Azad Qaradərəli: “Mənim romanım “Çərpələng uçuran”dan güclüdür” - MÜSAHİBƏ
02.10.13

Yazıçı Azad Qaradərəli ilə müsahibə



- Azad müəllim, ədəbiyyatımızın bugünkü mənzərəsi 80-90-cı illərlə müqayisədə necə görünür? Bu sualı ona görə verdim ki, siz həmin illərdə də yazıb-yaradırdınız və eyni zamanda o dövrün ədəbi mühitini də yaxşı bilirsiniz.

 

- Bilirsiniz, o illərlə indiki dövrü müqayisə etmək bir qədər doğru görünməz. O baxımdan ki, o illər Azərbaycanda, həm də  keçmiş SSRİ-də bir başqa zaman idi. Elə bil ki, 15  ögey qardaş  70  il onlara diktə edilmiş “atalığ”ın əslində ögey atalıq olduğunu, anlayıb bu saxta ataya qarşı çıxmış, bir növ onun üzünə ağ olmuşdular. O illərdə həmin 14 respublikanın şair və yazıçıları xalqın içinə gedir, bu proseslərdə fəal iştirak edir, məqalə və yeri gəlsə, bədii əsərlər də yazaraq xalqına əslində nə baş verdiyini, bu proseslərdən necə ağrısız çıxmağın yollarını göstərməyə çalışırdılar. Bizdə isə adı bəlli yazarımız Türkiyəyə qaçdı, başqa qocaman şair və nasirlər saçlarını yolurdular ki, bəs SSRİ dağılsa, mənim yaradıcılığım nə olacaq? Mən bunu havadan demirəm: Süleyman Rüstəm hətta ağlamışdı ki, bəs bir belə partiyaya,  komsomola şeir yazdım, bunlar nə  olacaq?

 

Düzdür, bizdə də saçyolduyla bərabər, yaxşı nəsə yazmağa  cəhdlər oldu. Məsələn, Sabir Əhmədli  “Yanvar  hekayələri”ni, “Kütlə”ni , Əkrəm Əylisli qalmaqallı müsahibə verdi, Eldar Baxış həmin illərdə “Deyə bilmədiyim sözlər” adlı gözəl bir şeir kitabı çap etdirdi... Amma bu illərdə başqa respublikalardan fərqli olaraq bizim Qarabağ problemimiz vardı və biz yazıçılar  bu problemi xalqla birgə  üstümüzdən adlatmağa   məhkum idik – zira buna nail ola bilmədik.

 

Bizim yazıçılar  xalqın  və ölkənin dərdlərindən o qədər uzaq idilər ki, gözlərinin qabağında  20  Yanvar boyda tragediya baş verdi, bunlar bu mövzuda bir ərəli-bərəli əsər ortaya qoya bilmədilər. Niyə? Çünki o ordunun bura yeridilməsiylə yüzdə yüz razı idilər ürəklərində. Niyə? Çünki SSRİ-nin dağılmasını istəmirdilər və onun hələ də qayıtmasının həsrətində olanlar var. Bunlar elə bilirdilər ki, xalqla həmrəy olmaq efirdə qəlyan çəkib köks ötürmək, yaxud tribunadan çıxış etmək demək idi. Əsl yazıçı bunu ya on il əvvəl görməliydi, yazmalıydı, ya da elə o illərdə, yaxud on il sonra öz əsərlərini ortaya qoymalıydı. Sizdən soruşuram, hanı Qarabağ mövzusunda bu xalq yazıçılarının əsərləri? Yaxşı Qarabağ mövzusunda olmasın, olsun tutalım 37-ci il. Varmı bu mövzuda əsər? Yəqin xırım-xırdası var, amma mən deyən o möhtəşəm əsər yoxdur və heç olmayacaq da. Çünki biz xırda hisslərin əsiriyik. 70-80 yaşlarında qocalar kəsib dəyirmanın dəhnəsinin qabağını, pərə su dəyməlidir ki, fırlana, dəyirman işləyə. Bunlar o kiçik hissləriylə ədəbiyyatımızı da, özlərini də, elə vətəni də kiçildə-kiçildə hara gedirlər, bəlli deyil.

 

Dediyim mövzularda da, digər mövzularda da əsərləri yenə 80-cilər və onlardan sonra gələn gənclər yazdılar. Mən bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanda böyük ürəyə və böyük istedada malik gənclər yetişir. Yalnız onların səyi və bacarığı imkan verəcək ki,  təxminən on-on beş  il ərzində Azərbaycan ədəbiyyatında  dünya çapına çıxa biləcək əsərlər yaransın.

 

- Uzun müddət imzanız görünmədi. Sanki küsüb getmişdiniz. Bu, nəylə bağlıydı?

 

- Belə deyil axı. Mən hər zaman yazmışam. Hətta qaçqın ailəmiz kiçik bir otaqda kirayədə qalanda da yazmışam. Elə çap da olunmuşam. Sadəcə 94-cü, yoxsa 95-ci ildə “Azərbaycan”  jurnalında 5  hekayəm birdən çap olunanda jurnal 250 tirajla çıxmışdı və onu yəqin ki, çox az adam oxumuşdu. Sonra Yusif Səmədoğlu, İsa İsmayılzadə rəhmətə getdi, jurnal qaldı qeyri-ədəbiyyat adamlarının ixtiyarına. Orada əsl ədəbiyyat deyil, yapma ədəbiyyat çap olunmağa başladı. Mənim “Günəş tutulan yerdə” romanımı qaytardılar. Ondan sonra  nə ora, nə “Ulduz”a, nə də “Ədəbiyyat qəzeti”nə yazı vermədim. Axırda “Yazı” dərgisi yarandı. Qalanını da bilirsiniz.

 

- Uzun müddət Azərbaycan radiosunda çalışmısınız. Radio bir yazıçı kimi sizə nə verdi? O dövrdə ədəbi yaradıcılıqla məşğul ola bilirdinizmi?

 

- Sizə bir söz deyim: başqalarını deyə bilmərəm, mən elə vərdiş eləmişəm ki, lap iclasda da,  toyda da imkanım olsa, bir tərəfə çəkilib yaza bilərəm. Dedim axı, mən təxminən beş il anormal şəraitdə - qaçqın kimi bir otaqlı evdə gecələr ailəmiz yatandan sonra köhnə vannanı tərsinə çevirib üstündə yazmışam.  O mənada mənim üçün yazmaq kompleksi olmayıb. Sadəcə allah mənə verdiyi ədəbi istedadmı deyim, ilhammı deyim, adını nə qoyursunuz qoyun, onu əlimdən almasın… Bu var ki, mən haçan yaza bilirəm, yazmağa başlayıram. Bunu heç özüm də bilmirəm.

 

Bircə onda xəbər tuturam ki, bilgisayarı qabağıma qoyub çəkilmişəm balaca otağıma.  Özü də bizim evdə kim nə qədər səs-küy salır salsın, bunun mənim yazmağıma təsiri-filanı olmur.  Bircə gəlib məndən nə isə xahiş etməsinlər… O ki qaldı radioda işləməyimə, orada da mən yazmağımdan qalmamışam. Sadəcə verilişlər bir az vaxtımı alıb, vəssalam. Amma yazıçı dilimin çevikləşməsində  radio dili mənə kömək edib ki, mane olmayıb.

 

- Ədəbi tənqidin yaradıcılığınıza münasibəti sizi qane edirmi?

 

- Vallah, mən bu ədəbi tənqid deyilən şeyi uzun illər görmədim. Baxmayaraq ki, onların içərisində çox yaxın dostlarım vardı. Məsələn professor Rahid Ulusel, elə o biri professorlar Tehran Əlişanoğlu, Vaqif Yusifli… Mən heç zaman onlardan xahiş etmədim ki, mənim yazılarım haqqında nəsə yazsınlar. Heç zaman üzünü görmədiyim Akif Hüseynov yazmışdı nəsə o vaxtlar. Daha kimlərsə yazmışdı. Amma mən bunları heç gözə almamışam. Yəni tənqidlə biz bir-birimizi görməməzliyə vurmuşuq. Amma son vaxtlar Rəhim Əliyev, Tehran Əlişanoğlu, Vaqif Yusifli… yazıblar. Kimlərisə unutdumsa, bağışlasınlar. Məncə, əsas mətndir. Əgər sən layiqli mətn ortaya qoysan, haçansa onun qiyməti veriləcək. Ədəbiyyat axı təkcə öz dövrü üçün yazılmır. Stendal deyirdi ki, mən 21-ci əsr üçün yazıram. Yaxud “Əli və Nino” romanı. Kim bilərdi ki, bu mətn uzun illər sonar dünya çapında bizim üzümüzü ağ edəcək? Elə Cavid? Məncə, hələ Cavidin qiyməti iki-üç əsr sonra veriləcək.

 

- Eşitdiyimə görə, yaxın vaxtlarda Akademik Dram Teatrında yeni pyesiniz oynanılacaq.

 

- Bu 3-4 il qabağın işidir. Tariximizə, ədəbiyyatımıza bağlı, çox vətənpərvər bir dostum məndən xahiş etmişdi ki, İrəvan şəhərinin ruslar tərəfindən qəsb edilməsi və şəhər əhlinin qətli barədə bir səhnə əsəri yazım. Mən də ona bildirmişdim ki, mən dramaturq deyiləm və əgər tarixi faktlarla, istədiyim materiallarla təmin olunsam, tarixi roman yaza bilərəm. Lakin o təkid etdi və məni inandırdı ki, mən bunu yaza bilərəm. O, mənim radiodakı radio teatrı üçün radiopyeslər yazdığımdan xəbərdar idi. Və təxminən iki ayacan mən həmin dövrün bütün tarixi faktlarını, həm Azərbaycan tarixçilərinin, həm qərb və rus tarixçilərinin, həm də farsdilli mənbələrin hamısını  öyrəndim (təbii ki, bunları tərcümə edirdilər mənim üçün) və bir az sınan kimi oldum. Bu sınma əslində ayrı sınmaydı: anladım ki, dolmuşam və çox qısa müddətdə - ay yarıma “İrəvan qalası” adlı faciə yazıldı.

 

Baxmayaraq ki, əsər Azərbaycanın tanınmış rejissorları və dramaturgiya mütəxəssisləri tərəfindən yüksək rəy aldı, məsələn Ramiz Həsənoğlu, Camal Yusifzadə və başqaları, amma bizdən asılı olmayan səbəblərdən əsər oynanılmadı. Və bu günlərdə mən İsrafil müəllimin “teatra yaxşı pyes gəlmir” sözünü hardansa oxuyub, pyesi ona təqdim etdim. O kişi də cəmi bir həftəyə əsəri oxuyub məni görüşə dəvət etdi. İlk sözü bu oldu ki, mən hələ indiyəcən yazıldığı dövrü belə tam əhatə edən pyesə rast gəlməmişəm. Məni təbrik etdi və təbii ki, bəzi texniki və teatral qeydlərini çatdırdı ki, bunları mən qısa zamanda  işləyəcəyəm. İnanıram ki, 2014-cü ildə sənət dostlarım, tamaşaçılar  bütün faciələrimizin başlanğıcı olan “İrəvan qalası”  faciəsinin timsalında sanballı bir tamaşa izləyə biləcəklər.

 

- Son müsahibələrinizdən birində belə bir ifadə işlətmisiniz ki, “mənim “Kuma-Manıç çökəkliyi” romanım Xalid Hüseyninin “Çərpələng uçuran” romanından geri qalan əsər deyil, hətta ondan üstün olar”. Bu cür əsərlər yaranırsa, bəs biz niyə dünyaya çıxa bilmirik, yazılan əsərləri özümüzünkülər belə oxumur?

 

- Bilmirəm, dostum Kənan Hacı, sən mənim o romanımı oxumusanmı? Əsər “Yazı” dərgisinin 4  nömrəsində  gedib vəyazıdergisi.com saytından onu oxumaq olar. Münsiflərdən ikisi sonralar etiraf etdilər ki, o roman ikinci yerə layiq idi. Pərviz Cəbrayıl bunu yazdı hətta. Əkrəm Əylisli bu günlərdə özümə dedi ki, sənin əsərin mükafatlardan birini almalı idi. Mərhum Elnarə Tofiqqızı da çox təəssüf hissi keçirmişdi ki, o əsər ən azı ikinci yerə layiq olmalıydı. Bax, dünyaya necə çıxırlar? Əsərin öz  ölkəndə mükafat alır, onu pulsuz çap edirlər, sənə  pul mükafatı verirlər və sən o pula əsərini ingilis dilinə çevirtdirirsən və xaricdə çap etdirirsən. Mənim yolumu bunlar belə namərdliklə kəsib, mükafatı cici-bacı edirlərsə, daha sən nə qoyub, nə axtarırsan?

 

Xalid Hüseyni  rus qoşunları Əfqanıstana girən kimi şələ-küləsini götürüb gedib ABŞ-a. Elə orada da orta və ali məktəbi ingiliscə bitirib, əsərlərini də ingiliscə yazıb. Amma mən bu mağmın Vətəni qoyub gedə bilmədim. Halbuki Zəngilan işğal olunanda mənim 38 yaşım vardı, bir  hekayələr kitabım çıxmışdı. Getsəydim, yəqin ki…

 

Əh… Kənan bəy, iyirmiyəcən hekayəmi öz pulumla ingiliscəyə çevirtdirmişəm, amma hələ ki, onun xaricdə çapına nail ola bilməmişəm. “ABŞ-da kitabım çıxıb”a görə yox e, kitabımın nüfuzlu bir nəşriyyatda nəşr olunmasına cəhd edəcəyəm. Məni burda oxuyub-oxumamaq o qədər də ağrıtmır, məni ağrıdan odur ki, bizim dünyaya çıxışımız imkansızdır. Amma mənə bu günlərdə çox ağıllı söhbət ediblər. Bu sahədə dövlət səviyyəsində nəsə düşünülür deyəsən. Əgər bu olsa, ümid var ki, nəsə alınacaq.

 

- Sizin doğulub boya-başa çatdığınız yerlər hal-hazırda işğal altındadır. Yurdu işğal altında olan bir yazıçı kimi necə düşünürsünüz, Qarabağ mövzusu ədəbiyyatımızda necə işlənib? Yoxsa bunun üçün hələ də zaman lazımdır?

 

- Kənan bəy, sənin bu sualına qismən yuxarıda cavab vermişəm. Əlavə onu deyə bilərəm ki, heç kimi məcbur etmək olmaz ki, sən Qarabağ mövzusunda yaz. Bunu yazan oğullar isə var. Şərif yazır, Seymur Baycan yazır, mən də yazmışam və yazıram da. Mən “İrəvan qalası”nı yazanda bilirsən nə fikirləşirdim? Biz çox talesiz millətik!? Əgər Napoleon Rusiyada məğlub olmasaydı, Azərbaycanın valisi, Qacar ordusunun  böyük sərkərdəsi, gələcək  şahənşah Abbas Mirzə Fransa ilə birgə Rusiyanın axırına çıxacaqdı, nə İrəvan işğal olunacaqdı, nə  biabırçı Türkmənçay müqaviləsi olacaqdı, nə də bugünkü erməni problemi, Qarabağ problemi olacaqdı… Tarix və kor tale həmişə bizim əksimizə olub. 1945-ci ildə Sovet qoşunları Təbrizi tərk edəndə də belə olub…

 

- Ədəbi müsabiqələrin keçirilməsinə münasibətiniz necədir?

 

- Bu suala mən cavab vermişəm artıq. Təkcə onu deyə bilərəm ki, mən Azərbaycanda keçirilən bütün müsabiqələri boykot etmişəm və ayıq yazıçıları da buna çağırıram. Bazar adamlarının əlində alət olmasınlar.

 

- Baş redaktoru olduğunuz “Yazı” jurnalında gənclərə də səxavətlə yer ayırırsınız. Bu dərginin nəşrinə davam edəcəksinizmi?

 

- Yəqin  ki. Böyük ağrıyla deyim ki, dərginin Avstriyada yaşayan hamisi Əgrəm bəy (Biz internetdən tanış idik və “Ən ağır yük” hekayəmi oxuyub mənə dostluq göndərmişdi, allah rəhmət eləsin) vəfat etdiyindən hələ bunun yollarını düşünürük. Elə bilirəm ki, hansı yolla olur-olsun bu işi yarımçıq qoymayacam.

 

- Gənc yazarlardan kimləri oxuyursunuz? Onların içində bəyəndiyiniz imzalar hansılardır?

 

- Lap gəncləri deyəcəm: Qisməti, Feyziyyəni, Təbrizdən  Məhəmməd Səfərini, Şəhriyar del Geraninin şeirlərini, elə nəsrini də sevə-sevə oxuyuram. Tək bir şeiri ilə yadımda qalanı da deyim: Nicat Yusifov adlı gənc əsgərlikdən  “Səni axtarmağa qorxuram” adlı şeir göndərmişdi, saytlar verdi, “Yazı”da da  getdi. Əla şeir idi. Təxminən beləydi: “qorxuram ki, o adam kimi tapmayam səni… qorxuram ki, məndən əvvəl səni tapan olub” və sair… Heyf ki, sonralar imzasına rast gəlmədim. Çox ürəklə danışa bilərəm indiki gənclər haqqında. İnanın ki, bu gənclik o mənəvi, ədəbi inqilabı edə biləcək, mən buna inanıram.

 

- “Burda yer fırlanmırdı” kitabınızdan sonra növbədə hansı kitablar var?

 

- Paralel olaraq 4 kitabım var, çapa hazır. Biri “Kuma-Manıç çökəkliyi” romanıdır ki, bu ilin sonlarında çıxar yəqin. Sonra  mənim yazdığım, amma ədəbi ictimaiyyətə tam açıqlamadığım bir romanım da var “Şəhərcik” adında. “Kuma-Manıç”dan əvvəl yazsam da, tamam başqa üslubda olduğundan  çapına tələsmirdim. Onu da çap etdirməyi düşünürəm. Heç bir kitabıma düşməyən, son illərdə yazdığım iyirmiyəcən hekayəm var ki, onları da ayrıca kitab  halında  buraxdırmalıyam. Və nəhayət, ingiliscə hekayələrim barədə də düşünürəm ki, nəsə edim.

 

- Yazıçı olmağınıza peşman deyilsiniz ki?

 

- Xeyr. Mən bu aləmə kiminsə vasitəsilə gəlməmişəm. Allahın verdiyi qabiliyyətlə və xeyirxah  qələm sahibləri – Sabir Əhmədlinin, Eldar Baxışın, İsa İsmayılzadənin  dəstəyilə gəlmişəm. Böyük Yaradanın verdiyinə xilaf çıxmaq adətdən deyil. /kulis.az, Kənan Hacı/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.