Aliq Nağıoğlu - Heç...

09.09.13

Hekayə

Ən böyük zərbəni alandan sonra Rusiyaya getmək barədə götür–qoy edirdi. Arada elə bir ciddi şey olmasa da, oğlu ilə onsuz da kövrək olan münasibətləri bu dəfə də onun tərəfindən pozulurdu. Oğlu bütün olanlarda an-caq onu günahlandırırdı. Əgər belədirsə, niyə yaşının bu çağında çörək pulundan ötrü özgə diyara getməlidir? Bu vaxta kimi elədiklərinə əcəb qiymət verildi. Anası da onu müdafiə edəcəkdi: bu vaxta kimi nə dəyişib ki, indi dəyişə. Yavaş–yavaş özünü ələ aldı, oğlunun bir gün əvvəl göndərdiyi mesajı xatırlamağa çalışdı: əsəbdən əlləri əsirdi, ona görə də telefondan oxuya bilməzdi. “Heç oğlan öz gücünə qabağa getmir, bir də mənə zəng vurmayın, unudun məni. Sənin öz zibillərindi çəkirsən. Hərəkətlərin heç kimi yox, bizi məhv etdi, əsasən məni. Bilirsən, indi mən haralarda idim? Mən babanın tərbiyəsini görmüşəm, o mədəniyyətin sahibi nə vaxtsa qabağa gedəcək, çünki mən dinimi bilən insanam, sənin kimi imansız yox, indi qal bayquş kimi tək, bil həyat nədir, bu sözləri yazmazdım, yandığımdan, çəkdiyim əziyyətlərimə görə yazdım, unutma! Allah bu sözlərimə görə məni bagışlayar.”
 - Ox əclaf, Allah səni bağışlasa da, mən necə bağışlayım... Mən sən olmayacağam, sənin səviyyənə enib cavab mesajı yazmayacağam, tərbiyəsiz... Yazdıqlarında məntiq də yoxdur. –  Hər dəfə xatırladıqca od götürürdü, özünə yer tapa bilmirdi.
 İndi evdə tək idi: həyat yoldaşı, kiçik oğlu məktəbdə idilər. Həyətdə keçən payız düzəltdirdiyi yeganə kölgəlik yerdə oturmuşdu. Bu nə sərt ittihamlardı oğlu yazmışdı, özünün həyatdan bildiyi bir şey vardı ki, ona dərs keçirdi. “Bu adamda həyasızlığa sən bir bax. İndiyə kimi, axı, sən neyləmisən, ağzına gələni yazırsan. Nə baş verib, özün arzuladığın işdir, bunun əziyyəti, çətinliyi ola-caqdı, bəs nə bilirdin, yaşamaq sənə asan gəlir?! Hələ getməmişdən təxmin etmişdim, indiki şəraitdə alacağın məvacib ancaq yola, yeməyə, yüngülvari əyin-başına çatacaqdı. Xırda bizneslə sonda artıracağın, irəli düşəcəyin bir şey olmayacaqdı, sənə demişdim. Öyrənmişdin yedəkdə gedəsən. Sən haralarda ola bilərdin, axı, tərxis olunduğun yeddi aydır. Qurtarhaqurtarda qulluq etdiyin bölükdən neçə əsgər yoldaşına səkkiz–on il iş verildiyini nə tez unutdun? Nə vaxtdan sən qabağa gedən olubsan, ay imanlı oğul? Hələ bir məni yalqız hesab edirsən, ay başıboş, sən başqasının felinə uyursan. Çox sağ ol ki, məni ayıltdın, qəbahətim olsaydı, ittihamın daha ağır olardı. Bir az çətinliyə düşən kimi bütün günahları valideynlərin üstünə tökürlər. Kimə deyəcəksən, cavabları bir olacaq: indiki uşaqlar hamısı belədir, hələ səninkinə min şükür; içmir, çəkmir, başqa pis yollara qurşanmayıb...” Özündən müştəbeh, qəzet–kitab açmayan, maraq dairəsi kasad olan oğlunun iddiası bir müddət idi ki, ona yaman əziyyət verirdi. Ali təhsilli müəllim olmasına baxmayaraq ixtisası üzrə işləmək istəməmişdi: “Neynirəm müəllimliyi, müəllimlər hamısı acından ölür...” Başlıcası o idi ki, heç kim onun səsinə səs verməyəcəkdi, heç kim özünü pis etmək istəməyəcəkdi, sonda da görürsən nələr olur. Hələ özünə haqq da qazandırır, Allahdan bağışlanmasını istəyir. “Başa düşür ey, başından çox böyük qələt edir. Nə bilim vallah, bu işlər necə olacaq, kimsəyə ürəyini boşaltmağa da xəcalət çəkirsən. Belə kortəbii sonluq yatıb yuxuma da girməzdi, adamın ürəyi partlamaqdan qalır. Mən ömrüm boyu hansı məhrumiyyətlərlə üzləşmişəm, haqsızlıqlara tuş gəlmişəm, amma hər zaman dözmüşəm, yaxınlarıma və ətrafdakılara büruzə verməmişəm, dərdimi başqasına yük eləməmişəm. Əslində, son günlər başıma gətirilənlər, işdən nahaq çıxarılmağa məcbur edilməyim mənə əzab verdiyi bir vaxtda, oğlum kimi yaxın birinin məni yanlış anlamasına səbir gətirmək çətin məsələdir.” Onun işlədiyi idarədə də, yaşca oğlundan beş-on yaş böyük işçilərin yeyinti faktlarına etiraz etdiyinə görə, işləməyin mümkünsüz olduğunu görüb ərizəsini yazmışdı. Kim nə deyir desin, kim onu qınayırsa, qoy qınasın, işə, vəzifəyə görə gözgörəti özünü oda atası deyildi ki... Heç olmasa gecələr rahat yatacaqdı...
Həyat yoldaşı da onu qınamışdı: “ Başıva xeyir, indi iş tapmaq olur, düşün nə edirsən?“ Cavabı qısa olmuşdu: “ Bilmədiyin işə qarışma, sabah biabırçı bir şey olsa, mən dözə bilmərəm!” Oğlu da bu məsələni eşitmişdi və guya bu hadisədən təsirlənib ona sarsıdıcı mesaj göndərmişdi.

* * *
Baş verənlər barədə ilk dəfə uzun müddət Moskvada yaşayan uşaqlıq dostuna ürəyini açmışdı, onun da son sözü bu olmuşdu ki, işini düz–qoş edib yığış gəl yanıma, bəs biz nə günün dostlarıyıq. Yaşının bu çağında ailədən uzaq yaşamağın əziyyətini anlasa da, hələ yaşa¬maq üçün işləmək lazım idi. Burda isə onunku alınmırdı. Kimlərsə vəzifədə qalmaq, bahalı maşınlarda gəzmək, orda–burda mülklər salmaq üçün gözgörəsi quldurluq edirsə, yuxa¬rılar da bilmərrə onlar deyənin üstündə durursa, ərizəsini verib başı ağrımamış getməyi məsləhətdi. Onsuz da uzun illərin ən müxtəlif çək–çevirləri əsəblərini yetərincə korlamışdı. Lakin oğlunun nataraz mesajı xatırlanınca, onu dostunun yanına getmək fikrindən, deyəsən, əməlli–başlı daşındırırdı.
 Stolun üstünə atılan, son günlər çox az–az səslənən mobil telefonu zəng çaldı.
 - Eşidirəm, –  dedi, –  şükürlər olsun, belə demək mümkünsə, dincəlirəm. Sən də zarafata salma, mən niyə dağıdıram, idarə yenidən qurulur, belə olmalıdır. Səni müfəttiş keçirirlər? Ərizə vermə, axı nədən çəkinirsən, orda üç–beş mütəxəssis varsa, biri də sənsən, sən savadlı mühəndissən, işini də qaydasında aparırsan.
Seçimin olmasa da, səbəb yoxdursa, aşağı vəzifəyə keçməyə nədən sən keçməlisən?.. Səndən də söz çıxır: indi “ağ” başlar lazımdır, haqlısan, nə edəsən. Baş idarədən göndərmişdilər, şikayət ərizəni bağlamaq üçün, belə də... Otuz il bu sistemdə işləmiş adamdı, məni öyrənməyə gəlibdi, fakları araşdırmağa yox. Əlbəttə, onun dediyinə baxacaqlar, özü də bunu təsdiq edirdi. Məndən yazılı izahat istədi–vermədim: şikayətçi kimi, hansı araşdırma apardığını tələb etdim. Əşşi, o boyda kişi olmağının nəyini deyirsən, söhbət əsnasında kəlməbaşı “sənə qurban” dilindən düşmürdü. İndi dağıdanları yaman sevirlər, əlbəttə, Səmədin müdafiəsində durduğu şəksiz görünür. Nə başını ağrıdım, mənə sonuncu təklifi bu oldu ki, işinə yeganə bir şərtlə qayıda bilərsən, buna qədər və bundan sonrakı sənədlərə qol çək; təbii ki, mən də imtina etdim, bununla da söhbət bitdi. Bilirəm, həmin gün hər müfəttişdən yüz manat pul yığmaqlarını eşitmişəm. Yaşlaşdıqca yaman cəsarətsizləşirəm, düz sözə nə deyəsən. Başımız onsuz da ağrının içindədir. Çalış sən də özünü qoru. Sağ ol.
* * *
Keçmiş iş yoldaşı, oturub–durduğu işçi yoldaşı idi. İdarəni yenidən qururdular, bunu səbəb gətirib öz sahəsinin adamı olmasına baxmayaraq, onu vəzifəcə aşağı işə keçirirdilər, o da seçimi olmadığından dözürdü. ”Bu böhran da əllərinə yaman girəvə olub. Özxoşuna işdən getməklə kimi inandırmaq olar, o da indiki vaxtda. Bir tikə çörək daşdan çıxır. Kimdən xoşları gəlmirsə, açıq–açığına işləmək istəmirlər, ərizə istəyirlər. Neyləməli, səbirli olmaq lazımdır, görək bu xəmir nə qədər su aparacaq...”
 Üzbəüz qapı qonşusu Hacı xanım hicablı başını özü¬nə xas tərzdə yırğalaya–yırğalaya darvazadan içəri girdi:
 - Salam, ay qonşu, hər vaxtın xeyir olsun. Adam səni evdə görəndə təəccüb edir, ömrün boyu haralarda işləmədin, ancaq elə mənim kimi daxmada qalırsan, bu yaxşıdır, hamısı burda qalacaq. – O, ərkyanalıqla təklif gözləmədən kölgəlikdə qoyulmuş boş taxta oturacaqda oturdu. – Müəllimə, deyəsən, hələ dərsdən gəlməyib. Yol üstəyəm deyə yaman hövsələsiz olmuşam. Hər adamla da oturub dərdləşə bilmirəm, qonşu. Hər şeyi mənə deyirlər, mən bilirəm, hələ keçən il deyirdim odun olmayacaq, ay qonşu, sən allah, televizora baxırsan, gəzir¬sən, gör heç odun var? Kəndçininki odundur, olma¬sa qırılarıq; baax, mən soyuqdan çox qorxuram, ac da, susuz da qalaram, amma odunsuz yox. Sən qala bilərsən? Sən də qala bilməzsən. Elə bilirsən belə qalacaq, hər şeyin sonu yaxınlaşır, mənə deyirlər. Axırı çox pis görsənir, ay qonşu... Görürsən, dövlətli– kasıb artıq ayrılıb, xeyir–şər məclisləri də bölünüb, adamlar da laqeydləşiblər... Ancaq sənə deyim, varlıların hüzrləri düşəndə gözləri dörd olur, say sarıdan yaman narahat olurlar, qəbiristanlığa gedənləri çoxaltmaq üçün elə dəbdəbəli ehsanat verirlər, pul– para da yığmırlar. Yadındadır, qonşu kənddə məşhur biznesmenin, fabrik sahi¬bi¬nin atası rəhmətə gedən gün, var– dövləti ondan heç geri qalmayan başqa iş adamının seriala çəkilmiş ana¬sı canbəsər idi. Vay xəbərlərinin arası heç üç saat çəkmədi; ard–arda dəfn oldular. Ehh, dünyanın işinə bax, əslində baş tutmamış qohumluğa görə düşmən olan iki tayfanın bir– birinin bəhsinə adam sayına, ehsanat yarışmasına camaat ət tökürdü. O, kəndin nəyi də olmasa, çoxlu pulluları var. Gör nə edirdilər: fabrikdə çalışan işçiləri növbədən tez-tələsik buraxırdılar ki, hüzrə çatsınlar; bu canfəşanlıq saya görə idi. Mərhumun yeddisinə kimi qəbiristanlığa gedənlərin çoxluğunu növbədəkilərin hesabına nizamladılar... Açığını deyim, əvvəllər məni də saymazdılar, indi bir şey olanda arxamca bahalı maşın göndərirlər, ay qon¬şu, onlara da minib–düşmək olmur ki... Mən də nə var deyirəm, oğrun–oğrun qulaq asırlar. Elə şeylər olur, var da kömək eləmir, ay qonşu. Biz bilmirik, aldanırıq dünya malına, gözümüz doymur, heç bilmirik bizə nə lazımdır...
 - Hacı xanım, sizə nə lazımdır ki?
 - Mənə – heç nə... Mənə bu dünyadan heç nə lazım deyil, əgər bilmək istəyirsən, sənə də deyim: mənə o dünya lazımdır, hə– əə, o dünya... Üç gündən sonra ziyarətə gedirəm, qurban olduqlarımın yanına. Qürbətdə olan Hacıya, övladlarıma, nəvələrimə ağalarımdan kömək diləyəcəm. On beş gün dedi–qodudan, qır–qırdan uzaq ola¬cağam, gəl ki yenə qayıtmağım yadıma düşəndə pis oluram. On dəfə Məşhəddə, iki dəfə Kərbəlada, bir dəfə Suriyada, bir dəfə də Səudiyyə Ərəbistanında olmuşam, Kərbəlaya üçüncü dəfə gedirəm. Qonşu, sən savadlı adamsan, heç soruşmursan niyə tez– tez gedirsən, bu bahalıq vaxtı bir köpük tapmaq olmur, Hacı o pulları qürbətdə hansı zülümlərlə qazanır, dubinkaların yeri hələ də başında qalır, sən ki yaxşı bilirsən, həyy? –  Ah çəkdi, özü də cavabını verdi:
 - Əslində, həmişə arzum olub ki, o torpaqlarda ölüm, düz sözümdür. Deyirəm, inşaallah arzuma çataram, necə bilirsən? Keçən il gedəcəkdim, balaca xeyir işimiz oldu, onunçun qaldı. İndi nəyim var eyy, evi müəlliməyə tapşırıb gedirəm, uça–uça...
 - Təyyarə ilə uçursunuz? – əlüstü sevincək soruşdu.
 - Yox–xx, avtobusla gedirik, hamısını ödəmişik, qalır yol üçün yemək tədarük etmək, qalanı bizlik deyil. Bilirsən də, dünya malında gözüm yoxdur, onunçün ala¬caq bir şeyim də yoxdur: xırda–para təsbehdən– möhürdən savayı, ziyarətə gələnlərə paylamaq üçün... Hacı hər şeyin pulunu göndərib: yolun, ehsanın. Allah canına dəyməsin onun, bilir ki, mənimki ancaq onlardır–qurban olduqlarım. Neynirəm imarəti, hamısı burda qalacaq, dədəmiz–babamız nə aparıb eyy, ay qonşu. Sən də çox əlləşmə, hamısı boş şeydir, gördün iki həftə qabaq nə oldu–mən bilirdim, o rəhmətlik keçən yay məni ziyarətə gəlmişdi, heç özümün də inanmağım gəlmirdi – bilirsən də necə imkanlı idi, Rusiyada iki evi, Bakıda üç evi, burdakı imarəti...
Sən onun içində olmazsan, anası bədbəxt o gün yalvar–yaxar məni apardı ki, gəl rəhmətliyin həyətdəki güllərinə bax, hamısını da ordan gətirib, onda gördüm. Heç bir gecə də o evdə yatmaq qismət olmadı, ev deyildi, muzey idi, elə vurhay iş gedirdi, vay–vayy... Yazıq arvad deyəsən havalanıb, zülüm–zülüm ağlayırdı, ay Allah, iraq elə... Hə–əə, onu deyirdim, axı, onda mənə dedi ki, bu qədər imkanıma baxma, kəndin toz–torpağına, suyuna–havasına qurban olum, heç elə bilirəm dərd– səriniz yoxdur, əlləşirsiniz, sapsağlamsınız; dili qurddamış kimi ona dedim ki, sən də heç darıxma, gələn yaya kimi əbədənlik öz evinə gələcəksən, ağzımdan çıxdı, ya nətərsə dedim, özüm də pis oldum. Neynim ey, ay qonşu, tez–tovam da... Mən onun gözlərinə baxa bilmirdim, o görkəmdə adamın elə yazıq, köməksiz gözləri vardı... Qonşu, mən adama ilk dəfə baxanda sonrakı taleyini mənə deyirlər, özümdən asılı deyil, həmişə də yoxlamşam düz çıxıb. Amma o bədbəxt güldü, uşaq kimi sadəlövh idi, hələ deyəsən başa düşmədi, ya ciddi saymadı. Dedi ki, bu dəfə ən uzaq yerdə yaşayan qohumlarıma da baş çəkmişəm, gücüm çatanı köməklik etmişəm, ancaq nəsə narahatam. Dedi ki, həyatdır, hər şey ola bilər. Olmadı, ay qonşu, oldu da, heç qırxı da haqlamadı, ona görə heç nəyə, heç kimə etibar yoxdur. Kəndçininki birinci odundur, sən də odunu qabağa sal, onsuz da ucuzlaşmayacaq. –  Hicablı başını yenə özünə xas tərzdə yırğaladı, nədənsə:
 - Odun da peçə qədər odundur, – dedi, –  yanandan sonra olur heç... Gedim, müəllimə gələndə gələrəm, sən iş–güc adamısan, mən heç... Amma sənə deyim, qonşu, arvad sarıdan çox yarıyıbsan, düz sözümdür, çünki hamı ilə dil tapır, hətta mənimlə də, bilir ey nahaqqam, di gəl üzə vurmur, özün pis eləmir, çünki bilir ki, hamısı burda qalacaq... Allah tərəfi mən qonşuluqda həmişə sizdən razı olmuşam, ancaq biz kimik ki, işimiz müşkülə düşən kimi yalvarırıq, dil tökürük, amma yenə özümüzə qoyulmuruq, nəticə çıxarmırıq, ona görə bu gündəyik. Sən narahat olma... –  Təsbehli sağ əlini üç dəfə üzünə çəkərək nəsə pıçıldadı.
 - Sənə fikir verirəm, qonşu, yaman fikirlisən, ancaq sirr dağarcığısan, heç kəsə ürəyini açmırsan. Sən bir az keç¬mişinə nəzər salsan görərsən ki, böyük bacın rəhmətlik ayın doqquzunda dünyasını dəyişib, sonu doqquzla qurtaran illərdə həmişə işsizliklə üzləşibsən. Hələ bir fikirləş, üç dəfə belə şey olubdu... – O, duruxdu, ani eynində çək–çevir etdi və təəccübünü gizlədə bilmədi:
 - Hacı xanım, dediklərin tamam düzdür... – özündən ixtiyarsız ayağa qalxdı.
 - Qonşu, sən narahat olma, mən baxıcı–zad deyiləm, otur, səbirli ol, ürəyinin hökmünə qulaq as, hər şey keçib–gedəcək. Allah səni çox istəyir, əziyyətlərin bol olsa da, o dünyada yerin yaxşı olacaq, dözümlü ol, sən haqlısan, ancaq dözməlisən, darıxma, inşallah mən də orda ağalarımdan sənə kömək istəyəcəm...
 - Hacı xanım, mən həmişə arzulamışam ki, müqəd¬dəs yerlərə ziyarətə gedim, bu barədə sənə də demişəm, düzü, imkansızlıq üzündən hələ ki, muradım gözümdə qalıb. Allah qoysa, imkan olar...
 - Ürəyinə gəlibsə, inşallah niyyətinə çatarsan. Qonşu, ağaların bizim ziyarətimizə ehtiyacları yoxdur, nə edirik biz özümüz–özümüzə edirik, xəstələnəndə dava–dərmana tez pul tapırıq, odur ki, Allah sənə bu yol üçün səbəb salar, görərsən...
 Ayağa durdu, nəsə demək istəyirdi, ancaq ürək eləmirdi.
 - Qonşu, elə bilirəm səndən söz çıxmaz, qoy deyim, yüngülləşim: bu kəndə üç–dörd günə bir meyit də gələcək, üz vurma kimliyini deyə biməyəcəm; bax belə, qanını qaraltdım, neynim deməsəm – danışmasam qala bilmirəm... Gedim, müəllimə gələndə gələrəm...
 Hacı xanım çadrasının ətəyini yığışdırıb səntirləyə–səntirləyə getdi. Onunla söh¬bətdən sonra, heç nəyə həvəsi qalmırdı, əksinə bu dəfə xeyli yüngülləşmişdi. Öncəgörənliyinə görə çoxları kimi ondan çəkinirdi. O, Rusiyada iki oğlu, bir qızı ilə çörək pulu qazanan ərinin qazancını burda ehsanlara xərcləyirdi: qulağına çatanda ki, kənd camaatının qarnını yırtsalar, hacılar ailəsinin ehsanları tökülər, çiçəyi çırtlayırdı. Ancaq özünü təsdiq edənə kimi başı nələr çəkmişdi, Allah bilir...

* * *
 Ancaq Hacı xanımla təskinləşdirici söhbət də oğlu¬nun mesajının ağrısını tam unutdura bilməmişdi.       
 Hacı xanım uzaqlaşar–uzaqlaşmaz şikayət ərizəsini bağlamaq üçün baş idarədən gələn nümayəndə ilə təcili danışmaq fikrinə düşdü. Mobil telefonunu götürüb nömrəni yığdı:
 - Salam, Mikayıl müəllim, bağışlayın narahat etdiyimə görə, bəli, mənəm, düz tanımısız... Şükürlər olsun ki, salamatlıqdı, hə də dincəlirəm. Dünənki söhbətimizdə qəlbinizə dəyən hərəkətim olubsa, bağışlayın. Bilirsiniz, sizdən bir də nəyi xahiş edəcəkdim, hə–ə, yox–yox, işə qayıtmaq barədə əziyyət çəkməyin, belə yaxşıdır, düz sözümdür, qərarım qətidir. Mənimki bundan sonra tutmaz, Səmədə işləyən adam gərək deyil, mənim saxta sənəd¬lərə qol çəkməyimi ağlınıza gətirməyin. Maraqlı olan odur ki, siz yazılanları yoxlamaq əvəzinə, mənim üç il qabaq işlədi¬yim müəssisəyə getmisiniz, amma mən sizinlə görüşə gələndə bilirdim ki, sevimli Səmədiniz müfəttişlərin hər birindən yüz manat pul yığır, təsəvvür edin ki, bu şikayət ərizəmlə altmış müfəttişin qınağına tuş gəlmişəm, baax, bu, mənə lazım idi?! Heç nə deyə bilmərəm... Dü-nən... hə dünən... ona görə sizə demədim ki, günaha batmayım... Sizsə, çox rahat çirkaba bulaşdınız...
 Telefonu söndürməmişdən, hiss etdi ki, Mikayıl müəllimin əzəmətli səsi bir anda  öləzidi.
 ... ağlına gəlməzdi ki, sərasər otuz il can qoyan  sistem adamının ötkəm səsi bir anda sarsılarmış...

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.