Aqşin Yenisey: “Qadına münasibətimi 180 dərəcə dəyişdi ...” - MÜSAHİBƏ
23.09.13

Söhbətin mövzusunun istirahətdən çox başqa səmtə yönələcəyini elə əvvəldən təxmin etmişdim. Bildiyim qədərilə, relaks dolu istirahəti olan biri deyil. Söhbətə başlayar-başlamaz özü də bunu hiss etdirir.

Danışdıqca nədənsə yadıma Cek Londonun məşhur əsərinin qəhrəmanı - həm matros, həm də yazıçı olan Martin İden düşür. Coğrafiyaşünas, həm də yazıçı olan Aqşin Yenisey isə bənzətmənin ona keçmişi ilə bağlı bir əhvalatı xatırlatdığını deyir...

“Universitetdə oxuyanda məndən 3 yaş böyük müəlliməm mənə vurulmuşdu (Ruf da Martin İdendən 3 yaş böyük idi -  N.Q.). Çox qəribədir ki, o da məni Martinə bənzədərək oxumaq üçün Cek Londonun ”Martin İden"ini gətirmişdi. Sağ olsun ki, o əsəri mənə oxutdu, amma xarakter etibarilə Martinlə yaxın olduğumu düşünmürəm. O, kübar cəmiyyətə nüfuz edə bilmişdi və bədbəxtliyi onda idi ki, geri qayıda bilmirdi. Amma mən hər zaman geriyə yol saxlayıram..."

“Niyə avtomobili yoldaşın sürür, kişi deyilsən, al əlindən də sükanı”

Söhbəti uzada da bilərdik, rubrikanın məzuniyyətdən, istirahətdən bəhs etdiyi yada düşməsəydi... “Bu yay cəmi-cümlətanı iki dəfə istirahət adıyla evdən çıxmışıq, amma işgəncə çəkib kor-peşman yenə evə qayıtmışıq. Bir dəfə Nabranda yaşayan bir dostumuzun qonağı olduq, yağış yağdı, tufan qop-du, dincələ bilmədik. Qarpız qabığıyla zibillənmiş çirkli dəniz, qarğıdalı satan sırtıq uşaqlar... Heç yerdə adamı tək qalmağa qoymayan bir turizm... Başımızı götürüb qaçdıq.

Sonra yollandıq bizim kəndə. Həyətə çatan kimi bütün qohum-əqrəba məni danlamaq üçün yığışdı. Səbəb də bu idi: niyə avtomobili yoldaşın sürür, kişi deyilsən, tut al əlindən də sükanı. Yenə qaçdıq. Məlum oldu ki, doğma vətəndə bizə bu dörd divardan başqa heç yerdə istirahət yoxdu. Bütün yayı evdə oturub yazı-pozuyla məşğul olmuşam. Bir az poetik dildə desək, mənim üçün təkliyimdən gözəl yer yoxdu.

“İçalat, bağırsaq mənzərəsini seyr etməkdən iyrənirəm”

Ümumiyyətlə, hələ uşaqlıqdan istirahət anlayışı mənə yad olub. Atam ailə məsuliyyətinə meylli adam deyildi, mən 9 kişiyə qulluq edən qadının övladıyam. İstirahət təəssüratım budur: kənddə qarlı-şaxtalı gündə atam iki quzunu kəsib asırdı çöldən, anam bir gün quzunun budundan, bir gün qolundan kəsib gətirirdi, bişirib yeyirdik. Sonra da çıxıb qartopu oynayırdıq. Bu da olub bizim istirahətimiz.

15 yaşımdan sonra mən tək yaşamışam. Universitetə qəbul olandan sonra atam mənə cəmi bir ay pul göndərdi, sonra mən qazanıb ona göndərirdim. Yırtıcı gəncliyim olub.

Mənim istirahətimi kübar bir ailədə doğulub böyüyən Orxan Pamukun istirahəti ilə müqayisə etmək gülməlidi. Doktor (həyat yoldaşına belə müraciət edir - N.Q.), dostlarım məni istirahətə dəvət etməsələr, heç yadıma düşməz ki, dincəlmək də var. Mənim üçün istirahət evdə oturub kitab oxumaqdı. Doktorla da həmişə mübahisəmiz istirahətə getmək istəməməyim üstündə olub. Deyir, gedək oturaq dənizkənarı bir yerdə yemək yeyək, əylənək, qonaq gedək,  “şotu” da o verir vallah, amma mən getmək istəmirəm.

Sözün düzü, kübar, bahalı, dəbdəbəli yerlərdə, məndən uzaq insanlarla istirahətdən qaçıram. O məclislərdə səmimilik hiss eləmirəm, gülüşlərdəki, zarafatlardakı saxtalıqları görürəm. Rentgen aparatı kimi içalat, bağırsaq mənzərəsini seyr etməkdən iyrənirəm.

“Həyat yoldaşımla da ictimai münasibətlər zəminində yaşayıram”

Bu qərara gəlmişəm ki, ən gözəl həyat tərzi evə qapılmaq, yazmaq, yaradıcı işlərimlə məşğul olmaqdı. Mənim üçün şəxsiləşmiş həyat fəlsəfəsi elə bir həddə gəlib çatıb ki, mən artıq heç kim üçün darıxmıram.
Azərbaycanda yaşayıb, cinayət törətməyən insana heykəl ucaltmaq lazımdı. Bütün günü televiziyalarda da ailə münaqişəsi zəminində olan hadisələrdən danışırlar. Bunun səbəbi insanların bir-biri ilə həddindən artıq şəxsi yaxınlıq etmələridi. Mehribançılığımız sonunda bir-birimizi baltalamaqla nəticələnir. Heç kəs öz həyatını yaşamır. Addımbaşı gərək kiminləsə vuruşasan, dalaşasan və mən bundan qaçmaq üçün təkliyə çəkilmişəm, özüm üçün özümdən ibarət bir cəmiyyət qurub, orada yaşayıram. Hamıdan imtina etmişəm.

Mən heç kimlə şəxsi münasibətə girmək istəmirəm. Azərbaycanda şəxsi münasibətə girdinsə, bunun hökmən fəsadı olacaq. Mən evdə həyat yoldaşımla da ictimai münasibətlər zəminində yaşayıram - o, həkimdi, mən yazıçıyam.

“Qarğıdalı satan sırtıq uşaqların əlindən dənizə gedə bilmədim”


Əgər insanlar nəzərdə tutulursa, çox az adamla istirahət edə bilərəm. Masa arxasında qazanılan dostlar elə masa arxasında qalır. Mənim üçün “çörək kəsmək” anlayışı kökündən yanlış bir məfhumdu. Mən kəsmədiyimiz çörəyin dostları ilə, xəyali dostlarımla istirahət edirəm. Realda isə Doktorla istirahət edirəm, amma yenə də kim necə istəyirsə, o cür olur.

Doktor mənim  Azərbaycan qadını haqqında fikirlərimi 180 dərəcə dəyişdi. O, mənə görə bir çox arzularının üstündən könüllü olaraq xətt çəkdi. Demək, bizdə də belə qadınlar var, sadəcə onlar qarşılarında sözün əsl mənasında sevdikləri kişini görsələr, bütün ideallarını, ideyalarını qurban verərlər.

Bizdə xaricdəki kimi kütləvi istirahət mədəniyyəti formalaşmayıb hələ. Yəni, onlar qazancının bir hissəsini ayırıb sırf istirahət üçün kənara qoyurlar. Mənim isə o qədər pulum olmur ki, onu istirahətə ayıram və onu hansısa maraqlı bir yerdə xərcləyəm.

Turizmi bizdə inkişaf etməyə qoymayan səbəblər var. Təsadüfi varlanan bir kişi bir istirahət mərkəzi tikdirir və oranı öz səviyyəsinə uyğun heyvərə işçilərlə doldurur. Onların göstərdiyi xidmət də öz səviyyələrində olur.
Mən bu yay qarğıdalı satan sırtıq uşaqların əlindən dənizə gedə bilmədim. Söz yox ki, o uşaq da pul qazanmalıdı, amma onu mən çağırmalıyam ki, gəlsin.

“Ruhu insanı Allahın yanına da apara bilər, bizim Şötüklü kəndinə də”

Heç vaxt xarici ölkələrə getmək, orada istirahət etmək kimi istəyim olmayıb. Mən ixtisasca coğrafiya-şünasam, dünyanı qiyabi şəkildə çox yaxşı tanıyıram, bəlkə, ona görə də, səhayət etmək, Prejvaliski kimi səhrada naməlum bir at tapıb ona öz adımı vermək həvəsim yoxdu.

Heç vaxt “dünya görməmişliyi” kimi bir hissim olmayıb. Orta məktəbdə Magellanın 1518-22-ci illər səyahətini oxumadığıma görə coğrafiya müəllimi məni yaxşıca döydü, sonra da zirzəmiyə saldı. Və mən o qaranlıq zirzəmidə oturub Magellanın bütün qohum-əqrabalarını “xoş sözlərlə” yad edirdim. Məndə səyahətə, dünya gəzintisinə olan sevgi elə o zirzəmidə qaldı.

Mənim üçün istirahət fantaziyalarımın gerçəkləşdiyi andı. Fiziki gəzintilərdənsə, ruhani səyahəti sevirəm. Ruhu insanı Allahın yanına da apara bilər, bizim Şötüklü kəndinə də. Uşaqlıqdan ruhum məni Praqaya aparır. Həmişə Praqada yaşamaq arzum olub. Amma bunun Kafkaya olan sevgimlə heç bir bağlılığı yoxdu". /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.