Aydın Dadaşovun hekayəsi

13.11.13

Aida

Axır ki, şəhərin “Kubinka” deyilən yerində, saysız-hesabsız yastı damların arasında, statistika idarəsinin başmərtəbəli kooperati binası tikilib hazır oldu. Yeni sakinlərin sevinclərinin həddi-hüdudu yox idi. Niyə də sevinməsinlər. Şəhərin demək olar ki, mərkəzində yaşayacaqdılar. Ətrafda bir neçə mağaza, bazar bir tin yuxarıda, küçələrdə isti təndir çörəyi satan uşaqlar da ki, adamın üstünə qaçırlar. Statistika idarəsi də ki, lap yaxında olduğundan işə piyada gedib-gəlmək olardı. Kefin istəsə lap nahara da evə gəlmək mümkündür. Odur ki, yeni skinlərin uçmağa bircə qanadları çatmırdı. Bu sevincin təkcə dördüncü mərtəbədə yaşayan Nargilə xanıma dəxli yox idi. Nargilə xanımın eyvanından dəniz görünən bu iki otaqlı mənzili puşk atmadan seçib götürmüşdü. Nədən ki, bu kooperativin tikilib başa çatmasında Nargilə xanımın əməyi böyük idi. Bunu da bütün kollektiv üzvləri, yerli komitə və müdiriyyət yaxşı bilirdi. İndi isə Nargilə xanım hamıdan inciyib küsmüşdü. Səbəb də ki, bir neçə ay qabaq Nargilə xanımın əlli beş yaşı tamam olan gün idarənin dəhlizində asılan elanla bağlı idi. Hərçənd ki, bu yaşı Nargilə xanıma heç kəs verməzdi və həmin gün asılmış elanda Nargilə xanımın əlli beş yaşını aləmə bəyan edib onu səmimi qəlbdən təbrik etmiş, uzun ömür, can sağlığı arzulamışdılar. Bu isə o demək idi ki, Nargilə xanım daha plan şöbəsində böyük iqtisadçı işləyə bilməz. Nədən ki, idarədə müxtəlif texniki və xidməti işlərdə çalışan cavanlar, qiyabi və axşam şöbəsində oxuyub iqtisadçı diplomu almış və səbrsizliklə idarədəki iqtisadçıların işdən çıxıb getmələrini, təqaüdə çıxmalarını və bəlkə də yıxılıb ölmələrini gözləyirdilər.

Nargilə xanıma idarədə xidməti və texniki sahədə bir neçə iş təklif elədilər. Qanuna görə ali təhsil tələb olunmayan işlərdə maaşla bərabər, təqaüdü də ala bilərdi. Nargilə xanımın da ki, pula ehtiyacı olmamış deyildi. Bir vaxtlar Nargilə xanım müxtəlif idarələrdə makinaçı, katibə işləmişdi. İdarədə də makinaçılara ehtiyac vardı. Lakin  qürurunu qoruyan Nargilə xanım statistika idarəsinə iqtisadçı kimi gəlmişdi, iqtisadçı kimi də getməliydi. Şəstlə yazdığı ərizəni kadr şöbəsinə verib işdən çıxması çoxları üçün gözlənilməz olmalıydı. Lakin onu fikrindən daşındırmağa cəhd edəcək bircə nəfərin belə tapılmaması Nargilə xanımın dərdinin üstünə dərd gətirdi. Odur ki, işdən çıxandan sonra  idarədəkilərlə əlaqəni tamam kəsdi. Həyətdə də onlarla ayaqüstü salamlaşıb uzaqlaşırdı. Nargilə xanımın qohum-əqrabayla, da arsı sərin idi. Təsadüfi hallarda kiminsə evinə gedib-gələr və yaxud telefonla zəng çalardı… İndi bu dünyada zavallı Nargilə xanımın Aidadan başqa bir kimsəsi yox idi. Şükür ki, bu dünyada Aida adlı bir məxluq vardı. İnsanlardan üz döndərib Aidaya mehrini salan Nargilə xanım bütün dərdlərini ona danışırdı. Aida da ki, maşallah, elə Nargilə xanımı elə ağıllı-ağıllı dinləyirdi ki, statistika idarəsinin rəisi onun yanında yalan idi. Əslində bütün günü eyvanda oturub Nargilə xanımın işdən qayıtmağını gözləyən Aidanın bəxti gətirmişdi. Əvvəllər tək qalıb xiffət edən Aida Nargilə xanımın gecələr hazırladığı xörəkləri də iştahasız yeyirdi. Görünür  Nargilə xanımın ərizə verib işdən çıxmağının əsas səbəbkarı da, Aida imiş. Yoxsa ki, istəsəydi, nazirliyin də, pişiyini ağaca dırmaşdırıb, hələ bir neçə il plan şöbəsində qalardı. Lakin qurban olsunlar Aidaya. Onu verənə şükür. Otuz il can qoyduğu idarədə Nargilə xanımın qədrini bilmədilər. Yenə sağ olsun Aida. Bir balaca nasazlayan kimi gəlib qısılır adamın böyrünə, alimlər demiş bütün qara enerjini götürür.  İndi get-gedə öyrəndiyi həyatından razı idi. Aidanı qucağına götürüb gəzintiyə çıxanda belə, statistika idarəsinin həndəvərinə yaxınlaşmırdılar. Birlikdə dükan-bazara, bulvara baş vurur, hətta gəmiyə minib dəniz gəxintisinə də, çıxırdılar. Nargilə xanım heç vaxt Aidandan yerə qoymazdı ki, ona mikrob-filan keçər.  Bütün günü sevib tumarlayar, gecələr vannaya salıb bahalı şampunla çimizdirər, mavi, çəhrayi rəngli tifdikli dəsmallarla sevə-sevə qurulayar, yedirib-içirib yatızdırardı. Sanki mənzilin əsl sahibəsi Aida idi. Nargilə xanım da ki, durmuşdu qulluğunda. Aida ilə nəfəs alan Nargilə xanım onun nazını çəkməkdən ləzzət alırdı.

Aidanın yemək-içmək məsələsi də yüksək səviyyədə həll olunmuşdu. O, dükan südünü bəyənmədiyindən hər səhər şəhər kənarında yaşayan südçü qadının gətirdiyi  təzə inək südünü içərdilər. Təzə qara ciyərdən xüsusi reseptlə hazırlanmış kotletlər isə ancaq Aidaya çatardı. Çünki qara ciyər tapmaq çox müşkül məsələ idi. Hər iki-üç aydan bir də Nargilə xanım Aidanı Georgi Dmitrov küçəsində yaşayan cuhud həkimin yanına aparırdı. Göz dəyməsin, Aidanın sağlamlığına söz ola bilməzdi. Havalar açılan kimi, eyvanda oturub xırda, çini fincanlarda ilıq süd içə-içə uzaqdan görünən dənizi, orada üzən gəmiləri seyr edirdilər. Eyvanın altında hörümcək toru kimi bir-birinə qarışmış elektrik məftillərinin arasındakı çirkli məhəllələrdə isə gecə-gündüz həyat qaynaşırdı. Uşaqlar bir-birilə savaşır, qadınlar yastı damlara çıxıb ucadan bir-birinə söyüşlər söyür, kişilər isə arabir ovxarlı bıçaqları işə salıb bir neçə illiyə məhəllədən itirdilər... İlk əvvəllər statistika idarəsinin beşmərtəbəli təzə binasının burada tikilməsi yerli sakinlərin xoşuna gəlmişdi. Onlara elə gəlmişdi ki, tezliklə buralar başdan-başa beşmərtəbəli təzə binalardan ibarət olacaq və yəqin ki, onlar da köçüb bu binaların rahat mənzillərində yaşayacaqlar. Onların da, bu yarı uçuq, nəm divarlardan, vaxtaşırı istifadə olunan neft lampalarından, qonşulardan su daşımaqdan, dalana və həyətə axan çirkab suyundan, adamın üstünə gələn siçovullarda canları birdəfəlik qurtaracaq.

Buldozerlərin səsi bu məhəllələri başına götürəndə, uşaqlı-böyüklü hamı tamaşaya gəlmişdi. Uçurulan evlərin sakinlərini köçürmüşdülər şəhərdən bir neçə kilometr uzaqda yerləşən yeni qəsəbəyə, hamı da itini, pişiyini, qoçunu – nədənsə evdə qoç  saxlamaq  buralarda dəbdir – ailəsi və ev əşyalarıyla bərabər, götürüb köçmüşdülər o qəsəbələrdəki doqquz mərtəbələri evlərə. Sonra da məlum olmuşdu ki, o təzə, gözəl qəsəbələrdə yaşamaq mümkün deyil. Bu qəsəbələrə nəqliyyat işləmir, küçələri, dükanları hələ ki, hazır deyil, qazı, işığı vaxtaşırı kəsilir, suyu da ki, ikinci mərtəbələrdən yuxarı çıxmır….

İt-pişiklər öz ayaqlarıyla qayıtdılar köhnə məhəlləyə. Qoçlar doqquz mərtəbəli binalardakı qəfəsə bənzər mənzillərdə darıxa-darıxa ölümlərini gözləyirdilər. Statistika idarəsinin kopperativi isə bala-bala tikildikcə, adamların anlamadığı «statistika» sözü onların qulaqlarını cırmaqlayırdı. Odur ki, söyüş söyəndə belə, mənası, qafiyəsi güz gəldi-gəlmədi bu sözü də araya soxurdular. Bir müddət köhnə məhəllənin heç olmasa bir-iki sinif oxumuş sakinləri küçədə, bayırda bir-birinisaxlayıb «statistika» sözünün nə demək olduğunu soruşdular. Məlum olanda ki, iş peşəsi saymaq olan bu sahənin istintaq idarələrilə heç bir əlaqəsi yoxdur, sakitləşdilər. Axı bu məhəllələrin əsas məşğuliyyəti alver olduğundan onları da başa düşmək olar. Gecə-gündüz şıdırğı alver gedən bu məhəllələrdə, ürəyindən keçəni tapa bilərdin. Təki pulun olsun. Bəli istintaq idarələrini, milisi görən gözləri olmayanlar günlərin bir günü oyanıb görəndə ki, kooperativ bina sahə müvəkkili kimi kəsdirib köhnə məhəllələrin başının üstünü, bir balaca qorxub səksəndilər... Nəhayət, təzə binanın ilk işıqları yananda, sakinlər bala-bala eyvanlarda görünəndə, aşağıda ovuç içi kimi görünən həyətlərə, yayda adamların yatdığı damlara nəzər salanda köhnə məhəllələr qəzəblənib coşdu və təzə binaya müharibə elan olundu. Bir neçə gün əllərinə gələni yuxarıya atmaqla yuxarıdakıları eyvandan içərilərə çəkilməyə məcbur etdilər. Təzə binanın sakinlərinə «ağlar» adı qoyuldu və onlar gecə-gündüz təqib olunmağa başladılar. Gündüzlər «ağların» uşaqları həyətə düşməyə cürət eləmirdilər, şər qarışandan sonra isə böyükləri. «Qaraların» üstünlüyü göz qabağındaydı. Döyüşü hələlik onların uşaqları aparırdılar. Bu uşaqlar eyvana çıxan ağları söyür, fitə basır, güngörməzlərini onlara tərəf yönəldib şappıldadırdılar. «Ağların» əsəbləri tarıma çəkilmişdi. Bircə Nargilə xanımla Aidaya bu müharibənin aidiyyatı yox idi. Onlar həmişə kimi eyvanın dərinliyində oturub işlıq süd içə-içə uzaqdan görünən dənizdəki xırda gəmilərə tamaşa edirdilər…

Nargilə xanımın bir vaxtlar bu xırda gəmilərdən birində çalışan axırıncı əri gecə-gündüz də böyük gəmilərdə uzaq-uzaq dənizlərdə, okeanlarda üzmək arzusu ilə yaşayırdı. Onun bu arzusunu başa düşən, anlayan Nargilə xanım ardı-arası kəsilmədən gəmiçilərə aid olan bütün mərkəzi idarələrə ərinin adından saysı-hesabsız məktublar göndərirdi. Axır ki, günlərin bir günü bu məktubların birindən cavab gələn kimi, əri yığışıb getdi və böyük bir gəmidə, uzaq ölkələrə üzməyə başladı. O vaxtdan cəmisi bircə dəfə geriyə qayıdan əri Aidanı özüylə gətirmiş, gedəndə də onu Nargilə xanıma bağışlayıb birdəfəlik getmişdi. Onun bir daha geriyə qayıtmayacağını bilən Nargilə xanım taleyi ilə barışmışdı. Çünki, yaşsa ondan təxminən iki dəfə kiçik olan ərinin həyatı qabaqdaydı. Onu dünyaya çıxışı olmayıb, əslində nəhəng göl sayılan Xəzərdə saxlamaq mümkün deyildi. Nargilə xanım isə gününü görüb, dövranını sürmüş, dünyanın hər üzünü görmüş adam idi. İndi isə Aida ilə eyvandan sinəsində xırda gəmilər üzən nəhəng gölü seyr edib ötən sevginin qızğın xatirələrilə yaşayırdı... Aşağıdakı köhnə məhəllənin uşaqları gündən-günə qızışaraq əvəl poçt qutularındakı qəzet-jurnalları, sonra isə binanın giriş qapılarını söküb yandırdılar. Bununla ürəkləri soyumadığından yavaş-yavaş girişmişdilər binanı sökməyə. Gündə binanın özülündən bir-iki daş çıxarıb həyətin ortasına atırdılar. Daha dözmək olmadığından kooperativin iclası çağırıldı. Yerli sakinlərlə diplomatik danışıqlar üçün üç nəfərdən ibarət nümayəndə heyəti seçildi. Kooperativin sədri, bir qoca, müharibə və əmək veteranı, bir də ki, Nargilə xanım heyyətin üzvləri oldular. Qərara alındı ki, yaxın günlərdə aşağıların liderlərindən biri olan Ağası ilə söhbətlərə başlansın.

Kiçik pəncərəsi əyri küçənin ensiz səkisinə, qapısı isə dar həyətə açılan bir göz otaqda buynuzlu qara qoçu, boz rəngli avara pişiyi və gözləri, qulaqları tutulsa da, gündə üç dəfə namaz qılan ağbirçək nənəsi ilə yaşayan Ağası əfqan müharibəsi əlili idi. Bir ayağını  benəlmiləl borc yolunda qurban verən Ağası qoltuq ağacları ilə gəzirdi. Gəzirdi deyəndə ki, Ağasını gəzən görən olmamışdı. Bütün gününü evdə və bu dar həyətdə keçirirdi. Ağası küçəyə açılan pəncərənin qabağını isə  siqaretlər, saqqız, dəmir pivə bankaları düzmüşdü. Bütün bu mallar satlıq üçün olsa da, alverlə mübarizə aparmalı olan sahə müvəkkili Ağasıya yaxın düşməzdi. Nədən ki, hökumət yolunda ayağını qoymuş Ağası, çar-çux eyləyib qoçunu, pişiyini, nənəsini və öz başını saxlamalıydı. Ata-anası nə vaxtsa ayrılıb, hərəsi özünə təzə ailə qurandan sonra nənəsinin himayəsində qalan Ağasının bu məhəllələrdə lap əsgərlikdən qabaq da hörməti var idi. Ağası dünyaya gözünü açandan, nənəsinin bişirdiyi ətirli təndir çörəklərini tində satmaqla məşğul olmuşdu. ışdı. Alverə aid bütün dolaşıq məsələlərdə bu işinin cikinə də, bikinə də bələd olan Ağasının yanına məsləhətə gəlirdilər. Yaşı çox olmasa da, Ağası bu məhəllələrin ağsaqqalarından sayılırdı. Sözsüz ki, o, artıq binanı sökməkdə olan uşaqların başına ağıl qoyub, onları bu yoldan çəkindirə bilərdi. Ancaq bu səbəbə görə yox boz rəngli avara pişiyinə görə Nargilə xanımın Ağasını görməyə gözü yox idi. Böz pişiyə görə damdakı göyərçinləri yoxa çıxan bütün quşbaz cayılların düşməninə çevrilən Ağası isə Nargilə xanıma hörmətlə yanaşırdı. Hər dəfə onlar binadan çıxanda başını kiçik pəncərədən çıxaran Ağası Nargilə xanıma «qızdan muğayat olun» deyəndə arvadı od götürsə də, qalmaqaldan qaçırdı. Boz pişik də ki, buraya köçəndən bəri Aidaya göz verib işıq vermirdi. Vurulmuşdu Aidaya, ölürdü onun üçün. Gündüzlər satlıq malların arasında oturub bütün günü yuxarını marıtlayırdı. Gecələr isə binanın damına dırmaşıb orada uzun-uzadı miyoldayıb, tükürpədici səslər çıxararaq Aidanın ağlını başından çıxarırdı.

 Aşağıların küçədə, bayırda yaşayan pişikləri asanlıqla bir-birilərilə dil tapıb dəstə ilə gəzsələr də, bu həyasız boz pişik heç kəsə qoşulmayıb, Aidanın sakit, rahat həyatına haram qatırdı. Aidada ki, maşaallah ağıllı-kamallı, vaxtilə dünyanın hər yerini gəzmiş, görüb-götürmüş bir məxluq olduğundan bu avaraya qismət ola bilməzdi. Siyam cinsi hara, Kubinkanın avarası hara. Heç belə də dərd olar, lənətə gələsən boz pişik! Bir həftədir Aidanın iştahı da zəifləyib. Dünən qara ciyər kotletinə heç dilini də vurmadı. Eyvanda oturub dənizdəki xırda gəmiləri seyr edəndə də özünü qəribə aparırdı. Adətən onlar ikilikdə saatlarla dənizə baxa bilərdilər. Dənizlə aralarına sərilmiş aşağı məhəllələrdəki aləm onları qəti maraqlandırmazdı. Uzaqlardakı xırda gəmilərə baxıb hərəsi öz keçmişinə baş vurardı. İndi isə Aidə sürahidən sallanıb, mızıldana-mızıldana  aşağıda kimi isə, yəqin ki, o lənətə gəlmişi axtarırdı. Aşağıdakı nadürüst pişiyin əcaib səslə miyoldamağını eşidən Aidanın nisgilli bir səslə ona cavab verməsiilə Nargilə xanım göz yaşına qərq oldu. Deyəsən Aidanı şeytan yoldan çıxarmışdı. Məhəccərin üstüylə oyan-buyana gəzərək fasiləsiz halda zəif səslə miyoldayır, arada dayanıb məhəccərdən aşağı sallanır, elə bil özünü eyvandan aşağı tullamaq istəyirdi. Özünü itirən Nargilə xanım nə edəcəyini bilmirdi. Bircə o yadına düşdü ki, pişiklər hər hansı yüksəklikdən yıxılsalar da, havada çevrilib yerə pəncələri üstündə düşürlər. Deməli, vəziyyət bir o qədər də qorxulu deyildi. Bununla belə, Nargilə xanım çox həyəcan keçirirdi. Aidanı heç belə görməmişdi... Bir azdan onlar Dmitrov küçəsində cuhud həkimin qəbulunda idilər. Həkim diqqətlə Aidanı müayinə edib nəticə çıxartdı. Aidanı ərə vermək lazım idi! Xoşbəxtlikdən də bu şəhərdə Aidanın nəslindən olan Siyam pişikləri varmış. Həkim lütfkarlıq göstərib bir neçə yerə zəng vurdu. Birində telefona cavab vermədilər. O birində məlum oldu ki, evdəki uşaq pişikdən qorxurmuş, məcbur olub pişiyi bağışlayırlar kiməsə. Birində isə pişik evdə idi. Bədbəxtlikdən o da Aida kimi ər həvəsindəimiş və uzun axtarışlardan sonra ona bir ər tapılıbmış. Nargilə xanımı birtəhər sakitləşdirən həkim söz verdi ki, bu işdə onlara köməkliyini əsirgəməyəcək.

Dərdini dindirmədiyi qonşularına açmağa məcbur olan Nargilə xanım telefon kitabçasını vərəqləyib qoyum-əqrabaya, dost-tanışa zəng eləməklə Aida üçün adaxlı soraqlaşmağa başladı. Bu axtarışlar bir nəticə verməsə də, onlara kömək etmək həvəsinə düşənlər tapıldı. Hər halda vəziyyət bir o qədər də ümidsiz deyildi. İşıq ucu vardı. Bir az vaxt lazım idi. Səbirli olmaq gərəkdi, vəssalam. Bu dünyada bircə ölümə çarə yoxdur. Təki dərd adaxlı dərdi olsun... Qapının zəngini Nargilə xanım xeyirə caladı. Deyəsən adaxlı tapılmışdı. Nargilə xanım güzgüdə özünə tumar verib Aidanı qucağına götürdü və dəmir seyf qapının qıfıllarını açmağa başladı. Onun dərdindən xəbər tutan kooperativin sədri və qoca müharibə veteranı kalidorda dayanmışdılar. Belə məsləhət oldu ki, hələlik boz pişiyi neytrallaşdırmaq gərəkdir.

Ağasının nənəsi küncdə namaz qılırdı. Üç qaraltını saya bilsə də, onların kişi və ya qadın olduğunu ayırd edə bilmədi. O, əsə-əsə əyilib qalxır, dodaqaltı dua oxuyurdu. Onun səsi televizorun səsinə qarışırdı. Qarının qulaqları da eşitmədiyindən səs-küyün fərqində deyildi. Otaqdakı yeganə kətildə oturub televizorda  videoda filmə baxan Ağasının dişlərinin arasında «Kazbek» tüstülənirdi. Pəncərənin qabağına düzülmüş satlıq malların içində oturmuş boz pişiyi görəndə Nargilə xanımın ürəyindən ağrı tutsa da, birtəhər özünü ələ aldı. Ayaqüstü söhbətdə kooperativin sədri ağzını açan kimi vəziyyəti anlayan Ağasının nəzərlərini ekrandan çəkmədən, qucağındakı boz pişiyin başını sığallayaraq «qız ağacı qoz ağacı» dedikdə Nargilə xanım paravoz kimi fit verdi. Boz pişiyiın boğazından yapışıb televizorun altına atdı və ekrandakı lüt anadangəlmə soyunmuş nanəciblərin hansı əxlaqsızlıqla məşğul olduğunu görüb ulamağa başladı. Boz pişik də, heç nə olmamış kimi yerindən qalxaraq yenidən Ağasının qucağına qalxıb gözlərini ekrana zilləyəndə Nargilə xanım Aidanı xatırlayıb otaqdan çıxdı, komissiya üzvləri də onun ardınca. Həyətdəki buynuzlu qara qoçun yanından birtəhər sivişib keçək komissiya üzvləri sağollaşmadan ayrıldılar... Görünür Ağasının ekranda gördüklərindən çox təsirlənən pişiyi bütün gecəni əcaib səslər çıxara-çıxara damda gəzdi. Təşvişə düşən Nargilə xanım eyvana açılan qapını möhkəm bağlasa da, boz pişiyin tükürpədici səsi yenə də eşidilirdi. Heç özündə olmayan Aida isə gözlərini tavana zilləyərək zərif səslə zarıyırdı.  Nargilə xanım durub eyvana baxan pəncərənin nəfəsliyini bağlamaq istəsə də, içəridə nəfəs almağın get-gedə çətinləşdiyini hiss edib fikrindən vaz keçdi.  Pərdəni döşəmədən çox hündürdə olan nəfəsliyin üstünə çəkdi. Dərman içib birtəhər yuxulamağa çalışdı.

Səhərin alatoranında təngənəfəslikdən gözlərini açaraq pərdəni döşəmədə görən  Nargilə xanım özünü eyvana ataraq aşağıya boylandı... Vay!! Aşağıda Ağasının boz pişiyi  hərəkətsiz uzanmış, Aidanın başına fırlanırdı. Nargilə xanım birnəfəsə qaçaraq dörd mərtəbəni düşüb həyətə çıxdı. Bədəni bir neçə yerdən parçalanan Aida qan içində idi. Aidanı götürüb bağrına basmaqla ağ köynəyi laləlik kimi qızaran Nargilə xanımın yumulu gözlərindən axan yaş gözlərini onlara zilləmiş boz pişiyin üzərinə tökülürdü. Ürəyindən qara qanlar axan Nargilə xanımın bu gün Aidanı ədəb-ərkanla dəfn eləmək, sabahdan isə işə çıxmaq barədə düşünürdü. Yoxsa təklikdən Nargilə xanımın bağrı partlardı.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.