Rəhim Əliyev - Yazıçı və alim Nasir Mənzuri
18.10.13

Hasir Mənzuri-60

Həyat və yaradıcılığı

Nasir Mənzuri Cənubi Azərbaycanda türkcə yazan nasirləridən maraqlısıdır. O, müasir nəsr və təhkiyə nəzəriyyələri ilə bağlı olan yazarlardan biri, bəlkə birincisidir. Nasir Mənzuri 1953-cü ildə Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində doğulub. Təbriz Universitetinin “Tikinti mühəndisliyi” fakültəsini bitirib. 1980-ci ildən Tehranda yaşayır, 1983-də ailə qurub. İki oğlu var: Nima və Aydın. Öz tərcümeyi-halında o qeyd edir ki, “humanitar elmlərdən” uzaq olmaq üçün texniki elmlərə meyl edib, Azərbaycan folkloru ilə şəxsi mütaliə yolu ilə maraqlanmışdır. Nasir ingilis dilini bilir, bu dildə məqalələri vardır. Avropa elmi mənbələrini, virtual texnologiyaları, müasir psixologiyanı, parapsixologiyanı öz təşəbbüsü ilə öyrənmişdir. Nasir Mənzuri məktəb illərindən nisbilik nəzəriyyəsi ilə maraqlanmışdır. 1980-ci ildə Tehrana köçdüyü ildən dilin psixologiyası, nitq, sözün qavrayışı və onun hafizə mexanizmlərində rolu mövzusunda müstəqil mütaliələrə başlamış və öz biliklərini təkmilləşdirməyə çalışmışdır. Bədii yaradıcılığa başladığı dövrdə farsca da nəsr əsərləri yazmışdır, lakin bunlar yarımçıq qalmışdır. Azərbaycan folkloruna maraq, uşaqlıq yaddaşındakı türkcə söz bazasının təhlili onun düşüncəsinə hakim olmuş və qopmaz fikir kimi onunla yaşamağa başlamışdır. Azərbaycan türkcəsində əvvəl uşaqlar üçün nağıllar, folklor motivləri əsasında “sicillər” (müəllif dialekt variantı olan “sicim”işlədir) yazmışdır. Bu təcrübələrin nəticəsi kimi yazıçının uşaqlar üçün yazdığı “Cırtdan” və “Həpirim, hüpürüm” adlı iki uşaq kitabı Tehranda anadilində çap edilmişdir: Nasir Mənzuri, “Həpirim, hüpürüm”, Tehran, Əndişe no, 2004; Nasir Mənzuri, “Cırtdan”, “Tehran, Əndişe no, 2005, 24 s. Azərbaycan folkloruna, ana dilinə olan məhəbbəti, bu yöndə mütaliə və axtarışları onu yazıçılığa, psixologiya elminə, üslub ustalığına və nəhayət, Azərbaycan mifik düşüncəsinin gözəl bilicilərindənbiri səviyyəsinə gətirmişdir. O təkcə üslub nəzəriyyəçisi yox, həm də təhkiyəvə üslub ustasıdır. Nasir Mənzuru çox təvazökar adamdır, yaradıcılıq işlərini bəzən “özü üçün məşğələlər” adlandırır. Lakin onun yaradıcı zəhməti artıq çoxdan elmi və bədii bir çəki, şöhrət qazanıb. Yazıçının humanitar elmlərə mənfi münasibətini anlamaq asandır: islam ideologiyasının şəriksiz bərqərar olduğu İranda ictimai elmlər və onun mətbuatı üzərində dövlət nəzarəti vardır. Belə şəraitdə Mənzuri anlayıb ki, modern humanitar elmifikirlə məşğul olmaq çox çətin olacaqdır. Ona görə də texniki elmlər sahəsinə girişmiş və Avropa elmi nailiyyətlərinə yiyələnmək üçün qabaqcıl İran ziyalılarının XIX əsrdən etdikləri kimi, Avropa dillərini, xüsusilə ingilis dilinin öyrənməyə nail olmuşdur. Yazıçının saytından öyrənirik ki, onun Azərbaycan türkcəsində ilk kitabı “Son nağıl, son əfsanə”dir və 1990-cı ildə buraxılmışdır (Tehran, Fərzanə nəşriyyatı, 1990). Müəllif özü bu əsəri “sicill” (ərəbcə- qeyd dəftəri) və ya “sicilləmə” adlandırır və folklora bağlayır və şer və nəsr janrlarından qabağa qoyur. Xalq arasında sicilləmə məlum folklor süjetlərini haşiyə və əlavələrlə uzatmağa, uşaqların bununla başını qatmağa xidmət edən söyləmə formasıdır. Biz Mənzurinin öz şərhindən belə anladıq ki, “sicil janrı” deyəndə o “İlliada”da, “Dədə Qorqud”da gördüyümüz qafiyəyə qədərki ritmik bədii mətnləri nəzərdə tutur. Onun bu mövzuda farsca ayrıca kitabçası çıxıbdır. Buna qafiyənin mövcud olmadığı dövrün xalq söyləməsi, bədihəyə yaxın ritmik folklore əsəri də demək olar. Nasir Mənzuri sicilin mənsur, lirik süjetli formalarına müraciət edir. “Son nağıl, son əfsanə” ilin dörd fəslinə görə dörd hissədən ibarətdir. Əslində bu uzun şerlə mənzumə arasında olan yığcam bir əsərdir. Görünür, müəllif özündə türkcə şer demək qabiliyyətini ilk dəfə bu şerdə hissetmişdir. Yazıçının 1994-ci ildə yapılmış “Qaraçuxa” (qısa roman, Tehran, Əndişe no, 1994) adlı ikinci kitabı göstərir ki, Nasir Mənzuri ana dilində yazmağa səksəninci illərdən başlayıb və həmişə ciddi nasir olmağa can atıbdır. Geniş tanınan və uğur qazanan əsərlərdən birincisi elə “Qaraçuxa” povestidir. Yazıçının Bakı mühitindəilk çap olunan bu əsəri “Azərbaycan”jurnalında (2005, N 9) Bakıda buraxılmışdır. Roman jurnalda şairə və ədəbiyyatşünas Sona Xəyalın yığcam, amma məzmunli ön sözü ilə dərc edilmişdir. Sonra əsər haqda Bakıda M.Mehdibəyovanın rəyiç ıxmışdır. (“Dil və ədəəbiyyat” jur. 2010,N 2), İranda isə bu əsərə Abbas Nəimi, Nadir Əzhəri, Fəranək Fərid və başqaları yüksək qiymət vermişlər. “Qaraçuxa” üzərində 2013-cü ilin sentyabr ayında Türkiyədə İzmir şəhərində, Egey Üniversitetində xanım Nazənin Zülfüqari öz yüksək lisans tezini uğurla müdafiə edibdir. Müəllif əsərin İranda nəşr tarixi haqqında yazır: “Qaraçuxa”nın ilk çapı 1994-də Ərəb əlifbasında oldu, 2-ci çapı isə 2006-da. İndisə, 2010-da Ərəb əlifbasında 3-cü çapına hazırlanmaqla yanaşı, latın əlifbasında da hazırlana bildi.” Biz bu əsərin Tehranda 2006-cı ildə latın əlifbasında işıq üzü görmüş sonuncu nəşrini oxumuşuq. Yazıçı dilə həssasdır, buna görə əsərlərinin çaplarında xeyli nüsxə fərqləri olur. 2005-ci ildə Tehranda Nasir Mənzurinin “Avava” adlı üçüncü kitabı 342 səhifə həcmində çap edilmişdir. (Tehran, Əndişe no, 2005). Bu yazıçının ən iri nəsr əsəridir və kompozisiya, süjet əlamətlərinə görə yığcam bir romandır. “Avava” romanı 2004-cü ildə yazılmış və 2005-də çap edilmişdir. “Avava” romanının üzərində, 2010-da Türkiyənin Manısa şəhərində Celal Bayar Üniversitetində xanım Sədəf Ahənpənçə, öz yüksək lisans tezini yazıb və uğurla müdafiə edibdir.

Roman və povestləri

Nasir Mənzurininroman adlandırdığı “Qaraçuxa” iki müəllif vərəqi həcmində olan bir povestdir. Əsərin adı da onun folklor örnəklərinəbağlılığını göstərir. “Qaraçuxa” dilimizdə bir çox mənalarda işlənir. Çuxa arxalıq, çiynə salınan uzun geyimdir. Qara sözünə qoşulanda yeni mənalar qazanıb. Onlardan biri yatan, dönən bəxt mənasındadır və “qaraçuxası yatıb” ifadəsi də buradandır. Bu ifadə yəqin örtüksüz qalıb, himayəsiz qalıb çalarından törəyib. Mənzurinin povestindəki “qaraçuxa” sözü isə mifik məna daşıyır. Həmin mif povestdə nəql olunur. Mən uşaqlıqda bu mifi “cin” haqqında eşitmişəm. Guya cin həqiqətən var, adamların məişətində gözə görünmədən iştirak edir. Tövlədə bəzən bağlı atların tərləməsi bunun sübutu sayılır. Həm də belə bir inam bar ki, qoçaq kişilər cinin paltarına sancaq taxanda, o gözə görünür və cini həyət-bacada işlətmək olur. Cin sözü əvəzinə bəzi dialektlərdə Hal adı da vardır və həyət-bacadan bir şey gözlənilməz itəndə “Hal apardı” ifadəsi işlənir. Nasir Mənzurinin povestində Hal adının qaraçuxa variantını görürük. Yazıçı bütün povestə “Qaraçuxa” adını elə belə qoymayıb. Onun povestinin əsas motivlərindən biri insanın sözlə tanımadığı, gözlə cin kimi görmədiyi zehni və emosional qabiliyyətlərindən və instinktlərindən söhbət gedir. Bu mənada povestin adı cin mifindən daha geniş bir mənanı ifadə edir və bu məna da müəllifin öz mifi sayıla bilər. Bu əsərin həcmi, yuxarıda deyildiyi kimi, iki çapdan artıq olmaz. Amma dil, üslub, həyata münasibət, insanı və təbiəti göstərmək baxımından bu əsər çox qüvvətli təsir bağışlayır. “Qaraçuxa”da Nasir Mənzuri həm xalq həyatının bilicisi, həm gözəl psixoloq, həm xalqın mifik və folklor fantaziyasından yaradıcı şəkildə qidalanan bir yazıçı, həm də yeri gəldikcə etnoqrafizmə meyl edən bir müəllifdir. Onun prozası psixoloji detallarla və müşahidələrlə daha zəngindir. Yazar kimi bütün diqqətinin insanıniç dünyasını göstərməyə, sözlərlə əyaniləşdirməyə yönəlidir. Nasir Mənzurinin nəsrində ən qiymətli və gözlənilməyən cəhət yeni bir nəsr təhkiyəsi yaratmaq təşəbbüsüdür. Təhkiyə problemi bizim Şimal nəsrində də aktualdır, İsi Məlikzadə, Əkrəm Əylisli, radionun folklor redaksiyası və başqaları bu yöndə çox çalışıblar. Lakin təhkiyə problemi, onun yazılı dil məntiqindən çıxa bilməməyi hələ də bizim üçün problem olaraq qalır. Bakıya elmi iş müdafiə etməyə gələn cənublu alimlər bizim elmi kitabları, ilk növbədə, sintaktık intonasiyanı tuta bilmədiklərinə görə oxuya bilmirlər və gileylənirlər. Bu, müasir ədəbi dildəki ciddi bir əngələ işarədir. Yəqin ki, düz gileylənirlər, çünki tərcümə üslubundan törəmə sintaktik intonasiya, özü də ana dilindən yox, “kalka” və yad bir intonasiyadır. Bakıda çıxan elmi kitabları oxuyanda Nasir Mənzuri yəqin ki, bu problemlə toqquşubdur. Bu intonasiya nəinki yaddır, publisistik dildə çox zəifdir, bu isə kitab oxumaqda psixoloji əziyyət yaradır, artıq enerji tələbedir. Bu problem iki tarixi səbəblə bağlıdır. Sovetləşmədən sonra mətbuatın dili Ə.Haqverdiyev və Mirzə Cəlıl ənənələrindən uzaqlaşdı. Çünki bolşevik qəzetçiliyi tərcüməçiliyin bir şəklinə çevrildi. Bütün qəzetlər “Azərinform”un Moskvadan gələn və ya Bakı yəhudiləri tərəfindən rusca yazılan materialların tərcüməsindən ibarət oldu. Bolşevik jurnalistləribir-bir sovet yazıçısına çevriləndə istər-istəməz tərcümə üslubunda yazırdılar. K.Marksın və V.Leninin əsərləri də bu tərcümə üslubunda çevrildi. Bu, Rolan Bartın “dilin hökmü” adlandırdığı haldi. Bu üslubu bəyənməsək də, onun içindən çıxa bilmirik. Şeirdə tərcümə üslubunun basqısı olmadı,çünki heca şeri təhkiyəsi hələ 16-cı əsrdən bəri formalaşmışdı. Nəsr təhkiyəsiisə 20-30-cu illərdə roman janrı ilə birgə yenidən yaranırdı. Bu yaranma sovet mətbuat dili ilə birgə getdiyindən qəzet üslubunun basqısına tabe oldu. Müstəqillik dövründən bəri tərcümə “Azərinform”u yoxdur. Ədəbi dilimiz isə az-az olsa da, öz təbiətinə, öz intonasiyasına və sintaksisinə qayıdır. Bu qayıdışın ən radikal təzahürünü, gözlənilməz də olsa, Cənubi Azərbaycandan görürük. Doğrudur, Nasir Mənzuru öz təhkiyə axtarışlarını ancaq bizim yuxarıda göstərdiyimiz səbəblərə görə aparmır. Ən qiymətlisi odur ki, o ancaq gözəl bildiyi Cənub dialektlərinə əsaslanmağa çalışır, onların ifadə gücünə inanır. Bizdə indi də qəzetçilikdə və tərcüməçilikdə təhkiyə eksperimentlərini bu dəfə İstanbul ləhcəsinə əsaslandırmaq təşəbbüsləri də vardır. Mənzuri bunu mənasız sayır, ancaq öz bildiyi anadilinin, türk sözlərinin, o birilərdən qədim Təbriz dialektinin potensialını ortaya qoymağa can atır. Bizcə, ən qiymətlisi elə budur. Yetkin ədəbi dilimiz Cənub və şimal dialektlərinin, onların söz və ifadə gücünün təbi isintezi olacaqdır, bu, qaçılmazdır. Nasir Mənzurinin əldə olan yazıları Bakıda işlək olan nəsr təhkiyəsini, müəyyən mənada, dağıdır. Bu yaxşı dağılmadır, çünki nəsr təhkiyəsinin ana dilimizin təbii danışığa əsaslanan intonasiya və söz potensialına qayıtmasına imkan, yol və psixoloji əsaslar verir. O islahatt əklif etmir, ancaq nümunə göstərir. Nasir Mənzuri həm də ingiliscə gözəl bilən dilçi, psixoloq və təhkiyə nəzəriyyəçisidir. Bu barədə ingilis və fars dilində bır sıra əsərləri vardır. Bu əsərlərdə o, beyin, yaddaş və dili əlaqələrinin tədqiq edən peşəkar bir psixoloqdur. Onun nəsrində də qəhrəmanların yaddaşını araşdırmaq, burada gözlənilməz qanunauyğunluqlar, hadisə və təzahürlər tapmaq cəhdi qabarıqdır. Sözlər, həm də uşaqlıqdan yaddaşda yuva salmış sözlər onun üçün yaddaşın açarıdır, onun döngələrini, gizli potensialını anlamaq üçün əsas vasitədir. Yazıçı göstərir ki, adamlar öz yaddaş potensialından əslində bixəbərdir. Axı yaddaş sözdən ayrı deyil, əslində söz əlaqələrindən və bağlarından, mətləb və assosiasiya zəncirlərindən ibarətdir. “Qaraçuxa”nın əsas qəhrəmanı İlqar əmi də ömür və yaddaşı sözlər şəklində bilən bir insandır. Bu savadsız qoca təbii müdrikliyin özüdür, misilsiz bir fəhmə sahibdir. Bu fəhmlə o, torpağın, suyun, iylərin, bitkilərin səsini eşidir, onlara özünə xas adlar qoyur. Ümumiyyətlə, povestdəki əsas mövzu – insan və təbiətdir. Bu, bir tərəfdən yazıçının uşaqkən itirdiyi patriarxal kənd, elat mühitidir, onun üçün xiffətdir, nostaljidir. Bu motiv əsərin ikinci cavan qəhrəmanı ilə daha çox bağlıdır. İlqar əmi və onun cavan yol yoldaşı təbiəti duymaqda bir-birinə çox yaxındır. Həm də cavan yolçuda müəllifin avtobioqrafik cizgilərinin olduğu şübhəsizdir. Əsərin birinci hissəsində əsas motiv də məhz şəhər və kənddir, gənclərin kənddən getməsi və fəqət şəhərli ola bilməməsininpsixoloji əzablarıdır. Bu mövzu ikinci hissədə heyvanların sürgünü motivi kimim davam edir. Hər bir köç yoxluğa, ölümə doğru hərəkət, canatma mənası alır. Z.Freyd bunu ölüm instinkti kimi araşdırıbdır. 2008-ci ilin fevralında “Bayquş” saytına verdiyi müsahibədə Mənzuru müxbirin sürgün terminin aydınlatmaq sualına belə cavab verir: “Sürgün qavramı əslində bizim mənəvi varlığımızda olan dərin məhfumlardan biridir. Folklorumuzda “Sürgün” tükənib sürüylə birlikdə buyurulmuş rəmzli bir ölümə döğru getmək deməkdir. Canımızda da bizim belə bir üşünmək vardır, bizlə yaşayır. Xalqımızın toplum düşüncəsində də yaşaya bilibdir. Onun üçün də bizi düşündürməlidir. Uşaqlığımdan bəri bu məfhum mənə rəmzlidir. Mən bu qavramın tarixi-ictimai izlərinin axtarılmasını öz cəmiyyə ilə tarixuzmanlarının boynuna atıram. Ancaq folklorumuzda belədir: qurdlara, ilanlara, marallara sürgün buyurular . Bu düşüncə, bu məfhum folklorun öz işindəsanki bir aksiomdur (instinktdir), bu nöqtədən, beləcə yaşamaqla insanın özdurumuna gəlib çıxırıq.” Müəllif təbiət və cəmiyyət arasındakıoxşarlıqlar tapmağa meyllidir, bu bağları mənalandırmağa, bəzən isəmifləşdirməyə çalışır. Povestin birinci hissəsinin əsas nostalji mənbəyi uşaqlıq üçün xiffətdir. Cavan yolçu əslində şəhərlə kənd arasında qalan bir sərgərdandır. Cavan yolçu İlqar əminin söhbətlərində özünü tapır, özünü daha yaxşı başa düşür.Urbanizasiya və təbii adamın əzabları mövzusu 60-80-ci illərin şimal nəsrindədə aparıcı olub və bir çox yazıçıları təsirləndirib. İlqar əmi təbiətdən ayrılmayıb, amma oda bəxtsizdir. Təbiət onu xilas etməyib. Yada İsi Məlikzadənin “Gümüşgöl əfsanəsi” romanı düşür. Orada da qəhrəmanlar təbiətin içində ola-ola bədbəxt olurlar. Povestin sonunda müəllif onu öz içindən alışıb yanan dastan qəhrəmanı Kərəmə bənzədir. Hətta eyham vurur ki, artıq qocalmış İlqar əmi buz kimi Şırratanda ona görə çimir ki, alışıb yanmasın. Bu həm də Kərəm mifinin bir oxunuşudur. Formal olaraq süjet qatardan düşüb tərəkəmə obasına gedən iki adamın yol yoldaşlığının detallarıdır. Onların biri cavan, o biri qocadır. Lakin oxşardılar bir-birilərinə. İlqar əmi Şırratanda sevgilisini basdırandan sonra doğma kəndinə qayıtmağa qorxub, əyri dillərdən ehtiyat edib. Gülnaza olan məhəbbətinə görə, onun ölümünün yeganə şahidi olduğuna görə kəndini itirib. İndi kənddə Gülnazı bir əfsanə kimi hamı tanıyır, amma İlqar əmini heç kimx atırlaya bilmir. Cavan oğlan isə kəndini könüllü itirib, böyük şəhərə gedib, indi nostalji ilə yaşayır. Onların hər ikisini birləşdirən mövzu - təbiət duyğusudur. Bu duyğu hər ikisində qeyri adi dərəcədədir. Povestdəki əksər motivlər - təbiət duyğusu ilə bağlıdır. Yazıçı insan zehninin sirlərini, möcüzələrini də bu duyğudan ayrı bilmir. İlanların və digər heyvanların sürgünü, Sofu Qərənin ovsunlarla evdən ilanları çıxarması, çayın Kərəmi çalması, İlqar əminin Gülnazı basdırdığı yerə bağlılığı və birsıra digər motivlər təbiət mövzusu ilə bağlıdır. İlqar əminin mühüm saydığı həqiqətlərdən biri də budur ki, insan öz hisslərinin az bir qismin sözlərə sığdıra bilir, tam mənada isə sözlər insanın iç dünyasını, hissiyyat dünyasınıi fadə etməkdə açizdir. Bu adsız hisslər insanın özünü azca tanıdığından nişanədir. Povestdə insanın torpağa bağlayan nəsnələr axtarılır. Bir mifə görə, insanın göbəyi hansı torpaqdadırsa, onun canı də həmin yerə can atır. Povestdə torpağın adsız iylərindən danışılır, səsindən danışılır. Qurban kəsilən öküzünq anı itmir, yerdə qalan davar onun torpaqdakı iyini həmişə duyur, qurban kəsilən yerə toplaşır və s. Yazıçının parçaları dərc olunmuş “Oyunum-oyunum” povestində də insan və təbiət mövzusu, gecə, sübh çağının emosional duyumlarının təsviri aparıcıdır. Lakin “Qaraçuxa”da bu mövzu fəlsəfi tərzdə açılır. Burada əfsanə və miflərin əksəri təbiətlə bağlıdır. Yazıçı təbiətin məxsusi bir dili olduğuna dərindən inanır və bunu bədii detallarla əsaslandırmağa çalışır. Sayırıq ki, “Qaraçuxa təkcə Nasir Mənzurininöz qələminin yox, bütün müasir Azərbaycan nəsrinin ən parlaq əsərlərindən biridir. Əsərin qiyməti onadadır ki, buradakı mifik fəlsəfilik kənardan,“kitabdan” kəlmə deyil, yazıçının öz düşüncəsindən, nəql etdiyi materialın özündəndir. Bu əsil yazıçı istedadından doğan nadir bir keyfiyyətdir. Nasir Mənzurinin “Oyunum-Oyunum” romanından parçalar (1 və 2-ci fəsil) Bakı mətbuatında latınqrafikası ilə 2008-ci ildə modern ədəbiyyat jurnalı “Alatoran”ın 2008-ci il 12 və 13-cü saylarında dərc olunubdur. Hələlik ancaq iki fəsli dərc olunmuş bu əsər üzərində müəllifin işi davam edir. Yazıçının Vekipediyadakı anketində roman üzərində işin davam etdiyi bildirilir. Romanın adı “teatr”sözünün şifahi dildəki qarşılığı kimi işlədilir müəllif tərəfindən. Romanda uşaqlıq və səhnə oyunlarının oxşarlığı motivi də mənalanır. Əsəri müəllif oxuculara öz qısa müraciəti ilə təqdimetmişdir. Müraciətdə deyilir: “Burada verilən parça “Oyunum-oyunum” romanının birinci fəslidir. Bu roman Mirzə Bağır Hacızadənin yaradıcılığına qayıdır. Hacızadə bizim böyük teatr aktyorumuzdur. Onun həyatı xatirələnməli hadisələrlə bağlıdır. Bu roman onun son günlərini əks edir, ancaq bioqrafik deyil. Bu roman rəvayət söyləniş şivəsi olduğu qədər Hacızadənin xarakterinə uyğun götürülübdür. Rəvayətçi, burada, omniscient (tam bilici) deyil, bəlkə xarakterlərin təbii zehninə məhrəm bir fasilədən danışır. Nasr”. Bu qeydlərdən görünür ki, romanın qəhrəmanı Mirzə Bağır Haçızadə tarixi şəxsiyyətdirvə 50-60-ci illərdə Təbrizdə olan teatrda işləmiş məşhur komik aktyor olmuşdur. “Alatoran”da dərc olunmuş birinci fəsil aktyor barədə ayrıca bir hekayəni xatırladır. Bu hissədə Hacızadənin həyatının ölümünə yaxın son dövrünü göstərir. Qoca, halsız, pulsuz parasız və işsiz olan Mirzə Bağır ağır xəstədir, yaddaşıda pisləşib. Yazıçı onun zehninin belə vəziyyətindən həm süjet yaratmaq, həm də təhkiyə - rəvayət tərzi formalaşdırmaq üçün istifadə edir. Təqdimatda Nasir Mənzurinin qeyd etdiyi kimi, təhkiyə tam bilici, tam məntiqli müəllif sözü kimi aparılmır və mümkün qədər xəstə aktyorun psixologiyasına, köməksiz durumuna uyğunlaşdırılır. Bu uyğunlaşdırma bədii bir üsuldur. Əsərin təhkiyə tərzindən bilinir ki, Mənzuru özünə xas bir təhkiyə konsepsiyasının müəllifidir və əsərində onu praktik surətdə həyata keçirməyə çalışır. Bu da Cənubda fars dilində oxuyub təhsil almış ziyalı üçün çox mühüm bir keyfiyyətdir. Məlumdur ki, nəsr yaradıcılığında ən çətin məqam fərdi təhkiyə tərzi yaratmaqdır. Bu təhkiyə haqlı olaraq yazıçının fərdi yazı tərzinin, üslubunun əsas cizgisi sayılır. Ancaq həqiqətən böyük istedadlı yazıçılar fərdi təhkiyeyi-kəlam yaratmağa qadir olurlar. Bu mənada Nasir Mənzurinin fitri bir yazıçılıq istedadına malik olduğu şübhəsizdir. O, fars təhsili olmasına, fars dili mühitində yaşayıb işləməsinə baxmayaraq, Azərbaycan türkcəsində müasir nəsrimizin ümumi mənzərəsində yenilikçi bir hal kimi seçilən təhkiyə tərzi yaratmışdır. Romandan parçalar göstərir ki, Nasir Mənzuri öz təhkiyə üslubunu uğurla yaradıb təkmilləşdirmişdir. Onun fars dilində dil, nitq, fərdi yaddaş, fərdi təhkiyə məsələləri haqqında maraqlı məqalələri də bunu deyir. “Alatoran”da verilən girişdən görünür ki, romanın baş qəhrəmanı aktyor Hacızadənin sadəlövh fikir axını və düşüncəsi şüurlu bir təhkiyə prinsipi kimi götürülüb və müəllifin şüurlu ədəbi üsuludur. Birinci fəsildəki bir qeyddən görünür ki, təsvir edilən hadisələr Amerika kosmonavtı Armstronqun aya uçuşundan 4-5 il əvvəl baş verir. Bu uçuşun 1969-cu ildə baş tutduğunu xatırlasaq, əsərdəki hadisələr 1963-65-ci illərin Təbriz mühitində baş verir. Burada hətta Şahın Təbrizə gəlməsindən sonra Təbrizdə teatrın bağlanması barədə də eyham vardır. Romanın qəhrəmanı Mirzə Bağır Hacızadə birinci fəsildə qocalmış, vəsaitsiz qalmış bir teatr adamı kimi təqdim olunur. İran mühitində ənənəvi olaraq yuxarılarda, o sırada dini dairələrdə teatra mənfi münasibət olmuşdur. Belə mühitdə şübhəsizki, taleyini səhnəyə və teatra bağlayan insanların taleyi ağır olur. Xüsusilə onların yaşayış mənbəyi tapmaq cəhətdən çətinliklərinə görə. Əsərdə Mizə Bağır maddi kömək üçün tapdığı köhnə dostuna deyir: “Görürsən day günümü? İt günündəyəm, bax! Acından ölürəm, ədə!” Belə çətin vəziyyətdə olmasına baxmayaraq sağlam düşüncə onu tam tərk etməyib, Əzrayılın hardasa yaxında olduğunu, hər gün ölə biləcəyini düşünüb götür qoy edir. Aktyor Mirzə Bağır tənha bir adamdır və yaşadığı yerdə bircə ev itindən başqa heç yaxını görünmür. Onun evdə əsas işi itnən deyinmək və köhnə qəzet-jurnallardakı şəkillərini axtarmaq və xatırlamaqdır. Onun yaddaşı pozulub itir, gah da qayıdır. Amma hiss olunur ki, onun xatırlamağa çox şeyi vardır. Bu yaddaşın da hamısı onun aktyorluq fəaliyyəti, müxtəlif dünya paytaxtlarında olduğu uğurlu qastrol səfərləri ilə bağlıdır. O, Londonu, Moskvanın “Bolşoyteatrı”nı, Tiflisi, daha haraları xatırlayır. O zamanəsinin diribaş adamı, Təbrizdə və bütün ölkədə sevilən aktyor olub. Amma bütün yaradıcı adamlar kimi onun qocalığı çətin bir dalana dirənib, tənha və pulsuzdur. Ac-yalavac gəzintilərindən birində o, şəhərin heyvanxanasına gəlir. Heyvanxanada tanıdığıQ ulalı adlı hündür boylu bir kişini heyvan qəfəsində görür. Dünyanı öyrənməyə gəlmiş uşaqlar onun da qabağına çörək qırıntıları atırlar. Bir an aktyora elə gəlir ki, qəfəsdəki o özüdür, sonra o ayağa qalxanda onu – köhnə tanışını - Qulalını tanıyır. İnsanın heyvanxanada və qəfəsdə məcazi mənada təsvirinə ədəbiyyatda rastlaşmışıq, özü də bir dəfə yox. Necə olursa aktyorla qəfəsdəki kişinin gözləri toqquşur. Aktyor bu baxışdan təsirlənib halsız olur. Amma evə qayıdandan sonra kəsdirə bilmir ki, qəfəsdə kişini doğrudan görüb, ya yox. Əsərin sonunda Hacızadə avtobusla Təbrizə gəlir və iki gün sona orada dünyasını dəyişir. Nasir Mənzuri gözəl, zərif bir psixoloqdur. Surətlərin, heyvanların, itlərin psixologiyasına dair çox dəqiq detallar verirvə oxucusunu təəccübləndirir. Bu psixologizm ikinci fəsildə də qabarıq müşahidə olunur. Bu fəslin qəhrəmanı necə uşaq doğduğunu yadına sala bilməyən bir tərəkəmə qadınıdır. Birinci fəsildə biz onu Tehranda ac olan aktyora yemək gətirən bir qadın kimi görürük. İkinci fəsildə yazıçı bu qadının şəhərə köçənə qədər olan həyatınıq ısa şəkildə qələmə alır. Tərəkəmə qadını təsvir edən ikinci fəsil teatr mühitindən çox uzaqdır. Bəlkə elə buna görə yazıçı bu iki fəslibir-birinə bağlayıb romanın ardını yaza bilməyib hələ. Tərəkəmə qadının həyatını nəql edən ikinci fəsil yazıçı üçün ənənəvi olan insan və təbiət mövzusuna bağlıdır. Burada gecə və insan motivi “Qaraçuxa”nı xatırladır. Bu da təsadüfi deyildir. Yazıçı həmişə öz içini yazır, ora doğma olan motivlərə meylli olur. “Avava” romanı müəllifin ən iri əsəridir. Xatirə elementinin güclü olduğu bu əsərdə də avtobioqrafik cizgilər vardır. Romanın əvvəli müəllif təhkiyəsi ilə açılır, amma sonra əsas təhkiyəni əsərin qadın qəhrəmanı birinci şəxsin dilindən aparır. Hadisələr 1978-ci il İslam İnqilabı ərəfəsindəTəbriz universitetinin mühəndislik fakültəsinin tələbələri arasında, onların məhəbbət tarixçəsi kimi qurulur. Bu, qanlı şah rejiminə qarşı tələbə hərəkatının yüksəldiyi, lakin tələbələrin amansızcasına gülləboran edildiyi dövrdür. Lakin Nasir Mənzuru siyasətlə maraqlanan yazıçı deyildir, sözü gedən detallar da əsərdə bir fon kimi verilir. Onun qəhrəmanları – varlı ailədən çıxma elektrik mühəndisi qız və arxitektor oğlan öz fərdi aləmlərində olan, öz daxili dəyərləri ilə yaşayan adamlardır. Müəlliflə bənzərliyi olan bu gənc özünə “Yalqızək” deyir. Onu sevən qız isə onu romantik tərzdə “Əsirlik Tanrısı” adlandırır. Qız Təbrizdə öz maşınında gəzən, azad tərbiyə görmüş müasir bir insandır, sözün əsil mənasında şəxsiyyətdir. O Azərbaycan nağıllarını bilir, folklorun sehrli aləmini sevir, təmiz və təbii arzularla böyüyür. Lakin onun taleyi uğursuzdur, çünki içində yaşadığı cəmiyyət qadını hələ ailə içində şəxsiyyət kimi qəbil edir, ictimai həyatda isə qadının bir çox əsas hüquqları sözdə qalır. Roman qadın probleminin İran mühitində bu gün də kəskin şəkildə durduğunu göstərir, maddi vəziyyətindən asılı olmayaraq qadınların ayri-seçkiliklə barışmalı olduğu göstərilir. Qız dərindən sevdiyi gənclə qovuşa bilmir. Bu mənada, roman uğursuz məhəbbət süjetinin bir variantı sayıla bilər. Əsərdə arxitekturanın müasir problemlərini yorumlayan səhifələr də vardır. Bu səhifələr Yalqızəkin daxili aləmini açır, həm də romanın sosial məzmununu və çəkisini artırır. Həyat onları bir tələbəlikdə, bir də 26 il sonra artıq təsadüfən qarşılaşdırır. Əmlak satışı ilə bağlı olan bu görüşdə həmin qız Yalqızəkdən görüşün məqsədinə aid olmayan bir şey soruşur: “Sonay” nədir?” Bu sualdan əsərin avtobioqrafik motivliolduğu, qadının Yalqızəki tanıdığı aydınlaşır. Yalqızək həmin sualdan diksinir, çünki Nasir Mənzurinin bu addalirik-publisistik əsəri vardır. Qadın Yalqızəkə kaset və yazılı qeydlərini verir və bu qeydlər ronamdaki sonraki təhkiyənin əsas materialı olur. Romanın əsas süjet xətti bu iki görüş arasındakı bədii gəzişmələr, xatırlamalar, dəqiqləşmələr, etiraflar,hissiyyatların aydınlamasıdır. Lirik ricətlərin sırasıdır. Burada müasir nəsr təhkiyəsi üçün səciyyəvi olan zaman-məkan keçidlərindən, şüur axınından, nəsr montajından, sənədlilikdən bacarıqla istifadə olunur. Təhkiyə baxımından buradada maraqlı axtarışlar vardır. Sevdiyinə ürəyini aça bilməyən qız arada bir intihara da cəhd edir. Amma onu xilas edirlər. Yazıçının digər əsərlərindəki kimi, burada da əsas qəhrəmanları daxilən qüvvətli, bütöv, ardıcıl adamlardır. İnsan daxilən güclü olduqca onun faciəsi daha böyük və təsirli olur. Yazıçı bu qadını böyük məhəbbətlə, rəğbətlə qələmə alıb. Onun sevdiyi, hər dəqiqə haqqında düşündüyü arxitektor gənc maddi cəhətdən kasib bir ailənin övladıdır. Bu, gözə görünməyən, qəhrəmanlar tərəfindən dilə gətirilməyən fərq də bu gözəl, romantik qızın faciəsində müəyyən rol oynayır. Əlbəttə, romanda sentimental, lirikaya uyan yerlər də vardır. Lakin bunlar əsərdə insan xarakterlərinin dəqiq, psixoloji detallarla göstərmədənalınan təsiri azaltmır. Nasir Mənzurinin istedadının ən bariz cəhəti məhz budur: o, insanları içəridən, daxili hissiyyatları ilə, inandırıcı və yapışıqlı göstərməyi bacarır. Bu, romançıya gərək olan əm önəmli cəhətdir. Nasir Mənzuru gözəl bir stilistdir. “Qaraçuxa”da təhkiyə həm qeyri-müəyyən üçüncü şəxsdən, həm də obraza “sən” kimi xitab edən müəllif sözü ilə (sən filan etdin formulu ilə) aparılır. Bu da yenə təhkiyədə intonasiya aydınlığını şifahi danışığa yaxınlaşdırmaq üsulu kimi edilir. Bu, müəllifə görə, nəsri oxumağa gedən enerji xərcini azaltmalı, təhkiyəni ünsiyyət tərəfini güclətməli, yapışıqlı etməli, oxumanı asanlatmalıdır. Təhkiyənin (Mənzuri bu termin yerinə“rəvayətçi də deyir) təbiiliyinə, intonasiya baxımından yığcam və asanqavranılan olmasına xüsusi səy göstərir. Bununçün qısa cümlələrdən istifadə edir. İfadələrin asan qavranması üçün “dır”, “di” xəbər şəkilçilərini bilərəkdən ayrı yazır. Xatırlayaq ki, Şimalın Quba kimi dialektində də “dü” xəbər forması ayrıca intonasiya ilə müstəqil söz kimi tələffüz olunur. Onun ayrı yazmağın üstünlüyü odur ki, yazı oxunanda intonasiyanın aydın vurğulanmasına xidmət edir, ifadəni mənaca da tamamlamağa kömək edir. Nasir Mənzuri az işlək olan sözləri tapıb işlətməyi xoşlayır. Qovzamaq-qaldırmaq, pırıldamaq-uçmaq, küvən-cavan, ağ yel-şərq küləyi, bir ağac-6 km, bor-yoğun səs, işkin-iş yoldaşı, tanış, salıq vermək-yol göstərmək, ozan-gileyli, narazı, uyuf-yön, yol, istiqamət, əkəş-əkəc, başbilən, ağsaqqal, ağbirçək, sumdu-susdu, yumdu, səzirgəmək-görmək, seçmək, seyr, gözümsülənmək-özünə dalmaq, fikrə getmək, içində vurnuxmaq, qobu-cay yatağı, calqaqlanmış-çulğalanmış, itik-itgi, ballıca-bal rəngi, burun-suyun üzündə dairə, burum, quyulamaq-basdırmaq, dan-sübh çağı, gahdan-hərdən, coma qurmaq–cəm olmaq, tiringə-musiqi ritmi, diringi, incarsız- qeri-aydın, tutqun, buyuxma-yuxuya getmək, bilə-şüur, ünləmək-çağırmaq, həndəvər-ətraf, anayın-doğma, ilıq, sümsünmək-itin yemək gəzməsi və s. Nasir Mənzurini ərəb əlifbasında oxumaq ağırdır, çünki onundili şablon deyil, çoxlu gözlənilməz söz və ifadə formaları işlədir. Onun əsərlərindən təhkiyə, üslub, leksika müntəxəbatı kimi istifadə etmək olar. Ona görə də yazıçının latın əlifbasında bircildliyini hazırlamaqda özü də iştiraketməlidir. Mənzuri fitri istedadı olan bir yenilikçidir. Əsərlərinin həcmcə az olmasına baxmayaraq, onun əsil yazıçı şöhrəti hələ qabaqdadır. Onun həm Cənubda, həm də Şimalda ardıcılları olacaqdır. Çünki o, ədəbiyyatı öz doğma köklərinə, sözə sığan və sığmayan köklərinə, söz mənbələrinə doğru aparır. Bu, düzgün və ədəbiyyatımıza fayda verəcək bir yoldur. Nasir Mənzuri 60 yaşıhaqlamışdır. İranda bu gənclik cağı sayılır. Ona uzun ömür, qəlməminə qüvvət arzuluruq.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.