Volter - Fəlsəfi məktublar
19.09.13

Fransua-Mari Arue Volter(1694-1778),  böyük fransız maarifçi-filosofudur, o həm də görkəmli şair, yazıçı, satirik, tarixçi, publisit, hüquq müdafiəçisi kimi də tanınır. 84 illik ömrünün yarıdan çoxunu sürgünlərdə keçirən Volter, özünün ilk sürgününü 1726-1729-cu illərdə İngiltərədə yaşamışdır. O vaxt hakimiyyətə qarşı yazdığı çox kəskin bir satiraya görə, krala yaxın olan bir aristokrat tərəfindən öncə döydürülən, sonra da şərlənərək tutdurulan Volterin qarşısında Bastiliyanın hakimləri belə bir seçim qoymuşdular: ya uzun çəkəcək dustaqlıq, ya da ölkədən çıxıb getmək. Volter ikincini seçib, İngiltərədə üçillik sürgündə yaşamışdı. O çağın İngiltərəsi Avropanın başqa ölkələrindən, o sıradan Fransadan qat-qat artıq demokratik bir ölkə idi. Burada elmi-fəlsəfi baxışların öz yüksəlişini yaşadığı çağlar idi, insanların dini baxışlarına çox dözümlü yanaşma var idi. Volter əlinə düşmüş bu fürsətdən yararlanaraq, İngiltərədəki siyasi quruluşu, elmi-fəlsəfi baxışları, ədəbiyyatı dətindən öyrənmişdi. Baxışlarınıza bir parçasını çatdırdığımız “Fəlsəfi Məktubları” Volter İngiltərədə, 1727 ildə yazmağa başlamış, 1732-ci ildə Fransada bitirmişdi. “Fəlsəfi Məktublar” ilk öncə Londonda, 1733-cü ildə, ingilis dilində çap olunmuşdu, Fransada isə 1734-cü ildə çap olunmuş, yazarın adı gizli saxlanaraq  “V” deyə göstərilmiş, hakimiyyəti çaşdırmaq üçün çap olunduğu yer Amsterdam yazılmışdı. Ancaq hakimiyyətdəkilər çox asanlıqla kitabı Volterin yazdığını öyrənmiş, bu əsərə xaqın gözü qarşısında yandırılmaq “cəzası” kəsmiş, Volterin həbsi üçün sanksiya vermişdilər, ancaq Volter vaxtında duyuq düşüb, Amsterdama qaçaraq, qazamatdan yaxasını qurtara bilmişdi. Fransız məhkəməsinin kitabla bağlı qərarında deyilirdi: “Bu kitab dinin, hakimiyyətin, əxlaqın dayaqlarını sarsıtmağa yönəlmişdir”.

    
VOLTER

FƏLSƏFİ  MƏKTUBLAR

Birinci Məktub

Kvakerlər kimdir



    Kvakerlər adlanan həm də çox ilginc kimsələr olduğu deyilən bu insanları yaxından tanımağın istənilən biliksevər kimsə üçün önəmli ola biləcəyini düşündüyümə görə də, onların kimliyini dərindən öyrənməyi kəsdirdim. Bu soru üzrə geniş bilgi almaq üçün mən İngiltərənin ən  adlı-sanlı kvakerlərindən birinin görüşünə gedəsi oldum, bu insan otuz illik kommersiya işlərindən sonra, öz dolanışığı ilə qazancını uzlaşdıraraq, Londonun yaxınlığında yerləşən bir kəndə köçüb orada yaşamağa başlamışdı. Mən axtarıb onun sığınacağını tapa bildim; bu, çox da böyük olmayan, yaraşıqlı bir tikili idi, içəridə isə, hara baxırdınsa, təmizlik göz oxşayırdı. Kvaker, sağlam görünüşlü, çox diribaş bir qoca idi; deyilənə görə onun belə təpərli olması, bütün ömrü boyu özünü çılğın istəklərə qapdırmaması, yeyib-içməyində özünü aşırılıqdan çəkindirməsi ilə olmuşdu. Mən öz ömrümdə indiyə kimi belə suyuşirin, belə ürəyəyatımlı görkəmi olan bir insan görməmişdim. O da öz dinindən olanların hamısı kimi geyinmişdi, əynindəki geniş, qıraqlarına qat vurulmamış donunun cibləri ilə qolları düyməsiz idi, başında bizim ruhanilərin qoyduğu kimi, qıraqları qatlanmış enli şlyapa vardı. O mənimlə görüşəndə şlyapasını çıxarmadı, bundan başqa da, onun davranışında azacıq da olsa belə, sayğı bildirmək üçün olan baş endirmə duyulmurdu; ancaq onun işıqlı üzündə duyulan istiqanlılıq, istənilən birinin ayaqlarını oynadaraq, papağını yellədərək göstərdiyi sayğı duruşundan daha yapışıqlı görünürdü.
    –Arxadaşım,–o, mənə üz tutdu,–görürəm, sən yadellisən: mən nə iləsə sənin işinə yaraya bilərəmsə, çəkinmədən deyə bilərsən.
    –Müsyö,–mən, bizim yerlərin öyrəncəsi üzrə, ayağımın birini ona doğru sürüşdürməklə, bir də belimi sayğı bildirmək üçün əyməklə, ona cavab verdim,–mənim biliksevərliyimin sizi bezdirməyəcəyinə güvənərək, istərdim, siz mənim durumuma acıyaydınız, öz dininizin nə demək olduğunu açıqlamaqla, mənə öz sayğınızı bildirəydiniz.
    –Sənin yerlilərin,–o, mənə cavab verdi,–adamla qarşılaşıb görüşəndə, yaman incə-mincə, əzilib-büzülən olurlar, ancaq sözün düzü, onların arasında sənin kimi biliksevər birisinin də olduğunu birinci dəfədir görürəm. İçəri keç, öncə, birlikdə günorta yeməyi yeyək.
    Öz öyrəncələrindən birdən-birə ayrılmaq çətin olduğuna görə, mən yenə də, bir neçə gülünc sayğı bildirici sözlər dedim; dadlı-doyumlu, ancaq çox da gen-bol olmayan yeməyimizi başlayanda da, qurtaranda da dua oxundu, yemək bitən kimi mən yeni arxadaşıma öz sorularımı yağdırmağa başladım. Mən, ilk olaraq, katoliklərin qugenotlara verməyi sevdikləri sorudan başladım.
    –İstəkli ser, siz xaç suyuna salınmısınızmı?
    –Yox,–o, mənə cavab verdi,–bizim dinimizdə bu yoxdur.
    –Demək, lənət şeytana,–mən hayqırdım,–belə çıxır, siz xristian deyilsiniz?
    –Oğlum,–o, yumşaq, ancaq kəsərli bir tonla danışmağa başladı,–çalış, belə kobud danışmayasan: biz xristianıq, özü də ən yaxşı xristian olmağa çalışanlardanıq, ancaq biz xristian olmağı, insanın başına bir az duzlu, soyuq su tökməklə bağlamırıq.
    –Lənətə gələsən,–mən bunu eşidəndə özümü saxlaya bilməyib qışqırdım.–Yoxsa siz unutmusunuz, axı İsa Məsihin özünü də İoann su ilə arıtmışdı.
    –Arxadaş, bir də deyirəm, gəl söyüşsüz-qarğışsız danışaq,–kvaker ürəyiyuxalıq duyulan bir səslə dedi.–Düzdür, İsa Məsihi İoann su ilə arıtmışdı, ancaq İsa Məsihin özü kimisə də xaç suyuna salmamışdı; biz axı İsa Məsihin öyrənçiləriyik, İoannın yox.
    –Yazıqlar olsun!–mən dedim,–inkvizisiya olan ölkələrdə sizi tonqala atıb yandırardılar, ay yazıq... Tanrını sevirsinizsə, gəlin mən sizi xaç suyuna salıb, xristian eləyim!
    –Sənin ürəyin bununla toxdaqlıq tapacaqsa,–qoca ciddi bir görünüşlə dilləndi,–biz kvakerlər hamılıqla bunu eləyərdik; biz başqalarının xaç suyuna salınma ayini keçirməsinə pis baxmırıq, ancaq bizim düşüncəmizə görə, kimsə dinin mütləq müqəddəsliyi ilə ruhaniliyinə ürəkdən bağlıdırsa, o gərək bu sayağı yəhudi ayinlərindən əl çəksin.
    –Siz nə danışırsınız,–mən onun üzünə bozardım,–demək istəyirsiniz, xaç suyuna salma yəhudi ayinidir?
    –Elədir, oğlum,–o, sözünə davam etdi,–bu gerçəkdən bir yəhudi ayinidir, bilmək istəsən, yəhudilərin çoxu İoannın dirçəltdiyi bu ayini elə indi də keçirirlər. Əski çağlar tarixinə baxsan, İoannın yəhudilər arasında öncələr olub sonradan unudulmuş bu ayini yaratmadığını, onu ancaq yenidən dirçəltdiyini də öyrənə bilərsən, elə bunun kimi də, Məkkə ziyarətini müsəlmanlar ilk olaraq özləri başlamayıblar, onu bütpərəst olan isamayililərdən götürmüşlər. İsa Məsih İoannın onu su ilə arındırmasına da, özünün sünnət olunması kimi, ortalıqda olan törəyə qarşı çıxmamaq üçün qol qoymuşdu, ancaq İsa Məsih özünün yeni arınma ayinini yaradandan sonra, bu iki ayini saxlamağı gərəksiz saymışdı, İsa Məsihin arınma ayini isə, bədənin su ilə yuyulub arıdılması yox, ruhun, ürəyin arıdılması yolu ilə insanların suçdan qurtarılması demək idi; elə buna görə də, İoann demişdi: “Mən sizi gerçək su ilə arıdıram, ancaq məndən sonra başqası gələcək, O məndən qat-qat güclü olacaq, mən onun ayaqqabısını geyindirməyə belə layiq olmayacağam; O sizi od ilə, bir də Müqəddəs Ruhla arıdacaqdır”. Eləcə də bütsevərlərin böyük apostolu Pavel korinflilərə yazırdı: “İsa Məsih məni buraya sizi su ilə arıtmaq üçün yox, İncili anlatmaq üçün göndərmişdir”. Beləliklə də bu Pavel, özü də istəmədən, ancaq iki nəfəri su ilə arıtmış, bundan başqa bir kimsəni də su ilə arıtmağa qol qoymamışdı. Pavel yalnız öz öyrənçisi Timofeyi sünnət eləmişdi, o biri apostollar da kim bunu özü istəyibsə, ancaq onları sünnət eləmişlər. Sən özün necə, sünnət olunmusanmı?–deyə o məndən soruşdu.
    Mən ona sünnət olunmaq kimi yaxşı bir işin başıma gəlmədiyini dedim.
    –Çox gözəl, arxadaşım,–o, dedi,–demək, sən sünnət olunmamış xristiansan, mən də xaç suyuna salınmamış xristian.
    Beləliklə də, mənim üz tutduğum bu insan, inancla bağlı konuları, öz istəyinə uyğun olaraq, özü bildiyi kimi, yozmağa başladı.
    Müqəddəs yazıların üç-dörd yerində onun bağlı olduğu inancı doğruldan sözlər deyilsə də, ancaq o nədənsə Müqəddəs yazılarda onun bu dediklərini danıb yalana çıxaran yüzlərlə faktları, ola bilsin bilməyərəkdən, unudurdu. Mən necə olursa olsun onunla söz güləşdirməkdən özümü çəkindirirdim, axı başı hansısa düşüncələrlə pozulmuş adamla söz güləşdərməyin heç bir anlamı yoxdur: insana, onun vurğun olduğu kimsənin çatışmazlıqlarını demək necə yersizdirsə, yaxud iddiaçıya onun şikayətinin düzgün olmadığı yerləri demək, özünü uzaqgörən sayan birisinə sağlam düşüncəyə arxalanan dəlillər gətirmək, onlar tərəfindən necə qarşılanırsa, belələri də ağlabatan sözlərə elə bunun kimi yanaşırlar; ona görə də, mən sözümün yönünü dəyişib, başqa bir soruya keçməli oldum.
    –Siz Müqəddəs dadma yolu  ilə Tanrıya qovuşma ayininə necə baxırsınız?
(Burada, kilsədə: simvolik olaraq, İsa Məsihin əti ilə qanına çevrildiyi sanılan, çaxıra batırılmış çörəyi dadmaqla İsa Məsihə qovuşmaq ayinindən danışılır. A.G.)
    –Biz bu ayini keçirmirik.
    –Bu necə ola bilər! Yoxsa siz Tanrı oğluna qovuşmanı danırsınız?
    –Yox, ancaq biz bədənlə yox, ürəklə qovuşmanı düzgün sayırıq.
    Bunu deyəndən sonra o mənə yenə də Müqəddəs kitablardan çıxarışlar gətirməyə başladı. O, mənim qarşımda kilsədə keçirilən, “dadıb-qovuşma” ayininə qarşı alovlu bir çıxış eləyib, bütün bu müqəddəs ayinləri insanların özlərindən uydurduqlarını aşılamağa çalışdı, örnək olaraq, İncildə bu ayinlərin heç birinin olmamasını göstərdi.
    –Elə bilirəm, bu konuda bilgisiz olduğuma görə, məni bağışlarsan,–o, mənə dedi,–bizim dinimizlə bağlı olan kitablardan mən burada çox az danışa bildim, ancaq sən Robert Berklinin kitabını oxusan, bizim dinimizlə bağlı bütün sorularına orada cavab tapa bilərsən: bu, indiyə kimi insan əli ilə yazılmış ən yaxşı kitab sayılmalıdır. Bizə qarşı çıxanlar bu kitabı çox qorxulu sayırlar, elə bunun özü də bu kitabın necə dəyərli olduğunun göstəricisi sayıla bilər.
    Mən bu kitabı tapıb oxuyacağıma söz verdim, deyəsən bunu deyəndə, kvaker artıq mənim də onların dininə gəldiyimi düşünməyə başlamışdı.
    Bundan sonra o, başqalarının onların sektalarını nə üçün bəyənmədiklərinin niyəsini, qısaca olaraq, mənə anlatmağa başladı:
    –Elə bilirəm, səni şlyapamı çıxarmadan qarşıladığıma, bir də birbaşa “sən” deyə çağırdığıma görə, bayaq özünü gülməkdən güclə saxladığını boynuna alarsan, mənə elə gəlir, sən oxumuş bir adam olduğun üçün, İsa Məsihin çağında hələ heç bir xalqın içində indiki kimi, tək halda deyilməli olan sözü cəm halına çevirib demək kimi gülünc bir durumun olmadığını bilməmiş deyilsən. Örnək üçün, o çağlarda Sezar Avqusta belə deyərdilər: “Mən səni sevirəm, səndən umuram, səni alqışlayıram”; Deyilənə görə, kimsə Sezara “Möhtərəm Cənab” deyəndə o bərk özündən çıxırmış. Ancaq çox-çox sonradan insanlar biri-birinə “sən” demək yerinə “siz” deməyə başladılar, elə bil çağırdıqları adamın altında ondan başqaları da varmış, sonra da başladılar yekəbaşlıqla özlərinə: “Ali həzrətləri”, “Zati aliləri”, “həşəmətli cənabınız” kimi titullar uydurmağa, bu titulları isə, yer soxulcanlarının biriləri, elə özləri kimi başqa soxulcanlara verməklə, onlara qarşı özlərinin çox sayğılı olduğunu göstərməyə(ancaq onlara “siz” deməklə əslində onların ruhunu ikiləşdirib aşağıladıqlarını anlamadan), özlərinin isə onların yanında heç kim, qolubağlı qul olduğunu bildirməyə çalışmışlar. Elə buna görə də biz, insanlar arasında yayılmış bu yalanlarla, yaltaqlıqlarla özünü alçaltmaq öyrəncəsini aradan qaldırmaq üçün, kralı da, çəkməçini də “sən” deyə çağırır, kimsəyə baş əyməyi özümüzə sığışdırmırıq, ancaq bununla yanaşı olaraq, özümüzün doğru yolda olmağımızın qayğısına da qalırıq, qanunlardan başqa heç nəyə sayğı göstərmirik.
    Bizim geyimimiz də başqalarınkı kimi deyildir, biz bunu da başqalarına oxşamaqdan çəkinmək üçün eləyirik. İnsanların geyimləri çox vaxt onların toplumda tutduqları hansısa yerə, görəvə uyğun gəlir, bizim geyimimiz isə gerçək xristianın gözləməli olduğu sadəliyə uyğundur; biz, bayramlardan, deyib-gülməkdən, əyləncələrdən gen gəzirik, belə anlamsız nəsnələrin ürəyimizdə Tanrının tutmalı olduğu yeri doldurmasını özümüzə sığışdırmırıq; biz heç vaxt, lap məhkəmədə də, and içib söz vermirik, bununla da, Tanrının adını insanların boş-boş işlərinə, çəkişmələrinə qarışdırmağı düzgün saymadığımızı bildirmək istəyirik. Bir başqasının işinə görə bizi vəzifəli adamın qulluğuna çağıranda(biz özümüz heç vaxt kimsədən şikayət eləmirik), biz soruşulanlara yalnız, “hə” yaxud “yox” deməklə cavab veririk, hakimlər də bizim bu sözümüzə inanırlar, ancaq bir baxın, görün, nə qədər xristianlar İncilə yalandan and içirlər. Biz heç vaxt savaşlara qatılmırıq, ancaq bu, bizim ölümdən qorxduğumuz üçün deyildir; əksinə, biz ölümü insanın yenidən İlkin Varlığa qovuşması sanaraq, onu çox yüksək dəyərləndiririk, ancaq biz özümüzü qurd, pələng, köpək kimi yırtıcıların yerinə qoymuruq, biz özümüzü xristian saydığımız üçün belə yaramazlıqlardan çəkinirik. Tanrımız bizə öz yağılarımızı da sevməyi buyurmuş, ağrı-acılara dözümlü olmağa çağırmışsa, onda biz nədən dənizin o tayındakı öz qardaşlarımızı öldürməyə getməliyik, bu nə bayağılıqdır?—qoşabuynuzlu dəbilqələr qoyub, qırmızı plaş geymiş döyüşçülər, şəhərliləri öz sıralarına qoşulmağa çağırır, tarım çəkilmiş eşşək dərisini iki çubuqla döyəcləyərək, səs-küy qaldırıb, hamını savaşa çağırırlar; sonra da bu insan qanı tökülən savaşda qazanılan hansısa üstünlüyə görə, Londonun göylərini işığa bürüyən fişənglər atılır, göy üzü şaqraq gülüşlərlə, kilsə zəngləri ilə, orqanların səsi ilə, top atışlarının gurultusu ilə dolub-daşır, biz isə səssizcə, insan qanı tökdükləti üçün sevincləri aşıb-daşan bu insanlara baxıb içimizi yeyirik.


İkinci məktub

Kvakerlər kimdir.


    Mənim bu bənzərsiz insanla danışığımın özəti bu dediklərimdir; ancaq bu qoca kvaker sonrakı bazar günündə məni öz kilsələrinə aparanda keçirdiyim sarsıntını sözlə demək çox çətindir. Onların Londonda bir neçə kilsələri vardır; mənim getdiyim kilsə, Monument adı ilə tanınan sütunun yanında yerləşirdi. Mən qoca ilə birlikdə kilsəyə girəndə artıq hamı toplaşmışdı. Kilsədə dörd yüzə yaxın kişi, üç yüzə yaxın qadın olardı; qadınlar üzlərini yelpiclə örtmüş, kişilər isə başlarına qırağı enli şlyapa qoymuşdular; hamı dərin bir səssizlik içində oturmuşdu. Mən onların arası ilə keçib qabaq sıraya yönələndə kimsə mənə sarı dönüb baxmadı. Bu səssizlik on beş dəqiqiəyə yaxın çəkdi. Sonradan onlardan biri yerindən qalxıb şlyapasını çıxardı, öncə üz-gözünü səyritdi, sonra bir-iki dəfə dərindən köks ötürüb, birdən dodaq tərpənişi ilə, birdən də sözü burnunda deyərək, onun deməsinə görə İncildən götürdüyü, əslində isə heç bir anlamı olmayan boş-boş sözlər danışmağa başladı, ancaq mənə elə gəlir, onun özü də, elə toplaşanlar da bu deyilənlərdən heç nə anlamırdılar. Bu səyircəkli adam öz “gözəl” monoloqunu qurtarandan sonra, eşitdikləri bu “öyüddən” dalğınlaşan insanlar dağılışmağa başladılar, onda məni buraya gətirən qocadan, buradakı ağıllı adamların belə bir dəliliyə necə dözdüklərini soruşdum. Onun mənə cavabı belə oldu:
    –Biz bütün bunlara dözməyə borcluyuq, axı bu çıxış eləyən kimsənin dediklərinin onun anlağındanmı, yoxsa anlaqsızlığındanmı doğduğunu ayırd eləyə bilmirik; ona görə də, danışana sonacan güvənməyəndə belə, ona qulaq asırıq, bilmək istəsəniz, bizim kisədə kim istəsə öz sözünü deyə bilər, elə də olur, buradakı qadınlar da çıxış eləyirlər. Arada bir, belə bir çıxış eləmək çılğınlığına, iki-üç nəfər birdən qapılır, onda bizim bu Tanrı evində bir az səs-küy yaranır, ancaq biz buna pis baxmırıq.
    –Sizdə doğrudanmı ruhanilər olmur?
    –Elədir, arxadaşım,–biz onlarsız da çox gözəl keçinə bilirik. Bizim düşüncəmizə görə, müqəddəs ruhun bazar günləri ancaq seçilmiş bir kimsəyə Tanrı sözünü aşılaması, onun da bunu başqalarına öyüd olaraq çatdırması, Tanrının bəyəndiyi işlərdən ola bilməz, bu işi seçilmiş birisinə tapşırıb, başqa inanclı kimsələri qıraqda saxlamaq Tanrının böyüklüyünə, Onun əliaçıqlığına yaraşan bir iş deyildir. Elə bilirəm, göylərin alqışı bizim üstümüzdə olduğuna görə də, Yer üzündəki dinlərdən, ancaq bizdə vaizlər yoxdur. Yoxsa sən bizim bu xoşbəztliyimizi əlimizdən almaqmı istəyirsən? Doğrudan da, ananın öz çağasını əmizdirmək üçün südü varsa, onda o nədən, çağasını əmizdirmək üçün başqa bir qadına verməlidir? Sonradan bu pulla tutulmuş əmzikli qadın da, özünü evin yiyəsi kimi aparmağa başlayıb, ana ilə uşağı özünün əlaltısı eləməyə çalışsın? Tanrı deyir: sizə pulsuz bağışlanaları, siz də başqasına pulsuz bağışlayın. Belə bir Tanrı sözünü anlayandan sonra, biz necə İncillə, Müqəddəs Ruhla alver eləyə, kilsəni alış-veriş yerinə çevirə bilərik?
    Biz bu qara boyalı paltar geyinib özünü ruhani adlandıran kimsələrin bizim yoxsullarımıza yardım eləmələri, ölülərimizi basdırmaları, bizə Tanrı sözünü öyrətmələri üçün, bir quruş da belə vermirik, bu müqəddəs işlər bizim üçün güvənib başqasına veriləcək qədər də ucuz deyildir.
    –Axı buradakı danışıqlarınızda sizi doğrudan da Tanrı ruhunun coşdurduğunu haradan bilirsiniz?–mən yenə tərsliyimə salıb soruşdum.
    –Hansısa insan Tanrıdan onun anlağını aydınlaşdırmağı diləyirsə,–o, dedi,–bunun ardınca İncildəki gerçəklərdən duyduqlarını dilə gətirməyə başlayırsa, ona bu coşqunluğu Tanrının verdiyinə söz ola bilməz.
    Bunun ardınca o mənə İncildən çoxlu çıxarışlar da söylədi, onun düşüncəsinə görə, bu sözlər də onun dediklərinin doğruluğunu göstərirdi, yəni xristian dinində inancın başqasının yardımı ilə, dolayısı ilə anladılması ola bilməz. Bunun ardınca o mənə, önəmli sayıla biləcək bu sözləri dedi:
    –Sən haçansa bədəninin bir üzvünü hərəkət elətdirəndə, bunu öz gücünləmi edirsən? Mənə elə gəlir, yox, yoxsa nədən bu bədən üzvün bəzən səndən asılı olmayaraq hərəkətə gəlir? Sənin bədənini kim yaradıbsa, elə o da sənin bədənindəki hərəkətləri yönətir; elə isə, sənin ruhunda yaranan ideyaları sən özünmü düşünüb tapırsan? Çox durumlarda, sənin heç düşünmədiyin ideyalar özü sənin ağlına gəlib çıxır. Beləliklə də, bu ideyaları sənə, ruhunun Yaradıcısı verir; ancaq O, sənin ürəyinə özgürlük verdiyi üçün, ürəyinin layiq olduğu ideyaları da sənə vermiş olur; sən Tanrıda yaşayırsan, Tanrıda hərəkət eləyirsən, Tanrıda düşünürsən, sən belə bir gözüaçıqlığa çatınca, bütün insanların anlaqlarını işıqlada biləcək həmən o dünyanı görə bilirsən; bax onda sən gerçəkliyi görə bildiyin üçün, həm də başqalarına da onu görməyi aşılaya bilirsən.
    –Sizin bu dedikləriniz göz önünə Malbranş atanı gətirir, anacaq çılpaq bir durumda!–mən hayqırdım.
    –Mən sənin o Malbranşını tanıyıram, o da bir azca kvaker idi, ancaq sonacan kvaker olmağa gücü yetməmişdi.
    Mənim kvakerlərin təlimlərindən anladığım bunlar oldu; sonrakı məktubumda onların tarixindən danışılacaqdır; bu tarix isə onların təlimlərində olduğundan da çox gözlənilməzliklərlə doludur.


Üçüncü məktub

Kvakerlər kimdir


    Gördüyünüz kimi, kvakerlərin özlərinin deməsinə görə, onların tarixi birinci kvaker olmuş İsa Məsihdən başlayır. Onların düşüncəsinə görə, xristian dini İsa Məsihin ölümündən sonra yanlışa uğramış, elə bu yanlışlıqla da 1600 il qalmışdır; ancaq dünyada həmişə ayrı-ayrı gizli kvakerlər olmuş, onlar böyük çoxluğun söndürməkdə olduğu müqəddəs odu sönməyə qoymamış, anında-sonunda bu od yenidən, 1642-ci ildə, İngiltərədə alovlanıb yanmağa, öz işığını dördbir yana saçmağa başlamışdır.
    Onların dedikləri bu olay, xristanlığın 3-4 sektası Tanrı Adı ilə İngiltərəni parçalayıb Vətəndaş savaşına sürüklədiyi bir çağda baş vermişdi: Lester qraflığından, bir ipəkçinin oğlu olan Corc Foks adında birisi, özünün gerçək apostol olduğunu bildirirək xalqın içinə çıxmış, onlara vəz eləməyə başlamışdı; başqa sözlə desək, oxuyub-yazmağı bilməyən bu gənc, xalqa gerçək xristianlığı öyrətməyə başlamışdı. Corc Foks, iyirmi beş yaşlı, gözəl əxlaqı ilə tanınan, ancaq həm də dəlisov olan bir gənc idi. O başdan ayağa kimi heyvan dərisinə bürünərək, kənd-kənd gəzir, hara gedirdisə insanları toplayıb, ölkədə gedən qanlı savaşlara, bir də ruhanilərə qarşı kəskin çıxışlar eləyirdi. O ancaq savaşa qarşı çıxış eləsəydi bunun elə də qorxusu olmazdı, ancaq o, kilsəyə qarşı da çıxdığı üçün çox keçmədən tutuqlanıb qazamata salınmışdı. Onu, ilk öncə, Derbi şəhərindəki mülki məhkəməyə gətirdilər. Foks hakimin qarşısında öz dəri papağını çıxarmayanda, gözətçi serjant onun üzünə bərk bir şapalaq vurub demişdi: “Yaramaz dilənçi, sən hakimin qarşısında papağını çıxarmalı olduğunu bilmirsənmi?” Foks isə, o biri yanağını serjanta sarı tutub, Tanrını sevirsə, onun bu yanağına da bir şapalaq vurmasını diləmişdi. Mülki hakim sorğulamağa başlamazdan öncə ona, məhkəmə qarşısında düz danışacağını andiçmə ilə boynuna götürməsini buyuranda o, hakimə üz tutub demişdi: “Arxadaş, bunu biləsən, mən heç vaxt Tanrının adını boş yerə çəkmirəm”. Hakim bu adamın onunla “sən” deyə danışdığını eşidincə, Foksu qraflıqdakı dəlilər evinə göndərib, onu ağlı başına gələnə kimi çubuqlamağı buyurmuşdu. Corc Foks Tanrıya dua oxuya-oxuya dəlilər evinə gəlmiş, oraya çatan kimi hakimin buyuruğuna uyğun olaraq onu çubuqlamışdılar. Çubuqlayanlar öz işlərini görüb qurtarandan sonra, bu gəncin dediklərini eşidib sarsılmışdılar, Corc Foks, ruhunun suçlarından daha da yaxşı arınması üçün, onlardan, özünü bir az da artıq çubuqlamağı diləmişdi. Bu adamlar da deyəsən elə bunu gözləyirmişlər, onlar Foksu bu sözünə görə, hakimin kəsdiyi çubuqlamanın ikiqatına qonaq eləmişdilər, o isə çubuqlanıb qurtarandan sonra onlara ürəkdən gələn çox sağ ol demişdi. Çubuqlanma qurtaran kimi, Foks onlara möüzə oxumağa başlamışdı. Öncə ona gülmüşdülər, ancaq sonradan qulaq asmağa başlamışdılar, bildiyiniz kimi, insanlar onları dayanmadan əndişələndirəndə istər-istəməz  bu vəsvəsəyə yoluxurlar, buna görə də, onun vəzini eşidənlərin bir çoxu ona inanmağa başlamışdılar; beləliklə də onun birinci öyrənçiləri elə onu çubuqlayanlar olmuşdular. 
    Qazamatdan buraxılan kimi o, on iki öyrənçisini də başına toplayıb bütün ölkə boyunca gəzərək, yorulmaq bilmədən, ruhanilərə qarşı çıxışlar eləmişdi, rihanilər də öz sırasında, onu ara vermədən tutuqladıb döydürüdülər. Günlərin bir gözəl günündə onu tutuqlayıb, rüsvayçılıq dirəyinə bağlamışdılar, Foks onun aşağılanmasına baxmaq üçün toplaşmış adamlara üzünü tutub çox gözəl bir çıxış eləmiş, onun bu çılğın çıxışından ruhlanan yüz əlliyə yaxın insan elə oradaca kvaker olmuşdu, yerdə qalanlar da onun bu çıxışını çox bəyənmiş, Corc Foksu dirəkdən açıb azad eləmişdilər. Sonra buraya toplaşanlar hamılıqla, Foksa bu cəzanı kəsən ruhaninin dalınca yollanmış, onu tutaraq gətirib bu rüsvayçılıq dirəyinə bağlamışdılar.
    Gənc Corc Foks qorxmaz bir insan olduğu üçün, Kromvelin döyüşçülərinin arasında da öz sözünü deməkdən çəkinmirdi, iş o yerə gəlib çıxmışdı, Kromvelin döyüşçülərinin arasında ona dönük çıxanlar, onun bayrağı altında döyüşməkdən boyun qaçıranlar ortaya çıxmağa başlamışdı. Kromvelə onun döyüşçülərini əlindən çıxaran hansısa sekta gərək deyildi, bundan başqa da artıq papa V Sikst bu sektanı lənətləmişdi. Kromvel əlində olan hakimiyyətdən yararlanaraq, bu yeni ortaya çıxmış apostolları sıxışdırmaq yolunu tutdu, qazamatlar bu adamlarla dolub daşmağa başladı; ancaq belə sıxışdırmalar həmişə bir sonuca gətirib çıxarır–onlar, oturuşmuş dindən biryolluq üz döndərən insanlar yetişdirir; bu yeni inanclı insanlar isə qazamatdan bir az da bərkimiş, hələ desən qazamatda öz inanclarına öyrətdikləri adamlarla birgə çıxırlar. Ancaq bu sektanın daha da genişlənməsinə hamısından çox yarayan, Foksun öz çıxışları zamanı onu qaplayan çılğınlığın Tanrı vergisi olduğuna inanması, həm də buna başqalarını da inandıra bilməsi olmuşdu. Buna görə də o, vəz eləyəndə başqaları kimi danışmırdı: üzünü bürüşdürür, bədənini səyridir, nəfəsini boğub sonra birdən bütün gücü ilə buraxırdı, heç əski yunanların kahinləri də bütün bunları onun kimi bacarıqla eləyə bilməzdilər. Çox keçmədən Foks, Tanrının onu coşdurduğunu sandığı anlara uyğun olan öyrəncələrə büsbütün alışdı, artıq o, başqa sayaq danışmağı bacarmırdı. Bu isə onun öyrənçilərinə birinci ərməğanı idi. Onlar da öz sırasında, öyrətmənlərinin bütün bu səyrimələrini ürəkdən öyrənməyə başladılar, Foksun ardıcılları özləri də bu coşqunluq anlarında bacardıqca daha çox üz-gözlərini əzib-büzməyə, bədənlərini əsdirməyə çalışırdılar. Onların, “əsməcəli” anlamı verən kvaker adı da elə buradan yaranmışdı. Sadə adamlar da, onları yamsılamaqla əylənməyə başladılar. Adamlar bədənlərini səyridir, burunlarında danışır, baş-gözlərini əsdirir, qıc olurdular, özü də bütün bunların baş verməsini Müqəddəs Ruhun onları coşdurması kimi anlayırdılar. Onları sonacan başdan çıxarmaq üçün ancaq hansısa bir möcüzə çatışmırdı, çox keçmədən bu möcüzə də baş verdi.
    Kvakerlərin patriarxı Foks, böyük bir yığıncaqda, hamının gözü qarşısında hansısa bir mülki hakimə üz tutub demişdi: “Arxadaşım, özünü gözlə. Sən müqəddəs adamları izləyib incitdiyinə görə, Tanrı bu yaxında səni cəzalandıracaqdır”. Bu hakim içki düşkünü idi, bütün gününü pivə ilə araq içməklə keçirirdi; bu olaydan iki gün sonra, həmin hakim bir neçə kvakerin dustaq edilməsi üçün orderə qol çəkmək istəyən anda, gözlənilmədən beyninə qan sızmasından ölmüşdü. Bu gözlənilməz ölümü isə hakimin içki düşkünü olmasına yox, müqəddəs bir insanın öncəgörməsinə yozmuşdular.
    Hakimin ölümü, insanlara vəzlərdən də, kvakerlərin əsməcələrindən artıq təsir elədiyindən, çoxları onların sıralarına qoşulmağa başladı. Kromvel kvakerlərin sayının günü-gündən artdığını görüb onları öz tərəfinə çəkmək istədi. O, kvakerləri pulla ələ almaq istədi, ancaq onların pula satılmadığı bəlli oldu, bundan sonra o, günlərin birində, öz ömrü boyunca təkcə bir dini satın ala bilmədiyini demişdi.
    Kvakerlər II Karlın hakimiyyəti dönəmində də ara-sıra izlənilib incidilirdilər, ancaq bu, onların inanclarına görə yox, ruhanilərə çatası ondabir vergini ödəmədiklərinə, vəzifəli kimsələri “sən” deyə çağırdıqlarına, bir də qanunun əksinə olaraq and içməkdən boyun qaçırdıqlarına görə idi.
    Sonradan, 1675-ci ildə, şotlandiyalı Robert Berkli özünün “Kvakerlərin doğruldulması” adlı çox gözəl əsərini krala göndərdi. Onun bu kitabında yer almış, II Karla adanmış məktubunda krala azacıq da olsa belə yarınmaq duyulmurdu, tərsinə, o burada gerçəkləri çəkinmədən deyir, düzgün yollar göstərməyə çalışırdı. Məktubun sonunda Berkli yazırdı: “Sən öz ömründə çoxlu dadlı günlər keçirdiyin kimi acılarla da üzləşmisən, uğur qazandığın kimi, işinin düz gətirmədiyi də çox olub; keçmişlərdə hakimiyyət sürdüyün krallıqdan qovulanda sən insanın sıxışdırılmağının nə demək olduğunu yetərincə anlamışdın, ona görə də, indi hakimiyyətdə olduğun çağda sən insanlara qarşı zülm edən kimsənin istər insanların, istərsə də Tanrının qarşısında necə bir nifrət qazandığını yaxşı başa düşməlisən. Bunca sınaqlardan keçəndən, sonunda belə uğurlara çatandan sonra, daşürəklik eləyib, səni yaman günlərində tək qoymayan, sənin ölkəni qoruyan Tanrını unutsan, onda sənin cinayətin daha ağır, cəzan isə daha qorxunc olardı. Ona görə də, öz sarayındakı yaltaqların dedikləri yalanları eşitməkdənsə, sənə heç vaxt yarınmayan vicdanının səsinə qulaq as. Sənin dönməz arxadaşın olan, buyuruğuna boyun əyən, Berkli”.
    Ən qəribəsi isə, adı kimsəyə bəlli olmayan bu adi insanın məktubunu oxuyandan sonra kral, kvakerlərin incidilməsini dayandırmağı buyurmuşdu.


Dördüncü məktub

Kvakerlər kimdir

             
    Demək olar elə bu çağlarda, adlı-sanlı Uilyam Penn ortaya çıxdı, o, kvakerlərin Amerikada yerlərini bərkitməsinə yardımçı oldu, bununla yanaşı olaraq, onun çalışmalarından sonra Avropada da kvakerlərə sayğı göstərilməyə başladılar, düzdür, bu daha çox, təlxək donu geyinmiş yaxşılığa göstərilən bir sayğıya oxşayırdı. Uilyam Penn, İngiltərənin vitse-admiralı, II Yakov11 dönəmindən başlamış York hersoqunun sevimlisi olan ser Pennin tək oğlu idi.
    Uilyam Penn, on beş yaşında olanda, oxuduğu Oksford kollecində bir kvakerlə qarşılaşmışdı. Bu kvaker onu öz inanclarının doğruluğuna inandıra bilmiş, bundan sonra isə özünün diribaşlığı, yaxşı danışmaq bacarığı, yaraşıqlı üzü, gözəl davranışı ilə seçilən bu gənc çox keçmədən öz yoldaşlarından bir neçəsini də bu inancın doğruluğuna inandıra bilmişdi. O öz yaşadığı evdə üstüörtülü bir gənc kvakerlər yığıncağı düzəldə bilmiş, beləliklə də, on altı yaşında ikən artıq sekta başçısı olmuşdu.
    Penn kolleci bitirib admiral atasının yanına qayıdanda, o çağlarda ingilislər arasında yayılmış öyrəncəyə uyğun olaraq, atasının qarşısında üzüqoylu yıxılıb ondan xeyir-dua diləməkdənsə, papağını çıxarmadan atasına yaxınlaşıb demişdi: “Arxadaş, səni belə sağlam gördüyümə görə ürəkdən sevinirəm”. Oğlunun bu davranışından çaşıb qalan vitse-admiral, öncə, oğlunun dəli olduğunu sanmış, ancaq sonradan onun kvaker olduğunu anlamışdı. O, əlindən nə gəlirsə eləmiş, bütün ağlabatan yollarla oğlunu hamı kimi yaşamağa inandırmağa çalışmışdı. Ancaq oğlu bütün bunların cavabında bircə söz demişdi, o atasını da özü kimi kvaker olmaq üçün dilə tutmağa başlamışdı.
    Bu işin sonunda ata öz oğluna güzəştə getməli olmuş, onun qarşısında ancaq, kralla York hersoqunun yanında papağını çıxarması, bir də onlarla sənlə danışmaması şərtini qoymuşdu. Uilyam isə cavabında bunları eləməyi heç cür vicdanına sığışdıra bilməyəcyini demişdi. Oğlunun düz yola qayıdacağına inamı qırılmış, hikkələnmiş atası isə onu evdən qovmuşdu. Gənc Penn öz inancı yolunda ağrı-acılar çəkmək üçün ona yol açdığına görə, Tanrıya dua etmiş, Sitiyə gələrək burada öz inancı üzrə vəzlər eləməyə başlamış, çox keçmədən öz yörəsinə kvakerliyə bağlanan çoxlu insanlar toplaya bilmişdi.
    Gündəlik çıxışlar eləmək sektanın vaizlərinə olan marağı azaltmalı olduğuna baxmayaraq, Penn gənc, yaraşıqlı olduğundan, habelə bir sıra başqa üstünlükləri ilə seçildiyindən, sarayla bağlı xanımlar, şəhərin adlı-sanlı xanımları, hamılıqla onun çıxışlarına qulaq asmağa gəlirdilər. Onun ad-sanı yayılıb kvakerlərin patriarxı Corc Foksun da qulağına çatdığından, o, Penn ilə tanış olmaq üçün İngiltərənin ucqarlarından çıxıb Londona gəldi. Bu tanışlıqdan sonra onlar birlikdə yadelli ölkələrə gedib orada da kvakerliyi yaymağı kəsdirdilər. Onlar İngiltərədə öz işlərini davam etdirəcək yetərincə ardıcıllarını qoyub, Hollandiyaya sarı üz tutdular. Amsterdamda onlar çox böyük uğur qazana bildilər; ancaq onların daha da ad-san qazanmasının niyəsi, papa sarayına yaxınlığı ilə tanınan,  kral I Georqun xalası olan knyaginya Yelizavetanın onları öz himayəsinə alması ilə bağlı idi, knyaginya çox bilikli, alim bir qadın kimi ad-san qazanmışdı, ötənlərdə Dekart da özünün “Fəlsəfi romanını” onun adına bağışlamışdı. Artıq yetərincə yaşlı olan knyaginya La E şəhərinə çəkilib orada səsdən-küydən uzaqda yaşamaqda idi, elə Hollandiyada hamının “arxadaşlar”adlandırdığı bu iki kvakeri də burada qəbul eləmişdi. Knyaginya ilə bu iki adlı-sanlı kvakerlər arasında bir neçə görüş olmuşdu; onlar knyaginyanın evindəki yığıncaqlarda bir neçə dəfə vəz eləməli də olmuşdular, bütün bunlardan sonra knyaginya bütünlüklə kvaker olmasa da, onların deməsinə görə, bu inancın lap bir addımlığında gəlib çıxmışdı.
    “Arxadaşlar” öz ideyalarını Almaniyada yaymaq istəsələr də, ancaq burada uğursuzluqla üzləşdilər. Hamının öyrəşdiyi: “zati aliləri”, “həşəmətli cənablarınız” kimi deyimlərin yerinə “sən” kimi çağırılmağı bu ölkədə bəyənmədilər. Bu zaman Penn atasının çox ağır xəstə olduğunu eşidib, tələsik İngiltərəyə qayıtdı; o özünü yetirəndə atası artıq ölüm ayağında idi. Oğlu başqa dinə qulluq eləsə də, vitse-admiral onu qucaqlayıb bağrına basdı, onunla barışdı. Uilyam atasını kvaker kimi ölmək üçün dilə tutur, atası isə onu kvaker paltarını soyunub hamı kimi geyinməyə çağırırdı.
    Atasının ölümündən sonra Uilyama çox böyük var dövlət qalmışdı, buraya ötən çağlarda atasının dəniz savaşlarına görə kraldan almalı olduğu, ancaq indiyədək ödənilməyən borclar da daxil idi. Ancaq o çağlarda krallardan onların borclu olduğu pulları almaqdan da çətin bir iş ola bilməzdi. Ona görə də Penn, borclarını almaq üçün, kral II Karla, onun nazirlərinə dönə-dönə “sən” deyə çağırış eləməli olmuşdu. Sonunda, 1680-cı ildə, hökumət borclu olduğu pulun yerinə ona Amerikada, Merilendin  güneyində yerləşən bir vilayəti verməli oldu; beləliklə də kvaker öz torpaqları olan bir hökmdara çevrildi. O, ağzınacan ardıcılları ilə dolu olan iki gəmiylə özünün yeni torpaqlarına köçüb getdi, elə o çağlardan başlayaraq, bu torpaqları onun adı ilə Pensilvaniya adlandırmağa başladılar. O burada, indi çox gözəl bir şəhərə çevrilmiş Filadelfiyanın əsasını qoydu. Onun buradakı birinci işi, qonşuları olan hindularla bağlaşması oldu. Bu, hindularla xristianlar arasında and içməklə bağlı olmayan, bununla yanaşı heç vaxt da pozulmayan tək bir bağlaşma olmuşdu. Yeni hökmdar, Pensilvaniyanın qanunvericisi olmaq belə istəməyərək, ölkənin yönətilməsi üçün çox yaxşı qanunlar tərtib eləməklə yetindi, bu qanunların heç biri indiyədək də dəyişdiriməyibdir. Onun yaratdığı qanunlar içində birinci yeri: heç kimsənin dini inancına görə izlənilib incidilməməsi, Tanrıya inanan bütün inanclı kimsələrin biri-birini qardaş saymaları ilə bağlı idi.
    Öz hakimiyyətini qurmağa başladığı ilk günlərdən, çoxlu amerikan tacirləri onun ölkəsinə gəlib burada yerləşməyə başladılar. Yerli hindular onların gəlişinə görə meşələrə çəkilməkdənsə, yanaşı yaşamağa üstünlük verib, barışsevər kvakerlərlə qaynayıb qarışmağa başladılar: onların Amerikanı işğal etmiş başqa xristianlara necə çox nifrətləri var idisə, bu yeni gəlmələrə də bir o qədər çox sevgiləri yaranmışdı. Çox keçmədən, avropalıların vəhşi adlandırdıqları bu tayfalar, öz qonşularının yaxşılıqsevərliyindən təsirlənərək, hamılıqla Uilyam Pennin yanına gəlib, onun vassalı olmaq istədiklərini dedilər. Hindularla avropalıların bu anlaşma mərasimi çox gözəl idi: hamının “sən” deyə çağırdığı, onunla danışanda baş endirmək bir yana qalsın heç papaqlarını belə çıxarmadıqları hökmdar; ruhanilərin işinə qarışmadığı qubernatorlar, ordusuz xalq, bütün vətəndaşların hamılıqla, hökmdardan tutmuş sıravi adamlara kimi bərabərliyi, qonşulara öcəşməyən bir ölkə.
    Uilyam Penn Yer üzünə, keçmişlərdə olduğu deyilən, qızıl çağları yenidən gətirə bilməsi ilə öyünə bilərdi, ancaq insanların umduğu bu qızıl çağlar təkcə elə Pensilvaniyada baş tutmuş, ondan qırağa çıxa bilməmişdi. II Karlın ölümündən sonra Penn özünün yeni ölkəsinin işlərini yoluna qoymaq üçün İngiltərəyə yollandı. Taxta çıxmış yeni kral Yakov atası ilə olduğu kimi onu da sevgilərlə qarşıladı. Kral ona hansısa qaranlıq bir sektadan olan birisi kimi yox, böyük bir insana yaraşan bir sayğı ilə yanaşmağı üstün tutmuşdu. Bu çağda kralın apardığı siyasət onun öz istəkləri ilə büsbütün üst-üstə düşürdü: özünü kvakerlərə bəyəndirmək üçün o, toplumdakı yaddüşüncəlilərə qarşı olan qanunları aradan qaldırdı, bununla da öz istəyincə, katolisizmin də bu azadlıqlardan yararlana bilməsinə yol açmış oldu. Ancaq ingilis sektalarının hamısı bu tələni açıq-aydın gördüklərindən, öz yaxalarını ələ vermədilər. Onların hamısı katolisizmi özlərinin yağısı sayırdılar; ancaq Penn, kvakerləri görməyə gözü olmayan protestantların yararına olaraq öz prinsiplərindən əl çəkmək istəmədi, həm də onu ürəkdən sevən krala qarşı çıxmağı da düzgün saymadı. Amerikada vicdan azadlığının işlədiyi toplum qura bilmiş Penn, Avropada onu dağıdanlardan birinə çevrilmək istəmədi; beləliklə də kral II Ykovdan üz çevirmədi, bu isə başqlarının onun yezuit olması haqda dedi-qodular yaymasına gətirib çıxardı. Bu yalan onun ürəyinə çox bərk toxunmuşdu, iş o yerə gəlib çatdmışdı o, özünü təmizə çıxarmaq üçün qəzetlərdə çıxış da eləməli olmuşdu. Ancaq bu qarangünlü II Yakov, Stüartların çoxunda olduğu kimi, böyüklüyüklə gücsüzlüyün qovuşmasından yaranan mənliyi ilə, baş verənləri götür-qoy eləyib dəyərləndirmək bacarığında deyildi, bütün bunlar isə, onun çox anlaşılmaz bir sonluqla taxt-tacını itirməsinə gətirib çıxarmışdı.
    Bütün ingilis sektaları II Yakovdan almaqdan boyun qaçırdıqları azadlıqları, taxta yeni çıxan III Vilhem ilə onun parlamentindən almağa üstünlük verdilər. Elə onda, kvakerlər də bu qanuna uyğun olaraq bugünəcən də yararlandıqları imtiyazları almış oldular. Penn onun sektasının öz ölkəsində yerini yetərincə bərkidə bildiyini görüncə, yenidən Pensilvaniyaya qayıtdı. Onun adamları, elə yerli hindular da, Penni sevinc dolu göz yaşları ilə qarşıladılar, elə bil ata uzaq yolçuluqdan sonra öz uşaqlarının yanına  qayıtmışdı. Burada həm də, tarix boyu heç bir qanunvericinin başına gəlməyən bir iş baş vermişdi, Pennin getməzdən qabaq qoyduğu qanunlara o olmadığı çağlarda çox böyük bir sayğı ilə yanaşmışdılar. Qayıdandan sonra o, bir neçə il Filadelfiyada yaşadı, sonra isə özü də istəmədən, pensilvaniyalılar üçün əlverişli ticarət güzəştləri ala bilmək üçün yenidən Londona getməli oldu. Bundan sonra o çox qoca yaşlarına kimi ancaq Londonda yaşadı, bununl ayanaşı Pensivaniya xalqının öndəri, dini inancın başçısı kimi də tanındı. Uilyam Penn 1718-ci ildə olmüşdü.
    Uilyam Penn öləndən sonra onun varislərinin Pensilvaniya üzərində olan mülkiyyət hüquqları tanındı, ancaq onlar bu mülkiyyət haqlarını on iki min qızıl pula krala satdılar. Kralın xəzinəsi boş olduğundan o, ancaq min qızıl pul ödəyə bildi. Burada fransız oxucusu, kralın adına sayğı bəsləməyə arxalanan bir anlaşma ilə pulun qalanının da sonradan ödənilərək Pensilvaniyanın kral mülkiyyətinə keçdiyini düşünə bilər. Ancaq heç də belə olmadı: kral xəzinəsi bu pulu kreditora vaxtında ödəyə bilmədiyi üçün anlaşma pozuldu, Pensilvaniya yenidən Pennin varislərinin mülkiyətinə keçdi.
    Amerikada kvaker dininin gələcəyinin necə olduğunu deyə bilmərəm, ancaq Londonda bu din günü-gündən öz gücünü itirib geriləməkdədir. Bütün ölkələrdə, hakim olan din başqa yeni yaranan dinləri izləyib incitməyəndə, gec-tez bu dinləri öz içində əridə bilir. Kvakerlər parlamentə seçilə bilmirlər, hansısa kontor aça bilmirlər, axı bu durumda and içməli olacaqlar, onlar isə bunu istəmirlər. Bütün bunlara görə də, onlar ancaq alver işləri ilə pul qazanırlar. Onların uşaqları, varlanmış atalarından onlara çatmış pulla əyləncələrə qatılmaq, ad-san qazanmaq, qoludüyməli paltarlar geyinmək istəyirlər, həm də bu “kvaker” adından utanırlar; buna görə də, indi onlar modayla ayaqlaşa bilmək üçün protestant olmağa başlamışlar.

Rus dilindən Araz Gündüz çevirib      

 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.