Zəlimxan Yaqub: Bu gün şairin evini şair, yazıçının evini yazıçı yıxır - MÜSAHİBƏ
07.10.13

– Bildiyimiz kimi sizin son dövrlərdə bir neçə poemanız çap olunub. Amma bəzən deyirlər ki, poema janrı aktuallığını itirir. Siz poemanın aktaullığını itirməsi ilə bağlı deyilənlərlə razısınızmı?

– Poema ədəbiyyatda elə bir janrdır ki, heç vaxt, heç zaman aktuallığını itirməyəcək. Çünki elə məsələlər, elə mövzular, elə ürək sözləri var ki, onu bir şeirdə əks etdirmək, fikri bütün rəngi, çaları ilə, hərtərəfli oxucuya çatdırmaq olmur. “Azərbaycan” jurnalının 2013-cü il avqust nömrəsində “Şuşa şikəstəsi” adlı poemam çap olunub. Həmin poemada Qarabağın biz bilən-bilməyən bütün dərdlərini əks etdirmişəm. Homerdən üzübəri poema janrında əsərlər yazılır. Yaxşı əsərlər də olur, yaxşı olmayan poemalar da olur. Yaxşılar qalır, yaddaşlara hopur, yerdə qalanlar unudulur. Son aylarda “Şuşa şikəstəsi”dən başqa, tarixçi alim dostum Kərəm Məmmədovun “Borçalı abidələri” əsərini oxuyandan sonra “Tarix və daş” adlı poema yazdım. Daha sonra Aşıq Veysəl barədə “Dağlar çiçək açar, Veysəl dərd açar” adlı poemam “Ədəbiyyat” qəzetində çap olundu. Bu fikirdəyəm ki, geniş epik fikrə sahib olmayan adamlar heç vaxt poema yaza bilməz. Poema şairdən ilham, istedad, böyük səs, nəfəs tələb edən bir janrdır. Ona görə də bu janr heç vaxt aktuallığını itirməyəcək, dəbdən düşməyəcək. İndi kitaba münasibət də dəyişib, texniki naliyyətlərimiz kitabı sıxışdırıb, amma bütün zamanlarda kitab elə kitabdır. Min cür elektron vasitə bir kitabın yerini verə bilməz. Ona görə mən kitabın, mütaliənin, o cümlədən də, poema janrının dostuyam.

– Poemalarınızın biri, – “Hüseyn Saraçlı dastanı” dastan-roman adlandırılır. İstərdim bu əsərin janr xüsusiyyətindən danışasınız ki, niyə məhz dastan-roman adlandırmısınız bu əsəri?

– “Hüseyn Saraçlı dastanı” əsl dastandır, ancaq orda elə hissələr, elə hadisələr var ki, romana xas xüsusiyyətlərə malikdir. Ona görə bu əsər yeni bir janrda yazılıb. O əsərdə mən bütün Qafqazın folklorundan istifadə etmişəm, dastan-romanda “Dədə Qorqud” dastanından Aşıq Ələsgərə qədər bütün ustad sənətkarların yaradıcılıq yolunu görmək olur. Romanın içində dastan kimi gedişlər etmək, dastanın içində roman janrına xas elementlər əks etdirmək etmək asan məsələ deyil, “Hüseyn Saraclı dastanı”nda mən buna nail oldum. 

– Son illər səhhətinizdə problem olmasına baxmayaraq, gənc yazarların yaradıcılığını diqqətlə izləyir, hətta bir neçəsi haqqında yazılar da yazırsınız. Gənclərin yaradıcılığına xüsusi münasibətinizin olması nə ilə əlaqədardır?

– Mənim ağrılarım, acılarım, dərdlərim var. Ağrı-acımın dərmanı kitablardadır. Kitabsız dəqiqəm, saatım yoxdur. Nə vaxt boşluq oldu, sərbəstlik oldu kitab oxuyuram. Gənc yazarların nəfəsini duymayan, onların yeniliklərini, təzə-tər düşüncələrini torpaq kimi canına çəkməyən adam özünü yaradıcı insan adlandıra bilməz, heç kəs deyə bilməz ki, mən tam kamilləşdim, hər şeyi öyrəndim, vəssalam. İnsan qəbir evinə kimi kitablarla əlləşib-vuruşmalı və öyrənməlidir. Klassiklərlə yanaşı gəncləri də, onların düşüncəsini də öyrənirəm. Gənclərin yaradıcılığını həmişə izləyirəm, bu da mənim ağrılarıma əlac olur. Eyni zamanda gənclərin yaradıcılığı haqqında məqalələr yazıram. Şairdə publisistik qələm olmalıdır, yaradıcı adamlar haqqındakı fikirlərini cəmiyyətlə bölüşməlidir. Bəla budur ki, bu gün şairin evini şair, yazıçının evini yazıçı yıxır. Belə olmamalıdır, biz əl-ələ, çiyin-çiyinə verməli, bir-birimizə dəstək olmalı və ədəbiyyata, sözə, saza, sənətə xidmət etməliyik.

– Siz ənənəvi formanın təmsilçisi olsanız da, sərbəst şeir formasında yazanlarla, heca vəznində yazanlar arasında fərq qoymur, hansı formada və vəzndə, olmasından aslı olmayaraq bəyəndiyiniz şeirləri təqdir edirsiz.

– Çox dəqiq müşahidə etmisən, Fərid. Əsl yaradıcı insan üçün yaxşı əsər önəmli olmalıdır, onun hansı vəzndə, hansı formada yazılması yox. Əsərin gərək birinci ideyası olsun, o ideya sənin yaxandan tutub sirkələsin, könlünə yol tapsın, arxasınca çəkib enişə, yoxuşa, dərəyə, təpəyə, yamaca, yala aparsın. Əgər əsər o gücə sahib deyilsə, deməli, ürəklərə, qəlblərə yol tapa bilməyəcək. Poeziya isə təbiət kimi musiqili, qıvraq olmalıdır. Bu gün dilimizin başına oyun açanlar çoxdur, hansı janrdan aslı olmayaraq dilimizə pis, xalqımıza, bizə yaraşmayan sözlər daxil olur. Təkcə kitab oxumaqla gözəl yazı dilinə yiyələnmək olmur, dil kökdən, sümükdən, ana südündən gəlir. İndi dilimizin bayatı şirinliyi, gəraylı dalğası, qoşma ləngəri itməkdədir. Bütün bunlardan çox narahatam. Şair gərək xalqının dilini, vətəni, evi kimi qorusun.

– Sizin yaradıcılığınız haqqıda çox görkəmli yaradıcı şəxslər məqalələr yazıblar. Ancaq o məqalələrin heç birini 13 cildliyinizin açılış yazısı kimi istifadə etməmiş, giriş sözünü özünüz yazmısınız. Şeirlərinizi özünüzün şərh etməyiniz hansı ehtiyacdan yarandı?

– Təkcə elə Xalq Yazıçısı İsa Hüseynov kimi söz ustası şeirlərim haqqında beş məqalə yazıb, eləcə də digər görkəmli şairlər, yazıçılar, alimlər, tənqidçilər, aşıqlar və s. Haqqımda yazı yazan və bu dünyada olmayan bütün yaradıcılara Allah rəhmət eləsin, yaşayanlara da can sağlığı versin. O yazıların hamısı mənə doğmadır, ancaq bu çoxcildlik nəşrin giriş sözünü özüm yazdım və oxuculara şərh etdim ki, mənim yaradıcılıq yolum necədir, hardan gəlib hara gedir, nə düşünürəm, niyə belə yazıram, ənənəm hardan beşik tutur, sözümün qüdrəti nədədir. Bunu özüm ona görə elədim ki, şairi özü qədər heç kəs duya, anlaya, yaxşısını-pisini bilə, şeirlərimi məndən yaxşı şərh edə bilməz. Çünki o şeirləri balam kimi böyüdən, başa çatdıran, ağrısını, şirinliyini bilən mənəm. Həm də mənim elə şeirlərim var ki, onları heç bir tənqidçi mənim kimi aça bilməz.

– “Peyğəmbər” və “Mövlanadan Şəmsə doğru” adlı poemalarınız bir başa yazılan əsərlər deyildi. Xeyli hazırlıq və araşdırma tələb edən mövzular idi. Sizi bu araşdırmalar yormadı ki?

– Yox, Fərid, mən bu işi böyük zövqlə gördüm. Bizim evimizdə həmişə dini söhbətlər olub, Allahdan, Peyğəmbərdən danışıblar. Ancaq mən Mövlanənin yaradıcılığını Bakıda kəşf elədim. Mövlanə dəryadır, üzməklə heç yana çıxmaq olmur. Bu saat dünyada ən çox oxunan müəlliflərdən biridir, eyni zamanda haqqında yazılanlar dünya oxucusunda böyük maraq doğurur. “Peyğəmbər” poemasınısa, iki dəfə Həcc ziyarətinə gedib-gələndən sonra yazdım. Poemanın girişində də yazmışam ki, bu əsəri yazana qədər 300 dən çox ancaq Peyğəmbər haqqında əsər oxumuşam. 

– Zəlimxan müəllim, sizin həmişə tirubunalarda guruldayan, qaynayan səslə çıxışlarınızı görmüşük. İndi o səsinizdən ötrü darıxmırsınız ki?

– Fərid, bu gün həmin guruldayan, çağlayan səs mənim içimdə var, ancaq boğazımda yoxdur. İnaşallah bir gün o da olacaq. Ancaq ürəyimin səsi yenə həmişəki kimi coşub-çağlayır, o səsi heç nə batıra bilməz. Ancaq öz səsimdəm ötrü darıxdığım vaxtlar da olur, onda ürəyimə qulaq asıram və həmin səsi, o səsin qüdrətli avazını, nərəsini eyni dərəcədə eşidirəm.

– Sizin qeyri-adi yaddaşa sahib olmağınız insanlarda heyrət doğurur, yaşlı ədəbi nəsil, bu mənada sizi Mikayıl Müşviqlə müqayisə edirlər. Bəzənsə elə bilirlər ki, siz şeirləri əzbərləyirsiniz. İstərdim ki, bu məsələlərə aydınlıq gətirəsiniz.

– Fərid, əzbərləməklə 30 şeir, lap 50 şeir yadda saxlamaq olar. Amma əzbərləməklə poema, dastan, cild-cild kitablar yadda saxlamaq olmaz. Yaddaş ana südüylə, qanla, sümüklə, torpaqla, irslə, əsl-nəsilə keçir insana. Anam təhsil almasa da, istənilən ədəbiyyatçıyla oturub saatlarla şeirlərəşə, bayatı, nağıl, dastan deyə bilər. Mənim mayam o süddən tutulub. 13 cidliyimdəki şeirləri hansı yerindən açsan, sənə o yerdən əzbər şeir deyə bilərəm. Ona görə ki, şeirlərim hamsı qanıma, canıma hopub, adım kimi bilirəm. Eyni zamanda başqalarının da şeirlərini əzbər bilirəm. Bir dəfə üzündən oxumaq bəs edir ki, sevdiyim şeir ölənəcən mənə yoldaşlıq eləsin. Mən xəstə yatanda çoxu elə bildi ki, əzbər bildiklərim yadımdan çıxacaq, yaddaşım korşalacaq, amma belə olmadı. Çünki, mənim yaddaşım torpaqdan gəlir, kitabdan gəlmir. Kitablarlasa yaddaşımı təzələyirəm, bədən tərbiyəsi olduğu kimi beyin tərbiyəsi də var. Beyin tərbiyəsi kitab oxumaqdadır, mütaliədərir, çox oxuyuram, gecəm-gündüzüm yoxdur. Yaddaş Allah vergisidir, göylərin payıdır. Şükür Yaradanın vergisinə.

– 13 cildliyinizin II cildinə gənclik illərinizdə yazdığınız şeirlər daxil edilib. Oxudum kitabı. Gənclik illərində ehtiyac içində, çətinliklərə yaşasanız da şeirlərinizdə ağır günlərin təsiri az görünür, daha çox mətinlik duyulur. Müşahidəmdə yanılmamışam ki?

– Qətiyyən. Sənə deyim ki, çətinlik görməyəndə insan püxtələşmir, möhkəmlənmir. Mən həm kənddə çətinlik görümüşəm, həm də şəhərdə. Zirzəmidə yaşamışam, ancaq şeirlərim dillər əzbəri olub, yaradıcılıq mənim həyat eşqimi artırıb. Çətinlikdən qorxmamışam, düşünmüşəm ki, dağdırsa aşmaq lazımdır, üfüdürsə uçmaq lazımdır, dəryadırsa üzmək lazımdır. Çətinlikdən qormaq lazım deyil. Mən qorxmamışam deyə, çətinliklər məni heç vaxt aludə edib başımı qatmayıb, yaradıcılığıma mane ola bilməyib. Şair gərək yaradıcılığını qoruya, onu məişətin, güzaranın güdazına verməyə.

– Qərb ədəbiyyatını diqqətlə oxusanız da, yaradıcılığınızda daha çox Şərq ədəbiyyatının təsiri özünü göstərir. Sanki Şərq ədəbi ənənələrini özünüzə daha doğma bilirsiz, yoxsa?

– Şərq ədəbiyyatının öz, Qərb ədəbiyyatının öz yolu var. Ancaq Şərq ədəbiyyatı mənə daha doğmadır. Çünki Şərq ədəbiyyatı insanı böyüdüb Allahdan üstün tutmur, insanın içini, daxili dünyasını, ürəyini böyüdür. Qərb ədəbiyyatı da dahi fikir adamları yetirib. Amma Şərq ədəbiyyatı nümunələri mənim çörəyimdi, suyumdu, havamdı, gəncliyimdi, qocalığımdı, həyatımdı, ölümümdü. Qərb ədəbiyyatını ona görə oxumalısan ki, görəsən, dünya nə düşünür, nə fikirləşir, onların dərdi nədir, sevinci nədir. Qərb müəlliflərinin də əsərlərini oxumalı, onların dərdinə öz dərdin kimi ağrımalı, sevincinə öz sevincin kimi sevinməlisən. Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalıq” romanını üç dəfə oxumuşam, yenə doymamışam. Yaxud Frans Kafkanın “Çevrilməsi” necə gözəldir. Bu cür başqa əsərlər də var, həmin əsərləri necə oxumamaq olar?!

– Məncə, Sovet dövründə təbii olaraq bizim yazarlara təsir edən rus ədəbiyyatının da, Sovet dövrünün diqtəsi ilə yaranmış ədəbi mətnlərin də sizin yaradıcılığınıza ciddi, nəzərəçarpacaq təsiri olmadı.

– Tamamilə düz deyirsən. Bunun da səbəbləri var. Saz qoymadı məni nala-mıxa vuram, yolumdan sapam, təsirə düşəm. Saz, torpaq, məni təmiz saxladı. Nəyimə lazım idi kim necə yazdı. Mənim öz yaradıcılıq yolum vardı o yolla irəlilədim, oxudum, bəyəndim, amma hər yetən söz adamını qələmimə yaxın buraxmadım. Ona görə də, Sovet dövrü, həmin zamanın diqətəsindən doğan vəziyyət yaradıcılığıma mənfi mənada təsir edə bilmədi.

– Kitablarınızda dönə-dönə ana mövzusuna qayıdırsınız, sanki bütün uşaqlıq xatirələriniz ananızla bağlıdır. Çox cildliyinizdəki şeirləri oxuyanda bu cəhət çox diqqətimi çəkdi.

– Tvardovskinin “Üfüqlərdən üfüqlərə” poemasını Tofiq Bayram tərcümə edib. Poemada deyilir:

Sənət timsalıdır xeyirxahlığın,
O şərə bürünsə xeyir yaranmaz.
Bir ana südünün, bir uşaqlığın, 
Paklığı olmasa şeir yaranmaz.

Elə bilirəm ki, 13 cildlik kitabımın hamısını anam yazıb, mən yazmamışam. Anam danışanda mən ağzıaçıq qulaq asıram ona. Elə danışır ki, elə bil möcüzə danışır. Yəni mənim anam təkcə ana deyil, həm də şairdir. Anam mənim, şeirlərimin, kitablarımın, bütün varlığımın müəllifidir. /kaspi.az, Fərid Hüseyn/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.