmı?

Evtifron. Bu sayaq işlərdən baş açmasaydım, mənim ömrümün nə dəyəri olardı, ay Sokrat, onda Evtifron* bu, anlaqsız çoxluqdan nə ilə seçilərdi?

Sokrat. Dəyərli Evtifron, onda belə görünür, indiki çağda mənim üçün də ən yaxşı çıxış yolu sənin öyrənçin olmaqdır, sən məni öyrətsən, onda mən də bu Meletlə çəkişməzdən öncə, özüm onu qabaqlayıb, məhkəmədə ona qarşı iş açdırardım, sonra da bu qurulan məhkəmədə, hamının gözü qarşısında, öncələr də tanrı yasalarını qavramağa böyük dəyər verdiyimi açıqlayar, indi isə bunların böyük bilicisi olan sənin öyrənçin olduğumu ortaya qoyardım, bununla da, Meletin məni tanrı yasalarına sayqısızlıqda, onları dəyişdirmək istəməkdə suçlamasının ağ yalan olduğunu hamıya çox qolayca anladardım. Özümə arxayın olduğum üçün, onun üstünə çımxırardım da: “Melet, sən bu işlərdə Evtifronu bilgə sayırsansa, onda biləsən, mən tanrı yasalarını ondan öyrəndiyim üçün də, ən düzgün yol tutmuşam, ona görə də mənim yaxamdan əl çək; yox birdən belə düşünmürsənsə, onda sən gəl öncə, mənə bu işlərin düzünü öyrədən Evtifronun üzünə dur, yoxsa sənin deməyindən belə çıxır, o indi, biz iki qocaların başını batırmaq istəyir, məni–yanlış öyrədir, atasını isə, məhkəməyə çəkib yazıqlamaq istəyir.”  Birdən o mənə inanmayıb, üzümə durmaqdan çəkilməsə, mənim yerimə sənin üzünə durmaq istəməsə, onda mən özüm məhkəməyə üz tutub, bunun üçün dirənərdim.

Evtifron. And olsun Zevsə, Sokrat, işdir birdən, o mənim üzümə durmaq istəsə, onda mən onun elə gizlin işlərini tapıb ortaya qoyaram, bizim üçün qurulan məhkəmə dönüb onun özünə qarşı olar.

Sokrat. Bax elə bunu bildiyimə görədir, istəkli arxadaşım, sənin öyrənçin olmaqdan yana əldən-ayaqdan gedirəm də, bir də bilmirəm nədənsə, bu Melet də, başqaları da, səni görməməzliyə vururlar, mən isə elə bil, onların gözünə ox olub batmışam, görmürsənmi, bu Melet necə əlimyandı ilə məni tanrıtanımaz deyə qaralayır? Səni and verirəm Zevsə, məni başa sal, de görüm, sənin indicə kəsinliklə bildiyini dediyin o möminliklə, kafirlik nədir elə?—sən də bunları belə yaxşıca bildiyin üçün, adam öldürməkdən tutmuş, bütün başqa durumlara kimi, hamısını düzgün dəyərləndirə bilirsən? Mənə de görüm: ayrı-ayrı durumlarda üzə çıxan, möminliyin göstəricisi olan savab işlərin hamısı, biri-biri ilə tən deyilmi? eləcə də bütün küfrlər də biri-biri ilə tən olaraq, hamısı birlikdə, möminliyin tərsi deyilmi? bütün küfrlər, tək bir–kafirlik adlanan ideyadan doğmurmu?

Evtifron. Sən düz deyirsən, Sokrat, elə dediyin kimi də var.

Sokrat. Elə isə, di de görək, sən nəyə savab, nəyə küfr deyirsən?

Evtifron. Mən belə düşünürəm: indi mənim görmək istədiyim iş savabdır, sözün qısası, adam öldürən, Tanrı Ocağını talayan, başqa bu kimi suç işləyənləri,- bunlar istər atan, anan olsun, istərsə də bir başqası,- məhkəməyə çəkib gətirmək savab iş sayılmalıdır; bunu eləməmək isə küfrdür. Mənə bax, Sokrat, istəyirsən mən sənə, yasaların elə mən deyən kimi olmasının doğruluğunu göstərən çox inandırıcı bir örnək deyim(mən bunu artıq başqalarına danışmışam). Ən düzgün iş, kimliyindən asılı olmayaraq, suç işlədənə acımamaqdır: bax bir, Zevsin ən böyük, ən düzlüksevər tanrı olmasına hamı inanır, bununla yanaşı onun, doğulan uşaqlarını basıb yediyinə görə, öz atasını qandalladığını da hamı bilir, elə Zevsin atası da, bu sayaq işdəklərinə görə, öz atasını qandallamışdı. İşə bax ha, indi bu adamlar atamı suçlu olduğu üçün məhkəməyə çəkdiyimə görə, məni qınayırlar, beləcə  tanrılara qarşı da, elə mənə qarşı da, yanlış davranırlar.

Sokrat. Evtifron, sözün düzü, tanrılardan belə gəlişigözəl sözlər danışanda mən eyzən qıcıqlanıram, yoxsa elə ona görəmi, indi mənim üzümə dururlar? Ola bilsin, belə danışıqlara inanmadığımı bildiklərindən, kimlərsə ortaya çıxıb, məni tanrı yasalarını pozmaqda suçlamağa başlayıblar. İndi sənin kimi, bu işlərdən yaxşı başı çıxan birisi də, mənim inanmadığım bu sözlərin doğru olduğunu deyirsə, mən gərək bu düşüncələrimdən daşınam. Mən özüm bu işlərdən yaxşı baş açmadığımı boynuma alıramsa, başqa necə ola bilər? Səni and verirəm, bizim arxadaşlığımızı qoruyan tanrılara, sən tanrılar arasında baş verdiyi danışılan bu olaylara, özün, ürəkdən inanırsanmı?

Evtifron. Bu dediklərimin doğruluğuna söz ola bilməz, ancaq nə yazıq, çoxları bu danışdıqlarımı nə eşidib, nə də bilirlər.

Sokrat. Deməli, tanrılar arasında savaşların, yağılıqların, tutaqlaşmaların olmasını yazan şairlərin sözünə sən inanırsan, bu olayları göstərən rəsmlərin, heykəllərin gerçəyi anlatdığını düşünürsən, eləmi? Tutalım, böyük Panafiney bayramında, Akropolda, tanrıların başına gəldiyi deyilən belə olayların çəkildiyi şəkilləri göstərirlər ha, indi sən deyirsən, orada çəkilənlər hamısı doğrudur?

Evtifron. Bu şəkillərdə çəkilənlər tanrıların başagəldilərinin hamısı deyil, mənim bir az öncə tanrılar üçün danışdıqlarımdan başqa da, çoxlu belə olaylar vardır; istərsən, mən sənə tanrıların arasında baş verən işlərdən elə sözlər danışaram, yerində quruyub qalarsan.

Sokrat. Sənə necə inanmayasan! Ancaq sən bunları bir başqa gün, boş çağımızda danışarsan, indi isə mənim bir az qabaqkı sorğumu yanıtla. Sən bir az öncə, mənim möminlik nədir sorğumu yetərincə yanıtlamadın, indi görmək istədiyin işi örnək göstərib, öz atanı ölüm işinə görə məhkəməyə çəkməyinin möminliyə uyğun, savab bir iş olduğundan başqa, tutarlı bir söz demədin.

Evtifron. Mən sənə sözün düzünü dedim, Sokrat.

Sokrat. Tutalım, belədir. Ancaq elə sən özün də, çoxlu başqa durumlarda üzə çıxan savab işlərin olduğunu da danmırsan?

Evtifron. Sözsüz, belədir.

Sokrat. Unutmamısansa, mən səndən möminliyə uyğun olan davranışlardan bir-ikisini sadalamağı istəmişdim, özü də elə olsun,  bunlara baxanda, qalan bütün  savab işləri doğuran ideyanı anlamaq olsun, birbaşa o ideyanın gücü ilə, möminliyə uyğun olan işlərin hamısının yarandığı görünsün. Biz deməmişdikmi, tək bir ideyanın gücü ilə, möminlik də, kafirlik də  özləri olaraq ortaya çıxırlar?

Evtifron. Elədir, demişdik.

Sokrat. Yaxşı da, indi bu ideyanın nə demək olduğunu mənim üçün aydınlaşdır, mən də bunu örnək olaraq götürüb, səninmi, bir başqasınınmı elədiklərinin, möminlikmi, yoxsa bunun tərsi olan kafirlikmi olduğunu anışdıra bilim.

Evtifron. Neynək, Sokrat, istəyin budursa, mən bunu sənə deyərəm.

Sokrat. Hə, elə bunuca istəyirəm.

Evtifron. Beləliklə də, möminliklə kafirliyin nə olduğunu öncədən ayırd etmək üçün belə bir ülgü vardır: savab işlər–tanrıların bəyənəcəkləri, küfr işlər isə, onların bəyənməyəcəkləri işlərdir.

Sokrat. Bunu nə gözəl dedin, ay Evtifron! Mən səndən nə eşitmək istəyirdimsə, elə onu da dedin. Düzdür, sənin bu dediklərinin doğru olub-olmadığını mən bilmirəm, ancaq elə bilirəm, sən dediyin sözün arxasında durub, onu doğrultmağı da bacararsan.

Evtifron. Düz tapmısan.

Sokrat. Gəl indi, bayaq dediklərimizə bir də, yenidən baxaq: özlərini tanrılara bəyəndirə bilən bütün nəsnələr, o sıradan, bu sayaq insanlar da, möminlik ideyasına uyğun gəlirlər, özlərini tanrılara bəyəndirə bilməyənlər, yenə o sıradan, bu sayaq insanlar da, kafirlik ideyasına uyğun gəlirlər, buradan isə, möminliklə kafirliyin bir ola bilməməsi, onların biri-birinə büsbütün tərs olması ortaya çıxır. Elə deyilmi?

Evtifron. Düzdür, elədir.

Sokrat. Necə düşünürsən, bu söz yerindəmi deyilib?

Evtifron. Sokrat, mən indicə belə düşündüyümü dedim də.

Sokrat. Demək, sən tanrıların arasında savaşların, çəkişmələrin olduğuna da inanırsan?  

Evtifron. Elədir, inanıram.

Sokrat. Yaxşı, gəl baxaq görək, biri-birinə acıqlanmaq, biri-biryilə yağı olmaq, hansı anlaşılmazlıqlardan törəyir? Çəkişmələr nədən yaranır? Gəlsənə, belə bir örnəyə baxaq: birdən səninlə mənim aramda nəyisə saymaqda anlaşılmazlıq yaransa, bundan ötəri biz biri-birimizə acıqlanıb savaşardıqmı, yoxsa oturub yenidən, bir az da düzgün sayaraq, bu anlaşılmazlığı yoluna qoyardıq?

Evtifron. Sözsüz, belə də eləyərdik.

Sokrat. Tutalım, hansısa nəsnələrdən birinin o birindən böyükmü, kiçikmi olmasında anlaşmasaydıq, onda ölçüb-biçib, tezliklə çəkişməmizi dayandıradıq, deyilmi?

Evtifron. Hə, elədir.

Sokrat. Birdən hansısa nəsnənin o birindən ağır-yüngüllüynü ayırd eləməkdə sözümüz düz gəlməsə, onları çəkib bunu ayırd edə bilərdikmi?

Evtifron. Sözsüz, belə də eləyərdik.

Sokrat. Yaxşı, onda hansı anlaşılmazlıqlardan acıqlanıb, biz biri-birimizə yağı olardıq? Nə dediyimi yaxşı anlamaq üçün qulağın məndə olsun, bu sayaq yağılıqlar: düzgünlüklə əyriliyi, doğruluqla yalanı, yaxşılıqla yamanı dəyərləndirməkdə baş verən anlaşılmazlıqlara görə olmurmu? Biz də, elə bütün qalan adamlar da, yalnız buna görə anlaşa bilməyib, biri-birimizlə yağı olmuruqmu?

Evtifron. Elədir, Sokrat, anlaşılmazlıqların çoxu elə bunlardan da yaranır.

Sokrat. Onda, tanrılar necə, Evtifron? Onlar arasında baş verən didişmələr də, buna görə olmurmu?

Evtifron. Sözsüz, belədir.

Sokrat. Sənin deməyindən belə çıxır, ay Evtifron, tanrıların da birilərinin: düzgünlük, doğruluq, yalan, yaxşılıq, yamanlıq saydıqlarını, o biriləri danırlar, yoxsa onlar başqa nə üçün çəkişməli idilər? Necə düşünürsən?

Evtifron. Sən düz deyirsən.

Sokrat. Demək, onların birilərinin düzgün saydıqlarını, o biriləri yanlış saydığından, onlar arasında çəkişmələr, savaşlar başlayır, elə deyilmi?

Evtifron. Elədir.

Sokrat. Oxşayır, hansısa nəsnəni, tanrıların biriləri sevir, o biriləri sevmir, ona görə də, bu nəsnə elə durduğu yerdəcə, tanrıların bəyəndiyi də, bəyənmədiyi də olur.

Evtifron. Oxşayır.

Sokrat. Onda, Evtifron, bizim bu araşdırmamızdan, möminliklə kafirliyin, ikisinin də elə bir nəsnə olduğu çıxmırmı?

Evtifron. Belə görünür.

Sokrat. Demək, istəkli arxadaşım, sən mənim sorğumu yanlış yanıtlamısan: mən səndən bir anın içində möminlik də, kafirlik də sayıla biləcək nəsnələri soruşmamışdım; sənin dediyin örnəklərdə tanrıların bəyəndikləri, bir anın içində onların bəyənmədikləri də olur. Beləliklə də, ay Evtifron, sənin atanı məhkəməyə çəkib yazıqlamaq istəyini, birdən Zevs bəyənib, Kronla Uran bəyənməsə, Hefest bəyənib, Hera bəyənməsə, bu sənə çöçün gəlməsin; elə başqa tanrıların da sənin görmək istədiyin işə baxışları biri-birindən seçiləcək, sən özün indicə onların düşüncələrinin biri-birinə tərs ola biləcəyini demişdin.

Evtifron. Ancaq mənə elə gəlir, Sokrat, burada tanrıların baxışları biri-biriylə tərs gəlməyəcək, onlardan biri də, düzgün olmayaraq adam öldürənin, bu suçunun altını çəkməli olduğunu yanlış saymayacaqdır.

Sokrat. Bu doğrudanmı belədir, Evtifron? Kimisə öldürmüş, yoxsa da hansısa yasanı pozmuş adamların, məhkəmədə özlərini doğrultmağa çalışdıqlarını görmədinmi, indiyəcən?

Evtifron. Elədir, adamlar bu sayaq işlərdən ötəri istər məhkəmədə, istərsə də başqa yerlərdə, eyzən söz güləşdirirməyi sevirlər. Çoxlarını görmüşəm, yasanı pozan işlər görüb, sonra da bunun altını çəkməkdən yaxa qurtarmaq istəyirlər.

Rus dilindən Araz Gündüz çevirib.


Yenililklər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.