Mirmehdi Ağaoğlu:"Məmur-yazıçı tipi olmaq istəmirəm" - MÜSAHİBƏ
09.09.13

Gənc yazar Mirmehdi Ağaoğlunun müsahibəsi.

–    Əsərlərində daha çox günün problemlərindən yazır, zəmanəmizin və güzəranımızın problemlərini işıqlandırırsan. Sosial məsələləri daha çox göstərmək istəyinin səbəbi nədir?


–    Cəmiyyətimdəki problemlər barədə olduqca çox yazıya yatan mövzular var ki, yazılmayıb. Bunun da əsas bir səbəbi bizim sosialist realizmi adlandırdığımız dövrdə həyat hadisələrinin yazılmaması, ümumiyyətlə, həyatın dibini göstərən məsələlərdən uzaq olmağa çalışmağımızdı. Həm də realist ədəbiyyata aid mətnlər də azdır. Bu gün cəmiyyətimizdə kifayət qədər yazılası mövzu var, harasa üz tutub mövzu tapmağa ehtiyac yoxdur. Elə cəmiyyətimizin problemlərin yazmaq bəs edir. Amma mövzuları yeni baxışlarla, yeni düşüncə ilə yazmaq, üzərində işləmək daha yaxşıdır. Bu cür mövzuları qoyub, mələklərdən, Allahdan, mifdən, absurd nəsnələrdən yazmağın nə mənası var?!

–    Filmlərimizdə, bədii ədəbiyyatda toy, məclis, mərasim təsvirləri çoxdur. “Alman malı” adlı hekayəndə qurban kəsmə mərasimi var. Hekayənin əsas hissəsi də həmin mərasim sayıla bilər. Ümumiyyətlə, milli əsərlərdə qabarıq hadisələrin, düyünlərin, insanlarının iç üzünün məhz məzhəkə ilə açılması nə ilə bağlıdır, eləcə də sənin hekayəndə?

–    Hekayəni yazanda qarşıma qoyduğum və həll etmək istədiyim mədəniyyətlərin toqquşması problemi idi. Bu məsələləri gətirib Xoşqədəm xanımın “Səni axtarıram” verlişinin fonunda birləşdirdim. Bütün əsər vegeterian olan qızın ayağının altında qurban kəsərkən onun qurbanlıq qoyunun üstünə qusmasının üzərində qurulub. Mədəniyyətlərin toqquşması problemi isə Şərq-Qərb məsələsi kontestində açılır. Bax, iyirmi ildən çoxdur müstəqilik, deyirik ki, Avropaya inteqrasiya etməliyik. Amma biz ordan yaxşı dəyərləri götürməliyik deyə-deyə əslində, özümüzə sərf edənləri götürürük. Alman maşınının ən yaxşısını sürürük, amma fəlsəfəsinə yiyələnmək ağlımızın ucundan belə keçmir. Ən yaxşı dəyərlərinə göz yumuruq. Ata Almaniyadan gələn qızından sərfəli bir şey qoparda bilmir deyə ondan üz çevirir. Biz niyə başqa mədəniyyətə bicliklə yanaşırıq, “yaxşı” adı ilə sərfəli olanı seçirik. Qaldı ki, məzhəkə yolu ilə situasiyaları açmağıma bu çox təbii idi, çünki sentimental, yaxud faciəvi sonluqla hekayəni bitirməyin tərəfdarı deyildim, çünki belə olsaydı onda ideyanı istədiyim kimi əks etdirə bilməyəcəkdim.

–    Yazarkən üslub, struktur barədə düşünürsənmi, yoxsa təhkiyən mətnin strukturunu yaradır?


–    Yaza-yaza dediyin məsələlər haqda düşünürəm. Amma bəzən qəfil ağlıma gələn yazılar da olur. “Çərçivə”ni belə yazmışdım. Ümumiyyətlə əvvəlcədən yazacağım mətnin strukturunu düşünürəm. “Küləyi dişləyən” hekayəmdə də müəyyən struktur qurmuşam, o əsəri yunan mifiologiyasını bilməyən oxucu dərk edə bilməz. Oxusa da elə biləcək ki, hərbi xidmətdən bəhs edən adi bir hekayədir.

–    Hekayələrin barədə hər hansı bir tənqidçi sənin yazarkən diqqət etmədiyin bir məqamı üzə çıxaranda hansı hissləri keçirirsən, razılaşırsanmı?

–    Belə hallar baş verəndə mənə də maraqlı gəlir. Razılaşmaq isə belədir; hansı ağla batandırsa qəbul edirəm, ağla batan deyilsə tənqidçinin uydurması kimi qiymətləndirirəm.

–    Çalışdığın kulis.az saytı da ədəbiyyata açılan pəncərələrdən biridir. Ümumiyyətlə, o pəncərədən baxanda indiki ədəbi mənzərə sənə necə görünür?

–    Əvvəl onu deyim ki, az qala, hamı yazmaq istəyir və çoxu da elə bilir ki, bunun yazdığı çap oluna bilər. Yazmaq yaxşıdır, heç kim heç kim “yazma” deyə bilməz. İlk qələm məşqlərini edən adamları həvəsdən salmaq olmaz. Çoxu sosial şəbəkələrdə status yaza-yaza elə bilir ki, yazıçıdır. İnsanların sosial problemlərin içində boğulduğu bir vaxtda, bəsit hadisələrdən, ucuz sentimental hisslərdən yazırlar. Amma çox yaxşı yazan müəlliflər də var, onların mətnləri ilə işləmək xoşdur. Yazıçılıq böyük mövzuları böyük göstərməklə yox, kiçik mövzuları böyüdə bilmək bacarığında üzə çıxır. Müğənni olub rahat yaşayacağını düşünən adamların düşüncəsi ilə yazan, heç nə oxumaq istəməyən insanlarla vuruşmaq da olmur, onlar başqa xəttin üstü ilə gedirlər.

–    Nəsrdə artmasına baxmayaraq, poeziyada sosial plan itməkdədir. Lirik, sentimental, orta əsrlər düşüncəsinin, süfi ənənələrinin sərbəst şeir şəklində yenidən ədəbiyyata qayıtdığını görürük. Mənə elə gəlir ki, indiki şeiri oxuyub bizim düşüncəmizi, şəxsi yaşantılarımızı görmək olar, amma zəmanəmiz və cəmiyyətimiz haqda bilgi almaq mümkünsüzdür. Təbii ki, istisnalar var. Necə düşünürsən, sosial və günsəl məsələlərə poeziyamız niyə işıq tuta bilmir?

–    1998-ci ildə Azad Yazarlar Ocağı yaradılandan sonra ədəbiyyatda canlanma yarandı. Rasim Qaracanın, Həmid Herisçinin, Nərmin Kamalın, Murad Köhəqalanın, Sevinc Pərvanənin sosial mövzularda yazdıqları şeirlər var, çox yaxşı idi. Məsələn, Murad gül-bülbüldən yazmırdı. “Quş qripindən ölən xalq şairi” adlı poema yazmışdı. Lirik mövzuların arealı gün-gündən daralırdı. Ancaq yeni nəsil yazarlarının çoxu yenidən köhnə mövzulara, sentimental sevgi şeirlərinə, mücərrəd mövzulara qayıtdılar. Ramiz Rövşənin, Vaqif Səmədoğlunun çox yaxşı yazdığı mövzuları təkrar-təkrar işləməyə cəhd edirlər, bu isə çox gülməli görünür.

–    Qəribədir ki, magik realizm milli ədəbiyyatımızda daha çox poeziyaya təsir edib. Əgər poetik obrazlar sisteminə, yaxud səhvən simvolizm kimi xarakterizə olunan şeirlərə baxsaq, dediyin nüansları görə bilərik. Səncə, bu anoromalllıq nədən irəli gəlir, niyə nəsr ənənələri ilə qəbul etdiyimiz ədəbi cərəyan, daha çox şeirdə zühur edib?

–    Əvvəla ona görə ki, şeir şərqdə daha çox yaşı, ənənəsi olan janrdır. Bizdə nəsr hələ cavandır. Ona görə də modern, postmodern, sürreal, magik realizm əsərləri azsaylıdı. Təsəvvür edin, dünyada modernist axtarışlar gedəndə, bizdə yeni cücərməyə başlamış realist nəsr yerini sosialist reailzminə vermişdi. Azərbaycan poeziyası kifayət qədər güclüdür. Füzüli, Nəsimi, Mikayıl Müşviq, Əli Kərim və s. saydıqca siyahısı artan parlaq nümayəndələr var. Nəsrdə isə bu qədər parlaq imzalar yoxdu. XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı çox güclü bir relsin üstündə irəliləyirdi, sonradan Sovet imperiyası quruldu, yenicə güclənən nəsr ənənəsi zəiflədi. Sonra 1960-70-ci illərdən yavaş-yavaş dirçəliş hiss olundu, indi isə az-çox maraqlı nümunələr yaradılmaqdadır. Ona görə də şeir yeniliklərə daha çox açıq idi və ədəbi cərəyanları daha yaxşı duya bilirdi.

–    Bizdən əvvəlki ədəbi nəsillərin miflərə, klassik obrazlar sisteminə qayıdışı heç də tam olaraq onların adı çəkilən xətlərlə bağlılığından doğmur. Bu həm də onların müəyyən vəzifələrdə olduqlarına görə günün problemlərindən qaçmaq baxımından onlar üçün “qırmızı qapıdır”. Hər halda belə düşünürəm. Bu məsələ barədə sən necə düşünürsən, bizdə antik ədəbiyyata, miflərə qayıdış” könüllüdürmü”?

–    Ümumiyyətlə, həmişə bizim insanlar elə bilib ki, şair-yazıçılıq asan bir işdir, nə vaxt istəsə yaza bilərsən və hər şey sırf İlahi istedaddan asılıdır. Qətiyyən belə deyil. Yaxud düşünüblər ki, adam padşah da ola bilər, şeir də yaza bilər. Belə nümunələr də var, məsələn Şah İsmayıl Xətai, hansını ki, həm də ədəbiyyat tariximizdə xatırlayırıq. Amma Sultan Səlimin də, Sultan Süleymanın da şeirləri var, ancaq hansı səviyyədədir. Biz hələ də elə bilirik ki, kimsə elə misraları ard-arda düzə bilirsə şairdi. Belə deyil axı. Bayron əsilzadə nəslindən olub. Rusiyada da zadəgan nəslindən olan yazıçılar var. Bu şair-yazıçıların evlərində ən azı iki dildə danışılırdı, xüsusi müəllim tutulurdu onlar üçün. Yəni təhsil bazası olmadan şair-yazıçı olmaq çətindir. Sözümün canı odur ki, yazıçılıq ciddi peşədir, heç də təkcə ilhamla, istedadla bağlı peşələr deyil. İşləməlisən, əziyyət çəkməlisən, oxumalısan, özü də ən əsas kitabları öz oxunuş vaxtında oxumalısan. Selincerin “Covdarlıqda uçurumdan qoruyan” əsərini iyirmi səkkiz yaşında oxuduğuma görə ordakı üsyankar, nihilist yeniyetmə obrazı məni öz arxasınca səsləyə bilmədi. Yəni, ciddi mühitdə olub, lazımı kitabla uyğun yaşda tanış olmaq lazımdır. Mən keçən ilə qədər bankda işləyirdim. Düşündüm ki, həm bankda işləmək, həm yaradıcılıqla məşğul olmaq olmaz. Bankda işləyə-işləyə yazmaqla uzaq başı Hüseynbala Mirələmov, lap elə Elçin olmaq olar. Məmur-yazıçı tipi olmaq istəmirəm. Bir əldə iki qarpız tutmağın mənası yoxdur. Ona görə də sırf yaradıcılıqla məşğul olmaq qərarına gəldim. Sırf öz peşənlə məşğul olmaq adama geniş imkanlar verir. İstədiyin mövzulardan yazırsan. Sənin “miflərlə bağlı” dediyin məsələyə bir qədər fərqli yanaşıram. Postmodernizm özündən əvvəlki mətnlərlə ünsiyyətə girməyi, bağlaşmanı tələb edir. Buna görə o qədim mətnlərin yenidən dirilməsi, onlara yeni interpretasyalarla yanaşılması təbiidir. Qonçarov da məmur işləyib amma, Oblomov kimi bir obraz yaradıb, istisnalar var dünyada, XX əsr türk şairlərinin əksəriyyəti həyatının müəyyən dönəmlərində məmur işləyiblər.

–    Sizcə, niyə yazıçılarımız “eninə inkişaf”la öz əsərlərini tərcüməsinə meyl edirlər. Bir dildə oxucu toplayıb yenidən kitabları nəşr olunmaqdan, həm də həmin xalqın yazıçsına çevrilməkdənsə, 10-15 dildə 300-500 tirajla əsərlərinin nəşr olunmağına üstünlük verirlər. Bu məsələlərə münasibəti necədir?

–    Ölkənin mədəniyyət attaşeləri, səfirlikləri vasitəsi ilə kitabının çapını həyata keçirmək, hələ o demək deyil ki, sənin əsərinə həmin ölkələrdə ehtiyac var. Əsər özü-özünə yol açmalıdır, proses təbii getməlidir. Məsələn, hanısa ölkənin nəşriyyatı heç bir yazıçının əsərini boş yerə götürüb çap eləməz. Əgər çap etsə, həmin nəşriyyat birinci öyrənəcək ki, bu yazıçı öz ölkəsinin kitab bazarında necə qarşılanır, oxunur, yoxsa kitablarını rəflərdə toz basıb? Ötən il Azadlıq radiosunun saytında türk naşirləri ilə silsilə müsahibələr getmişdi. Əksər naşirlərin dediklərindən bu qənaətə gəlmək olurdu ki, Azərbaycanın Türkiyədə kitabı çap olunan müəlliflərinin çoxu öz təşəbbüsləri ilə kitablarını nəşr etdirirlər, çoxu da elə anbarlarda qalır, ya da özləri hamısını alırlar. Ona görə də eninə inkişaf heç bir əhəmiyyət kəsb etmir. /kaspi.az/

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.