İşıqlı duyğuların adamı – Afiq Muxtaroğlu
14.10.13

AFIQ MUXTAROĞLU-50

Afiqlə canlı ünsiyyətdə olanda da, onunla telefonla danışanda da, yazılarını oxuyanda da, hətta Afiqi sadəcə xatırlayanda da könlümü işıqlı duyğular bürüyür, qəm-qüssəm azalır, çılğın və narahat ruhum sakitləşir; bir daha əmin oluram ki, dünya deyildiyi qədər rəzil, söyüldüyü qədər əzazil deyildir. Çoxlarının dövrandan gileyli, yaşamdan şikayətli, cəmiyyətdən küskün olduğu bir zamanda könlü dost könüllərinin dərd yeri olan Afiq Muxtaroğlu mənim üçün yaşayan (Ulu Tanrı ömrünü uzun eləsin!) işıqlı bir obrazdır və mən bu obrazın bəzi cizgilərini sayğıdəyər oxucularla bölüşmək istəyirəm.
Bu ilin oktyabrında 50 yaşı tamam olacaq Afiq Əliyev Qarayazıda – Qardabani rayonunun Nəzrərli elində indi də bütöv bir mahal tərəfindən adı ehtiramla anılan rəhmətlik Muxtar əminin ailəsində dünyaya göz açıb. Orta məktəbi də, indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini də uğurla bitirib. Bir müddət gözəlim Azərbaycanın Qax-Balakən bölgəsində müəllim işlədikdən sonra doğma yurduna qayıdıb, burada pedaqoji fəaliyyətlə bərabər, elmi-ədəbi yaradıcılıqla məşğulluğunu davam etdirib. Elə buradaca qeyd edim ki, hələ bir kitabı da çap olunmayan Afiq Muxtaroğlunun yalnızca dövri mətbuatda indiyədək çap olunmuş poetik və elmi-publisistik yazılarını çap etdirəsi olsaq, heç olmasa, 5 cildlik lazım gələrdi (bu cümləni həm oxucuya məlumat, həm də Afiqə bir işarə kimi də qəbul etmək olar).
Afiqin ilk yazıları hələ orta məktəb illrəində “Samqori” rayon qəzetində dərc olunub. Elə o vaxtdan Azərbaycanın və Gürcüstanın çeşidli mətbu orqanlarında, toplu-almanaxlarda könül oxşayan şeirləri, publisistik yazıları, tarixi-etnoqrafik məqalələri görünməkdədir. O da əksər gerçək yazarlar kimi tribuna şairi deyil; hay-küyçülük, köpüklü pafos, qıcqırmış vətənpərvərlik, sətiraltı və misraüstü donosbazlıq onun ruhuna yaddır. O, şeiri sadəcə yazır, özü də yazmamaq mümkün olmayanda, duyğuların ağırlığına-amansızlığına dözə bilməyəndə yazır və... bunula da missiyasını bitmiş sayır. Sonrası isə dostların “əldə kəlbətin” həmin şeirləri ondan qopara bilmək bacarığından asılıdır.
Bu arada bir xoş xatirəni yazmadan keçmək istəmirəm. 2000-ci illərin əvvəlində “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsinin növbəti sayında Afiqin şeirlərini dərc etdirmişdik. O zaman Xanəmirin, Azər Turanın və mənim hazırladığım həmin qəzetin hər sayı böyük maraq doğururdu. Hörmətli xalq şairimiz Zəlimxan Yaqub da bir nömrəni də addatmırdı. Günlərin birində Z. Yaqub mənə zəng etdi və əgər yaxındayamsa “Neftçilər” metrosu yaxınlığındakı “Borçalı ocağı”na gəlməmi istədi. Biz, bir sıra yazarlar ara-sıra ora yığışır, Sahil Vətənoğlunun bir dəstə qəzetini bölüşüb oxuyur, çay içib söhbətləşirdik. Nə isə, gəldim deyilən yerə, hamı ilə görüşüb oturdum, təzə süzülmüş çaydan bircə qurtum da içməmiş, Zəlimxan bəy: - Qəzetin təzə nömrəsini oxudum, Afiq Muxtaroğlunun şeirləri çox xoşuma gəldi, - dedi və tələsik Afiqin harda yaşadığını soruşdu. Mən də burda yaşamadığını, ali məktəbi bitirdikdən sonra yurda qayıdanlardan olduğunu söylədim. Sonra yazar dostumuz rəhmətlik Ayvaz Əlləzoğlu Zəlimxan Yaquba Afiq barədə daha geniş bilgilər verdi (bu işıqlı xatirəni gerçək şairlərin bir-birinə dəyər verməsinin bir gerçək olduğunu isbatlamaq üçün yazdım).
Afiqlə 25 ildən artıqdır dostluq edirik, artıq 5 ilə yaxındır ki, “Varlıq”da birgə çalışırıq. Poetik yaradıcılığını heç zaman reklam edib gözə soxmayan qələm dostum, işində hər zaman ciddi və məhsuldardır. Başqalarına adi görünən ən xırda detalı böyüdərək obyektə çevirə və təfərrüatlarına qədər incələyə bilir. Paralel olaraq çalışdığı Kosalı orta məktəbində, dəfələrlə şahidi olmuşam, şagirdləri ona müəllimi kimi ehtiram göstərir, doğma valideyni kimi sevirlər.
Afiqin dörd sevimli övladı var. Artıq qızları Afayət və Afaq yüksək balla ali məktəbə qəbul olunaraq tələbə həyatı yaşayırlar. Mənim “Şura xala” deyə çağırdığım üçüncü fidan qızı orta məktəbdə oxuyur və sonbeşik Abdullanın xoş ərköyünlüyünə mətanətlə “dözür”.
Bu yazını “Meydan” dərgisinin həcminə uyğunlaşdıraraq kəsə getməyə məcburam, bununla belə, onun fədakar dostluğunu qeyd etmədən keçə bilmirəm. Keçən il bir dostumuzun sıxıntısını gözlərindən oxuyan Afiq, tövlədəki damazlıq danasını sataraq, onu sıxıntıdan qurtarmış, az sonra isə özünün banka xeyli borcu olduğu üzə çıxmışdı. Bu, onlarla belə faktdan sadəcə biridir və inanıram ki, başqa cür də mümkün deyil, çünki bu dünyanın həqiqi sənətkarları Allahın ən canıyanan bəndəsi olurlar – şair Afiq Muxtaroğu kimi.
Sonda Afiqin bu təqdim etdiyim şeirlərinin oxucularına “qiraətiniz xoş olsun” deyirəm.

Rafiq HÜMMƏT,
Şair, AYB Gürcüstan bölməsinin sədri

25 sentyabr, 2013

***

Göməcək könlündə, ay zalım səni,
Belə heyran-heyran baxdığın üzük;
Eşqimiz boğulub gedir arada,
Aparıb ağlını taxdığın üzük.

Şehli gözlərini bilən bir mənəm,
De, görüm kim silir indi şehini?
Var-dövlət nişanı bir üzüklə sən,
Dövlətli olmağın aldın behini.

Bir üzük ağlını aldı başından,
Hay düşdü, dedilər: - filan dəlidi;
...Baxıram səni də qınamaq olmur,
Taleyin aparıb vara teylədi...

A nəfsə yenilib, yenik düşənim,
Nəfsin dediyindən keçə bilmədin;
...Yüz üzük var idi önündə sənin,
Sən öz üzüyünü seçə bilmədin...

***

Tər bənövşə, novruzgülü, –
Novruz payı, mart sovqatı;
Üzə durub, getmək bilmir,
Qəm duyğusu, dərd ovqatı.

Atılmadım tonqal üstdən, –
Vaxt olmadı arınmağa;
Dərd başıma od ələdi,
Yer aradım qorunmağa.

Şirni-şəkər löyün-löyün,
Şamlar yandı, şölələndi;
... Bayram gəldi, nə faydası? –
Dərd canıma şələləndi...

***
Durub-durub çox baxmışam
Bu dünyanın gərdişinə;
Ölüm-zülüm alışmışam
Adətinə, vərdişinə.

Guya hərdən nəşələndim, –
Dərd içində eşələndim,
Mən üyündüm, üşələndim,
Heç görmədim dərd üşənə.

Gün vermədi, ay vermədi,
Sevincindən pay vermədi,
Ha hayladım, hay vermədi,
Gedib girdim dərd işinə...

***

Kədərə-qəmə təklənib,
Neçə cür fikir eylərəm;
Yüz dərdi birdən yüklənib,
Tanrıya şükür eylərəm.

Kəsilməz dilim şükürdən,
Hər gələn dərdi çəkərəm;
İşimin adı nədir ki? –
Onsuz da boşam-bekaram.

Hər kəsin əli xəmirdə,
Deyəsən, elə mən boşam;
...Güc gəlir dərdin qoşunu,
Qorxuram yeniləm, paşam?!

***

Gözyaşı gözümdə hazır,
Baxsan yetər yanağıma;
Dərd-qəm gəlib məzar qazır, –
Kəmmi baxım qonağıma?

Qəmin boğazı əlimdə,
Kədərin canı məndədi;
Ağrımı deyirsən, buyur,
Acının kanı məndədi?

Məndədi qəmin gözəli,
Məndədi dərdin yekəsi;
...Çöpümdən düşür həmişə,
Payıma dərd-qəm tikəsi...

***
Mən sənə nə deyim, zalım balası,
Nə dillə danışım mən sənnən indi;
Nökərdi varlığın şeytana, cinə, -
Təpədən dırnağa qəzəbdi-kindi.

Nə deyim mən sənə, sözüm ha keçmir,
Səninki inaddı, səninki höcət.
Yanmaq istəyənə yetər qığılcım,
Atəşə nə hacət, oda nə hacət. ;

Artıq başımmı var qoşulam sənə,
Daşlardan daşlara vuram başımı;
Him-cimdən uzaqsan, yüz göz eyləyim,
Nə çıxsın oynadım, çatım qaşımı.

Yumruğum arada döyür dizimi,
Üzümə çırpılır vurduğum şillə;
...Çatdıra bilmədim sənə sözümü,
Mən sənə heç sözmü çatdıra billəm?..

***
Hər yerindən özəl yeri,
Bu dünyanın əzəl yeri,
Cənnət yeri, gözəl yeri,
Vallah, vətən dedikləri.

Doğulanda beşiyimiz,
Yorulanda döşəyimiz,
Həm evimiz-eşiyimiz,
Vallah, vətən dedikləri.

Niyə susdun, söylə-danış,
Dağı uca, düzü geniş,
Hər qarışı doğma-tanış,
Vallah, vətən dedikləri.

Anamızdan əmdiyimiz,
Daha neçə umduğumuz,
Qoynunda göz yumduğumuz,
Vallah, vətən dedikləri.

***
Verimsiz torpağa dönmüşəm daha,
Boş bir yer tapıla, dincə qoyulam;
Nə ola qayıdam uşaqlığıma,
Nadinclik üstündə küncə qoyulam.

Kim aldı ağlımı, uydum şeytana,
Bələndim günaha, bələndim suça;
Verdim saflığımı bada bir anda,
Öz əlimlə döndü paklığım puça.

Kirləndi paklığım, öldü saflığım,
Öldü uşaqlığım bir gün içimdə;
Ölümün cəngindən ala bilmədim,
İçildi su kimi bircə içimdə.

Ağılsız-ağılsız suçlu gəzirəm
Öz əlim öldürdü, öz əlim onu;
Mən indi de, kimi tutum günahkar,
Öz əlim məhv etdi, gözəlim, onu.

Düşüb axtarıram uşaqlıq deyə,
Özüm öldürmüşəm vaxtsız ölümlə;
...Kim aldı ağlımı, bilmədim özüm,
Boğdum uşaqlığımı, boğdum əlimlə...

***
Nə qədər uzanıb getsə də bu yol,
Axırda sonunu tapacaq, vallah;
Mərdi qova-qova namərd edirik,
Biçarə yolundan sapacaq, vallah.

Kimini yalandan salırlar şərə,
Kim bilmir bu işin suç olduğunu?!.
Hamımız bilirik yalandı dünya,
Bilirik sonunun puç olduğunu.

Bilirik sonumuz bitir ölümlə,
Qoyub gedəsiyik yaşılı-alı;
Aparan deyilik dünyadan heç nə,
Dünyada qalacaq dünyanın malı.

Bilirik hamımız bütün bunları,
İnadı, höcəti yerə qoymuruq;
Başımız açılmır qandan-qadadan,
Davadan-dalaşdan yenə doymuruq.

***
Dinlə məni, uca zirvə,
Tozlu yollar, məni eşit;
Qınamayın məni siz də,
Dərddi gəlir çeşid-çeşid.

Sabah-axşam gələn dərddi,
Gəlir saznan, gəlir söznən;
Gəlib düşür ürəyimə,
Kimsə görmür adi göznən.

Hər tərəfdən hücum edib,
Gəlir dərdin hər cürəsi;
Söylə, ürək necə dözsün,
Ürək olub dərd hücrəsi.

Dərd hücrəsi olub sinəm,
Hər gün gedir dərd iclası;
İş bölünür çeşid-çeşid,
Qalır təkcə iş icrası...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.