Fərid Hüseyn - Tarix – ölü həqiqətlər!
09.09.13

Orxan Fikrətoğlunun "Ölü mətn" romanı barədə qeydlər

...Orxan Fikrətoğlunun “Ölü mətn” romanını oxuyanda beynimdə müxtəlif suallar yarandı. O suallara axtardığım cavablar yönümü milli romançılıq ənənəsindən, deyim ki, bir xeyli uzaqlaşdırdı. Bu mənada, əsər müəllifin “Ölü mətn”i yox, diri mətnidir. Roman müəyyən xüsussiyyətləri  ilə müəllifin öyrəncəli olduğumuz “nəsr xarakteri”nə nə qədər yaxındırsa da, düşüncə, ideoloji siluet, hadisələr kateqoriyası və dil baxımından publisistik üslubuna daha uyğundur. Əsər çox sadə dildə yazılıb və O.Fikrətoğlunun televiziya verlişlərindən qulağımızda qalan səsini romanı oxuyarkən zaman-zaman duymaq olur. Orxan Pamuk “Alber Kamyu” adlı essesində onun üslubu barədə belə yazır: “Kamyunun fərqliliyi təcrübəli və avtoritar bir yazıçı səsinə sahib olmasında, habelə yumora əsaslanan fransız fəlsəfi roman ənənəsi ilə, Heminquey tərzdə qısa cümlələrlə, mətləbi birbaşa nəql etməyi asanca bacara bilməsidir”. O.Fikrətoğlunun nəsrində də  bu cür birbaşalıq var, elə bir onun üçün bir hadisənin başında dövr edən digər sitausiyalar maraqlı deyil, o “alaq otlarını”ndan yox, birbaşa bar-bəhərdən danışır. Roman lakonik dildə – “ya qılıncla, ya qılınc üstündə” – nəql edilir. Olsun ki, bir əsrlik tarixi əhatə edən əsərin cəmi 110 səhifəlik kitabda cəm olması da bununla bağlıdır. Bir də, fikrimcə, yazıçı bu cür fraqmental hadisələrlə epoxal haləti canlandıraraq göstərmək istəyib ki, tarixin bütün mərhələləri yox, dəyişim dönəmləri önəmlidir.

***

O.Fikrətoğlu barəsində danışdığımız romana keçidsiz başlayır, – sanki bütün oxucuların irəlicədən növbəti hissələrdə haqqında danışacağı mətləbdən xəbəri varmış kimi. Bu yazıçı ərki ilkin anlamda yazıçı-oxucu münasibətlərinin qurulmasına və “xəbərdar oxucu”nun tam gücü ilə mətnə daxil olmasına zəmin yaradır. Ustadın (əsərin əsas qəhrəmanıdır, klassik roman ənənəsində olduğu kimi bu əsərdə vurğu bir qəhrəmanın üstünə salınmır) telefonuna zəng gəlir və onu xəbərdar edirlər ki, sənə əlyazma gətiriblər, özü də əski əlifbada. Mətni gətirənin adı əsərdə CİN kimi qeyd olunur. Bununla da dini rakursdan yazmağın “şeytan işi” olmasına gizli-aşkar sufiyanə bir işarə edilir. Əlyazma əski əlifbada yazılıb, ustad isə həmin əlifbanı bilmir. Yazıçı insanların bilmədiyi əlifbanı oxumağı ilə, əslində, insan zəkasının ancaq dərk etmək yox, həm yozum imkanına malik olmasına bir “Fərabi vurğusu” salır. Əlyazma niyə üçüncü səhifədən başlayır, axı bu kitab deyil ki, onun titul vərəqi, annotasiyası olsun? Bu da müəllifin, olsun ki, əksər mətnlərin tam əxz olunub qavranılmadığı üçün “yarımçıq mətn” olduğuna postsufi bir işarəsidir. Eləcə də, bir əsrlik dövrü əhatə edən əsərdə, əlyazmada qeyd olunmayan hissələr itirilmiş zamana gizli eyham sayıla bilər.

Elə ilk səhifələrdən sirlərlə “qəlizləşən” mətn birinci açarını təqdim edir: “İnsan sarsıntılarını, ağrılarını bədii mətnlə səhv salmısınız. Əsəbi insanın fobiyalarını tibb araşdırmalıdır, ədəbiyyat yox. İnsanı iki əsrdir içinə qovmusunuz. O iki əsrdir susub və nəsə düşünür”. Bu fikirlərlə “Ölü mətn”in ilkin sirri açılır; əslində, ədəbiyyat heç nəyi dəyişmirsə, deməli, mətnlər  ölüdür. Bu reallıqda içinə qovulmuş insan nə yazsa da, mətn “ölü” olacaq. Mətn o vaxt diri olur ki, o nəyisə dəyişir, yeniləyir. Əgər öz içinə qovulmuş insan iki əsr susubsa, hansı yenilikdən, dəyişiklikdən söhbət gedə bilər, kim təzə nəsə yazmasına iddia edə bilər. Mətn əgər yeni deyilsə, deməli, köhnədir, köhnədirsə zamandan kənardadır –  yəni ölüdür. Parodoksal məqam ondan ibarətdir ki, heç yazıçı  da ölü mətn bataqlığından çıxmağın yolunu göstərmir. Bu bədii gedişlə, əslində, müəllifin işarəsi ilə Servantesvari bir ismarıc üzə çıxır: Servantes Don Kixotu son cəngavər kimi göstərərək ondan sonra cəngavərsiz cəmiyyətin olacağına nişan verir. O.Fikrətoğlu da göstərmək istəyir ki, yazdığım mətn də sonuncu ölü mətndir, bundan sonra işığa çıxmaq lazımdır, öz içindən aşkara çıxıb, mahiyyəti doğruya doğru dəyişib sonra yazmaq lazımdır.

***

Əsərdəki növbəti hissədə qəhrəman balıqçı kimi peyda olur və onun balıqlarını pul verib almaq istəyən kəndli ona belə deyir: “Balığın toru sənin ölümün deyilmi?” O isə kəndliyə “sən nağıl adamısan” cavabını verir. Situasiya maraqlıdır: böyük sualların olduğu, bəşəri dəyər kimi görünən sirlərin və cavablarının olduğu yerdə də alver var və insan istəsə də “balıqçı və müştəri” tandemində bu alverə qoşulmağa məcburdur. Artıq qəhrəman balıqçıya çevrilib. Maraqlıdır ki, “Ölü mətn” bu cür keçidlərlə oxucuda əlyazmadan oxunan yazı təsiri bağışlasa da, sonda məlum olur ki, romandakı hissələr mətnə aid məsələ deyilmiş. Bununla da, yazıçı postmodernist gedişlə oxucusunu “həyat-mətn” paralelində ustacasına “aldadır”, “azdırır”. İnsan da mətndirmi? Bu məşum sual romanın bu yerində xəbərdarlıq atəşi kimi görünür.

 ***

Sonra Ustad hələ yazıdan bir cümlə də oxuya bilməmiş, əsəbi halda barmenin yanına gəlir və onu bardan çıxardır. Tüfəngi sinəsinə sıxıb barmendən onu öldürməsini istəyir. Barmen qəfil tüfəngi  öz sinəsinə tərəf çevirib özünü öldürür. Mətndə bir şifrə də açılır: Başqasının ölümü sənin də ölümündür. Qalib yoxdur. Hamı, əslində, bir insandır. Yazıçının ustad adı ilə müxtəlif insanlara çevrilən qəhrəmanının da sirri bu məqamda faş olur: hamı birdir, başqası öləndə bir az da biz ölürük.

Əsərdə dəfələrlə milli əlifbamızın olmaması ilə bağlı məqamlar vurğulanır. Gəlinən hasil budur: əlifba koddur, xalqın şifrəsidir, biz bu gün başqa xalqın əlifbasında yazaraq, əslində, yad şifrələri “çözməklə” məşğuluq, özümüzsə  milli yaddaşsızlığımızı yaşayırıq. Əgər xalq kimi öz əlifban yoxdursa, deməli, başqa xalqların əlifbası ilə ancaq və ancaq uşaq oyuncaq hərflərlə oynayan kimi oynayır, işarələrin mahiyyətindən xəbərsiz olur, hərfləri sadəcə şəkil kimi görür və dərk edirsən. Ustadın əski əlifbanı bilməməsi onu öz mahiyyətini, kökünü dərk etmədən süni dəyişmə problemi ilə üz-üzə qoyur. Keçmişini bilmədən yaşadığımız dövür hansıdır? Əlbəttə ki, Sovet dövrü. Romanın bundan sonrakı hissələrinin Rusiya və Sovet dövrü ilə əlaqədar olması da, təsadüfü deyil. Bu düşüncəni ortaya atıb, digər hissələri onun açarı kimi təqdim etməksə O.Fikrətoğlu nəsrinin roman boyunca ideaları “bu əlindən o əlinə” ötürə-ötürə uzaq nöqtəyə aparacağından və nəsrinin mümkün qədər düşünülmüş olduğundan xəbər verir.

 ***

Sonra qəhrəman romanda bir dəfə də qadın (ustad – bu dəfə qadın cildində) cildində rastımıza çıxır,  bu dəfə Moskva bazarında. Qadının adı Kamilə, ona kömək edən adam isə cibgir Kamildir. Kamil Kamiləni aldadıb pasportunu oğurlayır, özü ilə birgə yaşamağa məhkum edir. Eyni zamanda iki məsələ aydınlaşır: Birinci məqam; Rusiyada biz bir-birimizi “yeyirik”. İkinci məqamsa Rusiyadan qovulmamaqla bağlı“əzəli fəxarətimiz”, ucuz işçi qüvvəsi olmağımız. Məsələn, Kamilə belə deyir: “Mən getsəm kim iki arağa gəlib bu boyda dükanı silib-süpürəcək. Rus qadını bunu etməz”. Sonra ağdamlı Vəliş adlı birini polis güllə ilə vurur və həkimə gedə bilmədiyinə görə ölür. Onun tabutunda ustad vətənə qayıdır. Bununla da yazıçı Rusiyada sındırılan, alçalıdılan, öldürülən insanın iç üzünü göstərir; ordan bura diri, insan üzündə gəlməyin mümkünsüzlüyünü vurğulayır.

 ***

Əsərdə birdən-birə hadisələr dəyişir. İki Gəncəli haqqında danışılır: Peterburq Universitetinin tibb fakültəsinin məzunu İbrahim Bəy və onun yerlisi İsmail bəy. İsmail bəy sovet rejimini canı kimi sevən, Stalin qədər qəddar biri olan, günahsız adamları güllələtdirən bir insandır. İbrahim bəylə onlar birinci dəfə Ukraniyada görüşürlər. İbrahim bəy onu əsir götürə və öldürə biləcəyi halda böyüklük göstərib onu bağışılayır. Bu “yaxşılığın cavabı” kimi vətənə teleqram vuran İsmail bəy onun bütün qohumlarını güllələtdirir. Yenidən onu müharibədən sonra İstanbula qayıdan İbrahim bəyi öldürməyə göndərirlər. İsmail bu dəfə də İbrahimi tapıb onu güllələyir. Amma İsmailin namərdliyini öncədən duyan İbrahim bəy onun tapancasına boş  güllələr yerləşdirtdiyinə görə sağ qalır. İbrahimin öldüyünü zənn edən İsmailinsə bu hadisədən xəbəri olmur. İsmail vətənə qayıdan kimi mükafatlanacağını zənn etsə də, onu Sibrirə sürgün edirlər. 1954-də azad olur. Sonra 1991-ci ildə yenidən İbrahim bəylə Bakıda görüşürlər və İbrahim bəy ona bütün olanları danışır. Bir əsr ərzində yad qüvvələrə inanan insanlar üçün vətən, millət anlayışının olmaması, vicdanlıların ölümdən, vicdansızların qatillikdən keçən ömrünün gəlib bir yerdə birləşdiyini, tarixin sonda hamını bir yerə yığdığını və qaçılmazlığını yazıçı dəqiq məqamlarla göstərir. Maraqlısı odur ki, bu cür böyük, müstəqil hadisələr, az həcimli bir romanın içinə fraqment kimi daxil edilib. Əslində, romanın bir əsrlik dövrü əhatə etdiyinin yeganə əfsəl göstəricisi də məhz bu, haqqında danışdığımız hissə sayıla bilər. Yəni, romanın ən uzaq tarixi ilə ən yaxın tarixini birləşdirən ciddi, postmodernist oyunlardan xali hissəsi budur. Məncə, müəllif tarixi hissələri oxuculara “keçmişə baxın” nəzəri ilə təlqin etmir, həm də tarixinizdən, keçmişinizdən uzaqlaşın və dəyişin mənasında göstərir.

 ***

Romanın növbəti hissəsisi Azərbaycan-erməni münasibətləri üzərində qurulub. Erməni qadını Asmik Gorusa keçmək üçün ustaddan kömək istəyir. Ustad onu gəmiylə aparkən yolda yaxın olurlar. Sitauasiyadan da məlum olduğu kimi, XX əsrin birinci rübündə baş verən hadisələr zamanı ermənilərin azərbaycanlıları  öldürdüyü vaxtlarda, bir azərbaycanlı erməni qadınını xilas edir. İllər keçir həmin qadın ustadın nəvəsinin yanına gəlir (onun da adı ustad kimi əsərə daxil edilib) və deyir ki, “Məni Azərbaycandan çıxarıb Gorusa apararsınızmı?” sualına ustad, “əlbəttə”, cavabını verir. Bununla da, dəyişən dönəmlərdə, azəri-erməni münasibətində bizim sınaqdan xalq kimi yox, əsl humanist insan kimi çıxmağımız, düşmənimizi hanısa xalqa aid etmədən bəşəriyyətin əşrəfi kimi qiymətləndirə bilmək bacarığımız üzə çıxır.

***

Romanda Dədə Qorqud dastanına da dekonustriktiv yanaşma meyillilləri nəzərə çarpır. Elin mifik kodda olan ruhani dədə məqamını da, bir süni Dədəylə əvəzləyirlər. Yeni Dədə “islahatlar” aparır: fahişə qısırca Yengənyə “elin anası” adını verir. Elin qoyunlarını dərəyə tökməyi əmr edir, igidləri öldürdür, elin qeyblə əlaqəsini kəsir. Elin say-seçmə adamları məşvərət qurub qərara alırlar ki, Dədənin axmaq düşüncəsinin qarşısını almaq üçün onun özünü yox, sözünü dəyişsinlər.

Beləcə, sadə ironiya ilə yazıçı, miflərin yeni variantda, sadəcə adının qaldığını, göylə əlaqəsinin itdiyini, ilkin kodlarının, əlifbaların dəyişdirilməsini göstərir.

 ***

Sonra ustad əlyazmanı sufiyə göstərir, Sufi ölü mətnə cinin toxunduğunu deyir və mətnin ovsunlu olduğunu vurğulayır. Və qəfil ustadın yadına düşür ki, əlyazmanı yazan adamı onun yanına göndərən adamın da adı Cin idi. Ustad uşaqlıq dostu olan cinə zəng edib, ondan mətni soruşanda dostu on ildir Misirdə olduğunu və heç bir roman yaxan gənci tanımadığını deyir. Beləliklə, əvvəl-əvvəl əlyazmanın müəllifsiz olduğu postmodernist oyunla diqqətə çatdırılır. Bu cür gedişlərə görə əsəri tam post-sufi roman saymaq olmaz, romanda müəyyən postmodernist oyunları da aşkar görmək olur.

Xüsusən, ustadın dostunun, məhz Misirdə olduğunu göstərməsi ilə yazıçı yəqin mətnin ilk sivlizasiyalara adiyyatsız olduğunu, vurğulamaq istəyir.

 ***

Əsərin bir neçə hissəsində represiya dövründən bəhs edilir. Dustaqları adaya aparıb öldürürlər, güllə ustaddan yan keçir. Sonra bir qoca qayıqçı ustadı təsadüf nəticəsində adada tənha ölməkdən xilas edir. Ustad beləcə xilas olur. Burda  iki başlı ideya var, ustadın ölməməsini iki cür başa düşmək olur:

a) Repressiya adlı ölüm çarxından diri çıxanların da içində vicdanlıları olub;

b) Əslində, ustad da ölüb, sadəcə o ölməzlik zirvəsinə ucalanlardan olduğuna görə diri kimi göstərilir. Bununla da, vicdanlı ziyalıların heç bir rejim tərəfindən öldürülə bilməyəcəyi aşkarlanır.

***

Əsərin ən iri həcimli hissəsi Şamaxılı Alməmməd kişi ilə bağlı olan hissədir. Bu hissə XX əsrin əvvəllərindən ta Xruşovun hakimiyyət dönəminə qədər olan zamanı əhatə edir. Alməmməd kişi əski əlifbaya görə həbs edilib öldürülür, sonra onun oğlu Ərtoğrul böyüyüb həmin əlifbanı yayır, o da qətlə yetrilir. Ərtoğruldan sonra onun oğlu Səməd əski əlifbanı gələcəyə daşıyır, onun da aqibəti eyni cür olur. Ən sonda Səmədin qardaşı lal Şamilin artıq etiraz tonunda yox, sadəcə öz fəaliyyət kimi Moskva Əlyazmalar İnsitutunda əski əlifbanı yaşadır. Yazıçı bir böyük nəslin əlifba uğrunda öldürüldüyünü göstərir. Sonda isə lal bir adamın – Şamilin vasitəsi ilə bu əlifbanın lal insana (əslində, susan və danışmayan xalqa) həvalə edildiyi qənaətinə gəlmək olur. Baş verən hadisələrin fonunda yazıçının ideasını iki aspektdən xarakterizə oluna bilər:

1) Yazıçı əlifbanın xalq yox, fərdlər vasitəsi ilə gələcəyə ötrüləcəyini göstərir.

2)  Yazıçı əski əlifbada yazanlardan fərqli olaraq, özünü də şərti olaraq Alməmməd kişinin nəslindən sayır; o əski əlifbada yazmasa da, əski əlifbadan (haqqında) yazır. Bu mənada, yazıçı keçmiş nəsillərdən fərqli olaraq, əski əlifbanı daha geniş planda dövrüyəyə buraxır.

 ***

Əsərin bu hissəsi sonda “qatilin mətni” adı ilə qeyd edilir. Allahlıq, peyğəmbərlik fikrinə düşən insan qatildir. Müxtəlif insanları öldürüb. Bütün qətllərə öz içində bəraət qazandırdığına görə özünü günahsız sayır. Onun düşüncəsinə görə dünyanı güc idarə edir, sevgi yox. Onun ömrü həm də onun mətnidir. Yazıçı bura qədər yazdığı hissələri məhz bu cür sonluqla qapayır. Romanın bundan sonrakı hissələrində ciddi sujeti olan hissələr yoxdur. Sanki bu üsulla yazıçı roman ərzində baş verən həqiqətləri üstündən birdənbirə əlini çəkir və demək istəyir ki, bütün olanlar, günahlıların və günahsızların, öldürülən və ölənlərin hamısı haqdır. Ölənlər günahsızdırlarsa, öldürənlər də günahsızdır. Hamının öz həqiqəti var, bu həqiqətsə həm də bəraətdir. Günah isə insanın yox, Allahın qiymətləndirə biləcəyi məsələdir. İnsan günahı şərh etməməlidir. Və sevgi ilə onu səhv salmamlıdır.

 ***

Növbəti hissədə üç dostun oğurluq hadisəsindən danışılır. Oğurluq zamanı bir dost ələ keçən digər dostu öldürür. Sonra başqa bir adamı öldürürlər (ölü mətn mütəxəssisi) və o varlı bir adamın əvəzinə müəyyən şərtlər müqabilində həbsə atılır. Sonra cinayəti onun boyuna qoyan adam “qatil”i yanına çağırtdırır və öldürmək istəyəndə o cəld pəncərədən atılıb aradan çıxır. Bütün bu çirkinliklərin içində belə o, özünü mələk kimi görür. Romanın bu hissəsində də əvvəlki hissələrdən fərqli olaraq baş verən hadisələri ustad yox, ustada danışırlar. Bu hissədə incə məqamlarsan biri də ölü mətn mütəxəsisinin ölümünün vurğulanması, yaranan mətnin şərhsiz qalacağına işarədir.

 ***

Romanın sonu: Bu hissədə ölü mətn haqqında danışılır, mətnin heç bir əlifbada yazılmadığı, ovsun və şifrələrdən ibarət olduğu, müəllifin mətnin günahlarına görə cavab verəcəyi məqam vurğulanır. Bu məqamda postmodernizmə xas yazarın mətnə görə məsuliyyət daşımaması “faktı”, müəllifin əsərə görə (günaha görə) cavab verəcəyi post-sufi rakursa açılır.

Romanın ən maraqlı məqamı sufi və ustadın söhbətində üzə çıxır. Əvvəlki hissələrdə, yəni ölü mətn boyu ölümlə bitən hadisələri və özünə belə müəmma olan ustadı arif sufi belə şərh edir: “Fikir ver, bütün yazın boyu nə düşündünsə sonu ölümlə bitdi. Bütün canlılar, o cümlədən, fikir də ölür – deyəcəksən. Amma elə deyil. Heç nə ölmür. Bu gün nə düşünülürsə ölü məntiqlə düşünülür, ondandı. Peyğəmbərlər belə sənə mükafatı ölümdən o tayda boyun olur... Əslindəsə ölüm yoxdur... Ancaq sevgi var... Ölüm sevə bilməyəndə gerçəkləşir”. Bütün bu gerçəkliklərin sufi vasitəsiylə açılmasını yazıçı ölü mətn müəllifinin (ustadın) ancaq katib kimi mətnin üzünü köçürdüyünü, mahiyyətinsə ancaq qəlbi Allahla bağlı olan insanlar, yəni sufilər, ariflər tərəfindən şərh oluna biləcəyini göstərir. Və nə qədər ki, öz mətnini anlamayan ustad kimilər yazacaqlar, o qədər bütün mətnlər ölü doğulacaq, anlayılmayacaq. Ən əsası, hadisələri yaşamaq və yazmaq, hələ anlamaq demək deyil.

Romanın sonunda pəncərdən futbol oynayan uşaqlara baxan ustad mətni yazmış uşağa (özünə) sarı qaçır, o qaçdıqca futbol meydançası və uşaq ondan uzaqlaşır. Bununla da məlum olur ki, həmin uşaq və mətni yazan ustadın özüdür və  o uşaqlığına, özünə, keçmişinə və olanlara heç vaxt çata bilməyəcək. Çünkü o bu naşı mətnlər içində arif deyil, cahil kimi yaşayıb.

Nəhayət

Keçən əsrdə bizə təqdim olunan, süni islam, süni millətçilik və süni sovet dövlətçiliyi ideolojuluğu, nəhəyət ki, bu günlərdə və bu mətndə dərk olunmağa başlayır.

Pankürkçü, panislamçı kimi tutulub güllələnənlər, ancaq sufi, yəni məntiqlə dərk olunmayan sevgi ilə yaşaya biliblərmiş.

Dərk olunmayan gerçəklik bir də təkrar olunanda daha böyük faciəyə çevrilir.

Roman kaleydoskopik hadisələrlə zəngindir, bu səbəbdən də, təkrar-təkrar oxunmalıdır.

Bu roman yazıçılar üçündür, oxucular üçün deyil.

Roman sadə üslubu və keçidsizliyi ilə də oxucuya ilk baxışdan qəribə görünə bilər, çünki əsərdə bəzən qəfil gedişlər edilir. Mətn dövürünün tarixini, o zamanki hadisələri və bu zamanın mədəniyyətini yaxşı bilməyən hazırlıqsız oxucu üçün əsər dərk olmunya bilər.

O.Fikrətoğlunun nəsrində xüsusən, dustaqlarla bağlı hissələrdə müəllifin rus və avropa nəsr ənənələrinə yaxınlığından da xəbər verir.

Romandakı bəzi poetik nəsr nümünələri publisitik dilə qarışmır.

Əsərin oxucuya verdiyi yozum imkanları, əsər boyu insanı aldada bilir, amma romanın sonunda sufinin dili ilə hadisələr düyünü çözülür və belə demək mümkünsə, sular durulur. Olsun ki, bu bir qədər indiki reallıqda yazıçının tamam anlaşılmamaq ehtiyatından qaynaqlanır, amma istənilən halda  kitab çoxluğun “malı” deyil.

Romanın nəticəsinin reallıq tərəfi, mətnin, yazının ölü olması ideyası ilə mütaliə edənlərdə pessimist ovqat doğursa da, oxucunun üzünə hər şeyin sonda sevgiyə xidmət etməsi kimi nikbin bir qapı açılır.

Ölü mətn, əslində, sufi düşüncəsiylə mumyalanmış mətndir, ona görə də onu oxumaq, nə vaxtsa varlığının mümkünlüyünə dəlalət edən faktlar var.

Qeyd etmək lazımdır ki, roman tarixi romandır, siyasi roman deyil və ümid edirəm ki, bu idealardan yeni romanlar doğacaq.

Belə...

Zəruri qeyd: Əsəri niyə bu cür şərh etdim? Yəni yazıçı nə demək istəyib, nəyə işarə edib, nə üçün belə yazıb və s. O.Fikrətoğlunun demək olar bütün hekayə, povest, kinossenari və publisistik mətnlərini bittə-bittə oxumuş biri kimi onun idealarına, düşüncə sixeminə, fikir xəritəsinə bələdəm. Yazıçıya həmkar münasibətində də yaxın olduğum üçün üslubi nüanslardan daha çox, vurğunu onun idealar planının üstünə salıb, nə demək istədiyinə işıq tutmağa çalışdım. Olsun ki, hansısa ədəbi tənqidçi və ya oxucu əsərdə ortalığa atılmış daha dərin məqamları, mətləbləri üzə çıxarar, belə olsa, mən buna ancaq sevinə bilərəm. Bir də ki, bədii ədəbiyyat analizləri, yozumları müxtəlif gözlərlə görülür. Bu gözlərinin də nə qədər dəqiq olduğunu hərə öz qəlbinə yaxınlıq səviyyəsinə görə qiymətləndirə bilər. Hər halda roman barədə düşündüklərimi yazdım, doğrusunu isə Haq Taala və onun sevdikləri, mütailəli oxucular bilir. /qafqazinfo.az/

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.