Musa Yaqubun yeni şeirləri
05.11.13
Dağlara ziyarət (əzizim, ulu dağlar...) I Şah dağı şahımdır kürsüsü uca, Babadağ babamdır müdrik bir qoca Birində əzəmət, birində hikmət Biri fərman verir, biri nəsihət – Qalmışam mən iki dağ arasında. Hələ yol gedirəm dərə boyunca, Dolaylar dolaşıq, cığırlar haça Kimdir cığırlara daş möhür basan? Alım zirvələrdən soraq çətindir Tülkü dərəsinə enməyim asan, Qartal yuvasına qalxmaq çətindir, Qalmışam mən də bu yol ayrıcında. Qartal tərəflərə uçub gəlmişəm, Dərə uğuldayır qulaqlarımda Şabran qalasından qaçıb gəlmişəm, Xaqani kündəsi ayaqlarımda Şaha itaətim, Babam Həzrətim Zəmanəylə sözü çəp gələn mənəm, Qalmışam bu iki dağ arasında. II Vallah nəsihətdən bezmişəm daha, Gedib yetişəndə salavatgaha, Salavat çevirdim Babama bir də – Ahım nəfəs-nəfəs buğlandı yerdə, Dumanlar süründü ahıma tərəf Gördüm salavatla işlərim aşmır, Çevirdim üzümü Şahıma tərəf. III Gərək Havaxan da Şaha baş əysin, Mən də Havaxanın ətəklərində. Çaylar ha daşıyır, dağlar qurtarmır, Sellər daş aparır kürəklərində. Şahın qartalları düşüb get-gələ, Soltan qayalara əmr aparır – Şahın yataqları işləyir hələ, Dəmiraparan çay dəmir aparır – Çaylar ha daşıyır dağlar qurtarmır Yamaclar qurtarmır, tağlar qurtarmır. Çaylar narahatdır, göy əsəbidir, Bu tufan deyəsən Şah qəzəbidir – Çaxdı ildırımlar Yoxlandı taclar, Titrədi qayanın qoşa qülləsi – Şahın səngəridir meydan yamaclar Döyür sinəsini dolu gülləsi – Döyüşlər qurtarmır, hərblər qurtarmır, Torpağa qəzəbdən zərblər qurtarmır. IV Dəvə yal deyirlər Mindim dəvəyə, Dəvəmin başına duman, çən düşür, Yoxuşlar dikəlib çıxır zirvəyə, Enişlər sürüşüb zirvədən düşür. Qalıb çay altında qədim keçidlər, Babalar o seldən keçib gediblər; Yapışıb cığırdan, izdən gediblər; Altan qayıdıblar, üstən gediblər Əvvəl Babamıza ziyarət qılıb Musa bulağından içib gediblər – Qalmışam mən də bu yol ayrıcında Dərələr, təpələr, yallar qurtarmır, Ayaq haldan düşür, yollar qurtarmır. V Tələlər pas atıb kollu cığırda, Qurdu buraxıblar gəzir naxırda. Canavar bicləşib tələyə düşməz, Ovçunun qurduğu kələyə düşməz – Qurd tələ quranı salır tələyə, Alıb quzusunu düşür dərəyə – Balaca bir pay da verir hərəyə – Qalmışam qurd ilə pay arasında. VI Şahın adamları şah oylağında, “Tülkü tələsi”ndə, kəl yaylağında Ovlar bərədədir, tüfəng ayaqda, Harın qoruqçular kefdə, damaqda – Şahım icazəni, get-gəli verir, Əli tüfəngliyə dağ kəli verir, Əli qələmliyə nə verir?! Heç nə... Biz də yaşayırıq tale gücünə. Hədələr qurtarmır, hədlər qurtarmır, Marala güllədən cəhdlər qurtarmır. VII O baba kəndimdi, adı da Zəngi Qayası yəhərdi, daşı üzəngi, Dolanıb başına üfüq çələngi – Söküldü, töküldü, köçdü, dağıldı... Dağlara nə var ki, qal oğlu qaldı... Köhnə qəbristanlıq dağın yaşıdı, Hər qarış baş daşı Əlhəd daşıdı, Salavat çevirrəm Babama bir də, Bu gediş-gəliş də sirlidir ancaq – Ayaqüstəkinə yer çatmır yerdə Yerdə uzanana yer tapılacaq – Qalmışam mən də bu yer ayrıcında. VIII Uzaqda Şahımın ildırımları, Yaxında Babamın sıldırımları. Məni sıldırımlar çəkir özünə – Əcəli göz ilə qaş arasında Durmuşam mən “Şeytanadaşatılanda” Qalmışam şeytanla daş arasında Gedirəm, gəlirəm, dönüb atıram – Şeytanlar qurtarmır, daşlar qurtarmır, Böyük savaşlara marşlar qurtarmır. IX Hərə zirvəsində taxt alıb durub Biri əbədilik vaxt alıb durub, Şah dağı qoynunda Sənəm yaylağı Nə Sənəm qocalar, nə də Şah dağı, Min dəfə düşsəm də qədəmlərinə Ərkim yox Şahımın sələmlərinə Haqqım nazil olmaz, muradım hasil Dözürəm məhəbbət sitəmlərinə. Şehotu giləsi gözüm yaşında Durub gözləyirəm elçi daşında. X Dünya da belədir, bax, bu çəmən tək İşi kimə, kefi kimə qalıbdı. Kəpənəklər üçün oyuncaq çiçək Arını gör necə işə salıbdı. Gözüm yox dünyanın ayrı işində, Əlim yox əllərin əyri işində, Təzədən qayıdıb kamilləşirəm Qarışqa işində, arı işində – Bundan şirin peşə tapa bilmərəm, Bu yurddan müqəddəs oba bilmərəm – Bir də solub gedə, bir də açıla Ömrümü bağladım gül ağacına – Salavat çevirrəm Babama bir də, Bir gün dirilərəm öldüyüm yerdə, Qalaram bu iki dağ arasında, Yəni bir əbədi çağ arasında; Yerlərin göylərə minacatını – Sonra oxuyarlar bu bayatını: – Əzizim ulu dağlar Çeşməli, sulu dağlar Burda bir şair ölüb Göy kişnər, bulud ağlar. yay, 2013 Buynuz O nə baxış idi Tanrım, bir baxışda nələr var imiş, Nəzərdə neçə cür nəzər var imiş. Vallah ani oldu, qəfil, çox ani O nə baxış idi gözün qurbanı! Mən düşdüm tilsimə, sehrə bilmədim, Baxışına cavab verə bilmədim. Söz işi deyildi sözümlə deyim, Döz işi deyildi dözümlə deyim. Bəlkə əfsanəymiş, bəlkə nağılmış, Qəfil şimşək idi daşa çaxılmış – İşığı gözümdə, çatı sinəmdə Çatıb yanğı-yanğı yatdı sinəmdə. Bir məqam olmadı qayıdım baxım, Sevgi hisslərimi ayıldım baxım, Bəlkə də ikinci həyat kimiydi, – Pərvanə çəkirdi çırağa məni Qayıdıb gördüm ki, çırağım yoxdu, Yerimək istədim ayağım yoxdu. Mən yerdən yuxarı, göy aşağıydı, Bəlkə halə-halə göy qurşağıydı – Hər rəngi yerində tuta bilmədim, – Həmin o rəng ilə, həmin naxışla Mən baxa bilmədim, məni bağışla! O hansı qürubun naxışlarıydı, O hansı Mələyin baxışlarıydı?.. Mənim ürəyimə, mənim şeirimə O hansı sevginin alqışlarıydı?.. Mən düşdüm tilsimə, sehrə bilmədim, Baxışına cavab verə bilmədim Bəlkə gözlərini gözüm tutmadı Yerimək istədim dizim tutmadı. Əlimi üzümə çəkirəm hərdən Bir görüm nə qalıb o od nəzərdən. Həmin şimşək vuran qarağac kimi Yonulub qalmışam, yanıb qalmışam, Bəlkə ağac-heykəl olub qalmışam – “Atdı müjgan oxun dəydi sinəmdən” O müjgan oxunu alıb qalmışam. Vallah ani oldu, qəfil, çox ani Sən hardan gəlirdin, hara getmisən, Mən burda neyləyim, gözün qurbanı? 24 iyul, 2013 Beyləqan – Buynuz Nə deyim Şou bizi salıb yaman azara Şeirimizi göndərmişik bazara Meşəmizi bələdik daş hasara Fikir məni alıb gedir, nə deyim. Poladbədən palıdları qırdılar, Gümüşsinə göyrüşləri vurdular Maralları gədiklərdə yordular Kol saçını yolub gedir, nə deyim. Sahilləri söküb-tökdü bu marxal, Göz qaytaran dağdağanın yarpağı xal-xal, Qızlağacın qızıl qanı töküldü arxa Arxım hələ dolub gedir, nə deyim. Qolboyunlar – ağaclarla tənəklər Ayrı düşdü o qollar, o biləklər Aldı bağı betonnəvəs dikəklər, Ömür bağım solub gedir, nə deyim Şahpalıddan, cökələrdən soraq yox Özümüzü biz yıxırıq, qıraq yox. Həqiqəti eşidən bir qulaq yox, Söz də oyun olub gedir, nə deyim. Leyləklərin boş yuvası soyuq qar Qanadlardan sığal görməz göy otlar Qırqovulu apardı boz yenotlar Kəklik xəyal olub gedir, nə deyim. Günahları bağışlamaq cəhdimi? Yer üzünə təzə körpə gəldimi, – Allah hələ qəbul edir əhdimi Dünya bizə qalıb gedir, nə deyim. yay, 2013 Buynuz Payız günüm Bir sarı budaqdır il ağacında Görən bu payızın yaşı neçədir? – Bir qıvrım duman da qalıb solanda, Yaddaşı necədi, huşu necədi – Sarıköynəkləri dözmədi qaçdı; Amma həmin torpaq, həmin ağacdı, Qüdrəti qalıbmı bir gül bitirsin, Ya bir xəzəlini yerdən götürsün. Bir dilim yemişi aypara bilsin Bir quşu yolundan qaytara bilsin – Çağırsın geriyə şirin dilləri, Əlini uzatsa qış tərəflərə İsidə bilərmi soyuq əlləri?.. Görəsən payızın yaşı neçədi?.. Həvəsi qalıbmı kef-damaq üçün Sevdası ya oğlan, ya qız olarmı? Sahibsiz yurd-yuva qorumaq üçün Əsgərlik yaşında payız olarmı, Görəsən payızın yaşı neçədi?.. Yenə yerişim var küçələrində Hasarda sarmaşıq yaman üşünür. Görəsən ukuzun gecələrində Nələrə səbr edir, nəyi düşünür – Görəsən payızın yaşı neçədir?.. Qalmışam həvəslə yaş qınağında, Bu qızıl yarpağın alnından öpüm Qızıləhmədinin al yanağında Bir ləzzət qalıbmı xalından öpüm, Görən bu payızın yaşı neçədir?.. Mizrab xəzəlləri qırışlarıyla Toxunub bir sarı simə ağlayır. Bu qədər aramsız yağışlarıyla Görəsən bu payız kimə ağlayır?.. Dumanlar yeriyir dərələr boyu Dağlar elə bil ki, qoşun aparır Deyəsən bu payız vaxt sahibidi Məni də özünə qoşub aparır. Görən bu payızın yaşı neçədi?.. 14 sentyabr, 2013 Buynuz Hələ ki... Elə hələ deyib hələ dözürük, Hələ ki, hələnin hələsiyəm mən. Nə sərhəd tanımaz aşiq Kərəməm, Nə də xan oğlunun Lələsiyəm mən. Nahaqlar önündə neçin kiridim, Qal bu xəcalətdə ağız kilidim, Guya bu dünyada neyləyə bildim, Deyim ki, təzədən gələsiyəm mən. Bekar əl neçin də sözümə baxsın, Əlimin üzü yox üzümə baxsın. O hansı ümiddir bizi çağırsın, Durub arxasınca tələsiyəm mən. Dayan, durum gedim bazarımgilə, Dünya bolluğuna ərkim bir gilə. Qalmışam özümə lap gülə-gülə, Elə gülə-gülə öləsiyəm mən. Kimlərə borcum var, dolub siyahı, Vura bilmədiyim hədəf günahı – Kəsib barmağımı verib silahı, Bir namərd dünyanın köləsiyəm mən.
|