Cəlil Cavanşir - İllər yaman tez keçir...
08.10.13

(İradə Aytel və onun “Qanlı öpüşlər” kitabı haqqında dost sözü...)

Bir dostluğun tarixçəsi

İlk dəfədir ki, yazıma hardan və necə başlayacağımı bilmirəm. Hərdən yazmağa tərəddüd etdiyim, çəkindiyim yazılar olur. Dostlardan, özü də ən yaxın dostlardan, doğmalardan yazmaq çətindir. Bu günlərdə oxuduğum bir kitab əməlli başlı rahatlığımı əlimdən alıb. Ən yaxşısı lap əvvəldən başlayım...
2004-cü ilin may ayı idi. Gəncə Dövlət Universitetinin birinci kursunda oxuyurdum və Universitetdə təşkil olunmuş “Gəncliyin səsi” ədəbi birliyinin toplantılarına gedib-gəlirdim. Gəncədəki ədəbi mühitə yenicə isinişməyə başlamışdım. Uşaqlıqdan qəzetçiliyə, yazı-pozuya böyük marağım olduğu üçün jurnalistlərlə, yaradıcı adamlarla ünsiyyətə can atırdım. Axtarışdaydım. Harda şair, yazıçı, jurnalist görürdümsə söhbətə tuturdum. Elə bu marağım da məni “Töhfə” qəzetinin redaksiyasına aparıb çıxardı...

...”Gəncliyin səsi”nin növbəti toplantısından çıxmışdıq. Anar Gülümsoy, Bahadur Qobustan, Yamən Balacaxanım, Mehriban Vəfa və o illərdə universitetin ən dəbdə olan şairi Vüsal Hicranla universitetin qarşısındakı parkda toplaşmışdıq. Anarın “Töhfə” qəzetində bir yazısı və pafoslu bir şeiri çap olunmuşdu və deyəsən biz həmin yazını və şeiri müzakirə edirdik. Anardan bu qəzetə necə yol tapdığını soruşdum. Məlum oldu ki, Yamən Balacaxanım da, Mehriban Vəfa da, Anar da bu qəzetlə əməkdaşlıq edir. Uşaqlardan xahiş elədim ki, məni də “Töhfə” qəzetinin redaksiyası ilə, baş redaktoru ilə tanış eləsinlər.

Birlikdə zarafatlaşa-zarafatlaşa yollandıq “Töhfə”nin redaksiyasına. Redaksiya “Xan bağ”ında, səhv etmirəmsə Ayna Sultanova 1 ünvanında yerləşirdi. Deyə-gülə, səs-küylə “Töhfə”nin redaksiyasına daxil olduq. Uşaqların dediyinə görə mənim haqqımda baş redaktora məlumat vermişdilər. Deyəsən qəbuluna getdiyim baş redaktor “Gəncliyin səsi”nin üzvü olduğumu, şeirlər yazdığımı bilirdi.  O zaman qəzet baş redaktorlarını yaşlı və sərt, eynəkli, dağınıq saçlı, kağız-kuğuzla eşələnən tiplər olaraq təsəvvür edirdim. Gözlədiyimin əksinə olaraq məni gənc, gülərüz, qarabuğdayı və gözəl bir xanım qarşıladı. Hətta masasının üstündə balaca bir güzgü də vardı. Hərə stol çəkib bir tərəfədə oturdu, uşaqlardan kimsə redaksiyadakı yeganə kompyuterin arxasına keçdi.
Qarabuğdayı xanım özünü təqdim elədi:
-“Töhfə” qəzetinin baş redaktoru, İradə Aytel.
Salamlaşdıq. O vaxt mən şeirlərimi hələ “Yurdsevən” imzasıyla yazırdım. Özümü sıxıla-sıxıla təqdim etdim:
-Cəlil Yurdsevən.
Baş redaktor gülə-gülə sual verdi:
-Sən niyə belə gombul və balacaboysan?
Uşaqlar gülüşməyə başladı. Bir anlıq özümü itirdim. Bu yaraşıqlı xanımın qarşısında bir balaca tutuldum. Hərbi xidmətdə həyatın hər üzünü görsəm də, kənd uşaqlarına xas utancaqlığım qalırdı. Qıpqırmızı qızardığımı sonradan uşaqlar tez-tez yada salıb gülürdülər. Əksəriyyəti məndən yaşca kiçik olan gənc jurnalistlərin yanında özümü itirmədim. Tez-bazar toparlandım və guya hazırcavablıq elədim:
-Bir bu qədər də yerin altındadır, İradə xanım.
Uşaqlar yenidən gülüşdü və beləcə doqquz illik dostluğun təməli qoyuldu. Eyni zamanda mənim jurnalistikaya gəlişim rəsmiləşdi...

Səmimi, mehriban və doğma kollektiv...


Çox səmimi və mehriban, gənclərdən ibarət kollektivimiz vardı. Uzun illərdir nüfuzlu media orqanlarında redoktorluq edən Bəxtiyar Elcan onda hələ bizim redaktorumuz idi. Rəşad, Fariz, Gülnarə, Mehriban, Yamən, Anar, Elşən, Şahsuvar, Elsevər, Bahadur və başqaları qəzetin baş redaktoru İradə Aytellə yaxın qohumları, dostları, əzizləri kimi davranırdı. Redaksiyada işgüzar mühitdən daha çox, dostluq mühiti hökm sürürdü. Əksəriyyəti tələbə olan jurnalistlər dərsdən birbaşa redaksiyaya gəlir, tapşırıq almamışdan əvvəl yeməyə nə olduğunu xəbər alırdılar.
 Ayda bir dəfə nəşr olunan qəzetin, daimi müəlliflərindən biri də mərhum folklorşünas alim Sədnik Paşa Pirsultanlı idi. Eyni zamanda Gəncəbasarın bütün tanınmış ziyalıları, sayılıb seçilən imzaları bu qəzetdə çap olunmağa can atırdı. İradə Aytel isə daha çox  gənclərə, özünün saf və təmiz çevrəsinə şərait yaradırdı.
Kollektivin bütün ad günlərini birlikdə qeyd edirdik. Bir yerə topladığımız azacıq pulla elə redaksiyadaca gözəl bir süfrə açır, danışıb-gülür, rəqs edib əylənirdik. Çox qəribə, inanılmaz dərəcədə saf mühitimiz vardı. Ən çətin, ən gərgin anlarımda redaksiyanın qapısından girən kimi, əhvalım dəyişirdi. Anarın pafoslu, odlu-alovlu şeirləri, Bahadurun qəzəlləri, İradə Aytelin qəribə ədayla dediyi şeirlər, Bəxtiyar Elcanın tənqidləri gəncliyimin ən gözəl xatirələri kimi, xatirə saxlancımdadır.

Təəssübkeş və etibarlı sirdaş...

Oğlanlı-qızlı bütün sirrimizi İradə xanımla – sevimli baş redaktorumuzla bölüşürdük. Qeyri-ixtiyari olaraq ondan heç nə gizlədə bilmirdik. Sirrini, sözünü gizlədənlər isə yavaş-yavaş sıralarımızı tərk edirdi. Mən isə ümumiyyətlə sirrimi, yaşantılarımı gizlədən deyiləm. İyirmi yaşımda da belə idim, indi də beləyəm...

...O zaman mən yenicə nişanlanmışdım. Kollektivin çoxusu bu məsələdən xəbərdar idi. Amma onu da bilirdilər ki, tezliklə bu nişan pozulacaq.
Bir gün çəkinə-çəkinə redaksiyadakı qızlardan birindən xoşlandığımı İradə Aytelə pıçıldadım. İlahi, necə də əsəbləşdi! And içdi ki, əgər belə bir fikrə düşsəm məni redaksiyaya buraxmayacaq. Aylar sonra nişanım geri qayıdanda mənə öz doğması kimi ürək-dirək, təsəlli verdi. Sonra adını gizlicə pıçıldadığım o qızla nişanlananda da, ailə quranda da, övladımız dünyaya gələndə də doğmamız, əzizimiz kimi məclisin yaraşığı oldu... Müəyyən səbəblərdən bir neçə il ailəmdən ayrı yaşamalı olanda da, məni tək buraxmadı. Mənimlə ağladığı, sabaha qədər başımı qatmağa, dərdimi unutdurmağa çalışdığı günlər yadımdan çıxmayıb...

Dəfələrlə evlərində qonaq olmuşam. Bütün ailəsini, yaxınlarını demək olar ki, tanıyıram. Hətta qohumlarının da bizə, bizim kollektivə xüsusi sevgisi olub həmişə.
“Töhfə”li xatirələr o qədər doğmadır ki...Xatırladıqca, yada saldıqca istəməsəm də kövrəlirəm. İradə Aytel sıradan baş redaktor deyildi. Bütün kollektiv onu ən doğma adamı hesab edirdi. Təsadüfi deyildir ki, “Töhfə” uzun illərdir fəaliyyət göstərməsə də, İradə Aytel indi də hamımızın sevimlisi, doğmasıdır. Onun isə heç vaxt özü üçün heç nə istəməz, heç kəsə əziyyət verməyi, incitməyi xoşlamaz. Amma bacardığı yaxşılığı, köməyi isə heç vaxt əsirgəməz. Bəzən evinin qaz pulusunu alıb xərcləmişəm. Harda olur olsun - Şəmkirdə,  Gəncədə, Bakıda qapısını cəsarətlə, ürəklə, ərklə döymüşəm.

Mənim sevimli şairim...

Yazının bu məqamında etiraf edim ki, İradə Aytelin xoş xasiyyətini, qəribə xarakterini təsvir etməkdə acizəm. Özü küsəyən olsa da, küsdürməyi də bacarır. Dəfələrlə cırnadıb, küsdürüb sonra yenə də könlümü alıb. Aramızı vurmaq üçün söz gəzdirənlər, bizi bir-birimizin gözündən salmağa çalışanlar çox olub. Şükürlər olsun ki, dostluğumuz hələ də davam edir. İllərlə bir-birimizi görməsək də, bu dostluğun davam edəcəyinə şübhəm yoxdur. Çünki onun
etibarı bu dostluğu xilas edir...

Onu yaxından tanımaq üçün təkcə dost olmaq, yoldaşlıq etmək, birlikdə işləmək kifayət deyil. İradə Ayteli tanımaq üçün onun yaradıcılığı ilə, bir-birindən gözəl, kövrək şeirləri ilə, nəsri ilə, cəsarətli publisistikası ilə də tanış olmaq da lazımdır. İndiyə qədər müəllifi olduğu əsərlərin çoxusu ilə tanışam və  İradə Aytelin qələmini sınadığı bütün janrlarda istedadlı söz dediyinə əminəm. Amma nədənsə İradə xanımın şeirlərinə hər zaman xüsusi rəğbətim olub. Baxmayaraq ki, onun yaradıcılığı ilə ilk tanışlığım “Bir cüt qızılgül” sənədli romanı ilə başlayıb. Onun şeirlərini həm sevə-sevə oxumuşam, həm də xoşbəxtlikdən öz ovsunlayıcı səsindən dinləmişəm. Bu gün də şəxsi ünsiyyətimizdən əlavə, o mənim sevimli şairimdir. Təəssüf ki, doqquz illik dostluğumuza baxmayaraq indiyəcən onun yaradıcılığı haqqında bircə cümlə də yazmamışam. Və indi dərk etmişəm ki, illər yaman tez keçir...

Yəqin bu məqamda oxucu məni qınayacaq. Bəli, elə olub ki, çalışdığım mətbu orqanlarda olduqca istedadsız adamlardan müsahibə almışam, müxtəlif səbəblərdən sönük istedadı olan adamların yeni kitabı haqqında resenziya yazmışam, ədəbiyyatda qalıcı olmayacaq imzaların əsərlərini tənqid etmişəm. Amma uzun müddət tanıdığım və sevdiyim bir imza haqqında heç nə yazmamışam. Həmişə mənə elə gəlib ki, yaxınımda olan, doğma hesab etdiyim adamdan yazsam, məni düzgün başa düşməyəcəklər. İndi isə bütün bunlar məni ilgiləndirmir. İradə Ayteldən zamanında yazmadığım üçün təssüflənirəm...

“Qanlı öpüşlər”

Bu günlərdə təsadüfən İradə Aytelin son kitabı, “Qanlı öpüşlər” hekayələr toplusu əlimə düşdü. Kitabın o tərəf, bu tərəfinə baxıb tutuldum. Sevimli dostumun kitabını başqalarında görməyə sevinsəm də, hələ də əldə etmədiyim üçün özümü qınadım. Yol boyu özümü qınadım.  Evə çatar-çatmaz öz guşəmə çəkilib kitabı vərəqləməyə başladım. Əksər hekayələri kitabın nəşrindən əvvəl bir neçə dəfə oxusam da, hətta bəziləri bir vaxtlar çalışdığım qəzet və saytlarda nəşr etdirsəm də, kitabı yenidən, böyük həvəslə oxumağa başladım. Kitabı oxuya-oxuya İradə Aytellə ilk tanışlıqdan bu günə qədər ötən vaxt kino lenti kimi gözlərimin önündən keçdi. Gah “Xan bağı”, gah Şəmkirin Şiştəpəsi, gah da Maralgöl, Toğana, Göy Göl gözümün önündə canlandı. İradə Aytelin Şiştəpədəki təmtəraqlı ata evi, Gəncədəki birotaqlı mənzili, Bakıda kirayə qaldığı evləri xatırladım. O günlər, o söhbətlər üçün darıxdım...

İradə Aytelin nasir potensialı olduqca böyükdür. O balaca bir hekayə kitabında, o qədər rəngarəng və maraqlı mövzulara toxunub ki, bu potensialı etiraf etməmək insafsızlıq olar. Müəllif bütün hekayələrində oxucunun “damarını tutmağı”, oxucu ilə həmsöhbət olmağı bacarır. Belə demək mümkünsə, İradə Aytelin hekayələri özü kimi qılıqlı, yapışıqlı, ünsiyyətcildir. İstənilən hekayədən bir neçə cümlə oxuduqdan sonra dilin şəhdi-şəkəri, yazının axıcılığı oxucunu ağuşuna alır. Müəllif çox sadə dildə, gündəlik rastlaşdığımız və bəlkə də unutduğumuz hadisələri qələmə alır.  Sevgi, xəyanət, dostluq, vətən sevgisi, müharibə və s. mövzular  o qədər peşəkarlıqla təqdim olunur ki, oxucu özünü bir anlıq da olsa qəhrəmanların yerinə qoyur, onların yaşadıqlarını içindən keçirir.

Kitabdakı bütün hekayələr peşəkar nasir qələmin məhsuludur. Hər birini ayrı-ayrılıqda maraqla oxuyacağınıza və sevəcəyinizə əminəm. İradə Aytelin doqquz illik oxucusu olaraq mən də bütün hekayələri böyük maraqla və diqqətlə oxudum. Bəzilərini dəfələrlə oxusam da, bu dəfə də oxuyub duyğulandım, təsirləndim. Amma iki hekayə, “Səhv düşən “Fatihə”” və “Qonaqlıq” hekayələri mənim üçün daha maraqlı oldu.  Birinci hekayədə İradə Aytelin ironiyası, dili,  mövzuya vaqifliyi, ikinci hekayədə isə qələm dostum Bəxtiyar Hidayətin portretinin dəqiq təsviri, onun daxili dünyasının ustalıqla açılışı məni heyrətləndirdi. Xüsusən “Səhv düşən “Fatihə””nin dili mənə ləzzət elədi.

... Kitab haqqında ayrıca bir yazı yaza bilsəm, yəqin ki, hekayələri ayrı-ayrı təhlil edəcəyəm.  Amma könül istərdi ki, bu gözəl hekayələr toplusu ədəbi tənqidimizin də diqqətindən kənarda qalmasın. İradə Aytelin istedadı, onun zəhmətkeşliyi diqqətdən kənarda qalmamalıdır.

...Hə, əziz oxucu. Mən səni əmin edirəm ki, “Qanlı öpüşləri” oxusan, İradə Aytel yaradıcılığı ilə tanış olsan, peşman olmayacaqsan!  Artıq qərar sənindir! Məncə, oxumaq zamanıdır...


Avanqar.net

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.