Rasim Qaraca - Yeni şeirlər
23.10.13
(5 yeni və 1 əski şeir)
QADIN VƏ DƏNİZ
Dənizi soyunarkən görsəniz saçlarını qumlar üzərinə sərərkən ayrılığına dözmək çətindir onun dodaqlarındaykən hələ duzlu suların tamı... Qadınsa əgər dalğalandısa işi bitmişdir demək köpüklənəcək və sönəcək...
QADIN VƏ QUM
Qumlar təkcə üzərinə uzanmaq üçün deyil bəzən ovuclayıb barmaqlarının arasından axışına baxmalı zamanın özü kimi sovurmalı canlı bir qum saatı olmalısan. Bir qadın təkcə sovrulmaq üçün deyil üzərində iz buraxmalısan...
QADINLAR VƏ MAŞINLAR
Maşınlar çox humanistdir yumşaq və istidir motorları dup-dup edər və yastıqları açılar qəzaya düşsən əgər. Ancaq qadınlar xalis dəmirdəndir sərt və kəsicidirlər deyinər, eqzos buraxarlar...
*
Sən, ey soyuq qış gecəsi, bilirəm əbədi deyilsən, ulduzlar sayrışan bu sirli mənzərən bir gün yox olacaq. Ancaq, ağzından buğ çıxan sevgililəri təkcə sən gördün və qar üzərində rəsmlərini çəkdin onların. Söz verirəm, unutmayacam səni, amma, sən də söz ver, sona qədər unutmayacaqsan artıq zamana qarışmış o iki bədəni...
*
Ara vermədən yağan o öpüşlərin bir uzantısıdır indi bu yağışlar, varsa var deyil, yoxsa yoxa bənzəməz, gözgörəti bir xəyaldır, qeyblərdən gələn bir səsdir bu yağış, bir an sonra kəsəcək, sevgiylə dolu pıçıltıların kimi bu soyuq damlalar da həsrətinin bir uzantısı olacaq...
Aşiq olmanın bəlası var, ödə gəlsin indi anıları, boş keçən bu zamana dağıt saçlarını, uzansın yağışlar da saçlarınla birgə, istər yataraq düşün, istər ayaq üstə gəzinərək, həsrət elə bir kaftar ki heç nə dəyişməyəcək, yediyin, içdiyin hər şey qəlbindəki yanğını artıracaq, yağışlar da onun bir uzantısı olacaq...
Sevgiyə könlünü qapdırma, demədimmi sənə o bir fırtınadır, gözündə kimsə yox, yaşamağa həvəsin qalmadı, nəfəsin gedib-gəlirsə ondan qalan bir anıdır, bu yağışsa onun bir uzantısıdır...
Gecə düşür, dünya qaralır, səni çağırıram üz tutub boşluqlara, başımda ağrı var gəl öp də keçsin, o öpüşlər ki heç durmadan yağardı, bu yağış indi onların bir uzantısı...
*
Şəklimi qəzetlərdə çap etməyin, nə bilim, bəlkə onu ayaqlar altına atacaqlar, bəlkə çirkli bir nəsnəni siləcəklər, bəlkə qatil bıçağını təmizləyəcəklər... Həyatın bu mənfur oyunlarına heç qatılmaq istəmirəm
Ancaq, ola bilər, mənim şəklim çap olunmuş o qəzet yeni tikilmiş bir evin pəncərəsi olacaq və mən hər gecə şahidi olacam kasıblıqla dolanan gənc ərlə arvadın sevgi səhnələrinin
/oxuzali.az/
|