Cavid Zeynallı - Gülnarənin sevgisi
11.09.13

Metronun “Koroğlu” stansiyasındakı qəzet köşkünə yaxınlaşıb ovcumda sıxdığım 40 qəpiyi satıcıya uzadıram:
 
- Mənim qəzetimi ver... 
 
Geri çevriləndə bir nəfərin diqqətlə mənə baxdığını görürəm. Üz-gözündə qəribə doğmalıq var, alnının qırışları şaftalı dənəsini xatırladır, sıx saqqallı, üst-başı nimdaşdı. Yaxınlaşıb əl uzadır, görüşürük.
 
- Necəsən, qardaş?
 
- Xoş gördük...
 
- Rəsulam da, tanımadın?
 
Beynimdə ildırım çaxır, xəyal məni o uzaq ilin payızına – lap düzü, o selləmə yağışlı noyabr gününə aparır. Həmin gün “Əcəmi” tərəflərdə 21 “şirvan”a kirayə qaldığımız otağın qapısı döyülmüşdü, ev sahibəsi yanındakı iri sümüklü oğlanı göstərib xahiş etmişdi ki, gecəni sizin yanınızda qalsın, səhər otağa bitişik qaraja əl gəzdirib, təzə müştəriyə təhvil verəcək. Qonaq əlindəki zənbili ehmalca yerə qoyub, əl tutmuşdu:
 
- Adım Rəsuldu.
 
Aradan bir saatmı keçdi, iki saatmı bilmirəm, Rəsulun qırışığı əməllicə açıldı, bir az baməzəliyi vardı, dedik-güldük, sonra kənddən gətirdiyi sovqatın tən yarısını bizim soyuducuya yığdı ki, tələbə babasınız, birdən korluğunuz olar. Bizdən on yaş böyükdü Rəsul, Yasamal tərəflərdə tikilən binada ustalıq edirdi. Hafizəm korşalmayıbsa, ev sahibəsi ərinin yanına düşüb nəvəsinin ad gününə getmişdi, həyət-bacada, çöl-bayırda əməllicə sakitlik vardı. Rəsul siqaret yandırıb qəfildən nə soruşsa yaxşıdır:
 
- Evdə adam olmayanda, otağa qız gətirə bilirsiniz?
 
O vaxtlar internet klublara təzəcə dadanıb porno videolara həyəcansız baxa bilməyən üç nəfər kənd uşağı üçün evə qız gətirməyin nə demək olduğunu yazmaq məndən ötrü çətindir, çox çətin!
 
***
 
Rəsul qolunu boynuma dolayıb məni bərk-bərk özünə sıxdı. Elə əvvəlki adamıydı: istiqanlı, özünü istədən, qılığa girməyin ustası...
 
- Maşallah, şair, kökəlmisən, dəyişmisən, – deyir.
 
- Necəsən, neynirsən?
 
- Mənəm də, gördüyün kimi. Bir adam var, onu gözləyirəm.
 
Əlimdəki qəzetə işarə edir, üzündə istehza qarışıq təbəssüm görünür:
 
- Evə qəzet alıb yığmağı tərgitməyibsən? – Bu dəfə gülür. – Yenə yazırsan?
 
- Çörəyimiz yazmaqdan çıxır...
 
Rəsul məni metronun yaylı qapılarınacan ötürür, ordan-burdan danışırıq, öyrənirəm ki, həbsxanadan keçən il çıxıb, iş üçün ağız açmadığı yer qalmayıb, ümidi indi görüşəcəyi adamadır.
 
- Həbsə niyə düşdün?
 
- Gülnarəyə görə. Bıçaqladım də onu. Beş il iş verdilər. İçəridə olanda anam da öldü.
 
***
Gülnarə...
 
Mehriban, həlim çöhrəli bəxtsiz gəlin.
 
Gülnarə...
 
Doğma kəndindən baş götürüb qaçan, bu küləklər və kələklər şəhərindən pənah gözləyən zavallı...
 
Rəsulun yalançılığı vardı. Şax-şax adamın üzünə durardı: gecə yarı otağın küçədən olan nəfəsliyindən içəri qız keçirir, səhərə yaxın dalına təpik ilişdirib yola salıram. Bir gecə Rəsulun iki dostu qonaq gəldi, yığışıb araq içdik, üstündən pivələdik, yemək ortalıqda qaldı; gecə yarıyacan deyib-güldük, domino oynadıq. Səhəri ev yiyəsi qəzəblənib bizi evdən qovmaq istəyəndə yenə Rəsulun şirin dili dadımıza çatdı. Və indi xatırlayıram ki, Rəsul o gün bizim də yerimizə evpulu vermişdi.
 
Gözünə dönüm Rəsul, o günün axşamı dilinin şirin yerinə sal, kənddən gələn üç nəfər başıaşağı tələbənin saqqızını oğurla ki, evə verəcəyiniz pula sizi kafeyə qız yanına aparacam.
 
Yasamaldakı ət bazarının həndəvərinə səpələnən kafelərdən birində keflənib arxa otaqlara keçdiyimiz günün səhəri Rəsulun yanında qalan kəndçisi o vaxtlar kafe fahişələri arasında geniş yayılan xəstəliyə düçar oldu. Zavallının tualetdən eşidilən iniltisi dözülməz idi.
 
Hesablamışdıq, müalicənin bizə evdən gələn pulun tən yarısı qədər xərci vardı. Rəsul hər şeyi boynuna götürdü, o sakit-məğmun kəndçisini xəstəxanaya apardı, həkimin-dərmanın xərcini öz cibindən verdi.
 
Rəsul belə Rəsuluydu. Bazara paltar almağa getdimi, bir dəstini də bizə alardı ki, tələbə babasınız, dəyişək geyinin. Əclafın dili yuvadan ilan çıxarar, çox çəkməzdi, xoşuna gələn qız-gəlini əliaçıqlığı, maraqlı-məzəli hədiyyələri ilə əsirinə çevirərdi.
 
Yazın əvvəlində həyətimizdə bir gəlin peyda oldu. Lap düzü, axşamüstü universitetdən qayıdanda həyət qapısını açıb onunla göz-gözə gəlmişdim: ipdən paltar yığırdı. Dilucu salamlaşanda o gülümsəmiş, yanaqlarına qızartı çökmüşdü. Bəstəboy, ağbənizdi.
 
Heç beş dəqiqə keçmədi, sahibənin səsi eşidildi. Rəsul gəlinin tanışlığını verirdi:
 
- Xala, əmim oğlunun yoldaşıdır, Gülnarə. Əri Dağıstana sənəd üçün gedib, iki-üç günlük bizdə qalacaq, sonra birdəfəlik gedəcəklər.
 
Ev sahibəsi “hə nolar” deyəndə, Rəsul yenə şirin dilinə salıb, razılıq eləmişdi. Həmin axşam Rəsul bizi səslədi ki, əmidostu ləvəngi bişirib, həmişə ələ düşmür, gəlin ötürək içəri. Gülnarə də dilli-dilavərdi, get-gedə qırışığı açıldı, bizim – bir qarnı ac, bir qarnı tox tələbələrin əməllicə qayğısına qalırdı. Səhəri gəldi ki, Rəsulun pal-paltarını isladıram, verin, sizinkiləri də yuyum. Biz dilimizi sürüyəndə Gülnarə ərklə təkid edər, bir qucaq pal-paltarsız evdən çıxmazdı. O gündən yeyib-içməyimiz də bir yerdə oldu. Universitetdən gələn kimi Gülnarə mehriban-canıyanar səslə xəbər alardı: aclığınız var? Bir də gördün, ev-eşiyi silib-süpürüb, qab-qaşıq tər-təmiz stolun üstünə yığılıb. Bir həftə keçdi, Gülnarənin əri gəlib çıxmadı.
 
Həmin axşam evə gecədən xeyli keçmiş qayıtdım. Həyətdə bircə Rəsulun qaldığı otağın işığı yanırdı. Pəncərəyə asılan nimdaş pərdə aralı idi və neçə gündən bəri ürəyimə dolan şübhə tamam çəkilib getdi: stolun üstündə çaxır vardı, Gülnarə başını əlləri arasına alıb ağlayırdı. Rəsul onun qolundan tutub qaldırdı, özünə sıxıb boyun-boğazını öpdü. Və o gecənin səssizliyində Gülnarənin hıçqırıqla dediyi sözü lap aydınca eşitdim:
 
- Xəstəyəm...
 
Səhəri Rəsulun otağının qapısı bağlı, işığı sönmüşdü. Bir də on gündən sonra qayıtdı. Dişini ağardıb irişə-irişə nə desə yaxşıdır:
 
- Əmioğlu məsələsi bəhanəydi. Boşanmış gəlindi, evdən qaçıb ki, Bakıda işləyib özümü dolandıracam. Kafedə iş yoldaşımla tanış olub, bir həftə özü kef elədi, sonra ötürdü mənə. Mən də bir dostum var, göndərdim onun yanına. Belə-belə işlər...
 
Biz həmin il yay tətilindən qayıdanda Rəsulu bir də görmədik. Evin yerini dəyişmişdi. Gülnarəyə görə...
 
***
Danışa-danışa platformaya enmişdik. Qatarlar keçib getdikcə mənim gözümün biri saatda, o biri Rəsuldaydı. O, ağır-ağır danışır, az qala hər kəlməbaşı köks ötürürdü.
 
Sən demə, sonralar Gülnarə Rəsuldan sarı dəli-divanə olub. Ağlayıb özünü öldürürmüş ki, məni tək qoyma. Təzədən iki həftə yenə bir yerdə yaşayıblar, yazıq Rəsulun qulluğunda nökər kimi dururmuş. Hər gün işdən qayıdanda atılıb boynunu qucaqlayar, əlini-ayağını duz kimi yalayarmış. Rəsul Gülnarəni yenə başından edir: evi dəyişir, olmur; qız iş yerinin həndəvərindən çəkilmir, hər gün yoluna çıxır, başını götürüb rayona gedir, Gülnarə dalınca birbaş rayona yollanır:
 
- O göydəki allah haqqı, evimizə qədər gəldi. Anama yalvarırdı ki, Rəsulsuz yaşaya bilmirəm. Bədbaxta ürəyim ağrıyırdı. Qayıtdıq Bakıya, anamı aldatdım ki, qohumuna ərə gedib. Bir ay yenə bir yerdə yaşadıq. Onu bıçaqladığım gün möhkəm içib gəlmişdim. Suraxanıda qalırdıq, gecə saat üçün yarısıydı. Evə çatan kimi Gülnarəni döydüm, üz-gözü qızarmışdı. Bıçağa nə vaxt əl atdığımı bilmədim. İki dəfə...
 
Birdən ayıldım, elə bil başıma qaynar qazan tökdülər. Əclaflığımı özümə bağışlaya bilmirəm: onu evin ortasında atıb qaçdım. İnan, sonralar yerimi öyrənib dəfələrlə yanıma gəldi. Yemək bişirib gətirirdi, siqaret alırdı. And içirdi ki, məhkəmədə səni bağışlayacaqdım, evdən qorxutdular, məcbur olub dinmədim. Təsəvvür edirsən? Çıxmağıma yeddi-səkkiz ay qalmış birdəfəlik itdi. Gəlib-getmədi, onu çox gözlədim...
 
- İndi neyləmək istəyirsən?
 
- Bu gün iş məsələsi düzələcək. Pulum-param yoxdur, özümə gəlim, Gülnarəni axtarıb tapacam. Vallah, mütləq tapacam, şair... /kulis.az/

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.