Hədiyyə Şəfaqət - Saçlarımı külək elə
25.10.13
Tanrı, özümdən doymuşam, Dağıt məni, təzədən qur Bir dəfə ki, bacarmısan? Unut məni, təzədən qur.
Əllərimi çiçək elə, Saçlarımı külək elə, Bir az mənə kömək elə Yarat məni, təzədən qur..
Ürəyimdə daş ağrısı, Gözlərimdə yaş ağrısı, Bir dönük sirdaş ağrısı- Sağalt məni, təzədən qur...
Nə yalan, nə həqiqətdir Məndəki dərd müsibətdir, De ki, belə məsləhətdir- Aldat məni, təzədən qur...
Toxu, toxu dilək-dilək Sına, sına mələk-mələk Ayır yerdən, yanına çək Qat-qat məni, təzədən qur...
Sən anlarsan bu seçimdən Bezdim daha bu biçimdən Tanrı, yorulmuş içimdən Çıxart məni, təzədən qur...
|