Kənan Hacı - Tanrı dağına aparan yol
03.10.13

ƏDALƏT  ƏSGƏROĞLUNUN  POEZİYASI ÜZƏRİNƏ                                 
QEYDLƏR


Bu yazı “Vətəndaş həmrəyliyi” qəzetinin 2010-cu il aprel sayında dərc olunub. Onun haqqında yazı yazdığımızı biləndə uşaq kimi sevinmişdi. İndi həmin yazını yenidən, onun ruhuna ehtiramla təqdim edirəm.
               


                  ...Səni çoxdan öldürüblər,
               Nə gəzirsən saglar  kimin?


Ovqatımın bulanıq, təlx olan  vaxtlarında bu misraları çox pıçıldamışam. Hələ üstəlik ürəyimdə demişəm ki, zalım yaman deyib. O qədər insanlar var ki, sağ kimi gəzməyindədirlər, amma xəbərləri yoxdur ki, onları çoxdan öldürüblər... Bu həqiqətin poetik izahını belə sadə şəkildə şeirə çevirmək heç də asan deyil. Ədalət Əsgəroğlu bunu bacarıb, çox xəsisliklə seçilən sözlərlə məlum həyat fəlsəfəsinə poetik don biçmək onun poeziyasına xas olan xüsusiyyətdir.

Bu yazını yazarkən onun bir neçə il bundan öncə avtoqrafla mənə  bağışladığı  “Sabahını itirməyən adamlar”  kitabını bir daha vərəqlədim, gördüm ki, yaddaşımda ilişib qalan nə qədər misralar  var, bu misralar içimdə iz qoyub keçib, indi həmin izi tutub gedirəm və bu cığır məni  “Gözəl şairlərin doğum gününə...”  gətirib çıxarır:
                     
                      Bu yazdan o yana yazdığım yazı,
                      Məni bir söz üstə göyərtsə, nolur.
                      Sinəmə od vuran bu yazın nazı
                      Ölümü bir az da gözlətsə, nolur.


Bu şeiri heç  Ədalət Əsgəroğlnun öz ifasında dinləyəniniz olubmu?  Mən dinləmişəm və şeirin havası məni dəli eləyib. Mənə elə gəlir ki, o, ilhamın verdiyi vaxt mizanında şeirini yazıb qurtarandan sonra da şair olaraq qalır, yəni bu şairlik onun davranışlarında, məişətində, qələmdən kənar yaşayışında da  davam edir.

Bu  yaxınlarda  “525-ci qəzet”in şənbə saylarından birində Ə. Əsgəroğlunun bir səhifəlik silsilə şeirlərini oxudum və bir daha əmin oldum ki,  “ən mükəmməl yeni yaxşı unudulmuş köhnədir.”  Bu şeirlər şairin yaradıcılığında artıq yeni bir mərhələnin başlanğıcıdır desək, yanılmarıq. O, bu şeirlərdə ən qədim insan həqiqətlərinin əzəli- əbədi var olma qanunauyğunluğundan çıxış edir,  min illərdən bəri formalaşan bədii təfəkkürdən qaynaqlansa da tam yeni bir ruhla öz dövrünün- bu günün ziddiyyətlərini şeirin canına yeridə bilir:
                               
                                Aman Allah, bir işə bax!..
                                Qansız məndən qan istəyir.
                                El gözünə kül üfürüb,
                                Canımı pünhan istəyir.

                                Düyünlənibdi qaşları,
                                Tökür qaradan daşları.
                                Haqqa əyilən başları
                                Əzməyə zindan istəyir.

                                Əsgəroğlu, halın belə,
                                Qəm çəkirəm gülə- gülə.
                                Mövlam deyir səbr elə,
                                Dözməyə aslan istəyir.    
  

Ədalət Əsgəroğlunun şeirləri klassik forma və ruhla süslənsə də, onun müəllif niyyəti çağdaş həqiqətlərin bədii təsvirini yaratmaqdan ibarətdir. Bu şeirlərin sufizm kontekstində təhlilinə böyük ehtiyac var. Şeirlərindən də görünür ki, şair təsəvvüf fəlsəfəsini mükəmməl bilir. Bu fəlsəfədən çıxış edərək hissin  arxaik tərzi ilə müasir yaşantılarını vəhdətdə ifadə edə bilmək  bacarığı Ədalətin poetik təfəkkürünün, bədii yaradıcılığının diqqətəlayiq cəhətidir.

İnsan niyə yaradıldı, yer üzünün əşrəfi sayılan bu məxluqun bəşəri missiyası nədən ibarətdir? Qurani-kərimdə bu sualın cavabı verilir: İnsan oğlunun boynunun borcu Allaha qul olma fəzilətini dadmaq, bu fəziləti yaşamaqdır. Öyrənən bilər, bilən axtarar, axtaran mövlasını tapar və nəticədə kamil bir insan olar. Ədalət Əsgəroğlunun şeirlərini gərək bu fəlsəfi özül üzərində dayanıb oxuyasan, əks təqdirdə öz zövqünü səndən əsirgəyəcək, sirrini sənə verməyəcək.
                        
                           Yazdığını pozmaz Tanrım,
                           Tikanını gül eyləməz...
                           İlmə- ilmə könül tikər,
                           Kətanını tül eyləməz.

                           Dağlanıb daşdana ahım,
                           Qəmkeş olub sına şahım.
                           Yenə odur qibləgahım,
                           Yandırırsa, kül eyləməz.
 
                           Əsgəroğlu, aç düyünü,
                           Gör Mövlamın gördüyünü,
                           Yoxsa sənin beş gününü
                           Qaraldar, bir gün eyləməz.


Şair klassik formada yeni mənanın ifadəsini əbədi zamanın həqiqətlərinə uyğun şəkildə verdiyindən onun poetik  “mən”i  Tanrı dağına yol alanların karvanına qoşulmaq haqqı qazanıb. Bu, mənim gəldiyim qənaətdir və hesab edirəm ki, peşəkar ədəbi tənqid Ədalət Əsgəroğlunun son dövr yaradıcılığı ilə bağlı öz sözünü deyəcək. Əlbəttə, bu nümunələrdə klassik divan ədəbiyyatı, aşıq şeirinin elementləri, sufi- dərviş düşüncəsinin izləri aydın nəzərə çarpır. Bütövlükdə götürdükdə ümumşərq poeziyasının ənənələrinə istinad olunur. Bununla belə, modern poeziyadan,  müasir şeir texnologiyasından bəhrələnmə özünü göstərir.

Bu şeirlərin içərisində  ən çox ürəyimə yatan bir şeir də var ki, həmin şeiri  Əsgəroğlu poeziyasının manifesti saymaq olar. Bilmirəm, özü bu fikirlə razılaşacaq, yoxsa yox.
                               
                                Gül kimi açılan könül,
                                Hüsnünü gülşən bilmişəm.
                                Eşqin gümüş aynasını
                                Şirin cana tən bilmişəm.

                                 Əhdinə sadiq paşasan,
                                 Rüzgar ilə baş- başasan.
                                 Dəmir daşa, daş-daşasan,
                                 Nə çəkmisən, mən bilmişəm.

                                 Xoş  halındı Əsgəroğlum,
                                 Divan qurmuş sağım, solum.
                                 Olumların şahı ölüm!
                                 Şükür ki, kimsən, bilmişəm.

Yenililklər
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.