Əli Şirin Şükürlü - Körpəsi qoca doğulmuşdu
23.10.13
tərsinə zaman
gəlin zamanın tərsinə gərdişinə baxaq. bəli. bəli, məhz tərsinə gərdişinə gözlənilmədən doğulan birinin timsalında.
hamı heyrət içində donub qalmışdı doğum evində. ana çevirib üzünü divara hönkürtü vururdu dəhşət içində. körpəsi qoca doğulmuşdu – mocüzəyə bax.
hərarət hiss elədi ana üzündə. yanağında gəzən bambalaca barmaqlardan içinə süzülən xoş duyğuların bir anda oyatdığı analıq sevgisiylə çevrilib bağrına basdı qoca korpəsini. bir qucaqlıq qoca gəlmişdi dünyaya.
bir neçə gün sonra tutub qocasının əlindən evinə döndü ana. sevdi qocasını kiçildə-kiçildə.
yaşıdı körpələr böyüdükcə, o kiçilirdi. yaşlanma – böyümək imiş demə. o kiçilirdi; başqa münasib ad tapa bilmir adam bu vəziyyətdə. o kiçilirdi, yəni böyüyürdü tərsinə. əvvəl ortayaş adama çevrildi, sonra cavana. qoluna taxdığı saatın əqrəbləri tərsinə fırlanırdı. tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u, sonra 29-u, ... beləcə 1-i son günü olurdu yaşadığı ayların. illər də beləcə tərsinə vurudu ömrünü başa.
tərsinə yaşayırdı zamanı. çayda axına qarşı üzən adama bənzəyirdi hamının bir istiqamətli xətt boyunca yaşadığı məkanda. amma nə qədər çətin olsa da hamı kimi sevir, hamı kim sevinir, hamı kimi qüssələnirdi.
sonra yeniyetməyə çevrildi, sonra uşağa. bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə. bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.
bir günsə çevrilib körpəyə köçdü dünyadan. ana qocalıb ölmüşdü, görmədi körpəsini.
tərsinə gərdişinə baxdıq zamanın gözlənilmədən qoca doğulan birinin timsalında. ammanəticə eyni; zaman eyni nöqtədə qapandı deyəsən.
... – 03.10.2013
Avanqard.net
|